Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4055/2023 09.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının tanışıdır. Cavabdeh iddiaçının etibarını qazanmışdır. Ona görə də iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə 20000 manat pul borc vermişdir. Öz əl yazmasında da göründüyü kimi cavabdeh həmin məbləği 2 ay müddətinə qaytarmağı öhdəsinə götürsə də, bu günə kimi hələ də qaytarmamışdır. Göstərilənlərə əsasən borclu Cavabdeh 20000 manat borcun və ödənilmiş 150 manat dövlət rüsumunun tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyinə dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan əlyazma ilə yazılmış xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 20.000 manat borc alması, həmin məbləği 2 ay müddətinə qaytaracağı, əks təqdirdə öz əmlakı ilə cavabdehlik daşıyacağı barədə iltizam yazmış və onu imzalamışdır.
9. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1794/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin edilərək, cavabdeh İddiaçı 153784 manat borc və 444 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilən Cavabdeh bildirmişdir ki, o, Vüqarı tanıyır, Gülağa Abışovla isə cəmi bir dəfə telefonda danışmışdır. G.Abışov borcla maraqlanmış, o, isə borcun ödəniləcəyini bildirmişdir. Axırıncı dəfə mal götürəndə Vüqar malın olmadığını və problem yarandığını bildirmişdir. Qeyd etmişdir ki, o, malları Vüqardan götürmüşdür. Mallara görə Vüqara 20.000 manat borcu qalmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 20000 manat məbləğində pulu Cavabdeh vermişdir, cavabdehin əlyazması borcu aldığını təsdiq edir. Lakin, Cavabdeh aralarında bağlanmış borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, iddiaçıya borcu qaytarmamışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
12. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
13. Mülki Məcəllənin 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2). Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir (882.4).
14. Nəzərə alınmalıdır ki, mövcud borcun etirafı haqqında müqavilənin bağlanması və həmin tərəflərin müqavilədən irəli gələn hüquq və vəzifələri Mülki Məcəllənin 882-ci maddəsi ilə tənzimlənir. Başqa sözlə belə müqavilədən irəli gələn iddia tələblərinin qanuni əsasını həmin norma təşkil edir.
15. Mülki Məcəllə belə müqavilənin qüvvəsini o halda tanıyır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
16. Bununla yanaşı, Məcəllənin 882.2-ci maddəsi bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadığı halda mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etirazların irəli sürülməsinə yol vermir. Çünki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir.
17. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar. Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır.
18. Mülki Məcəllənin 882.3 və 881.5-ci maddələrinin mənasına görə mövcud borcun etirafı haqqında müqavilənin o zaman qüvvəsi olmur ki, tərəflər həmin müqavilədən irəli gələn vəzifələrini özlərindən asılı olmayan səbəblərlə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilməsinlər. Belə halların mövcud olduğunu sübut etmək vəzifəsi isə onlara istinad edən tərəfin üzərinə düşür. Qeyd olunan hallardan kənar etiraf edən bu müqavilədən irəli gələn tələblərə başlıca əqddən irəli gələn etirazlar verə bilməz. Bu baxımdan mövcud borcun etirafı haqqında etibarlı müqavilədən irəli gələn mübahisələrə baxan məhkəmə həmin borcun məbləğinin yaranması, müqavilənin bağlanmasından əvvəl baş vermiş hərəkətlər nəticəsində onun məbləğinin artması və ya azalması ilə bağlı müqavilə tərəflərinin sübut və dəlillərini araşdırmaq vəzifəsi daşımır.
19. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən borc müqaviləsi üzrə öhdəliklər vaxtında icra edilmədiyindən və Cavabdeh 20.000 manat məbləğində borcun olmasını etiraf etdiyindən, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir.
21. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pul və 150 (bir yüz əlli) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir.
22. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
25. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pul və 150 (bir yüz əlli) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən (qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra) bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva