Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5149/2024 04.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5051 (beş min əlli bir) manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 70,91 manat (yetmiş manat 91 qəpik) dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh 5051 (beş min əlli bir) manat ödənilməmiş borc məbləğinin, 320 (üç yüz iyirmi) manat vəkilə ödənilmiş xidmət haqqının və ödənilmiş 74,91 (yetmiş dörd manat 91 qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh müxtəlif vaxtlarda istifadəsinə götürdüyü İddiaçı nömrələri, və digər operatorlardan İddiaçı MMC-yə daşınmış mobil nömrələrdən istifadə edən zaman“cin kredit” xidmətindən istifadə edərək kreditlər götürüb, həmin kredit məbləğlərini ödəmək üçün balansı artırmamışdır. Nəticədə, 236 ədəd nömrə üzrə ümumilikdə 5112 manat məbləğində kredit götürülmüş, cəmi 61 manat ödəniş edilmişdir. Hal-hazırda İddiaçı MMC-yə 5051 (beş min əlli bir) manat ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi Vəkil2 məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi Vəkil1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, cavabdehin son üç ildə iddiaçı tərəfindən hesablanmış 3799 manat borcu qəbul edir. Cavabdeh həmin borcun yaranması ilə bağlı məlumatsız olmuşdur. Hazırda yaranmış borcu ödəməkdən boyun qaçırmır. Borcunu hissə-hissə ödəməyə razıdır. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı və son üç ildə hesablanmış borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb və sübutları hərtəfəli tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında müxtəlif tarixlərdə bağlanmış müqavilələrdən görünür ki, Cavabdeh istifadəsində olan və digər opertorlardan İddiaçı MMC-yə daşınma edərək cin kredit xidmətindən istifadə edərək ümumilikdə İddiaçı MMC-yə 5051 (beş min əlli bir) manat borcu yaranmışdır. İşdə olan xx.xx.2021-xx.xx.2024-cü il tarixə qədər cavabdehin İddiaçı MMC-yə 3799 manat mikro kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.9-cu maddəsinə görə borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Eyni zamanda iddiaçı hüquqlarının pozulduğunu 2020-ci il tarixdən bildikləri halda məhkəməyə 2024-cü ilin iyul ayında müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu səbəbdən məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin qismən təmin edilməsini və son üç ildə yəni xx.xx.2021-xx.xx.2024-cü il tarixə qədər cavabdehin İddiaçı MMC-yə 3799, 78 manat mikro kredit borcunun iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. İş üzrə ödənilmiş 74 (yetmiş dörd) manat 91 (doxsan bir) qəpik dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul iddiaçıya göstərildiyi üçün iddiaçının özünə aid edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3799 (üç min yeddi yüz doxsan doqquz) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində borc və iş üzrə ödənilmiş 74 (yetmiş dörd) manat 91 (doxsan bir) qəpik dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-5149/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5149/2024
04.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver