Məhkəmə qərarları › İş №e-2(060)-3418/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3418/2025

19.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3418/2025 19.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 32000 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 191 manat vəsaitin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə qohumu X4 məxsus torpaq sahəsi üzərində fərdi evi tikdirərkən tanış olmuşdur. Belə ki, Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən 0,0405 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışına əsasən Nəzakət Məmmədovaya məxsusdur. İddiaçı həmin torpaq sahəsini Nəzakət Məmmədovadan etibarnamə əsasında almış və bu torpaq sahəsin üzərində fərdi ev tikdirmək qərarına gəlmişdir. Bu baxımdan qohumu olan cavabdehə evin tiklişi üçün müraciət etmişdir. Cavabdehla İddiaçı arasında şifahi razılıq əldə olunmuş, cavabdeh cari ilin may ayından işə başlayaraq avqustda, yəni 3 ay ərzində evin tikintisini başa çatdırmağı öhdəsinə götürmüşdür. İddiaçı isə evin tikintisi üçün 35000 manat, işlərin görülməsinin haqqı olaraq isə 5000 manat pulu ona verməyi öhdəsinə götürmüşdür. Xidmət haqqı olan pul məbləği məhz işin sonunda ödənilməli idi. Aralarında bağlanmış şifahi müqaviləyə əsasən təxminən may ayının 10-15-i aralığında cavabdehə 25000 manat, daha sonra ayrı-ayrı vaxtlarda 4500, 2500 və 3300 manat məbləğində olmaqla,ümumilikdə 35300 manat məbləğində pul ödənilmişdir. Lakin cavabdeh evi vaxtında hazır etməmiş, daha sonra əlavə 10000 manat da istəmişdir. Belə ki, sonuncu dəfə istənilən 10000 manat məbləğində pul tərəflər arasında daha əvvəlki razılıqda olmamışdır. Cavabdeh məhz evi 3 ay ərzində 35000 manata tikib hazır etməli idi. İddiaçı tərəfindən danışılmış vaxtdan da tez bir müddətdə 35300 manat pul ona ödənilmişdir. Həmçinin cavabdeh fərdi evin tikintisi üçün sənədlərin düzəldilməsi adı ilə 2730 manat məbləğində pul alsa da, sonradan həmin məbləği də məhz evin tikintisinə sərf etdiyini bildirmişdir. Cavabdehin evin sənədlərinin düzəldilməsi adı ilə aldığı 2730 manat məbləğində pulu da evin tikintisinə sərf etdiyi nəzərə alınsa, ümumilikdə tikinti üçün 38030 manat məbləğində pul cavabdehə verilmişdir. Bütün bunlara baxmayaarq, ev cavabdeh tərəfindən tam tikilməmişdir və hazırda tikili yarımçıq və qəzalı vəziyyətdədir. Tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar iddiaçı X5 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-29/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, Cavabdeh 17147 manat, qiymətləndirmə hesabatına görə ödənilmiş 225,50 manat pul və ödənilmiş 141,44 manat dövlət rüsumunun tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Daha sonra cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-845/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(060)-29/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən kasassiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3488/2024 saylı xx.xx.2024-cü il qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-845/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş apelyasiya və ali məhkəmə icraatında olarkən hər iki məhkəmənin mövqeyi eyni olmuş, iddiaçı X3 iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamasını müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi zamanı iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi ilə bağlı vəsatət məhkəməyə təqdim edilmiş, İddiaçı iddianı vermiş olsa da, tikilən ev iddiaçının mülkiyyətində olmadığından iddianı onun qaldırması qanuna ziddir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1807/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl iddiaçı X5 ilə əvəz edilməsi qərara alınmışdır. Sonradan isə məhkəmənin mövqeyi tam əks olaraq iddianın Məmmədova Nəzakət tərəfindən verilməsi üçün subyetiv hüquqa malik olmadığı müəyyən edilmişdir. Məhkəmə gedişatı zamanı rəy alınması üçün mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ekspertizanın 3-16-16/2-10/4471 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Sumqayıt şəhər 76-cı məhəllədə X4 məxsus torpaq sahəsində fərdi yaşayış evi üzrə aparılmış yenidənqurma, tiknti-təmir işlərinin ümumi dəyəri 18053 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh məhkəmə gedişatı zamanı öz izahatında aldığı pul müqabilində torpaq sahəsində ev tikib hüquqları rəsmiləşdirərək təhvil verməsi barədə üzərinə öhdəlik götürmüş və Şahin tərəfindən ona cəmi 35200 manat pul verilməsini bildirərək bunu etiraf etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı qeyd etdi ki, evin döşəməsinə təxminən 4000 manat vəsait sərf edilib. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil da oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qismən qəbul etdi. O, əlavə etdi ki, evi inşa edib qurtardıqdan sonra, qarşı tərəf onun yarasız olduğunu bildirdi. Hazırda onun borcu 7000-8000 manat civarındadır. Döşəmə üçün sərf edilən 4000 manat vəsait də hökmən nəzərə alınmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-29/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh 17147 manat, qiymətləndirmə hesabatına görə ödənilmiş 225,50 manat pul və ödənilmiş 141,44 manat dövlət rüsumunun tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-845/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(060)-29/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3488/2024 saylı xx.xx.2024-cü il qərarından görünür ki, iddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-845/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/4471 saylı, xx.xx.2023-cü il tarixli rəyinin surətindən görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən X4 məxsus torpaq sahəsində inşa olunmuş tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Tədqiq olunan tikilinin inşası tamamlanmadığından, nöqsanın aradan qaldırılması üçün lazım olan vəsaitin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Tədqiq olunan tikilinin "xxxx" MMC tərəfindən tərtib edilmiş və Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəyə uyğun olmadığı müəyyən edilmişdir. Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən X4 məxsus torpaq sahəsində fərdi yaşayış evi üzrə aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 18053 manat məbləğində olduğu müəyyən olunur. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərc haqqında qiymətləndirmə hesabatına əsasən çəkilmiş ümumi xərc 19240 manat müəyyən edilmişdir. Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilk əvvəl məhkəməyə iddia ərizəsi ilə İddiaçı müraciət etmiş və iddia ərizəsində göstərmişdir ki, cavabdehlə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən torpaq sahəsində fərdi ev tikdirmək məqsədi ilə razılaşmışdır. Həmin torpaq sahəsini baldızı Nəzakət Məmmədovadan baş etibarnamə əsasında almışdır. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin iclasında Nəzakət Məmmədova da qeyd edilən faktı təsdiq edərək, İddiaçı onun bacısının əri, cavabdehin isə onun qohumu olmaqla, bacısıgilə ev tikməsini, evin inşa edildiyi torpaq sahəsinin onun mülkiyyətində olsa da, həmin torpağı etibarnamə əsasında İddiaçı satdığını və Şahinin də həmin torpaqda özünə ev tikdiyini bildirmişdir ki, bununla da evin inşası ilə bağlı podrat müqaviləsinin İddiaçı ilə Cavabdeh arasında bağlanması və inşa edilmiş evin məhz İddiaçı tərəfindən, özü üçün inşa edilməsi öz təsdiqini tapmışdır. İşə birinci instansiyası məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi Vəkil İddiaçı əsl iddiaçı Nəzakət Məmmədova ilə əvəz olunmasını xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, İddiaçı əsl iddiaçı Nəzakət Məmmədova ilə əvəz edilmişdir. Həmin qərardadla, o cümlədən işdə olan prosessual əvəzçiliklə bağlı ərizələrdən iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinin səbəbi müəyyən edilməməkdədir. Lakin məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinin səbəbi əslində inşa edilmiş evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin iddiaçı Nəzakət Məmmədova olması olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli evin inşa edildiyi torpaq sahəsinin etibarnamə əsasında iddiaçı Nəzakət Məmmədova tərəfindən İddiaçı satması ilə bağlı hüquq münasibəti hazırkı mübahisənin predmeti olmamaqla, onlar arasında bağlanmış əqdin eitbarlı olub-olmaması hazırkı iş üzrə əhəmiyyət də kəsb etməmişdir. Lakin torpaq sahəsinin Nəzakət Məmmədovanın mülkiyyətində olması hazırkı iddianı qaldırmaq üçün ona subyektiv hüquq verməmişdir. Belə ki, əvəz edilmiş İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsi ilə yanaşı, həmçinin məhkəmə kollegiyasında iddiaçının və cavabdehin izahatları ilə də evin inşası ilə bağlı podrat müqaviləsinin İddiaçı ilə cavabdeh arasında bağlanması və inşa edilmiş evin məhz İddiaçı üçün inşa edilməsi, o cümlədən Nəzakət Məmmədovanın podrat müqaviləsinin tərəfi olmaması öz təsdiqini tapmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 32000 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 191 manat vəsaitin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu zaman İddiaçı ev inşası üçün cavabdehin ondan pul alması barədə daha əvvəllər məhkəmədə verdiyi izahata istinad etmişdir. Qeyd edildiyi kimi, tərəflər arasında münasibətlərin podrat müqaviləsi xarakterli olması mübahisəsizdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Bu Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, habelə mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə aktlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsinə əsasən cavabdeh 32000 manat (iddia tələbindəki məbləğ) pul alaraq bunun müqabilində üzərinə götürdüyü ev tikmək öhdəliyini vaxtında və layiqincə yerinə yetirmədiyindən, həmçinin inşaat işlərinə 18053 manat, taxta döşəmə üçün 4000 manat sərf etdiyindən, iddia 9947 manat həcmində əsaslıdır. Odur ki, iddia tələbi qismən, yəni yuxarıda qeyd edilən məbləğdə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9947 manat pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 117,47 manat hissəsi Cavabdeh tutularaq İddiaçı qaytarılsın, rüsumun qalan hissəsi isə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar