Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3276/2022 24.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış **-ZZ-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobil xx.xx.2019-cu il tarixində Sumqayıt şəhəri, Sahil küçəsində Cavabdeh2 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. “Toyota Prius” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Kasko” sığortasının "xxxx" ASC-də olması səbəbindən həmin sığorta şirkəti tərəfindən xx.xx.2020-ci il tarixli, № 1913 saylı məktubla cəmiyyətə müraciət edilmiş və dəymiş zərərə görə zərərçəkənə xx.xx.2020-ci il tarixli, KSK 2652/20 saylı sığorta aktı əsasında 750 manat məbləğində sığorta ödənişi həyata keçirildiyi bildirilmişdir. Belə ki, Cavabdeh2 idarə etdiyi avtomobilin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının” cəmiyyətdə sığortalı olmasından ödənilmiş məbləğin onlar tərəfindən ödənilməsi tələb edilmiş və təqdim olunmuş sənədlər əsasında "xxxx" ASC-nin hesabına 750 manat məbləğində ödəniş həyata keçirilmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi ilə əlaqədar onlar tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, cəmiyyətdə sığortalanmış “Hyundai Sonata” markalı, **-ZZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hadisə yerindən yayınmışdır. Bu hal Sumqayıt DYPŞ-nin inzibati tənbeh vermə haqqında TP №3432406 saylı qərarında da öz əksini tapmışdır. Həmçinin polis orqanlarından daxil olan sənədlərdən Cavabdeh2 xx.xx.2020-ci il tarixində verdiyi izahatından da göründüyü kimi cavabdeh hadisə yerindən yayındığını etiraf etmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli, 1809/21 nömrəli məktubla Cavabdeh2 qarşı 750 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 10 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırki tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 750 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun iddiaçı “Qala Sığorta ”АSC-nin xeyrinə tutularaq ödənilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə iddia tələbinə etiraz təqdim edərək etirazı onunla əsaslandırmışlar ki, 3 il müddət keçdikdən sonra iddianın əsasını iddiaçı X4 xx.xx.2020-ci il tarixli izahatını əsas götürərək heç bir araşdırma aparmadan nəzərə almamışdır ki, o, hadisə yerindən yayınmamışdır. Digər maşının güzgüsünün vurulmasını hiss eləməmiş, bununla yanaşı onun avtomobilinin sağ güzgüsü zərərçəkmişin avtomobilinin sol güzgüsünə zərər yetirdikdən sonra onun tərəfindən həmin şəxsin avtomobilinə 85 manata güzgü alınmış və onunla heç bir problem olmamışdır. Belı olan halda zərərçəkmişin maşınının sağ qapılarının zədə alması mümkün deyildir. Ona görə ki, onun tərəfindən zərərçəkmişin maşınının sağ tərəfinə zərər yetirilməmişdir. Sığorta şirkəti ilə zərərçəkmişin arasında qeyri-qanuni sövdələşmə nəticəsində sığorta şirkətinin ona bir güzgüyə görə 750 manat pul ödəməsi absurd bir faktdır. Hesab edir ki, zərərçəkmiş məhkəməyə dəvət edilməlidir. Hər iki maşın üzrə ekspertizanın keçirilməsi belə olan halda labüddür. Qeyd olunanlara əsasən məhkəmədən "xxxx" ASC-nin onlara qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Onun tərəfindən zərərçəkmişin avtomobilinə dəyən zərər ödənilmişdir. Özü zərərçəkmişə dəfələrlə məhkəmə iclasına gələrək bu halı etiraf etməsini bildirsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Ekspert rəyi ilə də razı deyil. Hesab edir ki, məbləğ şişirdilmişdir. Əslində ekspertizaya onun maşını göndərilməli idi. Cavabdeh özü avtomaşına həmin hadisədən kənar zərər yetiribsə, buna görə cavabdehliyi o daşımır. Cavabdeh2 məhkəmə bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx.xx.2019-cu il tarixində Sumqayıt şəhəri, Sahil küçəsində Cavabdeh1 mülkiyyətində olan **-ZZ-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi törədilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, “Toyota Prius” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 750 manat məbləğində müəyyən edilmiş və "xxxx" ASC-nin hesabına 750 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı və xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində 750 manat dəymiş zərər "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan Sumqayıt ŞPİ DYPŞ-nin TP3432406 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 3327.61 və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında olan X1 Texniki Xidmət Stansiyası tərəfindən verilmiş xx.xx.2019cu il tarixli qüsur aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 750 manat hesablanmışdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7427 saylı rəyindən görünür ki, nəzərə hesablama yolu ilə, iş materiallarında olan “İnter Continental” tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Toyota Prius” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 750 manat müəyyən edilmişdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin İ hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə müdafiəsi hüququ müstəqil hüquq olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı kimi çıxış edir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələrinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 560.3.2-ci maddəsində hüquqdan sui-istifadə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi kimi ifadə edilmişdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinin tələbinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.18-ci maddəsinə müvafiq olaraq, sığorta müqaviləsinin zəruri şərtlərindən olan sığorta riski sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığorta ilə bağlı mübahisələri məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi öz səlahiyyətinə müvafiq surətdə həll edirlər. Məhkəmə qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, sığorta baş verməmiş riskin təminatıdır, artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta institutunun mahiyyətinə və təyinatına uyğun deyildir. Sığorta hadisəsi baş verdiyi təqdirdə artıq sığortaçının sığorta ödənişini etmək öhdəliyi yaranır. Bu halda sığortalının sığorta haqqını ödəməsinə hər hansı hüquqi və ya faktiki ehtiyac qalmır. Belə ki, Mülki Məcəllənin 929-cu maddəsinə görə, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Məhkəmə iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış **-ZZ-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobil Sumqayıt şəhəri, Sahil küçəsində Cavabdeh2 tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2019-cu il tarixli TP3432406 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir. Nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyənləşdirilməsi üçün qiymətləndirilmə keçirilmiş və zərərin məbləği 750 manat müəyyən edilmiş və həmin məbləğ "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara qiymət verərək, ekspert rəyini və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 750 (yeddi yüz əlli) manat sığorta ödənişi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : qət e İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 750 (yeddi yüz əlli) manat sığorta ödənişi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-3276/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3276/2022
24.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver