Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4491/2025 28.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən 55 saylı mənzildən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 55 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən həmin mənzil xx.xx.2025-ci il tarixdən tamamilə iddiaçının mülkiyyətindədir. İddiaçı bu mənzili 03 mart 2025-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-dən almışdır. Həmin mənzildə evin keçmiş sahibi Cavabdeh qeydiyyatdadır. Onun həmin mənzilə yaşayış və istifadə hüququ itirilmiş hesab edilməlidir, çünki cavabdehin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Bu isə, öz növbəsində iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O, qeyd etdi ki, mübahisəli mənzilə görə ödənilmiş 110000 manatın 70000 manatı məhkəmə qətnaməsinə əsasən "xxxx" BOKT ASC-yə verilməli, qalan 40000 manat isə Cavabdeh çatmalı idi. Lakin bu, baş verməmişdir. Bu barədə cavabdeh heç bir kənar şəxsə səlahiyyət, yəni etibarnamə verməmişdir. Mənzilin alınması üçün verilmiş pulun 40000 manat hissəsi cavabdehə verilərsə, iddia ilə razılaşa bilər. Qalan hallarda iddia əsassızdır. Məhkəmə proses iştirakçılarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Daşınmaz əmlakın AN-İ ******* saylı xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ünvan 1 ünvanında yerləşən 55 saylı mənzili 85000 manata İddiaçı satmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 55 saylı mənzil xx.xx.2025-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. Onun adına xx.xx.2025-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli mənzil daşınmaz əmlakın AN-İ ******* saylı xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən 85000 manata İddiaçı satmış, mənzilə dair onun adına ********** qeydiyyat nömrəli çıxarış alınmışdır. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyinin səbəbi cavabdehin ona məxsus mənzildə formal qeydiyyatda qalmasıdır. Həmçinin iddiaçı hesab edir ki, cavabdehin bu mənzildən istifadə hüququ mövcuddur, lakin hazırda əmlakın mülkiyyətçisi o olduğundan, onun istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29-cu maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsi kirayəçinin istifadəsinə verildiyi tarixdən kirayə hüquq münasibətlərinə xitam verilənədək bu Məcəllənin 38-ci, 43–47-ci və 119–145-ci maddələri üzrə çoxmənzilli binanın sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələr həmin kirayəçiyə verilir. Kirayəçi bu Məcəllənin 43.2.1–43.2.3-cü və 125.2.6-cı maddələri ilə müəyyən edilmiş sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələri, o cümlədən bu Məcəllənin 125.2.12-ci, 125.2.13-cü və 125.3-cü maddələri ilə müəyyən edilmiş ümumi əmlaka sərəncam verilməsinə dair sahə mülkiyyətçisinin səlahiyyətlərini yalnız yaşayış sahəsinin mülkiyyətçisinin yazılı razılığı əsasında həyata keçirə bilər. Həmin Məcəllənin 30.7-ci maddəsinə görə mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin mənzildə qeydiyyatda qalması və onun əmlakdan istifadə hüququnun olması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə müəyyən etdi ki, cavabdeh ünvan 1 ünvanında yerləşən 55 saylı mənzildə qeydiyyatda olsa da, artıq 2025-ci ilin mart ayından mənzilin yeni mülkiyyətçisi ilə hər hansı razılaşma əldə etməmişdir. Cavabdehin hələ də bu mənzildə qeydiyyatda qalması iddiaçının mənzillə bağlı bir sıra hüquqlarının həyata keçirilməsində çətinliklər yaradır, iddiaçı və onun digər ailə üzvləri mənzildən istifadə ilə bağlı hüquqlarını həyata keçirə bilmirlər, cavabdehin formal qeydiyyatı ilə əlaqədar iddiaçı əlavə mənzil və kommunal xərcləri ödəməyə məcbur olur. Məhkəmə qeyd etməyi zəruri bilir ki, mənzilin mülkiyyəçisi cavabdehin yаşаyış sаhəsinə оlаn ehtiyаcını onun mülkiyyətində olan mənzildən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində deyil. Bundan əlavə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin istədiyi vaxt formal olaraq həmin mənzilə qayıtmaq istəyi mənzilin mülkiyyətçisi olan iddiaçının sahib kimi hüquqlarının pozulmasına və sonuncunun mülkiyyət hüququnun “qeyri-sabit və şərti xarakterli” оlmаsı üçün əsаs olan amillərdəndir. Mənzilin alınması üçün ödənilmiş pul vəsaitindən ona çatası payın verilməməsi barədə cavabdehin dəlili əsassızdır, çünki bu dəlil iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə manə ola bilməz. Cavabdeh həmin məsələni mübahisəli mənzili iddiaçıya satan qurumla ("xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC) həll edə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin mübahisəli mənzildə qeydiyyatda olması formal xarakter daşıdığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 55 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-4491/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4491/2025
28.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver