Məhkəmə qərarları › İş №e-2(060)-3547/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3547/2023

17.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3547/2023 17.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 23000 (iyirmi üç min) manat məbləğində pulun və ödənilmiş 292 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhəri 9-cu mikrarayon 9D saylı evin 20 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. Özü Sumqayıt şəhəri ərazisində yerləşən “Karvan” ticarət mərkəzi və “Univermaq” adlanan ticarət mərkəzinin arasında yerləşən icarəyə götürdüyü balaca mağazada qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. Elşən də həmçinin üzbəüz mağazada qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. 2 ilə yaxındır ki, tanışlıqları yaranmışdır. Dəfələrlə birlikdə iş görərək aralarında inam etibar yaranmışdır. Belə ki, 2021-ci ilin avqust ayında ona 35 qram qızıl satmış, o da vaxtında ödənişini etmişdir. Onunla arasında əvvəllər heç bir düşmənçilik olmamışdır. Bu səbəbdən də ona 2021-ci ilin noyabr ayının 8-i 41 qr.77 ml, dekabrın 1-i 52 qr.43 ml, dekabrın 10-u 25 qr.72ml-cəmi 119 qr.92 ml çəkidə qızıl-zinət əşyalarını qramı 85 manatdan Elşənə satmışdır. Həmçinin qeyd edir ki, Elşənə satdığı qızılın maya dəyəri 8700 manat təşkil edir. O da iddiaçıya gəlirlərlə birlikdə 10193 (on min yüz doxsan üç ) manat məbləğində pulu ay yarıma qaytaracağını bildirmişdir. Sonradan Elşən iddiaçını şərik işlədiyi Gülnarə adlı qadınla tanış etmişdir. İddiaçıya ödəməli olan pulu Gülnarənin ona ödəyəcəyi bildirilmişdir. Gülnarə həmin puldan iddiaçıya xx.xx.2022-ci il tarixdə 550 manat pul vermişdir. Bununla bağlı hər ikisini etirazını bildirmiş, iddiaçıya 3550 manat ödəməli olduqları halda çox az miqdarda pul verilmişdir. Yenidən xx.xx.2022-ci il tarixdə Gülnarə iddiaçıya həmin borcdan 500 manat pul vermişdir. Bir müddət sonra iddiaçıya pul verilmədiyindən Gülnarədən soruşduqda ona ödəməli olduğu puldan Elşənə xx.xx.2022- ci il tarixdə 3150 manat pul verdiyini bildirmişdir. Lakin buna baxmayaraq Elşən iddiaçıya 500 manat məbləğində pul vermişdir. Sonradan Gülnarədən pul istəyərkən iddiaçının arvadı Məmmədova Baharı evinə dəvət etmiş, Gülnarə öz həyat yoldaşı İlqarla birlikdə hər ay 200 manat pul verəcəkləri ilə bağlı vəd vermişdir. Sonradan hər ikisi verdikləri sözü danmış, onlarla aqressiv danışmış, təhqir edici ifadələr söyləmişlər. Bundan başqa Elşənə verdiyi qızıllara görə iddiaçı şərik işlədiyi Məhəmmədəli adlı şəxsə 3535 manat məbləğində borcu yaranmışdır. Həmçinin Elşənə əlində olan qızılları verdiyinə görə maddi vəziyyətində sıxıntılar yaranmış. Bu səbəbdən də UNİBANK-dan 15000 manat məbləğində illik 23 % ilə kredit götürmüşdür. Hal-hazırda həmin kreditə görə hər ay 994 manat məbləğində pul ödəyir. Bundan başqa Elşən iddiaçıdan ayrı-ayrı vaxtlarda 50,150, 120, 466 manat məbləğində borc pul almışdır. Buradan da aydın görünür ki Elşən, həmçinin digər cavabdehlər Gülnarə onun həyat yoldaşı İlqar əlbir olaraq iddiaçıya külli miqdarda maddi ziyan vurmuşdur, Həmin maddi ziyanın nəticəsində iddiaçı kredit götürmüş, bank qarşısında öhdəliyi yaranmışdır. Belə ki, ona verdiyi qızıl əlində olmuş olsaydı iddiaçı daha çox gəlir əldə edər və heç bir kreditə ehtiyac olmazdı. Həmçinin həmin bu borcla bağlı tərəflər arasında mübahisələr yaranmış. Elşən barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi açılmışdır. Həmin cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin hakiminin icraatındadır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi. İddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi. İddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, noyabr ayının 8-dən dekabr ayının 8-dək hissə-hissə olmaqla iddiaçıya 3650 manat vermişdir. İddia tələbində qeyd edilən 41 qr,77 ml. qızılın pulunu verib qurtarmışdır. 3650 manatı ödədikdən sonra yerdə qalan məbləğin ödənilməsi məsələsini isə Nizami ilə Gülnarə öz aralarında danışaraq həll edəcəkdilər. Cavabdeh3 iddiaçı Nizamiyə onun yanında cəmi 1 dəfə 500 manat vermişdir. Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçını əvvəldən tanıyır, ondan qızıl almış, aldığı qızılın pulunu hər ay ödəyəndən sonra yenidən qızıl götürmüşdür. sonuncu dəfə 8800 manatlıq qızıl almış, həmin pulun 4200 manatını Elşənə, 550 manatı da iddiaçının özünə vermişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Digər Cavabdeh1 isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, iddiaçının arvadıdır. Ərinin Elşən adlı şəxsə qızıl verməsindən məlumatı olmamışdır. Elşən borcunu verməkdən imtina etdikdən sonra bu barədə məlumatlı olmuş, bundan sonra mübahisəyə özü qarışaraq Elşəndən qızılların pulunu tələb etmişdir. Lakin Elşən mübahisənin Nizami ilə özünün arasında olduğunu, onun qarışmamalı olduğunu bildirmişdir. Bundan sonra Elşən qızılları Gülnarə adlı şəxsə satdığını, borcun Gülnarə adlı şəxs tərəfindən ödəniləcəyini bildirmişdir. Bundan sonra Gülnarənin telefon nömrəsi ilə əlaqə saxlamış, onun evində də olmuşdur. Gülnarə Elşəndən qızıl aldığını etiraf etmiş, lakin həmin borc məbləğinin ödənilməsinin müəyyən vaxt tələb edəcəyini bildirmişdir. Gülnarə hissə-hissə borcu ödəməsi barədə öhdəlik götürsə də, həmin borc məbləği ödənilməmişdir. Daha sonra Gülnarə qızılları Nizamidən deyil Elşəndən aldığı üçün, borcunun Elşənə olduğunu söyləmiş, mübahisənin Elşən və Nizami arasında olduğunu bildirmişdir. Bundan sonra Gülnarə ilə əlaqələri itmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, Nizami və Elşəni tanıyır. Nizami ilə Elşən arasında borca görə mübahisə olmuşdur. Elşən Nizamidən aldığı qızılların pulunu qaytarmamışdır. Elşənin ümumiyyətlə çox adama borcu vardır. Nizaminin dediyinə görə, Elşənin Nizamiyə 9435 manat borcu vardır. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün məzmunundan görünür ki, Məhkəmədə təqsirləndirilən şəxs Cavabdeh2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Sumqayıt şəhəri, Betonzavod ərazisindəki fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Evli olmaqla İİ qrup əlildir. 2019-cu ildən bəri Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin qarşısındakı qızılzinət əşyalarının satışını həyata keçirən obyektdə satıcı qismində çalışır. Nizami Salamovu da həmin ərazidə qızıl alışverişi ilə məşğul olan şəxs kimi tanımışdır. Onunla münasibətləri normal olmuşdur. 2021-ci ilin noyabr-dekabr aylarında Nizamiyə yaxınlaşıb Gülnarə adlı qadının qızıl zinət əşyalarını götürüb onları sataraq hissə-hissə pulunu verdiyini söyləmişdir. Həmin vaxtı da Nizami ona 10200 manat dəyərində qızıl zinət əşyaları verərək həmin əşyaları Gülnarə adlı qadına verməyini və pulunu hissə-hissə ona gətirməyini xahiş etmişdir. Həmin məsələdə onun da xeyri olduğuna görə razılaşmışdır. Gülnarə bir neçə ay hissə-hissə ona verdiyi pulları gətirib Nizaminin özünə vermişdir. Bir müddət sonra Nizami artıq özü Gülnarədən pulu aldığına görə o, kənarda durmuşdur. 29 may 2022-ci il tarixdə Nizami onun yanına gələrək guya onun verdiyi qızılların pullarını ona vermədiyini bildirib onunla mübahisə etməyə başlamış və o, da Nizamiyə pulu verdiyini, yerdə qalan pulu isə Gülnarədən almasını demişdir. Bu məsələyə görə aralarında müəyyən narazılıq yaranmışdır. xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində o, işlədiyi Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən “Karvan” ticarət mərkəzinin qarşısındakı işlədiyi obyektə gələn zaman Nizami, onun dostu Məhəmmədəlinin onun işlədiyi qızıl obyektinin qarşısında dayandıqlarını görmüşdür. O, obyektin qapısını açmaq istəyən zaman Nizami onun ünvanına qəfildən nalayiq küçə söyüşləri söyməyə başlamışdır. O, yenə sakit duran zaman Nizami ona yaxınlaşıb yaxasından tutmaq istəyəndə o, Nizaminin üz nahiyyəsinə 1 dəfə yumruqla zərbə endirmiş və zərbənin təsirindən Nizami yerə yıxılmışdır. Bu zaman qonşuluqda işləyən Ariz, Rauf araya girib Nizamini və onu kənara çəkmişlər. Nizami yenə onu təhqir etdiyi üçün onun 2-ci qrup əlil olması ilə əlaqədar bir qolu işləmədiyindən obyektin içərisinə keçib oradan mətbəxt bıçağını götürüb Nizamini qorxutmaq istəmişdir. Lakin bıçağı götürməmişdir. Ariz və Rauf onu sakitləşdirmişlər, o da Ariz gilə qulaq asıb sakitləşmişdir. Nizami də çıxıb getmişdir. Hadisə zamanı o, Nizaminin üz nahiyyəsinə 1 dəfə yumruqla zərbə vurmuş və zərbənin təsirindən Nizami də yerə yıxılmışdır. Hadisə Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən Karvan ticarət mərkəzinin qarşısında işlədiyi obyektin qabağında baş vermiş, 3-4 dəqiqə davam etmiş, ətrafa kənar şəxslər toplaşmamış, hadisə zamanı orada Ariz, Rauf və Məhəmmədəli olmuşdur. Hadisə vaxtı Nizaminin qol nahiyəsinə təpik zərbəsi vurmasını xatırlamır. Təqsirləndirilən şəxs Cavabdeh2 hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını, 2-ci qrup əlil olmasını və zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs İddiaçı ifadəsində göstərmişdir ki, o, “Karvan” ticarət mərkəzinin qarşısında icarəyə götürdüyü obyektdə qızıl-zinət əşyalarının satışını həyata keçirir. O Cavabdeh2 üzbəüz dükanda qızıl zinət əşyalarının satışını həyata keçirən şəxs kimi tanımışdır. Onunla arasında əvvələr normal münasibət olmuşdur. 2021-ci ilin noyabr ayında Elşən ona yaxınlaşaraq Gülnarə adlı qadına qızıl-zinət əşyaları verdikdən sonra o həmin qızıl zinət əşyalarını nisyə halda müxtəlif şəxslərə sataraq 1 aya onun pulunu qaytaracağına söz vermişdir. Bundan sonra 2021-ci ilin noyabr ayında o, Elşənə 119,92 qram çəkidə ümumi dəyəri 10.193,20 manat olan qızıl zinət əşylarını vermişdir ki, gedib həmin qızıl zinət əşylarını Gülnarəyə versin. Lakin Elşən ona hissə-hissə ümumilikdə 1550 manat pul vermişdir. O, Elşənin qalan pulu vermədiyini görüb səbəbini soruşmuş, Elşən onu Gülnarə ilə tanış edib Gülnarənin pulu verə bilmədiyini demişdir. Gülnarə ilə onu tanış etdikdən sonra Gülnarə ona bildirmişdir ki, pulların bir qismini Elşənə vermiş və Elşən də həmin pulları özü xərclədiyindən ona heç nə qaytarmamışdır. Bunları eşitdikdən sonra o, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində tanışı Məhəmmədəli ilə birlikdə Karvan Ticarət mərkəzinin qarşısında yerləşən Elşənin işlədiyi obyektə getmişlər. Elşəni görüb nə üçün onun pulunu qaytarmamasını soruşanda Elşən onu nalayiq sözlərlə təhqir etmiş və onun üzərinə hücum çəkib üz nahiyyəsinə yumruqla zərbə endirmiş, zərbənin təsirindən huşunu itirib yerə yıxılan zaman Elşən yerdə ona təpiklə zərbələr vurmuş və həmin təpiklər onun qol nahiyyəsinə dəymişdir. Bundan sonra orada işləyən Ariz, Rauf araya girib Elşəni kənarlaşdırmışlar. Hadisə zamanı o, Elşəni vurmamış və ona toxunmamışdır. Hadisə Sumqayıt şəhəri, Karvan ticarət mərkəzinin çölündə Elşənin işlədiyi obyektin qarşısında baş vermiş, 3-4 dəqiqə davam etmiş, hadisə zamanı ətrafa kənar şəxslər toplaşmamışdır. Heç bir əmlaka ziyan dəyməmişdir. Hadisə zamanı Elşən hətta öz obyektindən bıçaq götürüb onun üzərinə hücum çəkmək istəsə də orada olan Ariz və Rauf ona mane olmuşlar. Elşən ona bıçaqla heç bir xəsarət yetirməmiş, ona bıçaqla zərbə endirməmiş, Elşən onu yumruq və təpiklə vurmuşdur. Zərərçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxs Cavabdeh2 ilə barışmadığını, heç bir zaman barışığın mümkün olmadığını bildirərək sonuncunun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması ilə bağlı dövlət ittihamçısının çıxışı ilə razı olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində X4 ifadəsində göstərmişdir ki, İddiaçı onun əridir. Cavabdeh2 əri Nizaminin tanışı olduğu üçün tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. X9 ticarət mərkəzinin yanında yerləşən obyektdə qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olur. Eləcə də Elşənin də həmin yerin yaxınlığında qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğu obyekti vardır. 29 may 2022-ci il tarixdə, təxminən saat 22 radələrində Nizami yaşadıqları evdə olan zaman Elşənlə telefonla danışmış, Nizami Elşənlə danışandan sonra telefonda aralarında mübahisə yaranmışdır. Nizami telefonla danışandan sonra o, nə baş verdiyini soruşanda Nizami ona demişdir ki, Elşənin ona 9428 manat məbləğində pul borcu var, lakin qaytarmır. 30 may 2022-ci il tarixdə, təxminən saat 10 radələrində yaşadığı evdə olduğu zaman əri Nizami ona zəng vuraraq Elşənlə dalaşdıqlarını bildirmişdir. Bir neçə dəqiqədən sonra Nizami evə gəlmiş və o, baxanda onun sifətində, sağ dirsəyində xəsarətlərin olduğunu görmüşdür. Nizamidən bir daha nə baş verdiyini soruşanda Nizami ona demişdir ki, işlədiyi obyektdə olan zaman Elşənlə aralarında mübahisə yaranmış və Elşən onu döyərək sifətinə, qoluna xəsarət yetirmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün “Hökm Etdi” hissədindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək, o, 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh2 tutulduğu 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 02 gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - İddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilən diskdə olan 18 səs yazısı dinlənilmişdir. Cavabdeh3 səs yazısı dinlənildikdən sonra etiraf edir ki, həmin səs yazısı ona və iddiaçının arvadı Bahara aiddir. Səs yazısı dinlənildikdən sonra məlum olur ki, Gülnarə Elşəndən 12000 manat dəyərində qızıl-zinət əşyaları almışdır. əşyaların dəyərini hissə-hissə ödəməli idi. X5 Novruzovaya bildirir ki, Elşən Nizamiyə cəmi 1550 manat ödəyib, Cavabdeh3 bu məblğə münasibətdə qeyd edir; Cavabdeh3 – Elşəndən aldığı mala görə 3000 manat ödədiyini, Elşəndən soruşduqda nəyə görə Nizamiyə 1500 manat vermisən, sonuncu qalan məbləği mal aldığı digər şəxsə ödədiyini bildirmişdir. Cavabdeh3 – Bahar Məmmədovaya mən ümumiyyətlə Nizamidən mal almamışam, alış-verişin Elşənlə olub, ona görədə problemlərini Elşənlə həll edin. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, İddiaçı Sumqayıt şəhəri ərazisində yerləşən “Karvan” ticarət mərkəzi və “Univermaq” ticarət mərkəzində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. Cavabdeh2 da qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuşdur. Cavabdeh2, İddiaçı dəyəri 10193 manat olan 119 qr, 92 ml çəkidə qızıl-zinət əşyaları almış, 10193 manat pulu bir ay yarımdan sonra ödəyəcəyini bildirmişdir. Lakin Cavabdeh2 iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Bundan sonra X6 adlı şəxslə tanış edərək, qızıl-zinət əşyalarını ona satdığını, borcunu ondan almalı olduğunu söyləmişdir. Gülnarə borcun hissə-hissə ödənilməsinə əvvəlcə razı olsa da, sonradan borcunun Elşənə olması qənaətinə gələrək borcu Nizamiyə ödəməkdən imtina etmişdir. Elşən Nizamiyə olan borcundan 1550 manat ödəmiş, 8643 manat borcu qalmışdır. Pozulmuş hüquqlarının müdafiəsi məqsədilə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki iş materiallarından və iddia tələbindən görünür ki, iddiaçı tərəfindən iddia tələbi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yönəlmişdir. İlk olaraq Cavabdeh1 münasibətdə məhkəmə hesab edir ki, cavabdeh kimi qeyd edilən Cavabdeh1 hazırki mübahisədə hər hansı bir öhdəliyi mövcud deyildir, o, iddiaya cavab verən şəxs deyildir. Buna görə də Cavabdeh1 qarşı iddia tələbi təmin edilə bilməz. Cavabdeh3 münasibətdə məhkəmə hesab edir ki, Cavabdeh2 ilə İddiaçı arasında nisyə alqı-satqı münasibətləri mövcud olmuşdur. Cavabdeh2 İddiaçı aldığı malı sonradan Cavabdeh3 satmış, mallar üzərində qazanc əldə etmişdir. Göründüyü kimi Cavabdeh3 İddiaçı qarşısında birbaşa hər hansı bir öhdəliyi mövcud olmadığından Cavabdeh3 qarşı iddia tələbi təmin edilə bilməz. Cavabdeh2 münasibətdə məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh2 arasında nisyə alqı-satqı münasibətləri olmuşdur. İddiaçı Elşənə ümumi dəyəri 10193 manat olan qızıl-zinət əşyaları satmış, Elşən də həmin məbləği qaytarmağı öhdəsinə götürsə də, həmin məbləğin yalnız 1150 manat hissəsini geri qaytarmış, 8643 manat ödənilməmiş borcu qalmışdır. Bundan başqa Elşənin iddiaçıdan ayrı-ayrı vaxtlarda 50,150, 120, 466 manat məbləğində borc pul alması iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edilmir. Həmçinin Cavabdeh2 tərəfindən iddiaçı qarşısında götürülən öhdəlik vaxtında yerinə yetirilmədiyi üçün alqı-satqı üzrə ödəmədiyi vəsaitdən başqa, iddiaçıya qeyd etdiyi kimi külli miqdarda ziyan dəyməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edilmir. Buna görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 iddiaçıdan nisya aldığı əmlakın ödənilməyən hissəsi yəni 8643 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən - Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.2-ci maddəsinə əsasən- Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən- Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 8643 manat tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində olmalıdır. Hazırki iş üzrə rüsum 106,43 manat təşkil etməlidir. Məhkəmə qeyd edir ki, dövlət rüsumu ilə bağlı tələb qismən təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 292 manat dövlət rüsumunun 106,43 manat hissəsi MPM-in 119.1-ci maddəsinə əsasən cavabdeh X2 alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 185,57 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 8643 manat və 106,43 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Ödənilmiş Dövlət rüsumunun 185,57 manat hissəsi dövlət rüsumu İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar