Məhkəmə qərarları › İş №e-2(060)-5412/2025

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-5412/2025

13.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5412/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Rüstəmzadə Leyla Cəfər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 18-ci mkr-n, ev 10, mənzil 9 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdehlər iddiaçının övladları və nəvələridir. Onlar iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. Cavabdehlərdən Cavabdeh4 2008-ci ildə ailə həyatı qurub və həmin vaxtdan da mənzili daimi olaraq tərk etmişdir. Hazırda o, Astara rayonunda ailəsi ilə birlikdə yaşayır. Digər cavabdehlər Cavabdeh3 1992-ci ildə, Cavabdeh5 isə 1995-ci ildə ailə həyatı quraraq daimi olaraq iddiaçıya məxsus mənzili tərk etmişlər. Hazırda onlar da öz ailələri ilə birlikdə yaşayırlar. Digər cavabehlər isə iddiaçının nəvələridir. Valideynləri iddiaçıya məxsus mənzildə qeydiyyatda olduqlarından onlar da iddiaçıya məxsus mənzildə qeydiyyata düşmüşlər. İddiaçı cavabdehlərə müraciət edərək, iddiaçıya məxsus mənzildə qeydiyyatdan çıxmalarını xahiş etsə də, onlar buna məhəl qoymamışlar. Belə ki, iddiaçı artıq yaşlanmış, yoldaşı ilə birlikdə həmin mənzildə yaşayırlar. Mənzil 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. 5-ci mərtəbəyə çıxıb-düşməkdə çətinlik çəkirlər. Lakin cavabdehlər ahıl yaşlarında iddiaçıya və yoldaşına bu rahatçılığı çox görürlər. Halbuki, tərəflər onların yolunda bir valideyn kimi çox əziyyət çəkmişlər, onları böyüdüb boya-başa çatdırmışlar. Cavabdehlər könülllü olaraq qeydiyyatdan çıxmadıqları üçün iddiaçı məcbur olub məhkəməyə müraciət edir. Çünki onların iddiaçıya məxsus mənzildə heç bir hüquqları yoxdur. İddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatdadırlar. Cavabdehlərin iddiaçıya məxsus mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən cavabdehlər xx.xx.2006-cı il təvəllüdlü - Cavabdeh1, xx.xx.1981-ci il təvəllüdlü - Cavabdeh4, xx.xx.1996-cı il təvəllüdlü - Cavabdeh2, xx.xx.1999-cu il təvəllüdlü - Cavabdeh6, xx.xx.1974-cü il təvəllüdlü - Cavabdeh5 və xx.xx.1972-ci il təvəllüdlü BabayevaTəranə Qaib qızının xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1, mənzil 9-a olan istifadə hüquqlarının itirlimiş hesab edilməsi, həmçinin iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödədiyi 325 manat rüsumun da cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə tərəfindən məhkəməyə ərizə təqdim edilərək, işə qiyabi icraat qaydasında baxılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər.

5. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyinə dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehlərin iştirakları olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, Babayeva X1 Nihad Əmirxan oğlu, X4, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh3 ilə birlikdə ünvan 1, 9 saylı mənzildə qeydiyyatdadırlar.

9. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 19 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2025-ci il tarixli, 625 nömrəli ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh4 bacısı Cavabdeh5, bacısı oğlu X2, bacısı oğlu X3, bacısı Cavabdeh3 və bacısı oğlu Cavabdeh1 ünvan 1, mənzil 9 sahə ustasının tərtib etdiyi 91 saylı akta əsasən qeydiyyatda varlar, bu ünvanda yaşamırlar.

10. İş materiallarında olan Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən məlumatların təqdim edilməsi barədə xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzilə dair məlumatların və sənəd surətlərinin təqdim edilməsi barədə sorğuya aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzil xx.xx.1988-ci il tarixli, 11/753 nömrəli order əsasında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 6215 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilərək xx.xx.1992-ci il tarixli, 4591 nömrəli qeydiyyat vəsiqəsi hazırlanmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 və BabayevaTəranə Qaib qızı sözügedən mənzildə qeydiyyatdadırlar. Hazırda iddiaçı cavabdehlərin sözügedən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilmələrini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur.

14. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır.

21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

22. Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

23. İş üzrə toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi cavabdehlər uzun müddətdir ki, mübahisə predmeti olan mənzildə yaşamırlar. Cavabdehlər özünə başqa yaşayış yeri seçməklə bu ünvanda qeydiyyatları formal xarakter daşıyır.

24. Məhkəmənin hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən uzun müddət və davamlı olaraq könüllü istifadə etməməsi yaşayış sahəsinə olan ehtiyacın aradan qalxması qənaətinə gəlməyə əsas verir. Odur ki, iddia əsaslı hesab edilməli və təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir.

25. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

Nəticə hissəsi:

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 və BabayevaTəranə Qaib qızı qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən (qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra) bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar