Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-474/2023 28.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30000 manat məbləğində pulun və 180 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü ildə X5 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X8 və X3 anadan olmuşdur. X5 xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Opel Vectra” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin X4 idarə etdiyi “LEXUS GS 350” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində vəfat etmişdir. Qəza hadisəsi X4 təqsiri nəticəsində baş vermiş və o, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-503/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinmişdir. Cavabdehlər iddiaçının qayınanası və qayınatasıdır. Onlar yol-nəqliyyat hadisəsi baş verəndən sonra özlərini zərərçəkmiş şəxsin hüquqi varisi kimi təqdim edərək, təqsirkar şəxs Elşən Əmirovla barışmaq, ondan şikayətçi olmamaq üçün onun ailə üzvlərindən 30000 manat pul alaraq mənimsəmişlər və aldıqları kompensasiya məbləğini iddiaçıya və onun iki azyaşlı övladına verməli olduqları halda verməmişlər. Sumqayıt Şəhər Məhkəməsində cinayət işinə baxılarkən Cavabdeh1 qarşı tərəfdən 30000 manat kompensasiya aldığını və həmin məbləğdən iddiaçıya və onun övladlarına bir qəpik də olsun vermədiyini etiraf etmişdir. Bu barədə məhkəmə iclas protokolu və audio-video çəkiliş mövcuddur. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi İddiaçı tanınmış, o, cavabdehlərin təqsirləndirilən şəxsdən 30000 manat alaraq şikayətçi olmamaları barədə ərizə verdiklərini nəzərə alaraq, humanistlik göstərərək, təqsirləndirilən şəxsdən şikayətçi olmamışdır. Göründüyü kimi cavabdehlər iddiaçının və onun övladlarının almalı olduqları kompensasiyanı almaqla əsassız varlanmışlar və iddiaçını həmin məbləğdən məhrumetmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərdi ki, iddiaçının həyat yoldaşı avtomobil qəzasında vəfat etmiş, avtomobil qəzası törətmiş şəxs barəsində cinayət işi başlanmış və məhkəmənin qərarı ilə cəza təyin edilmiş, Cavabdeh1 qəzanı törədən şəxsin ailəsi ilə danışıq apararaq özünü vəfat etmiş şəxsin hüquqi varisi kimi təqdim edərək onlardan 30000 manat pul almış, cavabdehin həmin məbləğdə pulu alması cinayət işi materiallarının tədqiqi zamanı sübuta yetirilmişdir. İlk növbədə alınan pulun statusu müəyyənləşdirilməlidir. Hesab edir ki, verilən pul kompensasiya xarakteri daşıyır. İddiaçı 30000 manat pul tələb etsə də bildirir ki, bu pul tərəflər arasında bərabər şəkildə bölünməlidir. Həmin puldan vəfat etmiş şəxsin övladlarına xərclənməmişdir. İddiaçı müəllimə işləyir və maddi imkanı pisdir. O, eyni zamanda qeyd etdi ki, iddiaçı vəfat edən şəxsin 1-ci dərəcəli qanuni vərəsəsidir və buna görə də onun hazırki iddianı irəli sürməyə sbuyektiv hüququ vardır. Cavabdehə verilmiş pul kompensasiya hesab olunduğundan vərəsəlik hüququ yaranır. Odur ki, şəhid ailələri üçün nəzərdə tutulmuş 11000 manat məbləğindəki birdəfəlik ödəməyə tətbiq olunan qaydaya uyğun cavabdehlər tərəfindən alınmış kompensasiya da vərəsələr arasında bölünməlidir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, o, təqsirləndirilən şəxsin ailəsindən pul almamış, 30000 manat pulu təqsirləndirilən şəxsin ailəsi yas mərasimlərinə, qəbir üstü işlərə, baş daşına sərf etmişlər. O, cinayət işində 8 ay zərərşəkmişin hüquqi varis olmuş, sonradan dəyişdirilərək iddiaçı hüquqi varis kimi tanınmışdır. Yas mərasimlərində siyahı tutulmamış, iddiaçının atası təqsirləndirilən şəxsin ailəsindən 20000 manat pul aldığından, iddiaçı şikayətçi olmaması barədə ərizə vermişdir. İddiaçını evdən qovmağı barədə deyilənlər də yalandır. 1 il 8 aydır ki, nəvələrini görmür. Onun iş yoldaşlarının yasa yazdırdığı pulları da iddiaçı götürüb aparmış, iddiaçının evdən getməyinin səbəbi tək qalmağı bəhanə etməsi olmuşdur. O, eyni zamanda qeyd etdi ki, ona pul verilməmişdir. Təqsirləndirilən şəxsin ailəsi yas mərasimini verdikləri və azyaşlı övladları olduğu üçün barışıq ərizəsi vermişdir. 30000 manat pulu görməmişdir. Təqsirləndirilən şəxsin ailəsi xərclədikləri pulun 30000 manat olduğunu bildirmişlər. O, cinayət işinin tədqiqi zamanı pulu aldığını deyil, pulun xərcləndiyini demişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi onun göstərdiklərini müdafiə edərək, izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, iddiaçının məhkəməyə bu iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Hazırki iddia əsassız varlanma hesab edilə bilməz. İddia olunan məbləğ vəfat etmiş şəxsin yas mərasiminin keçirilməsinə və məzar daşına sərf olunmuşdur. Şəhid ailələrinə verilən kompensasiya ilə analogiya aparıla, bu iddiaya vərəsəlik hüququnun normaları tətbiq edilə bilməz. Qanunda pul müqabilində barışıq müəyyən olunmamışdır. İddia qanunsuz və əsassızdır. Digər Cavabdeh2 məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-503/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X9 AR CM-nin 263.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Həmin hökmdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs X9 ilə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. - Bu hökmdən görünür ki, məhkəmə X4 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və ya şikayətinin olmadığını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal müəyyən etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-503/2022 saylı cinayət işi materillarının 1-ci cildində olan: - xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin iş üzrə Cavabdeh1 zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində tanınmışdır. (İş.v 60) - Sumqayıt şəhəri 4 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə imzalanmış **********993 saylı ərizədən görünür ki, Cavabdeh1 X4 törətdiyi avtoqəza nəticəsində vəfat etmiş X1 hüquqi varisi olaraq bildirmişdir ki, X9 ilə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. (İş.v 86) - xx.xx.2021-ci il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisinin dindirilməsi protokolundan görünür ki, Cavabdeh1 X4 qohumlarının ondan üzrxahlıq etdiklərini və buna görə də onun Elşənə qarşı heç bir şikayəti, iddiası və tələbinin olmadığını bildirmişdir. (İş.v 87-88) - İddiaçının nümayəndəsi Vəkil1 Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi Səid Məmmədova ünvanlanmış və xx.xx.2021-ci il tarixdə idarəyə daxil olmuş ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs X1 qanuni rəsmi nikahda olduğu arvadı İddiaçı zərərçəkmişin hüquqi varisi kimi tanınmağını xahiş etmişdir. (İş.v 179-88) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış, Cavabdeh1 isə zərərçəkmişin hüquqi varisi kimi fəaliyyətinə xitam verilmişdir. (İş.v 226-227) - xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisinin dindirilməsi protokolundan görünür ki, İddiaçı X2 hər hansı bir şikayət və tələbinin olmadığını, sürücünün yaxınları tərəfindən qaynanası Firuzəyə ödənilmiş olan 30000 manat məbləğində pulu mülki qaydada qaynanasından məhkəmə yolu ilə tələb edəcəyini bildirmişdir. (İş.v 232-233) Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-503/2022 saylı cinayət işi materillarının 2-ci cildində olan: - Cavabdeh1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xx.xx.2022-ci il tarixdə, Birinci vitse-prezidentin Katibliyinə xx.xx.2022-ci il tarixdə və Azərbaycan Respublikası Prezident Administrasiyasına xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizələrindən görünür ki, Elşən Əmirovun qohumları tərəfindən ona 30000 manat məbləğində pulun təklif edildiyini, dəfələrlə onunla danışıqlar aparıldığını, onun heç bir şəkildə təklif olunan pulu qəbul etmədiyini, sonradan qəzaya səbəb olan Elşən Əmirovun anasız-atasız, himayəsində 6 aylıq körpəsinin olduğunu bildikdən sonra şikayətini geri götürərək sonuncuların təklifi ilə barışıq imzaladığını, həmçinin həmin 30000 manat pulun Sumqayıt şəhər 4 saylı notariat kontorunun bank hesabına yoldaşı Cavabdeh2 adına köçürüldüyünü, bir neçə gün sonra pulun yoldaşı tərəfindən çıxarıldığını bildirmişdir. Həmçinin o pul ona verilərkən pulun mərhum oğlunun yas mərasiminə görə verildiyi də bildirilmişdir. (İş.v 8-9) - xx.xx.2022-ci il tarixli məhkəmə baxışı iclasının protokolundan görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İddiaçı qaynanası Cavabdeh1 barışdığını gördükdən sonra onun da qarşı tərəflə barışıq əldə etdiyini, Cavabdeh1 kompensasiya alıb amma nəvələri ilə bölüşmədiyini demişdir. (İş.v 50) - Həmin protokoldan görünür ki, Cavabdeh1 kompensasiya kimi alınan pulun oğlunun ilinə xərcləndiyini bildirmişdir. (İş.v 50) - Bu protokoldan görünür ki, Cavabdeh1 30000 manat pulu aldığını, uşağının yas mərasiminə xərclədiyini, o puldan gəlinə və nəvələrinə heç nə vermədiyini və pulun hamısının xərcləndiyi demişdir. (İş.v 53-54) - Sumqayıt şəhəri 4 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə imzalanmış **********368 saylı ərizədən görünür ki, İddiaçı X4 törətdiyi avtoqəza nəticəsində vəfat etmiş şəxs X1 hüquqi varisi olaraq bildirmişdir ki, X9 ilə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. (İş.v 59) Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Opel Vectra” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin X4 idarə etdiyi “LEXUS GS 350” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində vəfat etmişdir. Qəza hadisəsi X4 təqsiri nəticəsində baş vermiş və o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinmişdir. xx.xx.2021-ci il tarixdə həmin cinayət işi üzrə Cavabdeh1 zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində tanınmış, xx.xx.2022-ci il tarixdə İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış, Cavabdeh1 isə zərərçəkmişin hüquqi varisi kimi fəaliyyətinə xitam verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən barışıq əldə olunması məqsədilə 30000 manat xərc çəkilmişdir. Zərərçəkmiş şəxsin həm əvvəlki (Cavabdeh1), həm də sonrakı (İddiaçı) hüquqi varisləri təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələblərinin olmadığını bildirmişlər. İşin mübahisəli halı olan sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən 30000 manat pulun birbaşa yas mərasiminə və bununla əlaqəli digər işlərə sərf olunduğu, yoxsa cavabdehlərə ödənildiyi ilə əlaqədar məhkəmə belə hesab edir ki, göstərilən məbləğ Cavabdeh2 adına notariat ofisinin bank hesabına qoyulmaqla təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Belə ki, pul ödənilməsini Cavabdeh1 istintaq zamanı verdiyi ifadələrində göstərməmiş, məhkəmə iclaslarında isə ümumi şəkildə demiş, yalnız cinayət işi materiallarına əlavə olunmuş müxtəlif qurumlara ünvanlanmış ərizələrində bu barədə müfəssəl yazmışdır. Həmin ərizələrdən isə aydın olur ki, sözügedən məbləğ təqsirləndirilən şəxs (və ya ailə üzvləri, yaxud yaxınları) tərəfindən Cavabdeh2 adına notariat ofisinin bank hesabına qoyulmuşdur. Bu müraciətlərin Cavabdeh1 tərəfindən sərbəst şəkildə, hər hansı qurumda və vəzifəli şəxsin yanında olmadan rahat şəraitdə yazıldığını nəzərə alaraq, məhkəmə onları bu halı aydınlaşdırmaq üçün daha mötəbər sübut kimi qiymətləndirərək göstərilən nəticəyə gəlir. Eyni zamanda Cavabdeh1 zərərçəkmişin hüquqi varisi qismində tanınması (xx.xx.2021-ci il), təqsirləndirilən şəxslə barışması barədə yazdığı ərizə (xx.xx.2021-ci il), həmçinin avtoqəzanın baş verməsi (xx.xx.2021-ci il) tarixlərinə əsasən məhkəmə hesab edir ki, həmin məbləğ göstərilən qaydada Cavabdeh1 zərərçəkmişin hüquqi varisi olduğu zaman ödənilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 1-ci bəndinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlərin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliklərinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Odur ki, iddia əsassızdır. İddiaçının tələbin cavabdehlərin əsassız varlanmalarına görə irəli sürülməsi, eləcə də şəhid ailələri üçün nəzərdə tutulmuş 11000 manat məbləğindəki birdəfəlik ödəməyə tətbiq olunan qaydaya uyğun kompensasiyanın bölgüsü dəlili ilə məhkəmə razılaşmır. Belə ki, mülki qanunvericilik əsassız varlanmaya hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi anlayışını vermişdir. İşin faktiki hallarından aydın olur ki, cavabdehlərə ödənilmiş pul iddiaçının əmlakı olmamış, ödəniş zamanı Cavabdeh1 zərərçəkmiş şəxsin hüquqi varisi olmuş, eyni zamanda cinayət və cinayət prosessual qanunvericilik zərərçəkmiş və təqsirləndirilən şəxslərin barışmalarını hər hansı ödənişlə şərtləndirməmişdir. Şəhid ailələri üçün nəzərdə tutulmuş 11000 manat məbləğindəki birdəfəlik ödəmə müvafiq normativ hüquqi aktla nəzərdə tutulmuş, bu ödəncə hüquqi status verilmişdir. Hazırki iddianın predmeti olan ödənişin statusu, verilməsi və verilmə qaydası isə hər hansı normativ hüquqi aktla müəyyən olunmamış, ümumiyyətlə indiki işin hallarına uyğun hallarda barışıq şərti kimi nəzərdə tutulmamışdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30000 manat məbləğində pulun və 180 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30000 manat məbləğində pulun və 180 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-474/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-474/2023
28.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver