Məhkəmə qərarları › İş №e-2(060)-3743/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3743/2022

21.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3743/2022 21.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə bağlanmış 12 fevral 2022ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehin özünə məxsus əşyalar ilə birlikdə ona məxsus mənzildən çıxarılması və 3 aylıq ödənilməmiş kirayə haqqının – yəni 1000 manatın (ilk aylıqdan ödənilməmiş 100 manat daxil olmaqla), eləcə də 132 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli “mənzilin tikintisi haqqında” müqaviləyə əsasən, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 219 saylı xx.xx.2008-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhəri, İsmət Qayıbov, 16-cı mikrorayon ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 2-ci blokun, 17/12-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 52.43 kv.m. olan, 1 otaqdan ibarət 196 nömrəli mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı 12 fevral 2022-ci il tarixdə Cavabdeh arasında kirayə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh aylıq kirayə haqqı olaraq 300 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin ilk ay 200 manat ödəmiş, qalan 100 manatı isə növbəti ay ilə birlikdə ödəyəcəyini bildirsə də ödəməmişdir. Belə ki, cavabdeh növbəti kirayəni ödəməyə az qalmış mənzildən çıxmışdır. Kirayənin ödəniş günü özü ilə əlaqə saxlamış, mənə evdən çıxmadığını, sadəcə olaraq işi ilə əlaqədar başqa yerdə olduğunu və qısa zamanda qayıdacağını bildirmişdir. Lakin bu günə qədər cavabdeh geri qayıtmamışdır, ancaq telefon ilə əlaqə saxlamış, hər dəfəsində müxtəlif bəhanələr gətirmişdir. Cavabdeh özünə məxsus olan əşyaları evdən çıxarmamışdır. Həmin mənzilin tək açarı cavabdehdədir. İddiaçı cavabdehin ona şər böhtan atmağından çəkinərək bu günə kimi mənzilə daxil olmayıb. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən MTK Sumqayıt şəhəri, İsmət Qayıbov, 16-cı mikrorayon ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 2-ci blokun, 17/12-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 52.43 kv.m. olan, 1 otaqdan ibarət 196 nömrəli mənzili iddiaçıya verməyiiddiaçı isə mənzilin dəyərini MTK-ya ödəməyi öhdələrinə götürmüşlər. "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçı Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi, 16-cı mikrorayonda inşa edilən çoxmərtəbəli yaşayış 12-ci mərtəbəsində yerləşən 196 nömrəli mənzillə (bundan sonra – mübahisəli mənzil) bağlı pay haqqını tam ödəmişdir və heç bir yoxdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə əsasən iddiaçı mübahisəli mənzili aylıq 300 manat kirayə haqqı müqabilində cavabdehə krayəyə vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.2.). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir (164.1.). Göründüyü kimi iddiaçı "xxxx" MTK ilə bağladığı müqaviləyə əsasən mübahisəli mənzil iddiaçıya verilmişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da iddiaçı mənzillə bağlı pay haqqını tam ödəmişdir. Bu səbəbdən məhkəmə mənzilin iddiaçının qanuni istifadəsində olduğu qənətinə gəlir. Mülki Məcəllədə göstərilmişdir ki, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür (675). Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir (689.1.). Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər (689.2.). Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir (690.1.). Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir (690.2.). Yaşayış otağını kirayəyə verən bu Məcəllənin 696-cı maddəsinə uyğun etirazvermə imkanını, habelə etirazın verilməsi formasını və müddətini kirayəçiyə vaxtında göstərməlidir (690.3.). İddiaçı cavabdehin kirayə müqaviləsinin şərtlərini pozduğunu, kirayə haqqını vaxtında ödəmədiyini və mənzildə faktiki olaraq yaşamadığı halda əşyalarını orada sxladığını və mənzili tərk etmədiyini bildirmişdir. Qeyd edilməlidir ki, iddiaçı mənzilin qanuni sahibi olmaqla, istənilən vaxt yazılı bildiriş verməklə cavabdehlə bağlanmış kirayə müqaviləsinin ləğvini tələb edə bilər. Lakin, iddiaçı mənzildə cavabdehə məxsus əşyaların olmasına baxmayaraq cavabdehin faktiki olaraq mənzildə yaşamadığını bildirir. Bu səbəbdən iddiaçının cavabdehə kirayə müqaviləsinin ləğvinə dair yazılı bildiriş verməsi mümkün deyildir. Buna baxmayaraq iddiaçı cavabdehlə dəfələrlə telefon əlaqəsi saxladığını və cavabdehin mənzildə olan əşyalarını götürmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübut təqdim etməmiş və bununla bağlı izahat verməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia kirayə müqaviləsinin ləğv edilməsi və cavbdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması hissəsində təmin edilməlidir. İddia tələbinin kirayə haqqının tutulması ilə bağlı hissəsinə gəldikdə qeyd edilməlidir ki, MPM-ə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.). İddiaçı cavabdehin ona 1000 manat kirayə haqqı borcu olduğunu bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddianın həmin hissədə rədd edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2022-ci il tarixli mənzil kirayəsi müqaviləsi ləğv edilsin. Cavabdeh öz əşyaları ilə birlikdə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi, 16-cı mikrorayonda inşa edilən çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 196 nömrəli mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar