Məhkəmə qərarları › İş №e-2(060)-5022/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5022/2023

20.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5022/2023 20.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburus qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3780 manat məbləğində pulun va 80 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. xx.xx.1978ci il təvəllüdlü Cavabdeh ondan iki dəfə müxtəlif vaxtlarda 7000 manat dəyərində qızıl-zinyət əşyaları almış, qızıl-zinyət əşyasının bir hissəsini məcburi qaydada ondan ala bilsə də, o, 3780 manat dəyərində olan qızıl zinyət əşyalarını, nə də onun dəyərini qaytarmır. Aygün onun etimadından istifadə edərək götürdüyü öhdəliyi yerinə yetirmək əvəzinə malını, mülkünü mənimsəmiş, indi də get kimə deyirsən de ona bir qəpik də olsun qaytarmayacağını deyir. Sonralar məlum oldu ki, Cavabdeh başqa şəxsləri də aldatmış, onların pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Kiçik ticarətlə məşğul olmaqla bir təhər ailəsini dolandırırdı. İndi əlində ovcunda olanları mənimsəyən Cavabdeh onun pulunu qaytarmamaqla onun ağır olan maddi durumunu bir qədər də ağırlaşdırır. Odur ki, o, da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı telefon vasitəsilə məhkəmə ilə əlaqə saxlayaraq uşağının xəstə olması səbəbi ilə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5 və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2023-cü il tarixli “Cinayat işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı müraciəti əsasında Sumqayıt ŞPİ-nin 4-cü PB-də toplanmış xx.xx.2023-cü il tarixli HK-1/488 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Cavabdeh Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli izahat ərizəsindən görünür ki, Cavabdeh bildirmişdir ki, səyyar şəkildə qızıl alqısatqısı ilə məşğuldur. İddiaçı tanıyır, bir neçə dəfə ondan qızıl alıb satmışdır. Sonuncu defə 2022-ci ilin iyul ayından sentyabr ayınadak Xuramandan ümumilikdə 7000 (yeddi min) manat dəyərində nisyə olaraq qızıl almışdır, 2023-cü ilin yanvar ayınadək həmin qızılların pulundan hissə-hissə olaraq 3300 manat ödəmişdir. Hazırda maddi vəziyyəti pis olduğundan, Parabanka kredit borcu olduğundan Xuramanın 3700 manat pulunu ödəyə bilməmişdir. Lakin 3 ay müddətində həmin pulu ödəyəcəkdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıda dəyəri 3700 manat olan qızıl-zinət əşyalarını götürsə də, nə həmin qızıl-zinət əşyalarını qaytarmamış, nə də onun dəyərini ödəməmişdir. Nəticədə Cavabdeh İddiaçı hesabına əsassız varlanmışdır. Bu hal Cavabdeh Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsində verdiyi izahatı ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bildiyindən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı cavabdehin ona 3780 manat verməli olduğunu bildirsə də iddiaçı sözügedən məbləğdən qalan 80 (3780-3700) manat hissəsində iddia tələbinin əsaslandığı halları sübuta yetirə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 3700 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən ödənilmiş 80 (səksən) manat dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3700 (üç min yeddi yüz) manat məbləğində pul və 80 (səksən) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar