Məhkəmə qərarları › İş №e-2(060)-542/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-542/2024

17.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-542/2024 17.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2022-ci ildə cavabdehin səmimiliyinə, tanışlıqlarına, çoxsaylı xahişlərinə, onu aldatmayacağına inanaraq ona 11200 manatlıq sementi nisyə vermişdir. O da min bir xahiş edərək ona zaman verməyini, ən qısa zamanda borcunu qaytaracağını bildirsə də pulunu vermir. Belə ki, onunla aralarında olan danışığa əsasən hətta razılaşmışdılar ki, əgər ki, o, bir il ərzində ödənişləri vaxtında etsə o zaman 5200 manat ona güzəşt edəcək, əks halda heç bir güzəşt etmədən borclu olduğu 11200 manat pulu məhkəmə qaydasında tələb edəcəkdir. Bu günə kimi cavabdeh dəfələrlə xahişlər edərək vaxt istəsə də artıq bir ildir ki, öhdəliyini icra etmir, borcu qaytarmaqdan yayınır. Dəfələrlə müraciət etsə də, əlaqə yaratmağa çalışsa da o artıq onu bu gün, ssabah deyərək get-gələ salır. Cavabdeh ödəməli olduğu borcu hələ də ödəmədiyindən və aralarındakı mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmadığından hüquqlarının müdafiəsi üçün aidiyyəti qaydada məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh üzərinə düşən öhdəliyi vaxtında icra etməmiş, borcu qaytarmamışdır. Göstərilən səbəbdən də o, ağır maddi vəziyyətə düşdüyündən, cavabdeh onun qarşısında öhdəlik daşıdığından iddianın predmeti olan pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamənin qəbul edilməsi qanunvericiliyin tələbidir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 11200 (on bir min iki yüz) manat pulun və eləcə də dövlət rüsumu kimi ödədiyi 124 (bir yüz iyirmi dörd) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddia tələbini tam şəkildə müdafiə edirlər. Keçən məhkəmə iclasında cavabdeh tərəf də iddianın etiraf edilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim etdi. Sadəcə olaraq arada olan münasibətlərin tənzimlənməsi ilə bağlı məhkəmə iclası növbəti baxışa təyin olunmuşdur. İddia ərizəsində də qeyd olunmuşdur ki, 11.200 manat məbləğində nisyə sement verilmişdir. Onlar arasında məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışdan da görünür ki, onlar arasında razılıq əldə olunmuşdur. O şərtlə ki, cavabdeh tərəf həmin puldan vaxtlı-vaxtında ödəniş etsə, o zaman ona 5200 manat güzəşt olunacaqdır. Əks təqdirdə 11.200 manat tam şəkildə məhkəmə qaydasında tələb olunacaqdır. Sadəcə olaraq cavabdeh tərəf öz üzərinə düşdüyü öhdəlikləri icra etmədiyi üçün tərəflər arasında razılaşma əldə olunmuş 11.200 manatı tam şəkildə iddia edərək istəyirlər. Buna əlavə olaraq ödənilmiş 126 manat dövlət rüsumunu da tələb edirlər. Əslində sement verildiyi üçün borc yaranmışdır. Borc və yaxud alğı-satqı olduqda belə, hər iki ehtimalda alqı-satqı münasibətləri yaranır. Mülki Məcəllədə təsbit olunmuşdur ki, borc məbləği üç min manatdan yuxarı olduğu təqdirdə yazılı şəkildə təsbit olunmalıdır. Bununla əlaqədar olaraq da sübut məhkəməyə təqdim olunmuşdur. Tərəflərin imzası ilə də təsdiq olunmuşdur. Əlavə olaraq cavabdehin iddianı etiraf etməsi qeyd olunmuşdur. Hesab edir ki, həmin etiraf da digər şəxslərin hüquqlarını pozmur. Borcu verən və alan bəllidir. Şəxs də etiraf edir ki, borc onun borcudur. Sadəcə olaraq hal-hazırda imkanı olmadığı üçün onu ödəyə bilmir. Məhkəmə müstəvisində bu borc öz təsdiqini taparsa bunun icrası daha yaxşı olar. Şəxs ümumi olaraq qeyd edir ki, mallar daşlaşdığı üçün sata bilməmiş və borcunu qaytara bilməmişdir. Onun sementi kiməsə verməsinin aidiyyatı yoxdur. Belə ki, sementi heç kimə satmaya da bilərdi. Ona verdiyi məlumata görə iddiaçı hər hansı şirkət kimi deyil, öz məhsulu kimi malı vermişdir. Borc müqaviləsi ilə bağlı üç illik müddət vardır. Üç il müddətində ödəməyəcəyi təqdirdə o, məhkəməyə müraciət edə bilməyəcəkdir. Müraciət etdiyi təqdirdə isə qarşı tərəf müddətin tətbiqi ilə bağlı ərizə verəcəkdir. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, fiziki şəxs kimi sement götürmüşdür. Şifahi razılıqları olmuşdur. Sementi nisyə vermişdir. Bunlar isə Sənan müəllimin icazəsi ilə olmuşdur. Pandemiya düşdüyü üçün sementlər daşlaşmışdır. İki min manatlıq verdiyi malın 500-600 manatlıq hissəsi daşlaşmışdır. 500-600 manatı saxlamış, qalan hissələrin isə ödəmişlər. 5200 manatı ona görə razılaşmışlar ki, cavabdeh müştərilərdən yığacağı üçün çalışacağı barədə söz vermişdir. Yığdıqdan sonra isə ödəniş etsinlər. Müştərilər ilə danışmış, onlar demişdir ki, sement daşlaşmış və atmışlar. 11200 manatın 5200 manata yaxını daşlaşmış sementdir. 6000 manatı isə ödəməmişdir. Razılığa gəlmişlər ki, aybaay 200-300 manat məbləğində ödəniş edəcəkdirlər. Şifahi 6 minə razıdırlarsa, o zaman 6 min manat öz əksini qətnamədə tapmalıdır. İddia tələbində olan 11200 manat məbləğində qaydası ilə iddia tələbini qəbul etmir. Borcu əslində 6 min manatdan da azdır. Lakin 6 min manat məbləğinə razılaşmaq da olar. Ona həqiqətən həmin dəyərdə mal verilmişdir. Məhkəmə iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 124 (bir yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdeh, şahidlər Ə.Aytac, B.Şahin və Z.Sənan tərəfindən imzalanmış xx.xx.2022ci il tarixli müqavilədən görünür ki, 11200 manat Cavabdeh GARANT BETON-1MMC-dən mal apardığı üçün borcu var idi. Müdiriyyət İddiaçı tərəfindən 5200 manat güzəşt olunmuşdur. O şərtlə ki, bir il ərzində 6000 manat borc ödənilməli və bağlanılmalıdır. Əks təqdirdə güzəşt olunmayacaqdır. 11200 manat məhkəmə yolu ilə tələb olunacaqdır. Hər ödəniş olduqda Cavabdeh imzalı və möhürlü çek təqdim olunacaqdır. Müqavilə öz aralarında bağlanılmışdır. Məhkəmə iddia tələbinin əsası kimi istinad olunan hallara əsaslanaraq hesab edir ki, iddiaçı cavabdehlə arasında olan və şahidlərin imzası ilə yazılı iltizama və onun əsasında məhkəmə iclasında cavabdehin iddia tələbini qəbul etməsinə dair mülahizələrə əsaslansa da, iddia tələbini təsdiq edən dəlillər məhkəmə iclasında təsdiq edilməmişdir. Belə ki, yazılı iltizamın həqiqliyi məhkəmədə şübhə yaratmaqla, iltizamın yazılmasında iştirak edən şəxslərin hüquqlarına toxunmaqla, iddiaçının qənaəti formal mülahizələrdən ibarət olmuşdur. Bundan başqa cavabdeh məhkəmə iclasında iddia tələbini tamamilə qəbul etməmiş, onun da öz növbəsində ona verilmiş məhsulların satışını həyata keçirilə bilməməsinin ondan asılı olmayan səbəblərdən (satdığı sementin pullarının üçüncü şəxslərdən ala bilməməsi) olduğunu bildirmişdir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Məhkəmə qeyd olunan xüsusatları nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin əsasları MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən sübut olunmadığı üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1,1091.2,1092.1-ci maddələri). Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı 11200 manat məbləğində pulun Cavabdeh alınması tələbinin əsası kimi istinad etdiyi halları və bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X2 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar