Məhkəmə qərarları › İş №e-2(060)-5625/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5625/2025

09.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5625/2025 09.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 27039 manat vəsaitin, ödənilmiş 172 manat dövlət rüsumunun, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 320 manat vəsaitin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə birlikdə işləmiş və iş yoldaşları olmuşlar. Cavabdeh Sumqayıt şəhərində faizə pul verən, yəni səlimçi kimi tanınan şəxsdir. İddiaçının 2020-ci ildə maddi olaraq pula ehtiyacı yarandığından Cavabdeh faizə pul istəmiş cavabdeh də ona yalnız faizə pul verə biləcəyini söyləmişdir. İlkin olaraq cavabdeh şəxs iddiaçıya 9000 manat pulun aylıq 7 %-i vermişdir. İddiaçı 03 fevral 2022-ci ildə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialına yaxınlaşaraq 7700 manat kredit götürmüşdür. İddiaçı elə həmin gündə Cavabdeh 5000 manat pul qaytarmışdır. İddiaçının Cavabdeh 4000 manat borcu qalmışdır. Daha sonra iddiaçı cavabdehdən əlavə olaraq da 800 manat pul götürmüşdür. Ümumilikdə 4800 manat Cavabdeh borcu olmuşdur. İddiaçı borcunu qaytara bilmədiyindən Cavabdeh iddiaçıdan ona aid olan əmək haqqı kartının ona verilməsini və o da aylıq məbləği faiz ilə birlikdə onun kartından çıxaracağını bildirdi. 2022-ci ilin fevral ayından etibarən iddiaçı kartını cavabdehə vermiş və cavabdeh iddiaçının kartına gələn əmək haqqı və digər ödənişləri çıxartmağa başlamışdır. Beləliklə, 2022-ci ilin fevral ayından 2023-cü ilin noyabr ayına kimi Cavabdeh iddiaçıya məxsus olan 4127-2081-2433-0001 nömrəli kartdan ümumilikdə 27039 manat vəsaiti nağd qaydada çıxarmış və istifadə etmişdir. Beləliklə, Cavabdeh iddiaçıdan 9800 manat pulun əvəzinə 32039 manat vəsait almışdır. İddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı qarşı “borc pul tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Cavabdeh iddia ərizəsində cavabdeh İddiaçı 03 yanvar 2024-cü ildə yazılı qəbzə əsasən verilmiş 5800 manat borcun və ödənilmiş 78 manat dövlət rüsumunun cəmi 5878 manatın tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Həmin iddia tələbi üzrə hazırlıq iclası təyin olunmuşdur. Həmin iş 2(060)-4454/2025 saylı iş hakim Şəbnəm Həxiyevanın icraatındadır. Həmin məhkəmənin hazırlıq iclasında da Cavabdeh iddiaçının kartının onda olduğunu və həmin kartdan vəsaitlərin nağd qaydada bank terminallarından nağdlaşdırdığını etiraf etmişdir. Etiraz ərizəsinin əsaslandırıldığı hallar:

3. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia qaldıraraq, cavabdehdən 27039 manat vəsaitin, ödənilmiş 172 manat dövlət rüsumunun, hüquqi xidmətlərin göstərilməsinə görə ödənmiş 320 manat vəsaitin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində yazılanların heç biri həqiqətə uyğun deyildir və aşağıdakı qaydada həmin iddiaya etiraz edir. Əvvəla iddiaçı hüquqlarını müdafiə etdiyi Cavabdeh götürdüyü pulun tarixini belə dəqiq xatırlamayaraq əsassız bir iddia qaldırmışdır. Belə ki, etiraza əlavə etdikləri qəbzlərdən də göründüyü kimi iddiaçı ilk dəfə cavabdehdən xx.xx.2021-ci il tarixində öz imzası ilə qəbzə imza ataraq 1 ay müddətinə qaytarmaq adı ilə 2000 manat, daha sonra isə xx.xx.2021-ci il tarixində isə yenə də qəbzə imza etməklə 1 ay müddətinə qaytarmaq şərti ilə 7800 manat borca pul almışdır. (Qəbzlər etiraza əlavə olunur). İddiaçı 1 ay müddətində borcu qaytaracağına dair öhdəlik götürsə də, öhdəliklərinə vaxtlı-vaxtında əməl etməmiş, söz verdiyi müddətə borcu tam qaytara bilməmişdir. Yalnız və yalnız 2022-ci ilin fevral ayında iddiaçı öz təşəbbüsü ilə adına olan əmək haqqı kartını cavabdehə vermiş və hər ay hissə-hissə də olsa 300-400 manat olmaqla pulu çıxarmağını bildirmişdir. Beləliklə də, 2022-ci ilin fevral ayından 2023-cü ilin noyabr ayına kimi qeyd olunan müddətdə kart həqiqətən də cavabdehdə olmuş və hər dəfə karta pul yükləndikcə cavabdeh iddiaçının razılığı ilə gedib pul çıxarmışdır. Beləliklə də iddiaçının cavabdehə olan borcu tam olaraq bağlanılmış və aralarında hər hansı pul söhbəti olmamışdır. Qeyd olunan ərəfədə kart fiziki olaraq cavabdehdə olsa da, kart məlumatları (applicationu və proqam məlumatları) iddiaçının telefonunda olmuş, iddiaçı oradan istənilən vaxt rahatlıqla pul köçürmələri və s. əməliyyatlar edə bilmişdir. Yekunda iddiaçı cavabdehə olan 9000 manat borcu bağlandığına görə və aralarında hər hansı narazıçılıq olmadığına görə də iddiaçı xx.xx.2024-cü il tarixində yenidən cavabdehə müraciət edərək 5800 manat borca pul istəmişdir. Cavabdeh də həmin tarixdə sonuncuya qəbzə imza etdirməklə həmin məbləği sonuncuya vermişdir. (Qəbz etiraza əlavə olunur). İddiaçı həmin məbləği də qaytarmadığı üçün cavabdeh hazırda iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin ərizə hakim Ş.Həxiyevanın icraatındadır. Görünən odur ki, iddiaçı hüquqlarını müdafiə etdiyi şəxsə olan borclarını ödəməkdən yaxa qurtarmaq üçün saxta və yalan hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi guya 03 fevral 2022-ci ildə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialınnda 7700 manat kredit götürməsi, elə həmin gündə cavabdehə 5000 manat pul qaytarması da həqiqətə uyğun olmayan iftiradır. İddiaçı həmin məbləği bankdan götürsə də, özünün digər borclarına sərf etmiş, cavabdehə həmin məbləğdən pul qaytarmamışdır. Əgər həmin pul qaytarılıbsa bununla bağlı bir dənə sübut məhkəməyə təqdim etmiş olsun.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 2021-ci ilin sonu, 2022-ci il tarixində iddiaçı cavabdehdən müxtəlif vaxtlarda 9800 manat məbləğində borc pulu faizə götürmüşdür. Cavabdeh sələmçilik fəaliyyəti ilə məşğul olan şəxs kimi tanınır. 2022-ci ilin fevral ayında iddiaçı bankdan 5000 manat pul götürmüş, cavabdehə qaytarmışdır. Nəticədə onun 4852 manat borcu qalmışdır. Verilmiş bütün məbləğlər və onların faizləri əlyazmada əks olunmuşdur. Şəxs 4852 manat pulu ödəyə bilməmiş, iddiaçı isə təkidlə ödəməli olduğunu bildirmişdir. İddiaçı və cavabdeh eyni yerdə işlədiyindən Cavabdeh onun bütün gəlir məlumatlarını bilir. Daha sonra İddiaçı kartı ona verməsini tələb etmiş, həmin məbləğləri kartdan çıxarıb nağdlaşdıracağını bildirmişdir. 2022-ci ilin fevral ayından iddiaçı özünə məxsus olan əmək haqqı kartını cavabdehə təqdim etmişdir. Həmin dövrdən 2023cü ilin noyabr ayına qədər kart hesabına gələn bütün məbləğləri mütəmadi şəkildə bank hesabından çıxarmışdır. Məhkəməyə təqdim etdikləri bank çıxarışından görünür ki, heç bir bank əməliyyatı yerinə yetirilməmiş, hər biri nağdlaşdırılmışdır. İddiaçının əmək haqqı 744 manatdır. Cavabdeh 440 manatı əsas borca, qalan hissəsini isə faizə çıxmış, iddiaçını bu şəkildə aldatmışdır. 2023-cü ilin fevralına qədər 32039 manatı cavabdeh həmin hesabdan nağdlaşdırmışdır. İddiaçı 4852 manat əsas borcu qəbul edir, cavabdeh tərəfindən ona 27039 manat maddi ziyan vurulduğunu qeyd edir. Kartın sadəcə müddəti bitmişdir. Onu iddiaçıya geri qaytarmamışdır.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçı 2 dəfə, xx.xx.2021-ci il tarixində 2000 manat, xx.xx.2021-ci il tarixində isə 7800 manat pul almışdır. xx.xx.2024-cü il tarixində isə 5800 manat pul almışdır. Bununla bağlı məhkəmənin icraatında başqa iş vardır. İddiaçının banka borcu var idi, tutulmalar çox olurdu. Bu məbləğlər çıxıldıqdan sonra qalan pulu kartdan çıxarırdı. 2000 və 7800 manat məbləğində pulun hamısını çıxarmamışdır. Kart onda olmuş, müəyyən qədər o, müəyyən qədər isə özü çıxarırdı. Kart üzrə mobil tətbiq iddiaçının telefonunda olmuşdur. 200 və 300 manat olmaqla az-az pulları kartdan çəkmişdir. Sonda, noyabr ayında iddiaçının borcu qalsa da, övladının olması səbəbindən razılığa gəlmiş və halallaşmışdır. O, kirayədə qalırdı, həmçinin övladının təhsil xərclərini kartdan götürürdü. Yerdə qalan 300-400 manat isə götürürdü. 5800 manatı götürdükdən sonra ona pul və ya kart verməmişdir.

6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, iddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun deyil. İddiaçı cavabdehdən pulu hansı tarixdə götürdüyünü xatırlamır. Etiraza əlavə etdikləri qəbzlərdən də görünür ki, iddiaçı cavabdehdən 3 dəfə - 16 mart 2021-ci il tarixində 1 ay müddətində qaytarılmaq şərti ilə 2000 manat, 03 noyabr 2021-ci il tarixində yenə də qəbzə imza etməklə 1 ay müddətinə qaytarılmaq şərti ilə 7800 manat borca pul almışdır. İddiaçı öhdəliklərə əməl etməmiş, söz verdiyi tarixdə borcu tam qaytara bilməmişdir. 2022-ci ilin fevral ayında iddiaçı öz əmək haqqı kartını cavabdehə vermiş, hər ay hissə-hissə pulu çıxarmağını bildirmişdir. 2022-ci ilin fevral ayından 2023-cü ilin noyabr ayına qədər həqiqətən də əmək haqqı kartı cavabdehdə olmuşdur. Cavabdeh iddiaçının razılığı ilə həmin pulları nağdlaşdırmışdır. Beləliklə, iddiaçının cavabdehə borcu qalmamışdır. Daha sonra iddiaçı 03 yanvar 2024-cü il tarixində cavabdehə müraciət etmiş, 5800 manat borca pul istəmiş, cavabdeh də qəbzə imza etdirməklə həmin pulu iddiaçıya vermişdir. İddiaçı da həmin pulu qaytarmadığı üçün cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmin məbləği bankdan götürsə belə, cavabdehə geri qaytarmamışdır. Bununla bağlı hər hansı sübut təqdim olunmamışdır. Kartdan 1457 manat artıq pul çıxarılmışdır. Kartdan 1457 manat artıq pul çıxarılmışdır. Həmin pul məbləği isə tərəflərin şifahi razılaşması əsasında əsas borc gecikdirilməsi üçün nəzərdə tutulmuş əlavə ödənişdir. Kart tərəflərin qarşılıqlı razılığı əsasında cavabdehdə qalmışdır. Kartın cavabdehdən tələb edilməsi ilə bağlı hər hansı sübut yoxdur.

Tədqiq olunan sübutlar:

7. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı sonuncuya şəxsi istehlak məqsədilə 36 ay müddətinədək illik 20 faiz ödəmək şərtilə 7700 manat məbləğində kredit verilməsi ilə bağlı razılaşmışlar.

8. xx.xx.2021-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı iş yoldaşı Cavabdeh Mehdi qızından 2000 manat borca pul almışdır.

9. xx.xx.2021-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı iş yoldaşı Cavabdeh Mehdi qızından 7800 manat borc pul almışdır.

10. xx.xx.2024-cü il tarixli əlyazmadan görünür ki, İddiaçı iş yoldaşı Cavabdeh Mehdi qızından 5800 manat borc pul almış, bir aya qaytaracağına söz vermişdir.

Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb, sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

14. Belə ki, iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı Cavabdeh tərəfindən İddiaçı 16 may 2021-ci il tarixdə 2000 manat, 03 noyabr 2021-ci il tarixdə 7800 manat məbləğində pul vəsaiti vermişdir. Qeyd olunan tarixlərdə iddiaçı tərəfindən cavabdehdən ümumilikdə 9800 manat məbləğində vəsaitin alınması iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş əlyazmalar əsasında və eyni zamanda hər iki tərəfin məhkəmə iclaslarında verdikləri izahatları əsasında öz təsdiqini tapmaqla işin mübahisə edilməyən halıdır.

15. Hazırda iddiaçı cavabdehə ona verilmiş 9800 manat məbləğində pul vəsaitinin müqabilində 27039 manat artıq vəsaitin ödənildiyini bildirərək ödənilmiş vəsaitin geri qaytarılmasını məhkəmədən xahiş edir.

16. İddiaçının bununla bağlı dəlilləri aşağıdakılardan ibarətdir: - İddiaçı bildirir ki, onun tərəfindən "xxxx" ASC-dən 03 fevral 2022-ci il tarixdə 7700 manat məbləğində kredit götürülmüş həmin kreditin 5000 manat hissəsi iddiaçıya ödənilmişdir. - İddiaçı eyni zamanda qeyd edir ki, cavabdehə olan borcunun ödənilməsi məqsədilə özünə məxsus əmək haqqı kartını ona vermiş cavabdeh tərəfindən isə iddiaçından onun borca aldığı məbləğdən (9800 manat) artıq vəsait tutulmuşdur. - O, həmçinin iddia ərizəsində və məhkəmə iclasında izahatında qeyd edir ki, cavabdeh tərəfindən ona həmin vəsait faizlə verilmiş, onun əmək haqqı kartından borclu olduğu məbləğdən artıq vəsait faiz olaraq tutulmuş, ondan faiz məbləğinin tutulması qanuna ziddir, faizə görə cavabdeh tərəfindən alınmış pul vəsaiti qanunsuz olduğundan geri qaytarılmalıdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında qeyd edilən dəlillərə münasibətdə bildirmişdir ki, iddiaçının əmək haqqı kartından borc məbləğinin ödənilməsinin gecikdirdiyinə görə əlavə ödəniş tutulmuşdur. Eyni zamanda cavabdeh iddiaçı tərəfindən borcun ödənilməsi məqsədilə özünə məxsus əmək haqqı kartının da ona verildiyini təsdiq etmişdir. 2023-cü ilin noyabr ayınadək cavabdeh tərəfindən həmin kartdan müəyyən məbləğdə vəsait məxaric edilmişdir.

17. Məhkəmə hazırki mübahisəyə tətbiq edilməli hüquq normalarına münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı cavabdehdən 16 may 2021-ci il tarixdə 2000 manat və 03 noyabr 2021-ci il tarixdə isə 7800 manat məbləğində pul vəsaiti götürmüşdür.

18. 16 may 2021-ci il tarixdə tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuş, belə ki, tərəflər öz aralarında şifahi olaraq borcun verilməsi və qaytarılması müddəti ilə razılaşmaqla öz üzərlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi öhdəliyini götürmüşlər. Qeyd edilən normanın tərəflər arasında borcun verilməsi ilə əlaqədar hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyasına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında 16 may 2021-ci il tarixdə borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə pul vəsaitini cavabdehə vermiş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər.

20. Tərəflər arasında 03 noyabr 2021-ci il tarixdə mövcud olan münasibətlərlə bağlı məhkəmə qeyd edir ki, həmin dövrdə İddiaçı tərəfindən iddiaçıya 7800 manat məbləğində vəsait verilmiş və eyni zamanda iddiaçı bununla bağlı cavabdehə yazılı şəkildə əlyazma təqdim edərək 7800 manat borca pul aldığını və 1 aya qaytaracağını bildirmişdir. Həmin münasibət tərəflər arasında yazılı müqavilə ilə rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırki halda isə tərəflər arasında şifahi razılaşma (müqavilə) olsa da və bu şifahi razılaşma əsasında tərəflərin borc verilməsi və alınması ilə bağlı iradə ifadələri olsa da, müqavilənin yazılı formada bağlanması ilə bağlı qanunvericiliyin imperativ tələbinə riayət edilməmişdir. Belə olan halda tərəflər arasında borc vəsaitinin verilməsi ilə bağlı şifahi razılaşma Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından həmin Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından etibarsız əqddir.

21. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.

22. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar).

23. Həmçinin, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

24. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.

25. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən İddiaçı verilmiş vəsaitin onun əmək haqqı kartından tutulması işin mübahisə edilməyən halıdır. Cavabdeh iddiaçıya məxsus kart hesabından pul vəsaitlərini tutmaqla verdiyi pulun geri qaytarılmasını təmin etmişdir. Məhkəməyə sorğu əsasında təqdim edilmiş "xxxx" ASC-nin İddiaçı məxsus kart üzrə hesabdan çıxarış məlumatları əsasında cavabdeh tərəfindən həmin kartdan iddiaçının ona borclu olduğu vəsaitdən, yəni 9800 manat məbləğində vəsaitdən artıq pul vəsaitinin çıxarıldığı müəyyən edilmişdir. Cavabdeh tərəflərindən 1457 manat pul vəsaitinin çıxarıldığını etiraf edir. İddiaçının nümayəndəsi və vəkili isə iddiaçıya məxsus əmək haqqı kartından cavabdeh tərəfindən ümumilikdə 12367 manat məbləğində pul vəsaitinin çıxarıldığını bildirir. Bu məblədən 9800 manat çıxıldıqda 2567 manat əlavə ödənişin olduğu müəyyən olunur. Cavabdeh həmin vəsaitin 1457 manatan artıq hissəsinin mobil tətbiq vasitəsilə iddiaçı tərəfindən istifadə olunduğunu bildirir.

26. Hazırda iddiaçının tələbinin artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində tərəflərin iradəsi yalnız birbaşa ifadə olunmuş bəyanatlarla deyil, həm də onların davranışı ilə müəyyən edilə bilər. Hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində qəbul edildiyi kimi, şəxsin müəyyən hüquqi vəziyyəti bilməsinə baxmayaraq uzun müddət etiraz etməməsi və həmin vəziyyətin davam etməsinə imkan yaratması həmin vəziyyətin faktiki qəbul edilməsi kimi qiymətləndirilə bilər.

27. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı könüllü surətdə cavabdehə olan borcunun ona ödənilməsi məqsədilə özünə məxsus əmək haqqı kartını onun istifadəsinə vermişdir və cavabdeh tərəfindən 2023-cü ilin oktyabr ayınadək əmək haqqından tutulmaların aparılmasından xəbərdar olmuş, əmək haqqının ona məxsus olması səbəbindən miqdarından məlumatlı olmuş, qeyd edilən müddət ərzində əmək haqqından hansı məbləğdə vəsait tutulduğunu ehtimal etmək imkanına da malik olmuşdur. Lakin həmin tutulmaların dayandırılması və ya artıq tutulduğu iddia edilən məbləğin qaytarılması barədə hər hansı tələb və ya etiraz irəli sürməmişdir. Bu hal iddiaçının mövcud vəziyyəti qəbul etməsini, bəyənməsini göstərən davranış kimi qiymətləndirilə bilər. Pul vəsaitinin ödənilməsinə görə əlavə ödənişin ödənilməsi (cərimə və.s ) yazılı müqavilədə göstərilməli olduğu halda, göstərilməməsi bununla bağlı razılaşmanın əhəmiyyətsiz olması anlamına gəlməklə etibarsız olsa da, iddiaçının bu halda belə ödənişlərin tutulmasına susması, buna hər hansı etiraz etməməsi, şərait yaratması (kartı verməklə) əqdin bu hissədə bəyənilməsi ilə nəticələnmişdir.

28. Bundan başqa mülki hüququn əsas prinsiplərindən biri olan vicdanlılıq prinsipi tələb edir ki, hüquq münasibətlərinin iştirakçıları öz hüquqlarını həyata keçirərkən və dürüst davranmalıdırlar. Şəxsin müəyyən müddət ərzində mövcud hüquqi vəziyyəti qəbul etməsi, lakin yalnız sonradan və başqa mübahisə yarandıqdan sonra (hazırki iş üzrə cavabdehin iddiaçıya qarşı 5800 manat məbləğində vəsaitin ödənilməsi ilə bağlı məhkəmənin icraatında olan digər bir iş) həmin vəziyyəti mübahisələndirməsi hüququn vicdanlı həyata keçirilməsi prinsipi ilə uzlaşmır və belə davranış hüquqdan sui istifadə kimi qiymətləndirilə bilər.

29. Məhkəmə iddiaçının onun tərəfindən "xxxx" ASC-dən 03 fevral 2022-ci il tarixdə 7700 manat məbləğində götürülmüş kreditin 5000 manat hissəsinin iddiaçıya ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

30. Məhkəmə iddiaçının cavabdehə 5800 manat faiz borcunun qalması və başqa məhkəmə icraatında ondan tələb edilən 5800 manat məbləğin də məhz yeni borc deyil, faiz borcunun olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hazırki halda mübahisə predmeti iddiaçı tərəfindən ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması olduğundan qeyd edilən məsələ məhkəmənin araşdırma predmetinə daxil deyildir.

31. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirməsi, faizə pul verməsi və s. hallarla bağlı Sumqayıt şəhər prokurorluğuna müraciət etdiyini bildirmişdir. Qeyd olunan məsələ ilə bağlı iddiaçının müvafiq orqana müraciətini nəzərə alaraq məhkəmə cavabdeh barəsində xüsusi qərardad çıxarılmasına zərurət görməmişdir.

32. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh 27039 manat vəsaitin, ödənilmiş 172 manat dövlət rüsumunun, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 320 manat vəsaitin tutularaq İddiaçı ödənilməsinə dair tələbi təmin edilməməlidir.

Məhkəmə xərcləri:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi və iddiasında tələb etdiyi dövlət rüsumu da iddiaçıya aid edilməlidir.

Nəticə:

35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı Cavabdeh 27039 manat vəsaitin, ödənilmiş 172 manat dövlət rüsumunun, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 320 manat vəsaitin tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddiası təmin edilməsn. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar