Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5295/2025 19.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: çoxmənzilli binanın idarə edilməsinə görə pulun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, XZR/164 saylı və xx.xx.2021-ci il tarixli, XZR/165 saylı xidmət müqavilələrinə əsasən, xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi ƏDV daxil 4868,22 (dörd min səkkiz yüz altmış səkkiz manat, iyirmi iki qəpik) AZN borc məbləğinin, hüquqi yardımın alınması görə çəkilmiş 170 (yüz yetmiş) AZN, vəkil orderinə görə ödənilmiş 300 (üç yüz) AZN və 73,39 (yetmiş üç manat, otuz doqquz qəpik) AZN ödənilmiş dövlət rüsumunun, ümumilikdə 5411,61 (beş min dörd yüz on bir manat, altmış bir qəpik) AZN, eləcə də iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi əlavə olaraq aylıq ƏDV daxil 147,96 (yüz qırx yeddi manat, doxsan altı qəpik) AZN hesablanmaqla xidmət haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh və "xxxx" Mənzil Tikinti Korperativi arasında bağlanmış xx.xx.2021-ci il tarixli, XRH12/21 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 162.99 kv.m olan mənzil, xx.xx.2021-ci il tarixli, № XRH13/21 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 83,61 kv.m olan mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Qeyd edilir ki, sözügedən mənzil "xxxx" Yaşayış Kompleksinin tərkibinə daxil olan mənzillərdən biridir. "xxxx" MTK-nın üzvlərinin Ümumi Yığıncağının xx.xx.2020-ci il tarixli, № XR/01 iclas protokoluna əsasən, həmin yaşayış kompleksinin idarə edilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Belə ki, İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, XZR/164 saylı və xx.xx.2021-ci il tarixli, XZR/165 saylı “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqavilələri bağlanılmışdır. Hər iki xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, “İdarə edən Sumqayıt şəhəri, Sahil küçəsi 13D ünvanında yerləşən "xxxx" Yaşayış Kompleksində bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi, Sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürür.” Qeyd edilir ki, müqavilələrə Əlavə №1-lərin 2-ci bəndlərində nəzərdə tutulmuş xidmətlərin, yəni təmizlik və texniki xidmətlər, mühafizə xidmətlərinin həyata keçirilməsi iddiaçının öhdəliyinə düşür. Habelə, həmin Əlavənin 3-cü bəndində qeyd edilmişdir ki, “X1 məxsus Obyekt(lər)in hər kvadrat metri üçün idarə edənə ƏDV daxil 0.60 AZN (altmış qəpik) aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür.” Belə ki, Cavabdeh məxsus olan mənzillərin həcmi 162,99 kv.m və 83,61 kv.m olduğundan, cavabdeh tərəfindən hər ay ümumilikdə ƏDV daxil 147,96 (yüz qırx yeddi manat, doxsan altı qəpik) AZN məbləğində xidmət haqqı iddiaçıya ödənilməlidir. Bildirilir ki, tərəflər arasındakı müqavilə bağlandığı andan bu günə kimi iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilmişdir. Lakin müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən Cavabdeh Yaşayış Kompleksində göstərilən xidmətlərə görə ödənişləri vaxtında və tam şəkildə təmin etmək öhdəliyini öz üzərinə götürməyinə baxmayaraq xidmət müqavilələri bağlandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixindən etibarən cavabdeh tərəfindən yalnızca 2823,34 (iki min səkkiz yüz iyirmi üç manat, otuz dörd qəpik) AZN xidmət haqqı ödəniş edilmişdir. Nəticə etibarilə, xx.xx.2021-xx.xx.2025-ci il tarixləri arasında cavabdehin hər ay üçün ödəməsi nəzərdə tutulan ƏDV daxil 147,96 (yüz qırx yeddi manat, doxsan altı qəpik) AZN xidmət haqqı ödənilmədiyi üçün, İddiaçı MMC-yə münasibətdə ümumi ƏDV daxil 4868,22 (dörd min səkkiz yüz altmış səkkiz manat, iyirmi iki qəpik) AZN həcmində borc məbləği yaranmışdır. Sözügedən müqavilənin 5.1-ci bəndinə uyğun olaraq, “öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən Tərəf bununla digər tərəfə vurduğu zərərə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı Tərəfə vurduğu zərəri tam həcmdə ödəyəcək.” Vurğulamaq lazımdır ki, cavabdehin müqavilə üzrə öhdəliklərini uzun müddət icra etməməsi və yaranmış borc məbləğini ödəməkdən yayınması iddiaçıya zərər vurmaqla hüquqi şəxsin fəaliyyətini həyat keçirməsinə də ciddi maneələr törədir. Cavabdehin həmin ödənişləri gecikdirməsi dolayı şəkildə iddiaçının da müvafiq qurumlara olan ödənişlərin ödənilməsinə və fəaliyyətini davamlı şəkildə həyata keçirməsinin axsamasına səbəb olur. Qeyd edildiyi kimi, mənzil mülkiyyətçisi olan cavabdeh ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən sözügedən mənzilin idarə edilməsi, eyni zamanda kommunal ödənişlərin müvafiq dövlət orqanlarına ödənilməsi cavabdehin hesabına iddiaçı tərəfindən həyat keçirilir. Belə olan halda cavabdeh tərəfindən xidmət haqqının vaxtı-vaxtında ödənilməməsi iddiaçının həm cavabdehə, həm də müvafiq orqanlara qarşı öz öhdəliklərini icra etməsinə maneələr yaradır. Bu səbəbdən də iddiaçının hər dəfəsində hazırkı iş üzrə cavabdehin və digər mənzil mülkiyyətçilərinin yerinə kommunal ödənişləri öz hesabına həyata keçirməsi iddiaçının maliyyə vəziyyətinin aşağı düşməsinə səbəb olur. Digər halda, yəni kommunal ödənişlər müvafiq orqanlara ödənilmədikdə isə, həmin orqanlar iddiaçını cavabdeh qismində görürlər. Qeyd edilir ki,İddiaçı MMC bazarda, həmçinin ölkədə real olaraq bilinən nüfuzlu şirkətlərdən biridir və hər hansı bir dövlət orqanına qarşı heç bir borc öhdəliyi yoxdur. Lakin mənzil mülkiyyətçisi-cavabdeh tərəfindən yol verilən hallardan dolayı, İddiaçı MMC müvafiq dövlət orqanları qarşısında həm borclu kimi çıxış edir, həm də şirkətin işgüzar nüfuzuna ciddi şəkildə xələl dəymiş olur. Qeyd edilir ki, yaranan borc məbləğinin ödənilməsi ilə əlaqədar olaraq iddiaçı tərəfindən cavabdehlə dəfələrlə əlaqə saxlanılmış, həmçinin müqavilə üzrə ödənişlərin təmin edilməsi tələbi ilə xx.xx.2025-ci il tarixli, FMG-01.25.201 saylı pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün Cavabdeh kifayət qədər möhlət də verilmişdir. Həmçinin, məktubda cavabdehə ödənişin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi və vurulan bütün zərərin əvəzinin ödənilməsi tələb ediləcəyi barədə xəbərdarlıq edilsə belə, bir nəticə əldə olunmamışdır.
b) iddiaya etiraz
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. "xxxx" MTK-nın üzvlərinin Ümumi Yığıncağının xx.xx.2020-ci il tarixli, XR/01 saylı iclas protokolundan görünür ki, həmin yaşayış kompleksinin idarə edilməsi İddiaçı MMCyə həvalə edilmişdir.
7. "xxxx" Mənzil Tikinti Korperativi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, XRH12/21 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, Sahil küçəsi 13D, 5-ci mərtəbə ünvanında yerləşən, ümumi sahəsi 162.99 kv.m olan 1 nömrəli mənzil Cavabdeh mülkiyyətinə keçmişdir.
8. "xxxx" Mənzil Tikinti Korperativi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № XRH13/21 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, Sahil küçəsi 13D, 5-ci mərtəbə ünvanında yerləşən, ümumi sahəsi 83,61 kv.m olan 2 nömrəli mənzil Cavabdeh mülkiyyətinə keçmişdir.
9. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, XZR/164 saylı və xx.xx.2021-ci il tarixli, XZR/165 saylı “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqavilələrdən görünür ki, həmin müqavilələrin 1.1-ci bəndinə əsasən, İdarə edən Sumqayıt şəhəri, Sahil küçəsi 13D ünvanında yerləşən "xxxx" Yaşayış Kompleksində bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi, Sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürür.
10. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, XZR/164 saylı və xx.xx.2021-ci il tarixli, XZR/165 saylı “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqavilələrə xx.xx.2021-ci il tarixli 1 nömrəli əlavələrin 3-cü bəndlərindən görünür ki, Sifarişçi Binadakı ona məxsus mənzil(lər)in hər 1 (bir) kvadrat metri üçün İdarə edənə bu Əlavənin 2.1-ci yarımbəndində nəzərdə tutulmuş xidmətlərə görə ƏDV daxil 0.47 manat və bu Əlavənin 2.2-ci yarımbəndində nəzərdə tutulmuş xidmətlərə görə ƏDV daxil 0.13 manat, birlikdə isə ƏDV daxil 0.60 manat olmaqla, ümumilikdə ƏDV daxil müvafiq olaraq 50.16 manat və 97.79 manat məbləğlərində aylıq Xidmət haqqı ödəməyi öhdəsinə götürür.
11. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, XZR/164 saylı və xx.xx.2021-ci il tarixli, XZR/165 saylı “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqavilələr üzrə qalıq borc haqqında 24 iyun 2025-ci il tarixli cədvəldən görünür ki, xx.xx.2021-xx.xx.2025-ci il tarixlər aralığı üçün xidmət haqqına görə cavabdehin 4868.22 manat məbləğində borcu yaranmışdır.
12. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, AXM- 25/232 saylı hüquqi xidmətlərin göstərilməsinə dair müqavilədən və xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin tərtibi üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə 170 manat pul ödənilmişdir.
13. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən Praym Leqal Vəkil Bürosuna 300 manat pul ödənilmişdir.
14. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.
b) tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Maddə 142.1. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Maddə 142.2. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; c) məhkəmə baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
18. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsi tikilib təhvil verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması, təmirinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıdığından iddia tələbi əsaslıdır.
19. Göründüyü kimi mənzil qanunvericiliyində mənzil-tikinti kooperativinin üzvlərinin çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı ödənişləri və (və ya) haqları mənzil-tikinti kooperativinin idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada ödəməsi nəzərdə tutulmuşdur.
20. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır.
21. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində və istədikləri təşkilatla müqavilə bağlamaqda sərbəstdirlər. Hazırkı iş üzrə "xxxx" MTK-nın üzvlərinin Ümumi Yığıncağının xx.xx.2020-ci il tarixli, XR/01 nömrəli iclas protokolundan görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141-ci və digər maddələri ilə müəyyən edilmiş qaydada binanın idarə edilməsi üsulu “idarəedici təşkilat tərəfindən idarə edilmə” olaraq seçilmiş və İddiaçı MMC binanın idarəedici təşkilatı təyin edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, XZR/164 saylı və xx.xx.2021-ci il tarixli, XZR/165 saylı “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqavilələr bağlanmışdır.
22. Həmin müqavilələrə əsasən cavabdeh müqavilələrdə göstərilən xidmətlərin müqabilində müqavilələr və onların müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini öhdəsinə götürmüş, yəni sifarişçi binadakı ona məxsus mənzil(lər)in hər 1 (bir) kvadrat metri üçün İdarə edənə bu Əlavənin 2.1-ci yarımbəndində nəzərdə tutulmuş xidmətlərə görə ƏDV daxil 0.47 manat və bu Əlavənin 2.2-ci yarımbəndində nəzərdətutulmuş xidmətlərə görə ƏDV daxil 0.13 manat, birlikdə isə ƏDV daxil 0.60 manat olmaqla, ümumlikdə ƏDV daxil müvafiq olaraq 50.16 manat və 97.79 manat məbləğlərində aylıq Xidmət haqqı ödəməlidir. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq kommunal xidmət haqlarını ödəməmişdir. Halbuki cavabdeh ona məxsus mənzildə yaşamaqla həmin mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına iddiaçı tərəfindən göstərilən kommunal xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə haqq ödəmək öhdəliyi daşıyır. Lakin o, heç bir əsaslı səbəb olmadan göstərilən kommunal xidmətlərə görə ödəməli olduğu haqqı ödəməkdən yayınaraq, mənzil qanunvericiliyi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə cavabdehin ödəniş etmədiyi xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi 4868.22 manat (ƏDV daxil olmaqla) borcu yaranmışdır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər. Həmçinin, qərara alınmışdır ki, çoxmənzilli binaların mənzil və digər sahələrinin mülkiyyətçiləri ilə ümumi əmlakın saxlanmasına dair xidmətləri həyata keçirən idarəedici təşkilatlar arasında müqavilə bağlanarkən Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeləri nəzərə alınmalıdır.
24. Məhkəmə cavabdehdən mənzilinin sahəsinə görə tələb edilən kommunal haqqın miqdarını da ağlabatan hesab edir. Belə ki, cavabdehdən tələb edilən məbləğ “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarının tələblərinə uyğundur.
25. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən kommunal xidmətlərə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixləri aralığında yaranmış 4868.22 manat borc cavabdehdən tutulmalıdır.
26. Məhkəmə iddia tələbinin “iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi əlavə olaraq aylıq ƏDV daxil 147.96 manat hesablanmaqla xidmət haqqı məbləğinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsaslıdır. Belə ki, işdən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixə kimi hesablanmış borcun tutulmasını xahiş edir və məhkəməyə tələblə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Belə olan halda 2025-ci ilin iyul ayı üçün də 1 nömrəli mənzilin hər kvadrat metri üçün 0.60 manat hesablanmaqla 97.79 manat (162.99 * 0.60 = 97.79), 2 nömrəli mənzilin hər kvadrat metri üçün 0.60 manat hesablanmaqla 50.17 manat (83.61 * 0.60 ≈ 50.17) olmaqla, ümumilikdə 147.96 manat borc da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi hüquqi yardıma görə 170 manat və vəkil orderinə görə ödənilmiş 300 manat pulun cavabdehdən tutulması hissəsində də əsaslı olduğundan təmin edilməlidir.
28. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 73.39 manat məbləğdə dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi qalıq 4868.22 (ƏDV daxil) manat borc məbləği, hüquqi yardıma görə ödənilmiş 170 manat, vəkil orderinə görə ödənilmiş 300 manat, iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi əlavə olaraq aylıq 147.96 (ƏDV daxil) manat hesablanmaqla xidmət haqqı və ödənilmiş 73.39 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 5559.57 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə hissəsi:
31. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, XZR/164 və XZR/165 saylı “Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqavilələrə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək qalıq 4868.22 (ƏDV daxil) manat borc, hüquqi yardıma görə ödənilmiş 170 manat, vəkil orderinə görə ödənilmiş 300 manat, iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi əlavə olaraq aylıq 147.96 (ƏDV daxil) manat hesablanmaqla xidmət haqqı və ödənilmiş 73.39 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 5559.57 manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva