Məhkəmə qərarları › İş №e-2(060)-3405/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3405/2025

26.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3405/2025 26.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "təkzib yayımının verilməsi və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "təkzib yayımının verilməsi və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Cavabdeh1 aldığı məlumat əsasında ona məxsus olan “saidabekirqizi_official” instagram sosial şəbəkəsi vasitəsilə yayılmış və iddiaçının barəsində yalan, həqiqətə uyğun olmayan, böhtan xarakterli, şərəfini və işgüzar nüfuzunu ləkələyən məlumatları əks etdirən “Mingəçevir məhkəməsində özbaşınalıq” adlı video material paylaşılmışdır. İcraatında olan müvəkkili X3 hüquqlarının müdafiə edilməsi ilə bağlı peşə borcunun yerinə yetirilməsi ilə bağlı həyata keçirdiyi qanuni hərəkətləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən böhtan xarakterli məlumatlarla təhrif olunaraq iddiaçının işgüzar və şəxsi nüfuzuna xələl gətirərək iddiaçıya maddi və mənəvi ziyan vurmuşlar. Belə ki, həmin “Mingəçevir məhkəməsində özbaşınalıq” adlı video yayım vasitəsilə Cavabdeh2 Cavabdeh1 əldə etdiyi həqiqətə uyğun olmayan məlumatlara özünün böhtan xarakterli fikirlərini əlavə edərək aşağıda sadaladığı böhtan xarakterli məlumatları yaymışdır. Paylaşım zamanı Cavabdeh2 bildirir ki: “uşaqlar uzun müddətdir ki, ana qayğısından və nəvazişindən uzaqdır və artıq 5 ildir ki, uşaqlarına həm atalıq edir, həm də analıq edir, Əmiraslan bəyi 14 gün həbs ediblər ki, o, uşaqlarını anaya vermir” bundan əlavə bildirilir ki “ata uşaqları verməyə razıdır amma sürüyərək psixoloji travma verərək yox”. Bu paylaşımı etməklə Bayramova qərəzli şəkildə həqiqəti gizlədir belə ki, işin hallarına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır və həmin məhkəmənin qərarı ilə xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 atadan alınaraq anaya verilməsi qərara alınmışdır. İcra hərəkətləri çərçivəsində borcluya könüllü icra edilməsi üçün müddət verilmiş, daha sonra məcburi icra hərəkətlərinə başlanılmışdır, icra hərəkətləri zamanı Əmiraslanov dəfələrlə qərarı icra etməkdən yayınmış belə ki, icra işinin materiallarına əsasən 5 dəfə psixoloq dəvət olunmuş və həmin rəylərə əsasən uşaqların atanın təsiri altında olması müəyyən edilmiş, o cümlədən borclu icradan yayındığı və məhkəmə qərarını qərəzli şəkildə icra etməməsi səbəbindən 2 dəfə barəsində polis vasitəsilə məcburi gətirilmə verilmiş, daha sonra biri 500 manat cərimə olunmaqla digəri isə 30 sutka həbs verilməklə inzibati xəta pozuntusu törətməsi məhkəmə qərarı ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən, “Mingəçevir məhkəməsində özbaşınalıq” adlı video yayım vasitəsilə Cavabdeh2 iddiaçının vəkil kimi haqlı olduğu işdə iddiaçının barəsində yanlış məlumatlar verdiyinə görə, həmçinin iddiaçı tərəfindən vəkillik etikasını pozduğuna dair yaydığı məlumatlara görə üzr istənilməklə Cavabdeh1 könüllü uşaqları verməyə razı olduğuna dair, iddiaçı tərəfindən guya onun qardaşının maşınına hücum çəkməyinə dair, iddiaçının və müvəkkilinin məhkəmə və icra orqanlarına pul verməyinə dair əsassız məlumatlar olunmaqla qeyd edilən məlumatların həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzuna toxunan məlumatlar hesab edilməsi, “Mingəçevir məhkəməsində özbaşınalıq” adlı video yayım vasitəsilə Cavabdeh2 iddiaçının vəkil kimi haqlı olduğu işdə iddiaçının barəsində yanlış məlumatlar verdiyinə görə, həmçinin iddiaçı tərəfindən vəkillik etikasını pozduğuna dair yaydığı məlumatlara görə üzr istənilməklə Cavabdeh1 könüllü uşaqları verməyə razı olduğuna dair, iddiaçının onun qardaşının maşınına hücum çəkməyinə dair, iddiaçının və müvəkkilinin məhkəmə və icra orqanlarına pul verməyinə dair əsassız məlumatlar ona məxsus olan yanlış məlumatların yayıldığı instagram sosial şəbəkəsi vasitəsilə təkzib olunması öhdəliyi Cavabdeh2 üzərinə öhdəlik qoyulması barədə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddiaçının işgüzar nüfuzuna xələl gətirdiklərinə görə və iddiaçıya vurduqları mənəvi zərərə görə onlardan müştərək qaydada 10000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı Nümayəndə izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Sonuncu məhkəmə iclası ilə əlaqədar iddiaçı Nümayəndə tərəfindən məhkəmə ərizə təqdim edilərək, bildirilmişdir ki, Cavabdeh2 fəaliyyəti ilə bağlı bir sıra vacib məqamları bildirmək istəyir. Belə ki, son dövrlərdə müxtəlif informasiya resurslarında yayımlanan məlumatlardan da göründüyü kimi, cavabdeh jurnalist fəaliyyəti çərçivəsində ona daxil olan məlumatları ilkin yoxlama, dəqiqləşdirmə və obyektiv araşdırma aparmadan ictimaiyyətə təqdim edir. Bu isə cəmiyyət üzvlərində yanlış rəy formalaşdırmaqla, insanların hüquq və azadlıqlarına mənfi təsir göstərir. Məlumat üçün bildirir ki, yuxarıda qeyd olunan hallarla bağlı ictimai narazılıqlar fonunda cavabdehin əməkdaşlıq etdiyi “Space” televiziya kanalının fəaliyyəti də müvəqqəti olaraq dayandırılmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahat verərək bildirmişdir ki, o, iki uşağa baxdığı üçün məhkəmə iclasına gəlib-gedə bilmir. Bunun bağlı məhkəməyə də ərizə ünvanlamışdır. Uşaqların anası onlara biganə yanaşır, uşaqları görməyə belə gəlmək istəmir. Övladlarının biri 8, digəri 11 yaşındadır. Uşaqlar anasını istəmir, onun yanında qalmaq istəyirlər. İddiaçı onun övladlarına qarşı qanunsuz hərəkətlər etmişdir. Onun özbaşına hərəkətlərini ictimailəşdirmək məqsədilə jurnalist Cavabdeh2 müraciət etmişdir. O, həqiqətə uyğun olmayan heç bir görüntü təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə mulat verməmişlər.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-408/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh1 ilə Nəcəf oğlu ilə X6 arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsində 867 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X5 və 24 oktyabr 2014-cü il təvəllüdlü X1 atası Cavabdeh1 alınaraq anası X4 verilməsi, xx.xx.2017-ci il təvəllüdlü X2 və 24 oktyabr 2014cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi X3 yanında saxlanılmaları, Cavabdeh1 xx.xx.2017-ci il təvəllüdlü X2 və 24 oktyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi, alimentin tutulma vaxtının X2 və X1 Cavabdeh1 alınaraq anasına verildiyi tarixdən dərhal sonra hesablanması qət edilmişdir.

11. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, Mingəçevir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Sənan Hacıməmmədov tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-408/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

12. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-864/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilməsi, qərarın icrasının Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılması qərara alınmışdır

13. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-247/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1 ay müddətinə inzibati qaydada həbs edilməsi, həbsə almanın əvvəlinin xx.xx.2025-ci il tarixdən, saat 13:00-dan hesablanması, qərarın icrasının Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılması qərara alınmışdır.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

16. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

17. Eyni Məcəllənin 23.3-cü maddəsinə əsasən mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır.

18. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 7 №-li 14 may 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. İddiaçı onun şərəf və ləyaqətinə toxunan məlumatların cavabdeh tərəfindən yayılması faktını sübut etməlidir. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.

20. “Kütləvi informasiya vasitələri haqqında” 1992-ci il 21 iyul tarixli Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən bu və ya digər kütləvi informasiya vasitəsində yayılmış, həqiqətə uyğun olmayan məlumat rəsmi xəbərlərdə olmuşdursa; informasiya agentliklərindən və ya dövlət orqanlarının agentliklərindən və ya dövlət orqanlarının, ictimai orqanın mətbuat bölmələrindən alınmışdırsa; Milli Məclisin iclasında deputatların, ictimai birliklərin və siyasi partiyaların qurultaylarında, plenumlarında nümayəndələrin çıxışlarında, habelə dövlət orqanlarının və ictimai orqanların vəzifəli şəxslərinin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə; qabaqcadan lentə yazılmadan efirə gedən müəllif çıxışlarında, yaxud qanuna uyğun olaraq redaktə edilməli olmayan mətnlərdə yayılmışdırsa bu məlumatlara görə kütləvi informasiya vasitələri, habelə jurnalist məsuliyyət daşımır. Lakin bu yollarla yayılmış məlumatların da təkzib edilməsi üçün maraqlı şəxslər məhkəmədə iddia qaldıra bilərlər. Bu zaman məhkəmə onlardan məlumat daxil olmuş vətəndaşları və təşkilatları işə cəlb etməli, həmin məlumatların doğru olmasını sübut etmək vəzifəsini onların üzərinə qoymalıdır.

21. Məhkəmə qeyd edir ki, şərəf, ləyaqət və işgüzar nüfuz hüquqları şəxsi xarakterli qeyri-əmlak hüquqları hesab edilir. Bu hüquqlar bir qayda olaraq onunla xarakterizə olunur ki, həmin hüquqlar şəxsiyyətin özündən ayrılmaz olub, özgəninkiləşdirilmir. Şərəf dedikdə şəxsə verilən ictimai qiymət, ləyaqət dedikdə - şəxsin özünün öz ictimai keyfiyyətinə (mənəvi-əxlaqi, işgüzar və digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. İşgüzar nüfuz isə - fiziki və hüquqi şəxslərin professional, istehsal, ticarət, kommersiya, təsərrüfat, sahibkarlıq, qulluq, vasitəçilik və digər növ fəaliyyəti barədə yayılan ictimai rəy deməkdir.

22. Kültəvi informasiya vasitələrində yayılan məlumatların həqiqətə uyğun və doğru olduğunu sübuta yetirmək vəzifəsi həmin məlumatı yayanın üzərinə düşən vəzifədir. Mülki qanunvericilik məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasını müəyyənləşdirir. Buna görə əksi sübut olunana kimi şəxsin yaydığı ləkələyici məlumatlar həqiqətə uyğun hesab edilmir.

23. Məhkəmə eyni zamanda qeyd edir ki, qanunvericilik həqiqətə uyğun olmayan məlumatı yayan şəxsin məsuliyyətdən azad edilməsinin hüquqi əsası kimi onun əksini sübut etməklə əlaqələndirsə də, eyni zamanda həmin məlumatın digər informasiya vasitələrində yayılmasına və təkzib olunmamış məlumata istinad edilmə halını da nəzərdə tutur.

24. Azərbaycan Respublikasının “Media haqqında” Qanunu

25. Maddə 1.1.1. Kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlardır.

26. Maddə 1.1.2. media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühitidir .

27. Maddə 1.1.3. media subyekti – əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir;

28. Maddə 1.1.8. informasiya agentliyi – kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən mediadır;

29. Maddə 4.1.1. media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək media sahəsində dövlətin əsas vəzifələridir.

30. Maddə 13.1. media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.

31. Maddə 18.1. media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.

32. Maddə 25.1. media subyektləri aşağıdakılardır: -25.1.1. audiovizual media subyektləri; -25.1.2. çap mediası subyektləri; -25.1.3. onlayn media subyektləri; -25.1.4. informasiya agentlikləri.

33. Məhkəmə iddia tələbinin “Mingəçevir məhkəməsində özbaşınalıq” adlı video yayım vasitəsilə Cavabdeh2 iddiaçının vəkil kimi haqlı olduğu işdə iddiaçının barəsində yanlış məlumatlar verdiyinə görə, həmçinin iddiaçı tərəfindən vəkillik etikasını pozduğuna dair yaydığı məlumatlara görə üzr istənilməklə Cavabdeh1 könüllü uşaqları verməyə razı olduğuna dair, iddiaçı tərəfindən guya onun qardaşının maşınına hücum çəkməyinə dair, iddiaçının və müvəkkilinin məhkəmə və icra orqanlarına pul verməyinə dair əsassız məlumatlar olunmaqla qeyd edilən məlumatların həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzuna toxunan məlumatlar hesab edilməsi, “Mingəçevir məhkəməsində özbaşınalıq” adlı video yayım vasitəsilə Cavabdeh2 iddiaçının vəkil kimi haqlı olduğu işdə iddiaçının barəsində yanlış məlumatlar verdiyinə görə, həmçinin iddiaçı tərəfindən vəkillik etikasını pozduğuna dair yaydığı məlumatlara görə üzr istənilməklə Cavabdeh1 könüllü uşaqları verməyə razı olduğuna dair, iddiaçının onun qardaşının maşınına hücum çəkməyinə dair, iddiaçının və müvəkkilinin məhkəmə və icra orqanlarına pul verməyinə dair əsassız məlumatlar ona məxsus olan yanlış məlumatların yayıldığı instagram sosial şəbəkəsi vasitəsilə təkzib olunması öhdəliyi Cavabdeh2 üzərinə öhdəlik qoyulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.

34. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 özünə məxsus “saidabekirqizi_official” instagram sosial şəbəkəsi vasitəsilə “...Nümayəndə uşaqları məcburetmə, uşaqların üstünə qışqırma, sən ananla getməlisən...Siz vəkil kimi kiminsə hüquqlarını müdafiə etməlisiniz. O hüquqları müdafiə edə-edə uşaqların hüquqlarına, haqlarına girməyə ixtiyarınız yoxdur. Kiminsə üzərinə hücum çəkmək, kiminsə uşağına mənəvi əzab yaşada bilməzsiniz. Dekabrın 6-da keçirilən iclasda Əmiraslanın qardaşının maşınına hücum çəkib” kimi fikirlər səsləndirilmişdir. Həmçinin, həmin fikirləri səsləndirərərkən iddiaçın xüsusi geyim formasında fotoşəklini paylamışdır.

35. Bununla bağlı, Konvensiyanın 10-cu X12 Hüquqları Məhkəməsində işlərə real tətbiqi zamanı qeyd edilir ki, bu Maddə yalnız ifadə edilən ideya və məlumatların mahiyyətini deyil, eyni zamanda onların çatdırılma formasını da qoruyur. Jurnalist azadlığı həmçinin şişirtmə və ya təxribatın da müəyyən həddə mümkünlüyünü əhatə edir. Media hər hansı mesajı çatdırmaq üçün mübaliğə, satira və bədiilikdən istifadə etməkdə azaddır.

36. İnsan Hüquqları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı və Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən də qəbul olunaraq tətbiq edilən mövqeyə görə, məlumatlar əgər “fakt” deyil, “obyektiv qiymətləndirmə” olarsa onların həqiqiliyini sübut etmək tələb oluna bilməz. Hazırda iddiaçı cavabdehin onun işgüzar nüfuzuna xələl gətirdiyini bildirsə də, videosüjetdə onun barəsində ünvanlanmış ifadə subyektiv tənqidi fikirlərdir və belə fikirlər fakt kimi deyil, qiymətləndirici mülahizə kimi dəyərləndirilməlidir. İddiaçının işgüzar nüfuzuna xələl gətirilməsi kimi qiymətləndirilə bilməz.

37. Diffamasiya işləri kontekstində Avropa İnsan Hüquqları Məhkəməsi vurğulamışdır ki, mətbuatın vəzifəsi faktlar barədə sadəcə məlumat verməklə məhdudlaşmır; onun vəzifəsi ictimaiyyəti məlumatlandırmaq və ictimai əhəmiyyətli məsələlərin müzakirəsinə şərait yaratmaq üçün faktları və hadisələri şərh etməkdən ibarətdir. Analoji qaydada, Məhkəmə vurğulamışdır: “Jurnalist azadlığı... mümkün olan dərəcədə şişirtməyə, yaxud hətta provokasiyaya əl atma imkanını da əhatə edir”. Bu o deməkdir ki, məsələn, kütləvi informasiya vasitələri öz məlumatlarını çatdırmaq üçün vasitələr seçməkdə, o cümlədən məlumatlarını şişirtmə, satira və ya rəngarəng obrazlar vasitəsilə çatdırmaqda azaddırlar. Burada kontekstin də mühüm rolu var. Oberşlikin ikinci işində AİHM hesab etdi ki, siyasətçinin axmaq adlandırılması həmin siyasətçinin öncə söylədiyi provokasiya xarakterli ifadələrin haqlı cavabı idi. Analoji qaydada, Lingensin işində AİHM vurğulamışdır ki, etiraz edilən ifadələrin işlədildiyi şərait “nəzərdən qaçırılmamalıdır”. AİHM siyasi debatlara və ictimai maraq doğuran məsələlərə dair debatlara xüsusi dəyər verir. Sağlam debatlar demokratiyanın ayrılmaz tərkib hissəsidir və fikrin ifadə olunması məsələsində yalnız çox kiçik məhdudiyyətlərə yol verilə bilər: “Siyasi nitqə və ya ictimai maraq doğuran məsələlərə dair debatlara qoyulan məhudiyyətlərin hüdudları kiçikdir”. AİHM aydınlıq gətirmişdir ki, bu geniş müdafiə hətta hücuma məruz qalan şəxs “ictimai xadim” olmadıqda belə tətbiq edilir; əgər fikir ictimai maraq doğuran məsələ barəsində söylənilmişdirsə, bunun özü kifayətdir.

38. Digər tərəfdən fikir ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından biri olmaqla yanaşı, fərdi fikirlərə münasibətdə dözümlülük demokratik siyasi sistemin mühüm ünsürüdür. Yəni, ifadə edilmiş tənqidi fikirlər bir fərdin inkişafına dəstək olduğu kimi, həmin şəxsdən belə fikirlərə dözümlülük nümayiş etdirməsini tələb edir ki, qeyd olunan bu hal nüfuzlu şəxs kimi iddiaçının özünə də aid edilməlidir. Buna görə də iddiaçı nüfuzlu şəxs olduğu üçün onun barəsində subyektiv fikirli, tənqidi yönümlü məlumatlar yayılmış olsa belə dözümlülük göstərməlidir.

39. Müasir dövrdə ən mühüm ifadə vasitəsi sosial şəbəkə vasitələri və televiziyaradio orqanlarıdır. Media informasiya və ideyaların əldə edilməsi, yayılması baxımından prinsipial əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi, demokratik cəmiyyətdə mətbuatın əsas rolunu xüsusilə vurğulayaraq qeyd edir ki, mətbuatın vəzifəsi ictimai maraq doğuran istənilən məsələni çatdırmaqdır. Bu vəzifə olmasaydı, mətbuat “ictimai gözətçi” funksiyasını yerinə yetirə bilməzdi.

40. Avropa Məhkəməsi hökumətlərdən tələb edir ki, məhkəmələr ifadə azadlığına müdaxiləni əsaslandırsınlar. Məhkəmə baxdığı işlərdə xüsusi meyarlar müəyyən edib. Müdaxiləni əsaslandırmaqdan ötrü cavabdeh hökumətlər hər bir ifadəni məhkəmənin müəyyən etdiyi bu testlərdən keçirməlidirlər. Bu meyarların xüsusi müəyyən edilmiş siyahısı və adları yoxdur. Bununla belə Məhkəmənin presedent (iş) hüququ bir sıra meyarları və prinsipləri ayırmağa və Məhkəmənin onlarla bağlı görüşlərini ifadə etməyə imkan verir. İfadənin ictimai önəmli məzmunda olması, yəni ictimai maraq doğuran məsələ ilə bağlı olması, ifadənin fakt haqqında bilgi, yoxsa qiymətləndirici mülahizə (rəy) olması, ifadənin siyasi şəxslər, dövlət qulluğunda olan şəxslər barədə, yoxsa adi şəxslər barədə olması, ifadənin siyasi və ya ictimai debatların tərkib hissəsi olması, jurnalistin vicdanlı yanılma hüququ, jurnalistin şişirtmələrdən və sərt ifadələrdən istifadə hüququ, ifadə azadlığına müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi, sıxıcı sosial ehtiyacdan irəli gəlməsi, müdaxilənin qarşıya qoyulmuş məqsədə mütənasibliyi, “doğruluğun isbatı” müdafiəsi və s Məhkəmənin presedent (iş) hüququnun formalaşdırdığı “meyarların”, “prinsiplərin” və “qaydaların” şərti adlarıdır.

41. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Lakin, həmin hissədə adi vətəndaşa və ya hətta siyasətçi ilə müqayisədə dövlət orqanlarına münasibətdə daha genişdir. Belə ki, demokratik sistemdə ictimai fərdlərin hərəkətləri və hərəkətsizliyi yalnız qanunverici və məhkəmə orqanlarının deyil, həmçinin mətbuatın və ictimai rəyin tənqidi müzakirəsinə məruz qalmalı və dözümlülük göstərməlidir.

42. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə kompensasiya tutulması hissəsini də aşağıda qeyd olunanlar baxımından əsaslı hesab etmir.

43. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”

44. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”.

45. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.

46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

47. Göründüyü kimi, «İnsan Hüquqlarının və X7 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

48. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

49. Məhkəmə qeyd edir ki, Cavabdeh2 tərəfindən yayımlanmış məlumat nəticəsində iddiaçıya hansı dərəcədə mənəvi ziyanın vurulması halı sübutlarla müəyyən edilmədiyindən və iddia tələbinin bu hissədə də hüquqi əsası olmadığından, təmin edilə bilməz.

50. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "təkzib yayımının verilməsi və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

53. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

54. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

56. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "təkzib yayımının verilməsi və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar