Məhkəmə qərarları › İş №e-2(060)-4676/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4676/2021

29.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4676/2021 29.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və cavabdeh tərəfindən müstəliq tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və cavabdeh tərəfindən müstəliq tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən verilmiş 16.01.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC arasında 28 yanvar 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Bağlanmış kredit müqaviləsinə görə iddiaçı üçüncü şəxsdən 195.735 ABŞ dolları məbləğində borc pul almışdır. Həmçinin kredit müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan borc pulu 28.07.2016-cı il tarixə kimi üçüncü şəxsə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin müddəti 28.07.2016-cı il tarixdə bitmişdir. Bundan sonra cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi 16 yanvar 2021-ci il tarixdə üçüncü şəxsin müraciəti əsasında icra qeydi verərək üçüncü şəxsin xeyrinə iddiaçıdan kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 195.735 ABŞ dolları 00 sent məbləğin tutulmasını təklif etmişdir. Həmçinin cavabdeh iddiaçıdan üçüncü şəxs tərəfindən ödənilmiş 20 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq), 195.735 ABŞ dolları 00 sent pulun tutulmasını təklif etmişdir. Adıçəkilən icra qeydi 15.01.2021-ci il tarixdə aparılmışdır. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş icra qeydi qanunvericiliyin tələblərinin pozulması ilə verildiyindən ləğv edilməlidir. Belə ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 28.07.2016-cı il tarixdə bitmiş, ötən 4 il ərzində nə cavabdeh tərəfindən hər hansı icra qeydi verilməmiş, nə də ki, üçüncü şəxs tərəfindən həmin kredit müqaviləsində qeyd olunan borcun iddiaçıdan alınması ilə bağlı məhkəməyə müraciət edilməmişdir. Cavabdeh tərəfindən verilmiş icra qeydi «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə ziddir. Belə ki, adıçəkilən qanunun qeyd edilən normasında icra qeydi tələb etmək hüququnun yarandığı gün qeyd edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 28.07.2016-cı il tarixdə bitdiyinə görə icra qeydi tələb etmək hüququ həmin tarixdən başlanır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Lakin cavabdeh Mülki Məcəllənin 373-cü maddəsində qeyd edilən iddia müddətini ötürməklə icra qeydi vermiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarının 1-ci bəndinə əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Həmin qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından aydın olur ki, cavabdeh tərəfindən verilmiş icra qeydi iddia müddəti ötürülməklə verildiyindən həmin icra qeydi ləğv edilməlidir. Çünki, icra qeydinin verilməsinə əsas olan 28.01.2016-cı il tarixli kredit müqaviləsi üzrə qeyd edilən borcun tələb edilməsi müddəti ötmüşdür. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda iddiası təmin olunan təqdirdə iş üzrə ödədiyi dövlət rüsumunu özünə aid edilməsini xahiş etdi. Cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən müstəliq tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəfindən müstəliq tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 28 yanvar 2016-cı il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən, "xxxx" MMC 28 iyul 2016-cı il tarixədək qaytarmaq şərti ilə "xxxx" MMC-yə 195.735 ABŞ dolları borc vermişdir. 07 dekabr 2020-ci il tarixdə "xxxx" MMC kredit müqaviləsi üzrə icra qeydi verilməsi üçün notariat orqanına ərizə vermişdir. "xxxx" MMC tərəfindən qeyd olunan ərizə Elektron Notariat Sistemi vasitəsi ilə verilmişdir. Hökumət ödəniş portalı vasitəsi ilə 15 yanvar 2021ci il tarixdə 20 manat dövlət rüsumu ödənilmişdir. Ərizə formasında kredit müqaviləsinin tarixi və verilmiş borcun məbləği qeyd edilmişdir. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 16 yanvar 2021-ci il tarixdə yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə icra qeydi verilmişdir. İddiaçı həmin icra qeydinin verilməsinə əsas verən kredit müqaviləsi üzrə 3 illik iddia müddətinin keçməsi səbəbi ilə, icra qeydi verilərkən qanunvericiliyin tələblərinin pozulduğunu bildirmiş və həmin icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələr üzrə tələblərə ümumi məhkəmələr baxır. Bu səbəbdən, hazırkı iddiaya baxan məhkəmə mübahisəyə hüquqi qiymət verməyə səlahiyyətlidir. Hazırkı iddia tələbinə baxılarkən tətbiq edilməli maddi hüquq normalarından göründüyü kimi, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddi hüquq normasının tələbindən göründüyü kimi, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Məhkəməyə təqdim olunmuş kredit müqaviləsindən göründüyü kimi, müqavilə üzrə borcun qaytarılması müddəti 28 iyul 2016-cı il tarixdə başa çatmışdır. 3 illik iddia müddəti nəzərə alındıqda, qeyd olunan kredit müqaviləsi üzrə iddia müddəti 28 iyul 2019-cu il tarixdə başa çatmışdır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Lakin notarius, icra qeydi apararkən kredit müqaviləsinin bağlanma müddətinə, borc öhdəliyinin icra edilməsi üçün nəzərdə tutulmuş son müddətə diqqət yetirməmiş, 3-cü şəxsin icra qeydi barədə elektron ərizəsində öhdəliyin yaranma tarixi kimi yanlış qeyd etdiyi 04 iyul 2018-ci il tarixinə istinad etmiş və «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun, həmçinin Mülki Məcəllənin aidiyyəti maddi hüquq normalarının tələblərini pozmaqla icra qeydi vermişdir. Göründüyü kimi, icra qeydi qanunvericiliyin imperativ göstərişlərini pozmaqla verildiyindən, ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 28 yanvar 2016-cı il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən verilmiş 16.01.2021-ci il tarixli icra qeydi ləğv edilməlidir. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisindən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 28 yanvar 2016-cı il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən verilmiş 16.01.2021-ci il tarixli icra qeydi ləğv edilsin. İddiaçının dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar