Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3760/2022 26.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 verdiyi 31.000 (otuz bir min) manat borc və 10.000 manat məbləğində faizlərin İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandımışdır ki, Cavabdeh2 2017-ci ildə qızı X2 ilə nişanlanmışdır. X2 Cavabdeh2 ilə 11 may 2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onlar nişanlanan zaman yaşamaları üçün cavabdehə məxsus ev yox idi. Cavabdeh ev almaq istəyirdi. Bu səbəbdən o, qızı ilə nikaha daxil olana qədər Cavabdeh2 ev alması üçün 16000 manat məbləğində borc pul vermişdir. Cavabdeh2 2017-ci ildə Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 22 saylı ev 59 saylı mənzilini almışdır. Qızı ilə cavabdeh suvaqlı mənzil almışdırlar, həmin mənzili aldıqdan sonra mənzili təmir etdirmək lazım olmuş, bu məqsədlə o, Cavabdeh2 əlavə olaraq 15.000 manat məbləğində pul vəsaiti vermişdir. Ümumiyyətlə isə həmin mənzilin təmirinə 41514 manat məbləğində xərc çəkilmişdir. Mənzilin təmirinə xərclənmiş pul vəsaitinin 15000 manatını Cavabdeh2 ondan borc almış, təmirin qalan hissəsini isə qızı ilə birgə mülkiyyətində olan pul vəsaiti hesabına həyata keçirmişdir. Beləliklə 2018-ci il ərzində mənzil təmir olunmuş, sonra qızı ilə cavabdeh həmin mənzilə köçmüşdürr. Lakin 2018-ci ildə cavabdeh, həmin mənzili qızı ilə və onun xəbəri olmadan anası Cavabdeh1 bağışlamış, mənzil dövlət reyestrində onun anasının adına qeydə alınmışdır. Onlar bunu vəkilin verdiyi sorğu nəticəsində yenicə öyrənmişdirlər. Qızı Cavabdeh2 ilə bir müddət mehriban yaşasa da, sonradan cavabdehin hərəkətləri səbəbindən onların ailə münasibətləri pisləşmiş və Sumqayıt şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(060)-3536/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan sonra isə cavabdeh və onun anası qızını Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 22 saylı evin 5 saylı mənzilindən qovmuş, ona məxsus olan bütün əmlaklar, o cümlədən yataq otağı mebeli, uşaq otağı mebeli, mətbəx mebeli, stol-stul, qonaq otağı mebeli-divan kreslo, 6 nəfərlik stol-stul, Samsung markalı soyuducu, Samsung markalı paltaryuyan maşın, dörd göz qaz peçi, aspirator, 3 ədəd çılçıraq, 3 ədəd xalça, 4 ədəd pərdə, 12 nəfərlik qab dəsti, 6 nəfərlik qab dəsti, 1 ədəd tefal markalı ətçəkən, 12 nəfərlik qaşıq dəsti, 6 nəfərlik qaşıq dəsti, 3 dəst qazan, 3 dəsçaydan, 1 ədəd divan örtüyü, 2 ədəd adyal, 2 dəst yorğan-döşək həmin mənzildə qalsa da, qızına həmin mənzildə yaşamağa icazə verməmişlər. Cavabdeh ondan ev almaq və təmir etmək üçün borc almasını təsdiq edən qəbz yazmışdır. Qəbz cavabdeh tərəfindən öz xətti ilə yazılmışdır və imzalanmışdır. Mübahisəli mənzil əsasən verdiyi borc hesabına alınmış və təmir edilmişdir. Odur ki, borc geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, AR Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Qeyd olunan maddələrin tələbinə əsasən nümayəndə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddia tələbi həm Talehə, həm də Pərvanəyə yönəlsə də, hazırda pulun ancaq Talehdən tutulmasını istəyirlər. Belə ki, əslində onlar pulun müştərək qaydada cavabdehlərin hər ikisindən tutulmasını istəmiş, lakin iddia ərizəsində yanlışlıq olmuş, onlar isə iddia tələbinə dəqiqləşmə verməmişdir. İddiaçının qızı ilə Talehin nikahından sonra tərəflər arasında bu münasibətlər yaranmışdır. Toydan əvvəl ev alınmasına, daha sonra yaşamaq üçün də evin təmir olunmasına ehtiyac olmuşdur və bu səbəbdən iddiaçı öz hesabına həm ev alınması, həm də evin təmiri üçün cavabdehdə pul vermişdir. Daha sonra Taleh ilə Nuranə arasında olan nikah pozulmuş və Taleh borcunu ödəyəcəyini bildirmişdir. Belə olan halda Talehə qəbzə imza atmaq təklif olunmuş və o da bununla razılaşmışdır. Hətta tərəflər arasında evin satılması və borcun ödənilməsi barədə razılıq olmuşdur. Hazırkı vəziyyətdə isə onlar pulu ödəməkdən imtina edirlər və pulu ödəməmək üçün hətta evi satmağa da çalışırlar. Əlavə olaraq onu da bildirir ki, mənzil cavabdehin anası Pərvanənin adına xx.xx.2018-ci ildə qeydiyyat alınmışdır. Hazırda mənzil Pərvanənin adınadır. Bu hadisələrdən Nuranənin xəbəri olmamışdır, əlavə olaraq onu da bildirir ki, hətta Talehin və Nuranənin mübahisəli mənzilə qeydiyyatı da yoxdur. Məhkəmənin nəzərinə çatdırır ki, keçən məhkəmə prosesindən sonra iddiaçının qızı Nuranə ilə Taleh telefon vasitəsi ilə təxminən 2 dəqiqə söhbət etmişdirlər. Həmin söhbətdə cavabdeh iddia tələbini dolayı olaraq qəbul etmişdir. Hətta o, iş üzrə ekspertiza keçiriləcəyindən xəbərsiz olduğunu, bununla bağlı razılığının olmadığını bildirmişdir. Bundan başqa sözügedən qəbzlərin şəxsən Cavabdeh2 tərəfindən yazıldığını təsdiq edən video-görünütünü də məhkəməyə təqdim etmişlər. Bundan başqa əlavə olaraq bildirir ki, müqavilə bağlanması üçün qanunvericiliklə müəyyən edilmiş tələblər var. Belə ki, müqavilədə tərəflərın adları, borc məbləği və müqavilənin tarixi göstərilməldir. Hazırkı iltizam da qeyd edilən tələblərə uyğun gəlir, belə ki, həmin iltizam sadə yazılı müqavilədir və müqavilələr üçün qanunverilikdə nəzərdə tutulmuş şərtlərə cavab verir. Ümumiyyətlə borc münasibətlərində belə sadə müqavilələr olur. Bundan əlavə hazırkı iş üzrə məhkəmə iclaslarının uzanacağını düşündüyü üçün bu gün məhkəməyə şahidlərini təqdim edə bilmirlər. Halbuki həmin şahidlər pulun verilməsində birbaşa iştirak etmişdirlər. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, Taleh və Nuranə ailə quran zaman hər iki tərəfin ailəsi kömək məqsədi ilə, yəni onlara maddi dəstək olmaq üçün ona pul veriblər. Təqdim olunan qəbzi müqavilə kimi qəbul etmək mümkün deyil. Belə ki, sənədin müqavilə hesab edilməsi üçün qanunvericilikdə müəyyən tələblər nəzərdə tutulmuşdur. İlk növbədə mülki qanunvericiliyin tələbinə görə məbləğ 3000 manatdan artıq olduqda tərəflər arasında yazılı müqavilə tərtib olunmalı idi. Tərəflər arasında isə ilk növbədə şifahi razılıq olub, daha sonra cavabdeh tərəfindən qəbz yazılmışdır. Belə olan halda iddia ərizəsi şifahi razılaşmaya əsaslanır ki, bu razılıq da etibarsızdır. Başqa sözlə desək, mülki qanunvericiliyin tələbləri pozulduğu üçün iddiaçının hazırkı tələbi əsassız varlanmaya əsaslanır. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Göründüyü kimi həmin müddət də ötürülmüşdür. İddia tələbinin faiz hissəsi isə ümumiyyətlə əsassızdır. Bundan əlavə bildirir ki, o, cavabdehdən iltizamda olan imza məsələsini aydınlaşdırarkən cavabdeh imzanın ona aid olmadığını bildirmiş, daha sonra isə, o, iltizamı özünün yazdığını, lakin öz imzasını deyil, başqa imza atdığını bildirmişdir. Ona görə də artıq imzanın cavabdehə məxsus olduğunu qəbul edirlər və belə olan olan halda hesab edir ki, iş üzrə ekspertiza keçirilməsinə də ehtiyac yoxdur. Onu da qeyd edir ki, Cavabdeh1 nəyə görə iddia ərizəsində cavabdeh qismində göstərilməsi ümumiyyətlə aydın deyil. Nümayəndə qeyd etdiklərinə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X2 arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətanməsinə əsasən pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 642 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MTK-nın 27.01,2017-ci il tarixli 44 saylı maliyyə arayışına və 11 saylı protokoluna əsasən Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 22, mənzil 59 Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun 4Ə-123 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan AZ-T0000209 saylı nikah haqqında şəhadətnamənin surtindən görünür ki, Cavabdeh2 ilə X3 11 may 2017-ci il tarixdə Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində nikaha girərək ailə qurmuşlar və bu nikah 1157 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Qiyasova soyadı verilmişdir. İşdə olan AZ-İV 220266 saylı saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X1 birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. İşdə olan əlyazma ilə yazılmış xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh2 yaşadığı ünvan - 14-cü məhəllə, ev 22, mənzil 59 evin alınmasında qaynatası İddiaçı 16000 manat borc aldığı, daha sonra evin təmirinə 15000 manatlıq ləvazimat almağa pul verdiyi, borcunu qaytaracağına söz verdiyi barədə iltizam yazmış və onu imzalamışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2). Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir (882.4). Nəzərə alınmalıdır ki, mövcud borcun etirafı haqqında müqavilənin bağlanması və həmin tərəflərin müqavilədən irəli gələn hüquq və vəzifələri Mülki Məcəllənin 882-ci maddəsi ilə tənzimlənir. Başqa sözlə belə müqavilədən irəli gələn iddia tələblərinin qanuni əsasını həmin norma təşkil edir. Mülki Məcəllə belə müqavilənin qüvvəsini o halda tanıyır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bununla yanaşı, Məcəllənin 882.2-ci maddəsi bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadığı halda mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etirazların irəli sürülməsinə yol vermir. Çünki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar. Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Mülki Məcəllənin 882.3 və 881.5-ci maddələrinin mənasına görə mövcud borcun etirafı haqqında müqavilənin o zaman qüvvəsi olmur ki, tərəflər həmin müqavilədən irəli gələn vəzifələrini özlərindən asılı olmayan səbəblərlə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilməsinlər. Belə halların mövcud olduğunu sübut etmək vəzifəsi isə onlara istinad edən tərəfin üzərinə düşür. Qeyd olunan hallardan kənar etiraf edən bu müqavilədən irəli gələn tələblərə başlıca əqddən irəli gələn etirazlar verə bilməz. Bu baxımdan mövcud borcun etirafı haqqında etibarlı müqavilədən irəli gələn mübahisələrə baxan məhkəmə həmin borcun məbləğinin yaranması, müqavilənin bağlanmasından əvvəl baş vermiş hərəkətlər nəticəsində onun məbləğinin artması və ya azalması ilə bağlı müqavilə tərəflərinin sübut və dəlillərini araşdırmaq vəzifəsi daşımır. Bu səbəbdən məhkəmə cavabdehin sözügedən məbləğin borc məqsədilə deyil, başqa məqsədlə verilməsi, iddiaçının hazırki tələbinin əsassız varlanmadan irəli gəlməsi barədə etirazının dəlilləri ilə razılaşmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə Cavabdeh2 31000 manat məbləğində borcun tutulması hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi cavabdehdən 10000 manat məbləğində faiz borcunun tutulması hissəsində əsaslı deyil. Belə ki, iddiaçı məhkəməyə borcun faizlə verilməsi və faizlər hesablanmaqla qaytarılmalı olması barədə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda mövcud borcun etirafı barədə xx.xx.2021-ci il tarixli iltizamda borcun faizlə verilməsi barədə hər hansı şərt nəzərdə tutulmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 10000 manat faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 cavabdeh qismində qeyd etsə də, ona qarşı hər hansı tələb irəli sürməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh2 31000 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 75 faiz hissədə) təmin edildiyindən, ödənilmiş 213 manat dövlət rüsumunun 160 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, 53 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 31000 (otuz bir min) manat borc və 160 (bir yüz altmış) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-3760/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3760/2022
26.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver