Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5550/2020 24.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı ASC «xxxx» Sığorta Şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC «xxxx» Sığorta Şirkəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Qardaşxan qızından birgə qaydada 2,362 (iki min üç yüz altmış iki) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 2,392.40 (iki min üç yüz doxsan iki manat 40 qəpik) manat pulun ASC “xxxx" Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC «xxxx» Sığorta Şirkəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində, saat 07:20 radələrində Sumqayıt şəhəri ərazisində Cavabdeh3 idarə etdiyi ASC “xxxx” Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, etibarnamə ilə Cavabdeh2 məxsus ‘'CHEVROLET Niva” minik markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yanlış manevr etmiş və nəticədə X10 idarə etdiyi “OPEL Vectra” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, daha sonra hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində “OPEL Vectra" minik markalı avtomobildə olan sərnişinlər X11 və X2 ziyan dəymiş, həmçinin “OPEL Vectra” minik markalı avtomobilə maddi zərər vurulmuş, habelə sağlamlığa xəsarət halı da qeydə alınmışdır. Sumqayıt Şəhər Pİ-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “OPEL Vectra" minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobilə 1,612 (bir min altı yüz on iki) manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 1436/19, 1916/19 və 0977/19 saylı işlərə dair sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC “xxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənlər X3 dəymiş zərərə görə 350 (üç yüz əlli) manat, X4 dəymiş zərərə görə 400 (dörd yüz) manat, “OPEL Vectra” minik markalı avtomobilə dəymiş zərərə görə X13 1,612 (bir min altı yüz on iki) manat, ümumilikdə 2,362 (iki min üç yüz altmış iki) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh3 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 2,362 (iki min üç yüz altmış iki) manat məbləğində sığorta ödənişi ASC “xxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənlərə ödənildiyindən, ASC “xxxx” Sığorta Şirkətinin “icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin tələbinə görə, Cavabdeh3 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Ona görə də, zərərçəkənlərə ödənilmiş məbləğin əvəzi 2,362 (iki min üç yüz altmış iki) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh3 ASC “xxxx” Sığorta Şirkətinin nəfinə tutulması barədə qətnamənin çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də ASC «xxxx» Sığorta Şirkəti iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC «xxxx» Sığorta Şirkəti eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında nümayəndə qismində iştirak etmək imkanları olmadığından, iddia tələbini müdafiə etdiklərini və göndərdikləri sübutlar əsasında iştirakları olmadan işə baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddia tələbi tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Belə ki, hadisə törədilən vaxt, Cavabdeh1 mülkiyyətində olmaqla, etibarnamə əsasında istifadəsində olan “CHEVROLET Niva” minik markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomobili o yox, qardaşı Cavabdeh3 idarə etmişdir. Eyni zamanda sözügedən avtomobil ASC «xxxx» Sığorta Şirkəti tərəfindən sığortalanmışdır. Yol nəqliyyat hadisəsi zamanı o, qabaq sərnişin oturacağında, iş yoldaşı Umud isə arxa sərnişin oturacağında əyləşmişdir. Ona görə də, avtomobili idarə etdiyi üçün, qardaşı Cavabdeh3 barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, cərimə olunmuşdur. İddiaçının istinad etdiyi, hadisə yerindən yayınma faktı isə öz təsdiqini tapmamışdır. Qeyd etdiklərinə əsasən, o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nin yol nəqliyyat hadisələri üzrə inspektoru polis kapitanı X12 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, TYP 107746 saylı inzibati xəta haqqında protokolun təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 ST.Sumqayıt yolu ilə Bakı- Quba yolu istiqamətində hərəkətdə olarkən, ST.Sumqayıt yolu ilə körpünün kəsişməsində “yol ver” nışanının tələbini pozaraq, “OPEL Vectra” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobildə olan sərnişinlər yüngül bədən xəsarəti almışlar. Nəticədə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, 107746 nömrəli qərarın təsdiq olunmuş surətinə əsasən, Cavabdeh3 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 (iki yüz) manat tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan ASC «xxxx» Sığorta Şirkətinin İC AA-1916/19 saylı sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, ASC «xxxx» Sığorta Şirkəti tərəfindən sığorta müqaviləsi üzrə sığortalanmış “CHEVROLET Niva” minik markalı, 99- RK-061 dövlət nömrə nişanlı avtomobillə törədilmiş sığorta hadisəsi nəticəsində X1 dəymiş zərərə görə 350 (üç yüz əlli) manat məbləğində sığorta ödənişi ödənilməsi qərara alınmış, xx.xx.2019-cu il tarixli, 13.06.19/70 nömrəli ödəniş tapşırığı əsasında ASC «xxxx» Sığorta Şirkəti tərəfindən 350 manat məbləğində sığorta ödənişi Şamxal Məmmədova ödənilmişdir. İşdə olan ASC «xxxx» Sığorta Şirkətinin İC AA-0977/19 saylı sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, ASC «xxxx» Sığorta Şirkəti tərəfindən sığorta müqaviləsi üzrə sığortalanmış “CHEVROLET Niva” minik markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomobillə törədilmiş sığorta hadisəsi nəticəsində “OPEL Vectra” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə X13 1612 manat məbləğində sığorta ödənişi ödənilməsi qərara alınmış, xx.xx.2019-cu il tarixli, 102OPEX191630091 nömrəli və xx.xx.2019-cu il tarixli, 13.06.19/18 nömrəli ödəniş tapşırıqları əsasında ASC «xxxx» Sığorta Şirkəti tərəfindən ümumilikdə 1612 (800+812) manat məbləğində sığorta ödənişi Natiq Şamilova ödənilmişdir. İş materiallarına əlavə olunmuş ASC «xxxx» Sığorta Şirkətinin İC AA-1436/19 saylı sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, ASC «xxxx» Sığorta Şirkəti tərəfindən sığorta müqaviləsi üzrə sığortalanmış “CHEVROLET Niva” minik markalı, **- RK-*** dövlət nömrə nişanlı avtomobillə törədilmiş sığorta hadisəsi nəticəsində X2 dəymiş zərərə görə 400 (dörd yüz) manat məbləğində sığorta ödənişi ödənilməsi qərara alınmış, xx.xx.2019-cu il tarixli, 04.06.19/102 nömrəli ödəniş tapşırığı əsasında ASC «xxxx» Sığorta Şirkəti tərəfindən 400 manat məbləğində sığorta ödənişi Azər Şərəfxanova ödənilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli tələbnamənin təsdiq olunmuş surətindən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh3 yazılı bildiriş ünvanlanmışdır. İşdə olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2019-cu il tarixli, ***-**** saylı arayışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixdə etibarnamə əsasında idarə etdiyi “CHEVROLET Niva” minik markalı, **-RK-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə X10 idarə etdiyi “OPEL Vectra” minik markalı, **- DL-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş, həmçinin “OPEL Vectra" minik markalı avtomobildə olan sərnişinlər X11 və X2 ziyan dəymiş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuş və hadisə yerindən yayınmamışdır. İş materiallarına əlavə olunmuş ƏN-İV seriyalı, 707067 saylı, xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “CHEVROLET Niva” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün Cavabdeh2 xx.xx.2015-ci il tarixdə 6 il 4 ay 16 gün müddətinə etibarnamə vermiş, etibarnamənin qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. İşdə olan X7 ASC «xxxx» Sığorta Şirkətinin idarə heyətinin sədri A.Sadıxova ünvanladığı xx.xx.2019-cu il tarixli, **********252 nömrəli notaral qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, “xxxx” ASC sığorta şirkətində sığortalı olan Chevrolet Niva markalı, dövlət nəqliyyat nişanı **-RK-*** olan avtomobil xx.xx.2019-cu il tarixində yol nəqliyyat hadisəsi törətmişdir. Həmin bu hadisə nəticəsində xəsarət almışdır. Şirkət tərəfindən ona verilən 400 (dörd yüz) manatla razıdır və bu hadisə ilə bağlı nə indi, nə də gələcəkdə “xxxx” ASC sığorta şirkətinə qarşı heç bir iddiası və tələbi olmayacaqdır. İş materiallarna əlavə olunmuş X6 ASC «xxxx» Sığorta Şirkətinin idarə heyətinin sədri A.Sadıxova ünvanladığı xx.xx.2019-cu il tarixli, **********545 nömrəli notaral qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ASC «xxxx» Sığorta şirkətində sığortalı olan Chevrolet Niva markalı, dövlət nəqliyyat nişanı **-RK-*** olan avtomobil yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində ağır xəsarət almışdır. Xəstəxanalarda 350 (üç yüz əlli) manat xərci çıxmışdır. Bu səbəbdən də şirkət tərəfindən ona verilən 350 (üç yüz əlli) manatla razı olmuş və buna görə də bu hadisə ilə bağlı nə indi, nə də gələcəkdə “xxxx” ÄSC sığorta şirkətində heç bir iddiası və tələbi olmayacaqdır. İş materiallarında olan cinayət işinin başlanılmasını rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 07.20 radələrində Cavabdeh3 Sirae oğlu idarə etdiyi Chevrolet Niva markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla st.Sumqayıt yolu ilə üzü Bakı-Quba yolu istiqamətində hərəkətdə olarkən st.Sumqayıt yolu ilə körpünün kəsişməsində “yol ver” nişanlarının tələbini pozaraq X10 idarə etdiyi “Opel Vectra” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomaşının yoluna çıxaraq yol nəqliyyat hadisəsi törətmiş, baş vemiş hadisə nəticəsində X11 və X14 yüngül dərəcəli, X5 zərərvurmayan bədən xəsarəti almışdır. Araşdırma zamanı Chevrolet Niva markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomaşında dördüncü şəxsin olması və avtomaşını həmin şəxsin idarə etməsi faktı öz təsdiqini tapmamışdır. Yol nəqliyyat hadisəsi zamanı X11 və X14 yüngül dərəcəli, X5 zərərvurmayan bədən xəsarəti aldığından, toplanmış marterialda cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Buna baxmayaraq, əməldə inzibati qayda pozuntusu olduğundan toplanmış təhqiqat materialı əsasında cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və sürücü Cavabdeh3 Azərbaycan Respublikası İXM-iıı 327.8-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti icra edilməsi məqsədi ilə Sumqayıt şəhər Pİ-nin DYPŞ-nə göndərilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixində, saat 07:20 radələrində Sumqayıt şəhəri ərazisində Cavabdeh3 tərəfindən idarə olunan ASC «xxxx» Sığorta Şirkətində sığortalanmış ‘'CHEVROLET Niva” minik markalı, **-RK-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə X10 idarə etdiyi “OPEL Vectra” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər və eyni zamanda “OPEL Vectra" minik markalı avtomobildə olan sərnişinlər X11 və X2 yüngül ziyan dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün ASC «xxxx» Sığorta Şirkəti tərəfindən “OPEL Vectra” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi X13 1612 (bir min altı yüz on iki) manat, X9 400 (dörd yüz) manat və X8 350 (üç yüz əlli) manat olmaqla ümumilikdə 2,362 (iki min üç yüz altmış iki) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda ASC «xxxx» Sığorta Şirkəti Cavabdeh3 yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayındığına istinad edərək, sığorta ödənişi qismində X15, X14 və X8 ödənilmiş ümumilikdə 2,362 (iki min üç yüz altmış iki) manat pulun cavabdehlərdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə icbari sığorta münasibətlərindən irəli gələn subroqasiya hüququ ilə əlaqədar yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Həmin Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 münasibətdə “İcbari sığortalar haqqında” Qanunun 25 və 63-cü maddələrində nəzərdə tutulmuş hallardan hər hansı birinin olması barədə sübut yoxdur. Belə ki, iddiaçı ASC «xxxx» Sığorta Şirkəti Cavabdeh3 sözügedən yol nəqliyyat hadisəsini törətdiyi vaxt sığortalananın hadisə yerindən yayındığını, yəni avtomobili idarə etmək hüququnun olmadığını, yəni “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halın mövcud olduğunu iddia edir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinə görə yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə qeydiyyatın, təhqiqatın və istintaqın aparılmasını təmin etmək həmin Nazirliyin vəzifələrina, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirmək, yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə inzibati icraatın həyata keçirilməsini və tənbehlərin tətbiqini təşkil etmək Nazirliyin hüquqlarına aid edilmişdir. Eyni zamanda “Polis haqqında” Qanunun 16-cı maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulması və yol nəqliyyat hadisələri üzrə təhqiqat aparmaq, səlahiyyətləri çərçivəsində inzibati tənbeh tədbirləri tətbiq etmək yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. Göründüyü kimi yol-nəqliyyat hadisəsi üzrə təhqiqat aparmaq, o cümlədən yolnəqliyyat hadisəsi törətmiş şəxsin hadisə yerindən yayınıb-yayınmadığını müəyyən etmək polis əməkdaşının vəzifəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tərtib olunmuş sənədlərdən (inzibati xəta haqqında protokol, qərar və s.) görünür ki, yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınma halı olmamış, bununla əlaqədar heç kim inzibati qaydada məsuliyyətə cəlb olunmamışdır. İşin bu halını Cavabdeh3 barəsində İnzibati Xətalar Məcəlləsinin yalnız 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə inzibati xəta haqqında protokol tərtib edilməsi, həmin Məcəllənin 327.6-cı maddəsi ilə, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati xəta haqqında protokol tərtib edilməməsi və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərar da təsdiq edir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən iddiaçı ASC «xxxx» Sığorta Şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC «xxxx» Sığorta Şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-5550/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5550/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver