Məhkəmə qərarları › İş №e-2(060)-3428/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3428/2023

14.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3428/2023 14.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Cəlil oğlunun iştirakı ilə, İddiaçı Cəlil oğlunun cavabdeh Ağadadaşova (Alıyeva) Mehri Qafar qızına qarşı pul tələbinə dair mülki işə 14 avqust 2023-cu il tarixdə Sumqayıt şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cəlil oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Alıyeva Mehri Qafar qızından 1601 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Cəlil oğlu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Alıyeva Mehri Qafar qızından 2207 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cəlil oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin iddiaçı "xxxx" ASC-nin cavabdehlər Alıyeva Mehri Qafar qızı, İddiaçı Cəlil oğlu və X2 qarşı mülki işlə bağlı çıxarılmış xx.xx.2017-ci il tarixli, 2(060)- 5395/2017 saylı məhkəmə əmri vardır. Alıyeva Mehri Qafar qızı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-5395/2017 saylı məhkəmə əmri üzrə borcunu tam ödəmiş və "xxxx" ASC-yə borcu yoxdur. Qeyd edir ki, həmin müqavilə üzrə o, zamin kimi çıxış edərək banka olan bütün borcu ödəmiş və zaminlik müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən cavabdeh Alıyeva Mehri Qafar qızının ona 467 manat vurulmuş 3 ay müddətinə 1401 manat təşkil edir. Həmçinin icra idarəsində ondan 200 manat məbləğində pul tutulmuşdur. Beləliklə, 1401+200=1601 manat. Hesab edir ki, cavabdeh Ağadadaşova (Alıyeva) Mehri Qafar qızından 1601 manat məbləğində pul tutulub ona verilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı Cəlil oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, iki dəfə müharibədə olmuşdur, müalicə almışdır. Cavabdehin qızı xəstə olduğu üçün ona yazığı gəlmiş, ona zamin durmuşdur. Cavabdeh isə 2014-cü ildən bu günə kimi onu süründürmüş, onun borcunu qaytarmadan imtina etmişdir. Bildirir ki, pulun bir hissəsini ödədikdən sonra 2020-ci ildə İcra İdarəsi tərəfindən tutulmalar onun pensiyasına yönəldilmişdir. Ona da qeyd edir ki, bundan əvvəl də bir dəfə o, cavabdeh üçün ödənişlər etmişdir, lakin həmin ödənişlərin qəbzi yoxdur. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh Ağadadaşova (Alıyeva) Mehri Qafar qızı məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan "xxxx" ASC-nin Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin iddiaçı "xxxx" ASC-nin cavabdehlər Alıyeva Mehri Qafar qızı, İddiaçı Cəlil oğlu və X2 qarşı mülki işlə bağlı çıxarılmış xx.xx.2017-ci il tarixli, 2(060)-5395/2017 saylı məhkəmə əmri üzrə Alıyeva Mehri Qafar qızı banka olan borcunu tam ödəmişdir. Hazırda cavabdehin qeyd olunan məhkəmə əmri üzrə borcu yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq “İcra haqqında” AR Qanununun 20.1.5-ci maddəsinin tələbini rəhbər tutaraq "xxxx" ASC icra işi üzrə görülmüş icra tədbirlərinin ləğv edilməsini və icra işinə xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sosial müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X3 Fəhmi Cəlil oğluna ünvanladığı 3-17-1/2-c-119183/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə icra İdarəsinin 6 may 2020-ci il tarixli 6260/16 nömrəli məktubu ilə Mərkəzi Filiala ünvanlanmış Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli 2(060)-5395/2017 nömrəli icra sənədinə əsasən əmək pensiyanızdan həyata keçirilmiş tutulmalar nəticəsində "xxxx" ASC-nin hesabına ümumilikdə 2012,25 manat, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin hesabına isə 194,75 manat məbləğində pul vəsaiti köçürülərək müvafiq icra sənədinin icrası başa çatdırılıb. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5395/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehlər Alıyeva Mehri Qafar qızı, İddiaçı Cəlil oğlu və X1 xx.xx.2014-cü il tarixli, sm5355 saylı kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 1954,70 manat, faiz borcuna görə 727,55 manat, cərimə borcuna görə 100 manat olmaqla, cəmi 2782,25 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin iddiaçı "xxxx" ASC-nin cavabdehlər Alıyeva Mehri Qafar qızı, İddiaçı Cəlil oğlu və X2 qarşı mülki işlə bağlı çıxarılmış xx.xx.2017-ci il tarixli, 2(060)-5395/2017 saylı qətnaməsi üzrə Alıyeva Mehri Qafar qızı banka olan borcunu tam ödəmişdir. Həmin borcun bir hissəsi, yəni 2012,25 manat İddiaçı Cəlil oğlunun əmək pensiyasından həyata keçirilmiş tutulmalar nəticəsində "xxxx" ASC-nin hesabına ödənilmişdir. Eyni zamanda İddiaçı Cəlil oğlunun əmək pensiyasından həyata keçirilmiş tutulmalar nəticəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin hesabına 194,75 manat məbləğində pul vəsaiti köçürülərək müvafiq icra sənədinin icrası başa çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə öhdəliyi icra etmiş zaminin bir sıra hüquqları vardır. Belə ki, Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. “İcra haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı – zamin İddiaçı borclu – Cavabdeh (Alıyeva) kredit müqaviləsi və icra sənədi üzrə öhdəliyini 2207 (2012,25+194,75) manat hissəsində icra etmişdir. Bu səbəbdən həmin hissədə kreditorun hüquqları ona keçmişdir. Mülki Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminin ödədiyi məbləğ həssində borcluya qarşı geriyə tələb (reqres) hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cəlil oğlu ödədiyi 2207 manat məbləğində pulu cavabdeh Ağadadaşova (Alıyeva) Mehri Qafar qızından tələb etməkdə haqlıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Azərbaycan Respublikasının 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırki iddia ərizəsinin verilməsinə görə 42,7 (30+12,7) manat dövlət rüsumu ödənilməli idi. Məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı olduğuna görə dövlət rusumunu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 42,7 manat dövlət rüsumu da Ağadadaşova (Alıyeva) Mehri Qafar qızından tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 475, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Ağadadaşova (Alıyeva) Mehri Qafar qızından 2207 (iki min iki yüz yeddi manat) manat məbləğində pul tutularaq İddiaçı Cəlil oğluna ödənilsin. Cavabdeh Ağadadaşova (Alıyeva) Mehri Qafar qızından 42,7 (qırx iki manat yetmiş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar