Məhkəmə qərarları › İş №e-2(060)-3411/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3411/2025

29.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3411/2025 29.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30000 ABŞ dolları (bu günkü məzənnə ilə) gecikdirilmiş məbləğə illik beş faiz olaraq 11 il müddətində, 16500 ABŞ dolları, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 1500 manat məbləğində pulun və tərəfindən ödənilmiş 332 manat məhkəmə dövlət rüsumunun tutularaq ona ödənilməsinə dai barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, 2014-cü ildə həyat yoldaşı İddiaçı2, Cavabdeh2, Cəfərov Elvin və Cavabdeh1 iştirakları ilə görüşü olmuş, onlara məxsus ünvan 1 ünvanında olarkən ev alqı-satqısından danışarkən, həyət evi istədiklərini, hal-hazırki evinin dar olduğunu və yaşadıqları mənzili genişləndirmək istəyinin olduğunu onlara bildirmişdir. Artıq aradan bir müddət keçdikdən sonra onlarla təkrar bir araya gələrkən, onlar evi satıb, yeni geniş ev aldınızmı sualı verdikdə, yeni ev almaq üçün imkanlarının olmadığını, bəlkə gələcəkdə arzularını reallaşdıracaqlarını qeyd etmişdir. Daha sonra, Cavabdeh2, onların hal-hazırda yaşadıqları evi almasını, evin qiymətinin 100000 ABŞ dolları olduğunu, həmin məbləğin yarısının (50000ABŞ dolları) ödənişini evi alarkən, digər yerdə qalan ödənişini (50000 ABŞ dolları) isə hissə-hissə verəcəyini bildirmişdir. Həmin an pulu yetərli qədər olmadığı üçün, ailə olaraq maddi vəziyyəti ilə bağlı məsələni müzakirə etmiş və razılığa gələ bilcəklərini qərara almışdırlar. İlkin olaraq, həmin təkliflə razı olmadıqlarını qeyd etsələr də, iki oğlu ilə də məsləhətləşdikdən sonra həmin evi almağı birlikdə qərarlaşdırmışdırlar. Həmçinin İradə ilə söhbət edərkən, niyə bu evi başqa bir şəxsə daha baha qiymətə satmadığını, onlara 100.000 ABŞ dolları məbləğinə satmaq istədiyini soruşduqda o, evin ipotekada olduğunu, onlara uzaqdan qohumluq əlaqələri olduğu üçün bunu edə biləcəklərini qeyd etmişdir. Həmin vaxtı da oğlunun Almaniyaya getməsi üçün onlara 10.000 ABŞ dolları məbləğində pul lazım idi və evi satıb, 10.000 ABŞ dollarını Almaniyaya gedən oğluna verməyi, yerdə qalan məbləğlə isə həmin evi almağı planlaşdırmışdırlar. Daha sonra, evi satışa qoyduqdan sonra, ev 1 ay ərzində 81.000 ABŞ dollarına evi satmışdırlar, evi satışa qoyduqları vaxt da, İradə tez-tez zəng edərək nə oldu?, niyə satılmadı eviniz? kimi suallar verirdi. Evin 81.000 ABŞ dollarına satıldığını bildikdən sonra, İradə söhbət əsnasında onlara 50.000 ABŞ dolları yox, 70.000 ABŞ dollarını onlara ödəməyi, yerdə qalan borc məbləğinin azalacağını və ipotekaya aylıq ödənilməli olan 300 manat məbləğ ödənişlərin isə 2014-cü ildən yox, 2016-cı ilin avqust ayından etibarən edəcəklərini bildirdilər. Həmçinin yerdə qalan 30.000 ABŞ dolları məbləğini isə Azərbaycan manatına çevirərək (həmin vaxt dolların kursu 0.78 idi) 23.400 manat vəsaiti də banka ödədikdən sonra, evi onların adına keçirəcəyini bildirmişdir. İradənin bildirdiyi təklifi evdə birgə müzakirə etdikdən sonra, onsuz da iki il müddətində ödəmə etməyəcəklərini, geniş evə ehtiyaclarının olduğunu və ödənişlərə isə 2016-cı ilin avqust ayından etibarən başlayacaqlarını düşünərək, edilən təkliflə razılaşmışdırlar. İradəyə çox güvəndikləri, ona etibar etdikləri, uzaqdan da olmuş olsa qohumluq əlaqələrinin olduğu üçün İradənin əri Cavabdeh1 ilə 70.000 ABŞ dolları məbləğində notarial qaydada borc müqaviləsi bağlamışdırlar. Həmin vaxt artıq 70.000 ABŞ dolları məbləğində evin alınması üçün verdikləri pulu borc müqaviləsi kimi rəsmiləşdirmiş və müqaviləyə əsasən, guya o, Cavabdeh1 70.000 ABŞ dolları məbləğində pul vəsaitini borc olaraq, xx.xx.2014-cü il tarixinədək qaytarılması şərti ilə vermişdir (xx.xx.2014-cü il tarixli borc müqaviləsi ərizəyə əlavə edilir). Borc müqaviləsi aralarında bağlanarkən, həmin evə köçməkləri üçün onlardan 3 ay möhlət istədilər. Daha sonra, xx.xx.2014-cü il tarixində İradə zəng edərək köçə bilmədiklərini, müvəqqəti olaraq, kirayədə qalmaqlarını və kirayədə qaldıqları aylarda aylıq kirayə xərclərini ödəyəcəklərini və hətta kirayə üçün ev də tapacaqlarını bildirdilər. Lakin verdikləri sözə əməl etməyərək onlara kirayə qalmaq üçün nə ev tapdılar, nə də ki, aylıq kirayə haqqlarını ödədilər. Kirayə üçün bir otaqlı ev tutmuşdurlar. İki oğlu, bir qızı, yoldaşı və o həmin evdə qaldılar. Daha sonra, oğlu xaricə gedəcəyi üçün İradəyə zəng edərək oğlunun xaricə getdiyini, ona pul verməli olduğunu, buna görə də öhdəsinə götürdüyü aylıq kirayə haqqı məbləğini ödəməsini bildirdikdə, o, pulu verməmək üçün min bəhanə (sizin evinizdə 400 manat yoxdur kirayə haqqını verməyə və.s.) axtardı. Artıq həmin gündən etibarən onlara qarşı güvənsizlik yarandı. Oktyabr ayında onlar satılan evə köçdülər. Evdə çox səhvlər var idi, onların təmir edilməsi üçün xərclər çəkmişdirlər. Hər dəfəsində evdə hər hansı bir qurğunun (kombi və.s.) işləmədiyini bildirdikdə, İradə “sənə o böyülkükdə ev vermişik, özünüz düzəltdirin də” kimi ifadələr işlədirdi. Artıq noyabr ayı idi və evdə qurşadırılmış kombi işləmirdi. Evdə soyuq olduğu üçün və yeni kombinin alınıb evə qoşulması baha başa gəldiyi üçün, mərkəzləşdirilmiş “atapleniya” sisteminə qoşulmağı qərar almışdırlar. Lakin bunu Jekə bildirdikdə onlara artıq, mərkəzləşmiş isitmə sistemlərini işə saldıqlarını və bunu dayandıra bilməyəcəklərini qeyd etdilər. Lakin onlara təkid etdikdən sonra, onlar mənzili də mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edəcəklərini öhdələrinə götürdü, lakin bunun üçün evin sənədinin lazım olduğunu qeyd etdilər. İradəyə məsələni bildirdikdə o, evin sənədini gətirib verəcəyini dedi. Daha sonra, daşınmaz əmlakın texniki pasortu onlara təqdim edildikdən sonra, hüquq subyekti (mülkiyyəti) olaraq X2 adının qeyd olunduğunu gördükdə, İradəyə hazırda qaldıqları evin onun adına olduğunu dediyini, texniki pasportda isə X2 adının qeyd olunduğunu soruşduqda o, Səxavətin, oğlu Elvinin dostu olduğunu və ipoteka onlara verilmədiyi üçün onun adına götürdüyünü bildirdi. Bundan sonra, davamlı olaraq, ipoteka ödənişlərini 23.400 manata çatanadək ödəmişdirlər. Ən son ödənişi etdikdən sonra, İradəyə evi adına keçirməsi üçün oğlunun dostu Səxavət Mamedovla danışmasını bildirdikdə, hələ, onların dolların kursu yüksəldiyi üçün əlavə də 24.000 manat ödəməli olduğunu bildirdi. İradə ilə bu formada razılaşmadığını, danışığının yerdə qalan 23.400 manat məbləğin tərəflərindən ödəniləcəyini bildirsə də, o, əlavə olaraq 24.000 manat ödənişin tərəflərindən ödənilməli olduğunu təkidlə bildirdi. X2 adını texniki pasportda görsələr də, onun üzünü 2023-cü ilin aprel ayınadək görməmişdirlər. Nə zaman İradədədən onunla tanış etməsini bildirdikdə müxtəlif bəhanələr gətirərək, Səxavətin xəstə olduğunu, narahat olmamağını və evi adlarına keçirəcəyini bildirirdi. Lakin artıq 24.000 manat məbləğin tərəflərindən ödənilməli olduğunu onlara dedikdə, həmin məbləğin Səxavət tərəfindən ödənilməsi və evin onların adına keçirmələrini təkildə bildirsələr də, İradə adəti üzrə nə onları Səxavətlə görüşdürür, nə də ki, Səxavətlə aralarında danışıqların olması üçün şərait yaradırdı. X1rı görüşdürmədiyi təqdirdə şikayət edəcəklərini və bunun üçün şərait yaratmalı olduğunu dedikdə, o, qorxduğu üçün Səxavət, yoldaşı, iki oğlu və İradə bilrikdə görüş keçirdilər. Məsələ ilə bağlı Səxavətə bildirdikdə Səxavət evin onun adına olduğunu, mülkiyyətçisi olduğunu, o evi almaqlarıı üçün ödəniş etdiklərini bilmədiyini bildirsə də, daha sonra, yerdə qalan ödənişləri də onlara ödətdirmək məqsədilə, razılaşa biləcəklərini qeyd etmişdir. Daha sonra, uzun müddətli danışıqlardan sonra, mübahisəli mənzili ipoteka saxlayan bankın razılığı ilə İddiaçı2 adına keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh1 70.000 ABŞ dolları məbləğində pul vəsaitini borc olaraq, xx.xx.2014-cü il tarixinədək İddiaçı1 Zülfqar oğluna qaytarılması şərti ilə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2010-cu il tarixli yaşayış sahəsinin alqı-satqısı və ipoteka müqaviləsindən göründüyü kimi, satıcı Cavabdeh1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər ərazi idarəsi tərəfindən verilmiş 03 fevral 2010-cu il tarixli, 14/322 nömrəli arayışa əsasən 2 otaqlı ümumi sahəsi 56.5 kv.m., o cümlədən yaşayı sahəsi 36.31 kv.m. olan, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1A ünvanın 4cü mərtəbəsində 52 saylı mənzili alıcı-ipoteka qoyanın, yəni, X2 mülkiyyətinə vermişdir. İddia ərizəsinə əlavə edilmiş Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin büş müstəntiqi, polis mayoru X7 tərəfindən qəbul edilmiş 14 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı1 Zülfüqar oğlunun şikayəti əsasında araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilərək mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 077-23/İ saylı öhdəliklərin verilməsi müqavilənin 1-ci bəndindən görünür ki, bu müqavilənin imzalandığı tarixdən satıcı, yəni, X8 ilə ipoteka saxlayan "xxxx" ASC arasında bağlanmış 11 fevral 2010-cu il tarixli, 019-10/İ nömrəli kredit müqaviləsi üzrə satıcının hüquq və vəzifələri alıcıya, yəni, İddiaçı2 verilir və onlar qanunvericiliyə uyğun olaraq satıcını əvəz edirlər. İddia ərizəsinə əlavə edilmiş səs yazısından görünür ki, İddiaçı2 Cavabdeh2 ilə görüş zamanı (həmin zaman iddiaçının iki oğlu, yəni, X5, X3 və iddiaçı və oğullarını görüşə aparan X13 iştirak etmişlər) aralarında olan mübahisəli mənzillə bağlı məsələlər müzakirə olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş EM-2190VK-16600/25 saylı, xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 Sumqayıt Şəhər Məhkəməsində İddiaçı1 Zülfüqar oğlunun və İddiaçı2 hüquqlarının müdafiəsi üçün 1500 manat məbləğində müqavilə bağlamışdırlar. İddia ərizəsinə əlavə edilmiş notarial qaydada bağlanmış borc müqaviləsinin tarixindən də göründüyü kimi, evin ilkin ödənişi üçün etdikləri 70.000 USD məbləğində pul 2014-cü il tarixindən verilmişdir. 2014-cü ildən məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi tarixədək 11 il müddət keçmişdir. Həmin 11 il müddətdə artıq alınmış 30.000 USD məbləğində vəsaitə münasibətdə hər il 5 faiz məbləğ cavabdehlərdən tutulub onlara ödənilməlidir. İddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdikləri fakt və halları təsdiq edən sübutlar aşağıdakılardır; 1. Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2010-cu il tarixli yaşayış sahəsinin alqısatqısı və ipoteka müqaviləsi – Cavabdeh1 ilə X6 arasında yaşayış sahəsinin alqı-satqısı və ipoteka müqaviləsini və Cavabdeh2 dolların məzənnəsinin artması ilə banka əlavə ödənişlərin edilməsini təkzib edir. 2. xx.xx.2023-cü il tarixli, 077-23/İ saylı öhdəliklərin verilməsi haqqında müqavilə - X8 tərəfindən ipoteka ilə bağlı yaranmış kredit öhdəliklərinin İddiaçı2 ipoteka saxlayanın razılığı ilə ötürüldüyünü təsdiq edir. 3. Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X7 tərəfindən qəbul edilmiş 14 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar – İddiaçı1 Zülfüqar oğlu tərəfindən şikayətin edildiyini və araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanmasının rədd edilməsini və mülki qaydada məhkəməyə müraciət etməklərinin tövsiyə olunmasını təsdiq edir. 4. Səs yazısı - İddiaçı2 Cavabdeh2 ilə görüş zamanı (həmin zaman iddiaçının iki oğlu, yəni, X5, X3 və iddiaçı və oğullarını görüşə aparan X13 iştirak etmişlər) aralarında olan mübahisəli mənzillə bağlı məsələlər müzakirə edilməsini və tərəflər arasında sövdələşmənin hansı formada olmasını təsdiq edir. 5. EM-2190VK- 16600/25 saylı, xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 Sumqayıt Şəhər Məhkəməsində İddiaçı1 Zülfüqar oğlunun və İddiaçı2 hüquqlarının müdafiəsi üçün 1500 manat məbləğində müqavilə bağladığını təqdiq edir. 6. Dövlət rüsumunun ödənilməsinə dair qəbz – məhkəməyə dövlət rüsumunun tərəflərindən ödənilməsini təsdiq edir. 7. Elektron vəkil orederi – hüquqlarının birinci instansiya məhkəməsində müdafiəsini həyata keçirmək üçün vəkilin təqdim etdiyi sənəd. 8. Etibarnamə - Mülki işlər üzrə vəkilə hansı səlahiyyətlərin ötürülüməsini təsdiq edir.

İddia müddətinin tətbiqi barədə ərizənin əsaslandırıldığı hallar:

3. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia tələbi əsassız olmaqla iddia müddəti də keçdiyindən iddia müddətini hazırki mübahisəyə tətbiq edib iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abasbəyli X4 Alik Nəzir oğluna qarşı “pul” tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və cavabdehlər Cavabdeh1 30000 ABŞ dolları gecikdirilmiş məbləğə illik beş faiz olaraq 11 il müddətində, 16500 ABŞ dolları, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1500 manat məbləğində pulun və ödənilmiş 332 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, verilmiş iddia tələbi əsassız olmaqla yanaşı verilən tələb ümumiyyətlə aydın deyildir. İddia tələbini qəbul etmir. Əksinə iddiaçının hazırda cavabdehlərə borcu qalmışdır. Dollar həmin vaxt 0,78 manat idisə, sonradan 1,70 manat olmuşdur. Ziyan çəkən iddiaçı yox, cavabdeh tərəf olmuşdur. Əgər cavabdehin belə bir borcu var idisə, 3 il müddətində məhkəməyə müraciət edə bilərdi. İddia tələbindən göründüyü kimi 11 ildən sonra pul tələbinə dair məhkəməyə müraciət etmişdir

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı2 Cavabdeh2 ilə uzaqdan qohumluq münasibətlərində olmuşdur. Aralarında inam, etibar yaranmışdır. Cavabdeh2 İddiaçı2 ipotekada olan evini 100000 ABŞ dollarına satmağı təklif etmişdir. Bildirmişdir ki, 70000 ABŞ dollarını borc müqaviləsi ilə rəsmiləşdirəcəkdirlər. Qalan 30000 dolları isə manat şəklində kreditə ödəyəcəkdir. Kredit tamam ödənildikdən sonra da ev iddiaçının mülkiyyətinə keçməli idi. Cavabdeh2 evin özünə aid olduğunu vurğulamışdır. Artıq noyabr ayında evdə qurşadırılmış kombi işləmədiyindən, evdə soyuq olduğu üçün və yeni kombinin alınıb evə qoşulması baha başa gəldiyi üçün iddiaçı tərəf mərkəzləşdirilmiş “atapleniya” sisteminə qoşulmağı qərara almışdır. Bununla bağlı mənzil kommunal istismar sahəsinə müraciət etdikdə mənzili mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edəcəklərini öhdələrinə götürmüşdürlər. Lakin bunun üçün evin sənədinin lazım olduğunu qeyd etmişdirlər. Cavabdehə məsələni bildirdikdə o, evin sənədini gətirib verəcəyini qeyd etmişdir. Daha sonra, daşınmaz əmlakın texniki pasortu təqdim edildikdən sonra, hüquq subyekti (mülkiyyəti) olaraq X2 adının qeyd olunduğunu gördükdə, cavabdehə hazırda qaldıqları evin onun adına olduğunu dediyini, texniki pasportda isə X2 adının qeyd olunduğunu soruşduqda o, Səxavətin, oğlu Elvinin dostu olduğunu və ipoteka onlara verilmədiyi üçün onun adına götürdüyünü bildirmişdir. Bundan sonra, davamlı olaraq, ipoteka ödənişlərini 23.400 manata çatanadək ödəmişdirlər. Ən son ödənişi etdikdən sonra, İradəyə evi iddiaçının adına keçirməsi üçün oğlunun dostu Səxavət Mamedovla danışmasını bildirdikdə, hələ, dolların kursu yüksəldiyi üçün əlavə də 24.000 manat ödəməli olduqlarını bildirmişdir. Onlar İradə ilə bu formada razılaşmadıqlarını, yerdə qalan 23.400 manat məbləğin tərəflərindən ödəniləcəyini bildirsələr də, o, əlavə olaraq 24.000 manat ödənişin tərəflərindən ödənilməli olduğunu təkidlə bildirmişdir. Bununla bağlı kifayət qədər sübutları vardır. Sübutlardan biri olan səsyazısında hər biri konkret əks olunmuşdur. Cavabdehin evin əsl mülkiyyətçisini gizlətməsi aydın şəkildə görünür.

7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, Cavabdeh1 həmin müddətdə ünvan 2 ünvanında ev tikdirirdi. Pulu çatmadığına görə evi satdığını bildirmişdir. İddiaçı tərəf bildirmişdir ki, qısa müddət ərzində krediti ödəyib bitirəcəkdir. Lakin həmin kredit 2022-ci il tarixində ödənilib başa çatmışdır. Cavabdehin kredit götürməsi ağlabatan deyildir. Hesab edir ki, iddia tələbi əsassızdır. Həmçinin tərəf iddia müddətini də ötürmüşdür. İddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim olunmuş səs yazısı qanunsuzdur, şəxsin məlumatı olmadan onun səsi yazılmışdır.

8. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, oğlunun toyu ilə əlaqədar evlərini təmir etdirmişdirlər. Həmin vaxtlarda qohumluq münasibətlərinin olduğu İddiaçı2 evlərinə gəldi və evi nə gözəl təmir etdirdiklərini bildirdi. Bu zaman toyla əlaqədar evi sataraq Bakı şəhərində yeni mənzil almaq niyyətlərini bildirdikdə, iddiaçı özlərinin ev almaq istədiklərini, bu evi əldə etməyin onlar üçün yaxşı olacağını bildirdi. Bundan sonra o, həyat yoldaşı ilə məsləhətləşmək üçün getdi. Ona pulun tez lazım olduğunu bildirmişdir. İlk vaxtlarda iddiaçı 300-400 manat məbəğlərində ödənişlər edirdi. Sonra elə oldu ki, Qurd dərəsində torpaq aldı. Evin tikintisinə başlamaq lazım olsa da, iddiaçı pulu vermirdi. İddiaçı2 evlərini satacaq, təxminən 50000 dolları əvvəldən ödəyəcək, qalan hissəni isə 2 il ərzində ödəyəcəkdi. Təxminən 70000 dollar məbləğində onlar tərəfindən ödənişlər edildi. Onların 30000 dollar borcları qaldı. O, bilirdi ki, ev ipotekada idi. Evi oğlunun dostunun adına ipotekaya qoyaraq bankdan pul götürmüşdürlər. Borc 2 il ərzində ödənilib qurtarmadı. Sonda razılaşdılar ki, qalan 30000 dollar məbləğində pulu aybaay banka ödəyəcəklər. İddiaçı2 həmçinin faizləri də özünün həll edəcəyini bildirdi. Yeni aldıqları topaqda evin tikintisinə başlamaq üçün bankdan kredit götürdülər. Bu müddət ərzində İddiaçı2 həyat yoldaşı evdən çıxmaqları üçün onları tələsdirirdi. Bundan sonra dolların məzənnəsi qalxdı. Məmmədov Səxavət onlardan banka olan borcları ödəyib bitirməklərini, evi onun adından çıxarmaqlarını tələb edirdi. Səxavət özünün bankdan kredit götürmək niyyətini bəyan edirdi.

Şahid ifadələri:

9. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 ifadəsində bildirdi ki, iddiaçı ilə ailəvi dostdurlar. Qış ayları idi. Cavabdeh2 ilə Elmlər ərazisində yerləşən kafedə görüşmüşdürlər. Tərəflər arasında danışıqlar oldu. Alqı-satqı barədə dollarla razılığa gəlmişdirlər. Cavabdeh2 ziddiyyətli danışırdı. Tərəflər arasında dolların qalxacağı təqdirdə ödənişlərin artacağı barədə heç bir danışıq olmamışdır. Cavabdeh2 bildirmişdir ki, başqa şəxsə borcu var. Onu ödəmək üçün ödənişin məbləğini qaldırmalıdır.

10. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 ifadəsində bildirdi ki, iddiaçılar onun valideynləridir. Evi 2014-cü ildə 100000 dollar məbləğində əldə etmək, 70000 dollar məbləğində vəsaiti əvvəldən ödənilməsi və qalan məbləğin isə hissə-hissə ödənilməsi barəsində razılaşmışdırlar. Razılaşma şifahi formada olmuşdur. İddiaçılar ödəniləcək məbləği heç vaxt gecikdirmirdi. Lakin onlar borcun bitmədiyini müşahidə edəndə cavabdehlərlə görüşmək qərarına gəlmişdirlər. Onlara borcun qalan hissəsinin yarı-yarıya ödənilməsinə dair təklif etmişdirlər. Bu zaman ailə olaraq hələ evi yox idi. Sonradan müəyyən olmuşdur ki, Səxavət Məmmədovun adına ipoteka borcu ödəyirmişlər. Səxavətlə razılaşmış və borcu öz adlarına keçirmişdirlər. İddiaçı tərəf 30000 dollar məbləğində pul vəsaitini tam şəkildə ödəmişdir.

Tədqiq olunan sübutlar:

11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1A ünvanında yerləşən 52 saylı mənzil üzərində mülkiyyət hüququ Cavabdeh1 adına xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

12. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (kreditor – ipoteka saxlayan), X8 (alıcı – ipoteka qoyan) və Cavabdeh1 (satıcı) arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Alqı-satqı və ipoteka müqaviləsi”ndən görünür ki, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03 fevral 2010-cu il tarixli 14/322 nömrəli arayışa əsasən 2 otaqlı, ümumi sahəsi 56,5 kv.m, o cümlədən yaşayış sahəsi 36,31 kv.m olan, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1A ünvanında yerləşən 4 mərtəbəli binanın 4-cü mərtəbəsində 52 saylı mənzili alıcı – ipoteka qoyanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

13. "xxxx" Açıq Səhmdar Cəmiyyəti, X8 və İddiaçı2 arasında bağlanmış xx.xx.2023cü il tarixli, 077-23İ saylı “Öhdəliklərin verilməsi müqaviləsi”ndən görünür ki, satıcı ilə kreditor – ipoteka saxlayan arasında bağlanmış 11 fevral 2010-cu il tarixli, 019-10/1 nömrəli kredit müqaviləsi üzrə satıcının hüquq və vəzifələri alıcıya verilir və onlar qanunvericiliyə müvafiq olaraq satıcını əvəz edirlər. Satıcı bu müqavilənin imzalandığı tarixdən 3 iş günü ərzində kredit müqaviləsi üzrə alınmış ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini alıcıya satmağı öz öhdəsinə götürmüşdür.

14. Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X7 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı1 və İddiaçı2 hazırda yaşadıqları ipoteka girovunda olan ünvanı almaq üçün 2014-cü ildə Cavabdeh2 ilə ümumilikdə həmin tarixdə dolların məzənnəsinə uyğun olaraq 100000 ABŞ dollarına razılaşmaları, ona ilkin ödəniş olaraq 70000 ABŞ dolları ödəmələri, 2022-ci ilin yanvar ayınadək əvvəlki məzənnəyə uyğun olaraq ümumilikdə 30000 ABŞ dolları da ödəmələri, lakin Cavabdeh2 dolların məzənnəsinin dəyişdiyinə görə əlavə ödəniş etməli olduqlarını bildirərək onları aldatması və mənzilin onların adına rəsmiləşdirilməsindən boyun qaçırmasına dair toplanmış material üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi, İddiaçı1 pozulmuş hüquqlarının bərpa edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.

Məhkəmə baxışının hədləri:

15. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

18. Belə ki, iddiaçılar hazırda yaşadıqları ipoteka iə yüklü edilmiş Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1A, 52 saylı mənzili almaq üçün 2014-cü ildə Cavabdeh2 ilə həmin tarixdə dolların məzənnəsinə uyğun olaraq evin satış qiymətinin 100000 ABŞ dolları məbləğinə onlara satılması ilə bağlı razılaşmışlar. Buna görə iddiaçılar tərəfindən cavabdehlərə 70000 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmiş, evin qalan dəyərinin də hissə-hissə ilə ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Tərəflər arasında evin alqı-satqısı ilə bağlı razılaşma şifahi qaydada olmuş və həmin dövrdə, yəni 2014-cü ildə bununla bağlı yazılı müqavilənin bağlanmadığı müəyyən edilmişdir. Sözügedən evin alqı-satqısı ilə bağlı 70000 ABŞ dollarının və digər ödəmələrin edilməsi işin mübahisə edilməyən halıdır. Belə ki, heç bir tərəf qeyd edilən halları təkzib etmir.

19. Eyni zamanda İddiaçı2 sözügedən mənzilin alınması üçün, həmin mənzilin və mənzilə görə öhdəliklərin (ipoteka ilə yüklü edilməsi səbəbindən) adına keçirilməsi üçün mənzilin mülkiyyətçisi olan X8 ilə öhdəliklərin verilməsi haqqında 11 iyul 2023-cü il tarixli müqavilə bağladığı da iş materialları ilə müəyyən olunur.

20. Mübahisənin əsasını cavabdehlərin 2022-ci il tarixdə ABŞ dollarının məzənnəsinin qalxmasını əsas göstərərək aralarındakı şifahi razılaşmanın şərtlərini dəyişməsini, ipoteka ilə yüklü edilmiş əmlakın dəyərinin qalan hissəsinin də idddiaçılar tərəfindən ödənilməsini tələb etməsi təşkil edir. Onlar hesab edir ki, mübahisəli mənzilə görə əvvəllər razılaşdıqları məbləğdə deyil, daha artıq məbləğdə pulun ödənilməsinə məcbur qaldıqlarından həmin vəsait cavabdehlər tərəfindən onlara geri qaytarılmalıdır.

21. Həmin evin mülkiyyətçisi Səxavət Mamedov olsa da evin alqı-satqısı ilə bağlı şifahi razılaşma iddiaçı ilə cavabdehlər arasında olmuş, eyni zamanda evin mülkiyyətçisi ilə cavabdehlər arasında sözügedən evə görə vəsaitlərin alınması ilə bağlı hər hansı bir mübahisənin olduğu müəyyən edilməmiş, əksinə öhdəliklərin verlməsi müqaviləsi ilə ev sonuncu tərəfindən iddiaçının adına keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabehlərlə Mamedov Səxavət arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Bu hal, həmçinin evin mülkiyyətçisi ilə iddiaçı arasında 11 iyul 2023-cü il tarixli öhdəliklərin verilməsi müqaviləsinin bağlanması ilə də təsdiq olunur.

22. Məhkəmə hesab edir ki, hazırki mübahisənin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı 1091-ci maddəsi təşkil edir. Belə ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hazırda iddiaçı da aralarındakı şifahi razılaşmaya istinad edərək ev alqı-satqısı üçün cavabdehin ondan öz aralarında əvvəl razılaşdıqları məbləğdə deyil, daha artıq məbləğdə pul vəsaitinin alınmasına istinad edir. Bu məbləğin ödənilməsinə razılıq verilməsini isə evin əldə edilməsinə görə olduğunu bildirmişdirlər.

23. Məhkəmə qeyd edir ki, tərəflər öz aralarında şifahi olaraq razılığa gəldiklərindən, aralarındakı razılaşmanın şərtlərinin sonradan dəyişilməsi və nəticədə iddiaçının mübahisəli mənzili adına keçirməsi, başqa sözlə desək cavabdehin irəli sürdüyü şərtlərlə razılaşıb tələb edilən vəsaiti ödəməsi ilə razılaşması və bunu evi əldə etmək niyyəti ilə etməsi sonradan ödənilmiş vəsaitin geri qaytarılması üçün əsas təşkil etmir. Yəni hazırki halda həmin vəsaitin aldatma, hədə qorxu və.s əsasla tələb edilməsi halı müəyyən edilmir. İddiaçı cavabdehin təklif etdiyi şərtlə razılaşmış, evə görə əlavə vəsait ödənilməsi ilə bağlı qalan öhdəliklərin icra edilməsini öz üzərinə götürmüşdür. Eyni zamanda iddiaçının cavabdeh tərəfindən təklif edilən şərtlə razılaşmamaq və ödədiyi vəsaitin geri qaytarılmasını tələb etmək hüququ olmuşdur. Lakin buna baxmayaraq o, cavabdehin təklif etdiyi şərtlə razılaşmışdır. Bu hal isə ödənilən və ya ödənilməli olan vəsaitin geri qaytarılması üçün əsas deyildir. Hazırki halda cavabdehin iddiaçının hesabına əsassız varlanması halı müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

24. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki mübahisə sözügedən əmlaka görə ödənilmiş və ya ödənilməli olan vəsaitin geri qaytarılması ilə bağlı olduğundan, həmin əsasla iddia evin əvvəlki mülkiyyətçisinə qarşı, yəni Səxavət Mamedova yönəldilə bilərdi. Çünki mənzilin əvvəlki mülkiyyətçisi Səxavət Mamedov olduğundan cavabdehlərin həmin şəxsin adından çıxış edərək, əmlakın satışı ilə bağlı danışıqlar etdiyi, razılığa gəldiyi ehtimal olunur. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçılar irəli sürdükləri iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsalar da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən də təmin edilə bilməz.

25. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunların uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

26. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq qeyd edir ki, məhkəmə tərəfindən iddia tələbinə hüquqi qiymət verilərək əsassız olduğu müəyyən edildiyindən iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verilməsi zərurəti də aradan qalxmışdır.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30000 ABŞ dolları (bu günkü məzənnə ilə) gecikdirilmiş məbləğə illik beş faiz olaraq 11 il müddətində, 16500 ABŞ dolları, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 1500 manat məbləğində pulun və tərəfindən ödənilmiş 332 manat məhkəmə dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair iddiası təmin edilməməlidir.

Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30000 ABŞ dolları (bu günkü məzənnə ilə) gecikdirilmiş məbləğə illik beş faiz olaraq 11 il müddətində, 16500 ABŞ dolları, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 1500 manat məbləğində pulun və tərəfindən ödənilmiş 332 manat məhkəmə dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar