Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3640/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilənin etibarsızlığı və s. tələbinə dair» ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilənin etibarsızlığı və s. tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 22 saylı evin 59 saylı mənzilin Cavabdeh2 bağışlanması barədə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzil üzərində sonuncu şəxsə məxsus olan mülkiyyət hüququnu təsdiqləyən çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 22 saylı evin 59 saylı mənzili üzərində üçdə iki hissədə İddiaçı və Cavabdeh1 mülkiyyət hüququnun tanınması və həmin mənzilin hərrac yolu ilə satılaraq əldə olunmuş vəsaitin onların paylarına uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisə ailə münasibətlərindən irəli gəlir, buna baxmayaraq, tərəflər məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin mediasiya yolu ilə həlli üzrə mediasiya prosesində iştiraka dair sənəd təqdim etməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən- “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən- Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: - nikahın davam etdirilməsi şərtləri (26.1.1) - valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası (26.1.2) - uşağın yaşayış yerinin müəyyən edilməsi (26.1.3) - uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; (26.1.4.) - ailə münasibətlərindən irəli gələn digər mübahisələr (26.1.5) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi iddia ərizəsinin forma və məzmununu müəyyən edir. Həmin Məcəllənin 149.2.4-1-ci maddəsinə əssən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizədə qeyd edilməlidir. Bundan başqa, iddiaçı tərəfindən qanunvericiliyin iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələbləri pozulmuşdur. Belə ki, mübahisələndirilən bağışlama müqaviləsinin və Çıxarışın nömrəsi, tarixi göstərilməməklə iddia tələbi dəqiq ifadə olunmamışdır. Eləcə də göründüyü kimi iddiaçı əmlak üzərində mülkiyyət hüququnun tanınmasını tələb edir. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, ….. habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəyə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı andan əmələ gəlir. İddiaçı müvafiq səlahiyyətli subyektə müraciət etməklə bu hüququnu həyata keçirə bilər. Səlahiyyətli orqan iddiaçının müraciətindən imtina etdiyi halda ərizəçi həmin orqanının hərəkətini mübahisələndirməklə inzibati qaydada və ya məhkəməyə müraciət edə bilər. MPM-nin 152.1.6-1-cı maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152.1.6-1, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilənin etibarsızlığı və s. tələbinə dair» iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-3640/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3640/2022
04.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver