Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3532/2023 21.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-nin direktoru X6 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının maşına ödəniş şəkilində verdiyi 12000 (on iki min) manat məbləğində pulun, maşının bəzi detallarının dəyişdirməyinə çəkdiyi 850 (səkkiz yüz əlli ) manat maddi ziyanın və mənəvi ziyanını əvəzi olaraq 1000 (bir min) manat məbləğində cəmi 13850 (on üç min səkkiz yüz əlli) manat pulun və ödənilmiş 132 manat dövlət rüsumunun cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin direktoru X3 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, iddiaçının maşına ödəniş şəkilində verdiyi 12000 (on iki min) manat məbləğində pulun, maşının bəzi detallarının dəyişdirməyinə çəkdiyi 850 (səkkiz yüz əlli ) manat maddi ziyanın və mənəvi ziyanını əvəzi olaraq 1000 (bir min) manat məbləğində, cəmi 13850 (on üç min səkkiz yüz əlli) manat pulun və ödənilmiş 132 manat dövlət rüsumunun cavabdehlər ********** VÖEN ilə və "xxxx" adı altında fəaliyyət göstərən fərdi sahibkar MMC X2 və ********** VÖEN ilə və "xxxx" adı altında fəaliyyət göstərən fərdi sahibkar X4 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən "Cars 043" avtomobil salonundan X5 adına olan **-MK-*** dövlət qeydiyyat nişanlı qara metalİik rəngli 2006-cı il tarixli zavod istehsalı olan "MersedesBenz B200 Xetçbek" markalı avtomobili 12000 manata almışdır. Həmin vaxt salonda maşını iddiaçıya təqdim edən X9 olmuşdur və Mehparə Rzayevanın adından ona Sumqayıt şəhərində yerləşən 3 saylı notariat kontorunda 11 ay 2 gün müddətinə qüvvədə olacaq baş etibarnamə vermişdir. İddiaçı da həmin avtomobili həmin tarixdən xx.xx.2022-ci il tarixədək idarə etmişdir. xx.xx.2022- ci il tarixdə saat təxminən 10 radələrində sözügedən avtomobillə hərəkətdə olarkən Ekoloji Nəzarət postunda yol patrul xidməti əməkdaşları onu saxlamışlar. Polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edərək avtomobilə aid sənədləri təqdim etməyini bildirmişdir. İddiaçı da avtomobilə aid qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsini və baş etibarnaməni polis əməkdaşına təqdim elmişdir. Polis əməkdaşı iddiaçının sənədlərinə baxdıqdan sonra ona verilən etibarnaməyə xitam verilməsini deyərək avtomobili Abşeron rayonu, Xırdalan şəhəri, "Vaz dairəsi" deyilən ərazidə cərimə meydançasına aparmışdır. Avtomobili cərimə meydançasına qoyduqdan sonra iddiaçı avtomobili aldığı Sumqayıt şəhərinda yerləşən avtomobil salonuna getmişdir. Orada Rəşada baş verənləri demişdir. Rəşad da iddiaçının yanında Mehparə xanıma zəng edərək verilmiş etibarnaməyə xitam verilməsinin səbəbini soruşduqda Mehparə xanım avtomobili satan Mehrac adlı şəxsin avtomobilin pulunu çatdırmadığını demişdir. Rəşad da Mehparənin adına olan avtomobilə görə etibarnaməni Mehparənin Mehracdan pulu aldıqdan sonra verdiyini demişdir. Mehpara bir daha Mehracın avtomobilin pulunu çatdırmadığını demişdir. Bundan sonra Rəşad Mehraca zəng edərək sözügedən avtomobilin pulunu Mehparaya niya çatdırmadığını, bu səbəbdən Mehparənin iddiaçıya verdiyi baş etibarnaməni ləğv etdirdiyini demişdir. Mehrac da pulu avtomobil satılan gün Mehparəyə çatdırdığını bildirmişdir. Bundan sonra iddiaçı Rəşadla birlikdə Kürdəmir rayonuna gedərək Mehracla görüşmüşdülər. Mehrac həmin vaxt telefonunda Mehparə ilə olan yazışmasını göstərmişdir. Yazışmadan da başa düşdülər ki, Mehrac avtomobilin pulunu Mehparaya vermişdir. Bundan sonra Mehparə ilə Rəşad va Mehrac görüşmüşlər. Mehparə Mehraca pulu gətirdikdən sonra avtomobili verəcəyini bildirmişdir. Sonradan iddiaçı xx.xx.2022-ci il tarixdə cərimə meydançasında olan avtomobilinə baxmaq üçün gedərkən avtomobilinin yerində olmadığını Mehparə tərəfindən aparıldığım bilmişdir. İddiaçıya baş etibarnamə ilə məxsus olan idarə etdiyim avtomobilinin yük yerində 2 ədəd hər biri 150 manat dəyərində olmaqla 300 manat dəyərində akkumlyatorlar, 1 ədəd 300 manat dəyərində avtomobil üçün maqnitafon monitoru, avtomobilin salonunda saxlanc yerində isə 10050 manat pulunu, şəxsiyyət vəsiqəsi və qaldırıcı qurğular üçün nəzərdə tutulmuş sürücülük vəsiqəsi olmuşdur. Sonradan iddiaçı yaşadığı ərazidə, yəni Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Eyni zamanda iddiaçı Kürdəmir rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Kürdəmir rayon Polis Şöbəsinin 08 dekabr 2022-ci il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmişdir və aralarında olan mübahisə mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməkləri izah edilmişdir. İddiaçı və nümayəndəsi Vəkil məhkəmədə iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etdilər. Cavabdeh R.İ.Mehdiyev məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, “Cars043” avtomobil salonuna maşınlar verir. O, həmin salonun işçisi deyildir. Alqı-satqı İddiaçı ilə onun arasında olmuşdur. Həmin avtomaşını 12.000 manata satmışdır. O, maşını satanda öz adına keçirməsi üçün xərcləridə iddiaçıya keçmişdir. 6-7 ay sonra iddiaçı ona zəng edərək etibarnaməyə xitam verilməsini bildirmişdir. O, da iddiaçıya avtomobili tez bir zamanda adına keçirməsini bildirmişdir. İddiaçının məsuliyyətsizliyi bu halın baş verməsinə səbəb olmuşdur. Hazırda iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMC-yə məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 Mehparə Fərman qızının adından çıxış edərək “Mercedes B 200” minik markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomaşını 11 ay 02 gün müddətinə İddiaçı etibar etmişdir. İşdə olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes B 200” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi X7r. İş materiallarındda olan xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 10 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Hüquqi şəxslərin dövlət reyestr məlumatlarında "xxxx" MMC adlı hüquqi şəxs aşkar edilməmişdir. “İnsan Hüquqları və X8 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə cavabdeh R.İ.Mehdiyev varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh R.İ.Mehdiyevin varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Eyni zamanda məhkəmə iclasında müəyyən edildi ki, R.İ.Mehdiyev "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur, sadəcə həmin avto salona maşınlarının satılması üçün mürariyət edən şəxsdir. Bundan əlavə, sözügedən avtomobilin alqı-satqısı da iddiaçı ilə cavabdeh R.İ.Mehdiyev arasında olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi üzrə cavabdeh qismində qoyulmuş "xxxx" MMC-yə aid edilməməlidir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 10 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Hüquqi şəxslərin dövlət reyestr məlumatlarında "xxxx" MMC adlı hüquqi şəxs aşkar edilməmişdir. Məkhəmə hesab edir ki, iddia tələbi cavabdehin etiraf etdiyi hissədə yəni 12000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin 850 (səkkiz yüz əlli) manat avtomobilə çəkilən əlavə xərclərə görə maddi ziyan hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı bu halı sübut edəcək hər hansı bir sənəd iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İddiaçının mənəvi ziyana görə 1000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Camesə qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçıya müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), cavabdehin əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 500 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 ödəniş şəklində verilən 12000 (on iki min) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilsin. İddia tələbi cavabdeh "xxxx" MMC-yə qarşı hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-3532/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3532/2023
21.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver