Məhkəmə qərarları › İş №e-2(060)-4171/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4171/2024

25.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4171/2024 25.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 79800 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2023-cü ildə 40000 manat, xx.xx.2023-cü ildə 30000 manat, xx.xx.2023-cü ildə 30000 manat və xx.xx.2023-cü ildə isə 30000 manat məbləğində borc pul verib. O, xx.xx.2023-cü ildə götürdüyü 40000 manat pulun 25500 manatını, xx.xx.2023-cü ildə götürdüyü 30000 manat pulun 9000 manatını, xx.xx.2023-cü ildə götürdüyü 30000 manat pulun 9000 manatını və xx.xx.2023-cü ildə isə götürdüyü 30000 manat məbləğində pulun 6700 manatını ödəyib. Hazırda cavabdehin ona 79.800 manat məbləğində borcu var. Bu barədə onun əlyazması da var. Həmçinin votsap yazışmaları ilə də bu öz təsdiqini tapır. Bundan əlavə şahidlər də bunu təsdiq edirlər. Hər dəfə borcunu qaytarması üçün ona müraciət etdikdə o, müxtəlif bahanələr gətirərək ona olan borcunu ödəməkdən yayınır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəməyə etiraz və etiraz ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək son etiraz ərizəsində bildirmişdir ki, İddiaçı ona qarşı “pul tələbi”nə dair iddia qaldıraraq, ondan 79.800 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmək istəyir ki, iddia ərizəsində yazılanların heç biri həqiqətə uyğun deyildir və aşağıdakı qaydada həmin iddiaya etiraz edir. Əvvəla cavabdehlə əvvəllər yaxşı münasibətləri olduğuna görə o, iddiaçıdan ayrı-ayrı vaxtlarda borc pul alaraq vaxtlı-vaxtında qaytarıb. Belə ki, ilk dəfə o, xx.xx.2023-cü il tarixdə İddiaçı 30.000 manat borca pul istəmişdir. Mənsurə də həmin pulu 36 faizlə verə biləcəyini, yəni 9000 manat faiz alacağını, 21 günə ödəmək şərti ilə mənə 21000 manat pul verə biləcəyini demişdir. O da məcbur qalaraq böyük faizlə o pulları Mənsurədən almağa razılaşmışdır. Beləliklə, o, Mənsurə adlı xanıma 21 gün ərzində 1000 + 1000 + 1000 + 1000 + 1000 + 1000 + 1000 + 1300 (200+800+300) + 1000 + 1000 + 1000 + 1000 + 1000 + 2000 + 1000 + 1000 + 1000 + 1000 + 1000 + 1000 + 1000 olmaqla, ümumilikdə 22.300 manat pul ödəyib. Daha sonra isə faizləri Mənsurəyə qaytarıb. Yəni onun Mənsurəyə hər hansı borcu qalmamışdır. (Bu barədə cavabdehin əlində olan ödənişlərlə bağlı əlyazma etiraza əlavə olunur). Onun Mənsurəyə borcu qalmadığına görə və ona artıqlaması ilə pullar ödədiyinə görə sonuncuda inam formalaşdırmışdır. Elə bunun nəticəsidir ki, xx.xx.2023-cü il tarixdə o, yenidən İddiaçı müraciət edərək sonuncudan borca 3000 manat pul istəmiş və sonuncu da 3000 manatın qarşılığında, 10 günə qaytarmaq şərti ilə 360 manat faiz alacağını bildirmişdir. O, da bununla razılaşmışdır. Beləliklə, o, 10 gün ərzində, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər gün 300 manat, cəmi 3000 manat pulu Mənsurə adlı xanıma ödəyib. Daha sonra 360 manat pulu sonuncuya qaytarıb. (Bu barədə cavabdehin əlində olan ödənişlərlə bağlı əlyazma etiraza əlavə olunur). Daha sonra xx.xx.2023-cü il tarixdə o yenidən İddiaçı borca 40.000 manat pul istəmişdir. Mənsurə də ona 28000 pul verə biləcəyini, üzərində 12000 faizə alacağını demişdir. O, da sonuncu ilə razılaşmışdır. Bundan sonra Mənsurə xx.xx.2023-cü il tarixdə 13000+1300+2700=17000, daha sonra xx.xx.2023-cü il tarixdə 2700, cəmi 19.700 manat pul vermiş, 8300 manat pulu sonradan verməmişdir. Yəni Mənsurə ona 28.000 əvəzinə 19.700 pul vermişdir. O, da həmin pulun qarşılığında xx.xx.2023-cü ildən başlayaraq ardıcıl olaraq 15 gün ərzində 1400 manatdan olmaqla, ümumilikdə 21.000 manat pul ödəmişdir. Faiz borcunu isə ödəyə bilməmişdir. Sonradan Mənsurə ondan faizləri və yuxarıda yarımçıq verdiyi pulun tamamını istəməyə başlamışdır. Bundan sonra ona hədə-qorxu gəlməyə, ailəsi ilə, uşaqları ilə hədələməyə başladı. Bundan sonra o, məcbur olub 10 iyul 2023-cü il tarixdən etibarən 7 günə 3700 manat olmaqla, cəmi 25.900 manat ələbəl, daha sonra 10.000 manat, 4 dəfə 500+500+500+500 manat və 2 dəfə də 400+400 manat olmaqla iddiaçının kartına pul ödəmişdir. O, iddiaçıya ümumilikdə 38.700 manat pul ödəyib. Bütün bunlara baxmayaraq o, Mənsurə adlı xanıma 40.000 manatın qarşılığında faizlərlə birlikdə 38.700 manatdan çox pul ödəsə də, Mənsurə yenə də ondan faizə pullar istəməyə başlamışdır. O, isə bunun belə olmadığını bildirdikdə, sonuncu ona hədə-qorxu gəlməyə başlamış, ailəsini dağıdacağını və uşağına xəsarət yeticəyəni demişdir. O, artıq bu hədələrə dözməyərək Mənsurənin ondan 79.200 manat borc və 11.000 faiz istəməsi barədə kağıza əlyazma yazaraq bir nüsxəsini vhatsap proqramı vasitəsilə Mənsurəyə atmış və özünə qəsd edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra isə bu məqsədlə yaşadığı evdə olarkən özünü öldürmək üçün çoxlu dərman həbləri qəbul etmişdir. Lakin ailə üzvləri xəbər tutaraq özünü öldürməyə imkan verməmişdir. Bu hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda ətraflı araşdırılma aparılmış və izahatlar alınmışdır. Qeyd olunan qərar onun tərəfindən məhkəməyə təqdim edilmişdir. Bütün bunlara baxmayaraq Mənsurə yenə də ondan əl çəkməyərək guya ona 79.800 borcu olduğunu deyir. Əslində isə o, bütün borcunu artıqlaması ilə ödəyib. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdikləri onun subyektiv mülahizələri olmaqla, hər hansı mötəbər sübuta əsaslanmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərləbirlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə və MPM-nin 47.2 və 154.1-ci maddələrinə əsasən, iddiaçı X1 ona qarşı “pul tələbinə” dair iddiasının əsassız, heç bir sübuta əsaslanmadığından rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, İddiaçı Cavabdeh xx.xx.2023-cü ildə 40 000 manat, xx.xx.2023-cü ildə 30 000 manat, xx.xx.2023-cü ildə 30 000 manat və xx.xx.2023-cü ildə isə 30 000 manat məbləğində borc pul vermişdir. Cavabdeh xx.xx.2023-cü ildə götürdüyü 40 000 manat pulun 25500 manatını, xx.xx.2023-cü ildə götürdüyü 30 000 manat pulun 9000 manatını, xx.xx.2023-cü ildə götürdüyü 30 000 manat pulun 9000 manatını və xx.xx.2023cü ildə isə götürdüyü 30 000 manat məbləğində pulun 6700 manatını ödəyib. Hazırda cavabdehin iddiaçıya 79.800 manat məbləğində borcu var. Bu barədə cavabdehin əlyazması da var. Həmçinin votsap yazışmaları ilə də bu faktlar öz təsdiqini tapır. Yazışmalarda cavabdeh bildirib ki, “mən ölməsəm, sağ qalsam kimin adına nə borcum vardırsa ödəyəcəm”. Bundan əlavə şahidlər də qeyd edilən halları təsdiq edirlər. Hər dəfə borcunu qaytarması üçün qarşı tərəfə müraciət edildikdə müxtəlif bahanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdurlar. Məhkəmənin nəzərinə çatdırır ki, tərəflərin münasibətləri yaxşı olduğundan iddiaçı pulları verərkən cavabdehdən heç bir iltizam almayıb. Qarşı tərəfdən tələb edilən əsas borc yəni, 79200 manatdır. Bu isə faizi əhatə etmir. Əlyazma da ilk olaraq 79200 manat yazılmışdır. Məntiqlə də birinci əsas borc, daha sonra faiz borcu yazılır. Qarşı tərəf xx.xx.2023-cü il tarixdə sonuncu dəfə ödəniş etdiyini, xx.xx.2023-cü il tarixdə də borcunun 79400 manat olduğunu, bundan sonra isə xx.xx.2023-cü il tarixdə 79200 manat borcunun olduğunu bildirib. Yazışmalardan da görünür ki, cavabdeh bu məbləğləri özü hesablayıb və qeyd edilən yazışmalarda təhdid xarakterli heç bir hal yoxdur, əksinə gülüş “smaylikləri” ilə iddiaçı və cavabdeh danışırlar. Cavabdehə hər-hansı hədə qorxu edilsə idi prokurorluq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etməzdi. Prokurorluğun qərarı hazırda da qüvvədədir. Hesab edir ki, hazırkı məsələdə qarşı tərəfin xx.xx.2023-cü il tarixdən sonra ödəniş edib-etməməsi aydınlaşdırılmalıdır. Məhkəməyə təqdim etdiyi əlyazma cavabdehin xx.xx.2023-cü il tarixdən sonra ödəniş etməsini sübut edir. Cavabdeh iddiaçıya atdığı mesajla, yəni borcun məbləğini kağıza yazıb göndərməklə elə iddianı qəbul etmişdir. Daha sonra cavabdeh intihar edib və intihar məktubunda ölənə qədərə bütün borcu qaytaracağını bildirib. Cavabdeh iddiaçıya borcunun olduğunu, həm etirazda, həm də məhkəməyə təqdim edilmiş votsap və səs yazılarında etiraf etmişdir. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 təqdim edilən etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh bütün borcunu ödəmişdir. Mənsurənin hazırda cavabdehdən tələb etdiyi pullar şişirdilmiş faiz pullarıdır. Cavabdehin sözügedən pulları qəbul etməsi barədə bir dənə də olsun səs yazısı və yaxud qəbz yoxdur. Bundan başqa əgər cavabdehə o qədər pul məbləği verilirdisə belə bir hal yazılı müqavilə şəklində rəsmiləşdirilməliydi. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Ortada sübutlar və ya belə bir müqavilə olmasa da, cavabdehin vicdanlılıq göstərərək əsl borcu etiraf edib. Cavabdehə 21000 manat pul ödənilib. 26 avqust 2023-cü il tarixdə iddiaçının intihar etməsi ilə əlaqədar cinayət işi prokurorluqda geniş şəkildə araşdırılmışdır. Gülüş “smaylikləri” kimi halları qarşı tərəf qeyd etsə də, bu hal ironiya xarakterli olmuşdur. Həqiqətən də cavabdehə qarşı təhdidlər olmuşdur. Cavbdeh mesajı atarkən başına bir hadisə gəldiyi halda bu borc məsələsi üzündən olduğunun bilinməsini istəyib. Qarşı tərəfin əlində yeganə sübut elə cavabdehin yazdığı mesajlardır və cavabdeh həmin mesajları normal düşüncə ilə iddiaçıya göndərməyib. Cavabdeh bütün pulları ödədiyi üçün, iddiaçı da ona dəfələrlə pul verib. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, tərəflər arasında pul–borc münasibətləri olduğunu etiraf edirlər. Cavabdeh aldığı pulları 3 dəfə qaytarıb. İddiaçı tərəf məhkəməyə iddia tələbi ilə bağlı hər hansı bir subut təqdim etməyib. Məhkəməyə təqdim edilmiş şahidlərdən biri iddiaçının bacısı, digəri isə faktiki nikah münasibətində olduğu şəxsdir. Bundan başqa ikinci şahidin məhkəməyə verdiyi izahat dəqiq deyil, belə ki, həmin şahid alınmış pul məbləği barədə dəqiq söz deyə bilmir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, qeyd edilən borclar şişirdilmiş faiz borclarıdır. Ona pul 36 faizlə verilmişdir. O, qarşı tərəfə bu pulu ödəyə bilmədiyini bildirsə də, iddiaçı ona “narahat olma, mən sənin bacınam və sənə köməklik göstərəcəm” sözlərini deyirdi. Daha sonra iddiaçı borcunun 110000 manat olduğunu demişdir. O, bu məbləği ödəyə bilməyəcəyini bildirmişdir, belə olan halda da iddiaçı ona hədə-qorxu gəlməklə yanaşı onu şantaj etmişdir. Onun iddiaçıya bu qədər borcu yoxdur. O ümumiyyətlə həmin məbləği heç vaxt birlikdə görməyib. Qeyd edir ki, o, iddiaçıdan 4-5 dəfə borca pul alıb, lakin hər zaman borcunu qaytarıb və iddiaçı da buna görə həmişə ona borca pul verib. İlk dəfə o, iddiaçıdan 1000 manat borc almış və 10 günə 12 faizlə pul verdiyi üçün iddiaçıya 1120 manat qaytarıb. Qarşı tərəf onu 6 yaşlı uşağı ilə hədələyib. Bununla bağlı prokurorluğa müraciət edib. Aldığı borcların müqabilində o, iddiaçıya 60000 manat pul ödəyib. İddiaçı ona 40000 pul verməyib. Həmişə faiz borcunu çıxıb qalan məbləği verib. İddiaçı onu 79200 manatla bağlı şantaj edib. İddiaçı ona 79200 manat borcun məbləğinin artıb, 110000 manat olacağını bildirmişdi. İntihar etməsinin səbəbi də bu olmuşdur. İddia edilən məbləğlər gündəlik faizlərdir. O, iddiaçıya borcundan 60000 manat nağd ödəniş edib. Əslində bu pulları başqa bir borcunu ödəmək üçün almışdır, lakin vəziyyəti daha da pisləşmişdir. 3700 manat ödəniş edib və əlavə ödənişləri də olub. Qarşı tərəf onun adından qızıl götürüb və həmçinin “lotoreya” oynamışdır. Lakin, heç birinin ödənişini etməyib və bu ödənişlər də onun üstündə qalıb. Əsas borcdan heç bir məbləğ qalmamışdır. Qarşı tərəfin verdiyi 30000 manat pulun faizi 79200 manata gəlib çatıb. İddiaçı tərəfindən ona 130000 manat pul verilibsə, bu pulun ona verilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməli idi. Məhkəmənin nəzərinə çatdırır ki, arada 1-2 gün ödəniş etmirdi. İddiaçı bu halı nəzərə alacağını desə də, əslində faizləri özü üçün hesablayıb üstünə gəlirdi. O, digər şəxslərdən faizə pullar alaraq Mənsurəyə borcunu qaytarırdı. Pulları əlbəəl alırdı və ya kart vasitəsilə ödəniş edirdi. 3 nəfər şəxsin kartı var idi ki, o, bu kartlara pullar atırdı və özləri haqq-hesab edirdilər. Qeyd edir ki, axırıncı ödənişi 14 iyulda olub. Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, Mənsurə ilə faktiki nikah münasibətlərindədir. Yeganəni də iddiaçının rəfiqəsi kimi tanıyır. Aralarında ilk öncə alver, daha sonra isə pul münasibətləri olub. İddiaçı Yeganəyə 8000 manat, 10000 manat və 12000 manat məbləğində borc pullar verib. Ümumilikdə 79800 manat borc hesablanıb. Bildiyinə görə həmin borcdan heç nə qaytarılmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki iddiaçı onun bacısıdır. Yeganə də onun evinə tez-tez gəlib-gedib, yəni münasibətləri yaxın olub. Yeganəyə pul lazım olanda həmişə bacısına demiş və bacısı da ona borc vermişdir. Bacısının Yeganəyə 3 dəfə pul verməsinin şahidi olub. Belə ki, həmin məbləğləri bilavasitə özü verib. Bacısının pulları onda olduğu üçün Yeganəyə pul lazım olanda bacısı ona demiş, o da bacısının pulundan götürüb Yeganəyə vermişdir. Bir dəfə 7000 manat, bir dəfə 100 dollar pul verib. Həmçinin bir dəfə də şəxsi kartından təxminən 2500-2700 manat Yeganəyə pul göndərib. Bacısı Yeganəyə lotereya oynadıqları üçün pul verib. Pullar manat və dollarla verilmişdir. Pulların verilmə tarixi dəqiq yadında deyil. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, Yeganə rentgendə işləyirdi. Rentgendə qazanılan pullarla lotoreya oynayırdı. 8000 manat verməli olduğu pul var idi. Lotoreya oynayarkən şəxslərin pul alma sıralamasında yerlərini dəyişməklə onları aldadırdı. Cavabdehlə ilk tanışlığı salonda olub, cavabdeh əvvəlcə ondan faizə 1000 manat, sonrakı dövrlərdə isə 3000, 4000, 5000 manat pullar götürüb və qaytarıb. Hətta, cavabdeh onun bacısından da pullar alıb. Bundan başqa cavabdehdə Sədərəkdə olan mağazasından mallar götürüb. Cavabdehin qardaşı bu borc məsələsinə görə onun evinə gələrək onu hədələyib. Cavabdeh 79800 manat pulun üstündə ona, 11000 manat faiz pulu verməli idi, lakin o, faizi deyil, elə 79800 manat pulu tələb edir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh ödəniş etdikcə o, ödənişləri özündə qeyd edirdi, lakin cavabdehə sözügedən vaxtda çox etibar etdiyi üçün ödəniş qeydlərini cavabdehə imzalatmırdı. Qeyd edir ki, borc pulları hissəli şəkildə ona qaytarması şərti ilə cavabdehə verib. xx.xx.2023-cü il tarixdə o, cavabdehə 40000 manat verib, 25500 manat qaytarıb, 14500 manat borcu qalıb, 3000 manat bu pulun üzərində mükafat verilməli idi və bu borc 1 aya qaytarılmalıydı. Lakin, 1 aya qaytarılmadı. xx.xx.2023-cü il tarixdə cavabdehə 30000 manat borc verib, cavabdeh 9 min manat ödəniş edib, 21000 manat borcu qalıb və bu məbləğin üzərində ona 1200 manat mükafat pulu verməli idi. Bu borcu 10-15 günə qaytarmaq üçün ondan götürmüşdü. xx.xx.2023-cü il tarixdə cavabdehə yenə 30000 manat borc verib, cavabdeh 9000 manat ödəniş edib, 21000 manat borcu qalıb və bu məbləğin üzərində də ona 1200 manat mükafat pulu verməli idi. Bu borcu 1 aya qaytarmaq üçün götürmüşdü. xx.xx.2023-cü il tarixdə cavabdehə yenə də 30000 manat borc verib, cavabdeh 6-7 min manat ödəniş edib, 23300 manat borcu qalıb. Hər ayın 29 və 30-u Yeganənin “açot” günləri olurdu və həmin vaxt Yeganəyə borca pullar verirdi. Onda bütün ödənişlərin qeydiyyatları vardır. Lazım gələrsə həmin qeyd dəftərini məhkəməyə təqdim edə bilər. Cavabdeh başqa adamların adına borca pullar götürdüyü üçün bu qədər qısa müddətlərlə borc məbləğlərini verib. Cavabdehlə dost idilər və hətta bacısından da ona yaxın idi. Bu səbəblə də ona bu qədər etibar edib. Cavabdehə pulları Azər, Elşən və digər şəxslərin, ümumilikdə isə 4 nəfər şəxsin yanında verib. Cavabdeh ona qızıllar verib, lakin borc qarşılığında verməyib. Cavabdehin ona 19 may və 26 may tarixlərində etdiyi ödənişləri xatırlamır. İş materiallarında olan Sumqayıt şəhər prokurorluğunun xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında faizlər hesablanmaqla qaytarmaq şərti ilə borc pul münasibətləri olmuşdur. Bu halı hər iki tərəf mübahisələndirməmişdir. Tərəflərin mübahisələndirdiyi məsələ cavabdehin iddiaçıya qalan borcunun məbləği ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin borcunun dəqiq məbləği barədə məhkəməyə hər hansı əsaslı şübhədənkənar mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutlar (tərəflər arasında yazışmalar, cavabdeh tərəfindən yazılan əlyazmalar, səs yazıları, şahid ifadələri və s.) əsasında verilən borcun dəqiq məbləğini, borcun hansı hissəsinin qaytarıldığını, o cümlədən borcun hansı hissəsinin ödənilməmiş qaldığını müəyyən etmək mümkün deyil. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması isə tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır və sübuta yetirilməyən hər hansı tələb məhkəmə tərəfindən əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn, icra edilməmiş öhdəliyi olduğunu (79800 manat həcmində) sübuta yetirə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. - 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdeh məhkəməyə təqdim etdiyi son etiraz ərizəsində (məzmunu bir neçə dəfə dəyişdirilmişdir) cavabdehdən ümumilikdə 40000 manat borc aldığını və həmin borcdan 38700 manat qaytardığını bildirməklə, iddiaçıya 1300 (40000- 38700) manat məbləğində borcunun qaldığını etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh 1300 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar