Məhkəmə qərarları › İş №e-2(060)-5/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5/2025

07.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5/2025 07.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qət etdi. Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabehlərin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 8 saylı mənzil İddiaçı mülkiyyətindədir. O, həmin mənzili xx.xx.2019-cu ildə Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanmış AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi əsasında mənzilin əvvəlki mülkiyyətçisi X1 almışdır. Cavabdehlər həmin mənzildə məskunlaşmış Qubadlı rayonu, Dondarlı kəndindən olan məcburi köçkünlərdir. İddiaçı mənzili alarkən, həm mənzilin əvvəlki sahibi, həm də cavabdehlər onu əmin etmişlər ki, tezliklərə onlara başqa mənzil veriləcək və onlar mənzili boşaldacaqlar. Lakin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdehlər indiyədək iddiaçının məzilini boşaldıb, ona təhvil verməyiblər və mənzildə yaşamağa davam edirlər. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli evlə bağlı sübutlar elektron sistemə daxil edilib. Hətta İcra Hakimiyyətinin müvafiq rəyi var. Cavabdeh2 tərəfindən verilmiş iddia ərizəsinə inzibati məhkəmə tərəfindən baxılıb. Apellyasiya məhkəməsi subyektiv hüquq baxımından iddianı mümkünsüz hesab edib. Lakin Apellyasiya məhkəməsi öz qərarında hazırkı iş üzrə digər Cavabdeh1 belə bir hüququnun olduğunu qeyd edib. Aişə 1997-ci ildə mübahisəli evdə doğulub. Məcburi köçkün statusu yoxdur. Qeyd edilən halları və apellyasiya məhkəməsinin mövqeyi nəzərə alınaraq Cavabdeh1 orderin ləğv edilməsi barədə iddia ilə Sumqayıt İnzibati Məhkəməyə müraciət etmişlər və iş məhkəmənin icraatına qəbul edilmişdir. Göründüyü kimi cavabdeh yenidən çıxarışın verilməsi üçün əsas olmuş ilk sənəd kimi orderi mübahisələndirir. Həmin orderin kötüyü yoxdur, o, Mənzil İstismar sahəsi tərəfindən verilib, İcra Hakimiyyəti tərəfindən qeydiyyata alınmayıb, belə bir sənədin mövcudluğundan İcra Hakimiyyətinin xəbəri yoxdur. Mübahisəli mənzilin özəlləşdirilməsi ilə bağlı heç bir sənəd İcra Hakimiyyətində mövcud deyil. Bu məsələ ilə bağlı İcra Hakimiyyətinin rəsmi məktubu da var. Həmin məktub məhkəməyə təqdim edilib. Bütün bu hallar onu göstərir ki, İnzibati Məhkəmədə qaldırdıqları iddia perspektivlidir və iddianın təmin edilmə ehtimalı böyükdür. Bundan başqa mənzillərə verilmiş orderlə bağlı hüquqi məsələlər köhnə Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəlləyə görə order yalnız boş mənzillərə verilir və orderin verilməsi üçün əsas İcra Hakimiyyətinin Sərəncamıdır. İşin hallarından görünür ki, belə bir sərəncam yoxdur və “havadan” yaranmış order əsasında çıxarış verilmişdir. Hətta daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı da məhkəmə iclasında bu halı təsdiq edib və onlar hüquqların dövlət qeydiyyatına alınan zaman sənədlərin əslinin həqiqiliyini yoxlamalı olduğunu bildiriblər. Lakin bu hallar araşdırılmadan işçilər səhvə yol verərək mənzilə dair hüquqları qeydiyyata alıblar, hüquqları qeydiyyata alınmış şəxs də mübahisəli mənzili başqasına satıb. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, iddia tam qanunsuz və əsassız olduğundan iddianı qəbul etmirlər. İddiaçı ümumiyyətlə mübahisəli mənzili tanımır, orada yaşamır. Hazırkı vəziyyətdə cavabdehlərin mənzildən çıxarılması qanunsuz və ədalətsizdir. Saxta sənədlər əsasında əldə edilmış çıxarışın heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 qızı iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzili onlar öz vəsaitləri və əməkləri hesabına ev halına salıblar. Daha sonra kənar şəxslər heç bir əsas olmadan saxta çıxarış əsasında həmin evi alıblar. Məsələ ilə bağlı İcra Hakimiyyətinə müraciət ediblər. Orada İcra Hakimimiyyəti tərəfindən mənzilə dair order verilməsi üçün sərəncamın verilmədiyini bildiriblər. Bu hal Dövlət Reyestri Xidməti və Mənzil İstismar sahəsi arasında yaşanan qanunsuzluqdur. Hesab edir ki, bu qanunsuzluq qanuni şəkildə araşdırılmalıdır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək iclasın iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 8 saylı mənzili X2 40000 manata almışdır. 8.İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. 9.İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqyaıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun təsdiq etdiyi xx.xx.2019-cu il tarixli, 4Ə-233- reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 8 saylı mənzili almış, həmin mənzil üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bununla əlaqədar ona xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda mübahisəli mənzil Qubadlı rayonu Dondarlı kəndindən olan məcburi köçkünlər-iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmişdir. İddiaçı cavabdehlərin ona məxsus mənzildən çıxarılmasını, mənzilin ona təhvil verilməsini və özünün həmin mənzilə köçürülməsini xahiş edir. Cavabdehlər isə iddia tələbini qəbul etmirlər.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 12.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 13.Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 15.Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 16.Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 17.«İnsan Hüquqlarının və X3 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir 18.Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X4 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. 19.Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. 20.Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. 21.Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində 4 təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. 22.Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir.

23. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamaları üçün heç bir hüquqi əsası yoxdur.

24. Bu səbəbdən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə hər hansı bir hüququ mövcud olmayan cavabdehlərin bu mənzildə yaşamaları həmin mənzilə mülkiyyət hüququ olan iddiaçının hüquqlarını məhdudlaşdıran haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. 25.Məhkəmə onu da qeyd edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi olduğundan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına” əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 2012-2014-cü illərdə yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə və digər icra orqanlarına həvalə edildiyindən məhkəmə hesab edir ki, hazırkı qətnamə Qubadlı rayonundan məcburi köçkün olan Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsasdır. 26.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində iddia tələbi təmin edilməlidir. 27.Eyni zamanda məhkəmə hesab edir ki, mübahisəli mənzil İddiaçı mülkiyyətində olmaqla iddiaçının həmin mənzildən istifadə hüququ olduğundan iddia tələbi iddiaçının mübahisəli mənzilə köçürülmə hissəsində də təmin edilməlidir. 28.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: 29.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildən çıxarılsınlar və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar