Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5651/2025 25.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh ilə İddiaçı arasında 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 28 fevral 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 79 ünvanında yerləşən, ümumi sahəsi 184,9 kv.m, yaşayış sahəsi 112,6 kv.m, köməkçi sahəsi 72,3 kv.m olan fərdi yaşayış evi ona məxsus olmuşdur. 1950-ci il təvəllüdlüdür. İnsult keçirmiş, yataq xəstəsidir. Kolyaskada gəzir. Həyat yoldaşı vəfat etmiş, ikinci dəfə ailə qurmuşdur. Birinci nikahından 4 övladı var. Cavabdeh qızıdır. Cavabdeh dəfələrlə yaşadığı evə gələrək, evi ona bağışlamağını, ona baxacağını, digər övladlarını evsiz qoymayacağına onu inandırdığından və 74 yaşının olmasını, ağır xəstə olduğunu və 2-ci dəfə ailə qurduğunu nəzərə alaraq evin ona bağışlanmasına razı olmuşdur. Evi cavabdehə bağışladıqdan az sonra qərarında yanıldığını anlamışdır. O, övlad kimi onunla maraqlanmır, digər övladları ilə onun arasında nifaq yaradır. Anlamışdır ki, evi cavabdehə bağışlamaqla digər övladlarını miras hüququndan məhrum etmiş olmuşdur. Ona görə də cavabdehlə aralarında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilməlidir.
Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
3. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi”nə dair iddasının əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək 28 fevral 2024-cü il tarixdə qızı Cavabdeh ilə aralarında 1 saylı Sumqayıt “Asan xidmət” mərkəzində natariat ofisində xüsusi notarius X3 tərəfindən təsdiq edilmiş “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı qərarında yanıldığını, qızının bir övlad kimi onunla maraqlanmadığını, digər övladları ilə onun arasında nifaq yaratdığını, evi bağışlamaqla digər övladlarını mirasdan məhrum etdiyini əsas kimi göstərmişdir. Aşağıdakı səbəblərə görə iddianı əsassız hesab edir: İddiaçı ona məxsus olan mübahisələndirilən fərdi yaşayış evini öz doğma qızı Cavabdeh heç bir şərt olmadan bağışlamışdır. Cavabdeh əri X7 ilə bərabər daim onun səhəti ilə maraqlanmış, müxtəlif vaxtlarda müxtəlif müalicə müəssisələrində onu öz hesabına müalicə etdirmişdir. Hazırda da öz doğma atasını qəbul edərək onun bütün qayğılarını çəkməyə hazırdır. İddiaçı birinci həyat yoldaşından dörd uşağı, üç qızı və bir oğlu olmuşdur. Hazırda onlar çox mehribandır, aralarında heç bir torpaq və s. mübahisə yoxdur. Hər birinin öz evi, öz ailəsi var. Aralarında mirasla əlaqədar heç bir mübahisə də yoxdur. Gələcəkdə məhkəmə baxışı zamanı onlar hamısı lazımı qaydada izahat verəcəklər. Yəni göstərilən bağışlama müqaviləsi heç kəsi evsiz-eşiksiz qoymamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsində göstərilən “Bağışlamaqdan imtina”nın əsasları baş verməmişdir. Ona görə də iddia əsassız olduğundan təmin edilməməlidir, yəni rədd edilməlidir.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh ona baxmır. Cavabdehə onu öz yanına aparmasını və ona baxmasını bildirsə də, bunu etməmişdir. Hazırda Bakıda yaşayır. Xəstələndiyi zaman cavabdeh onu cəmi 1 dəfə xəstəxanaya aparmışdır. Cavabdeh heç vaxt onu öz yanına aparacağını deməmişdir.
5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, mübahisəli əmlak bağışlanarkən tərəflərin aralarında cavabdehin atasına baxması ilə bağlı şifahi razılaşma olmuşdur. Lakin indiyədək cavabdeh atası ilə maraqlanmamışdır. İddiaçının oğlu mübahisə yaradaraq evi satmağını bildirmişdir. İddiaçının ikinci dəfə evləndiyi qadın getmişdir. Ona baxması üçün cavabdehə bildirmişdir. İddiaçını sosial şəbəklərdə yayır, təhqir edir. Kameralar sındırılmışdır. İddiaçının həyatı üçün təhlükə də vardır. İddiaçı 3 aydır ki, həyat yoldaşının atası evində yaşayır. Cavabdeh ona cəmi bir dəfə 300 manat pul vermişdir.
6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, daima atasının qayğısına qalmışdır. İddiaçının ikinci ailəsi ilə də münasibətləri yaxşıdır. Həyat yoldaşı ona qarşı atmacalardan istifadə etsə də, münasibəti yaxşı saxlamışdır. Bağışlama müqaviləsi bağlanarkən heç bir şərt razılaşdırılmamışdır. Ev onun mülkiyyətindədir. Bununla bağlı çıxarış mövcuddur.
7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, iddiaçı hazırda fiziki qüsurludur. Onun qızı ali təhsilli müəllimədir. Cavabdeh iddiaçını dəfələrlə xəstəxanaya aparmışdır. İddia ərizəsində qeyd olunanlara əsasən bildirilir ki, iddiaçı evi cavabdehə bağışlamaqla digər övladlarını pis vəziyyətə qoymuşdur. Məhkəmə iclasında iştirakı təmin olunacaq şahidlər bunun belə olmayacağını təsdiqləyəcəkdirlər.
Şahid ifadələri:
8. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində bildirdi ki, 2009cu ildə iddiaçı ilə nikaha daxil olmuşdur. Cavabdeh bildirmişdir ki, qardaşı Cavid evin ona bağışlamasına razı olmuşdur. Bu şərtlə ki, həbsdən çıxdığı zaman ev onlar arasında bölüşdürüləcəkdir. Ev bağışlanana qədər onlar arasında mübahisə olmamışdır. İddiaçının oğlu həbsdən çıxdıqdan sonra evin bağışlanması ilə bağlı müntəzəm olaraq mübahisə yaradır. Bununla bağlı dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmişdirlər. Lakin buna məhəl qoymaraq mübahisəni davam etdirmişdir. Baş verən mübahisələrdən qorxduğu üçün həyat yoldaşına evdən çıxıb getmələrini təklif etmişdir. Lakin həyat yoldaşı bununla razılaşmamış və qızlarının ona baxacağını bildirmişdir. Qızları ilə əlaqə saxlamış və onlar həmin gün atasının yanına gəlmişdirlər. O isə evdən olan qonaqları birlikdə evdən çıxmış və anasıgilə getmişdir. İki-üç gün sonra həyat yoldaşı ona zəng edərək onu da yanına aparmasını bildirmişdir. Hər vaxt həyat yoldaşının qayğısına qalmışdır. Yalnız bir dəfə atası vəfat edən zaman cavabdeh onu reabilitasiya mərkəzinə aparmış və onun şəklini çəkərək ona atmışdır.
9. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 ifadəsində bildirdi ki, iddiaçı ilə münasibətləri olmuşdur. Bir yerdə işləmişdirlər. Evin necə və hansı şərtlə bağışlanması barədə məlumatı yoxdur. İddiaçının evi oğluna verəcəyini eşitmişdir. Cavabdehi isə atası xəstə olanda yalnız bir dəfə yanında görmüşdür.
10. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 ifadəsində bildirdi ki, iddiaçı atasıdır. Atası hər kəsi yığaraq evi Süsənə bağışlayacağını bildirmişdir. Onlar isə evin bacısına bağışlanmasına razı olmuşdurlar. Qızı Türkiyədə olduğu üçün orada yaşayır. Bacısı onunla əlaqə saxlayaraq atasına kömək etməsini bildirmişdir O isə təxmini 500-600 dollar məbləğində köməklik etmişdir. Bacısı həmin pul vəsaitini atasının müalicəsinə xərcləmişdir. Müqavilə bağlanan zaman Azərbaycan Respublikasında olmuşdur.
11. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 oğlu ifadəsində bildirdi ki, mənzilin bağışlanmasına dair heç bir etirazı yoxdur. Mübahisə şəxsi mənzilinin satılması ilə əlaqədardır. Onun razılığı olmadan ona aid mənzili satmışdırlar. Həmin mənzil dövlət reyestrində qeydiyyata alınmamışdır. Bacıları ilə aralarında hər hansı bir mübahisə yoxdur. Bacıları atasına həm maddi, həm də mənəvi cəhətdən köməklik etmişdirlər. Atası ilə aralarında olan məhkəmə mübahisəsi usta alətlərinin ona verilməsi ilə əlaqədardır.
Tədqiq olunan sübutlar:
12. 28 fevral 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən İddiaçı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 79 ünvanında yerləşən, ümumi sahəsi 184,9 kv/m, yaşayış sahəsi 112,6 kv/m, yardımçı sahəsi 72,3 kv/m olan fərdi yaşayış evini Cavabdeh bağışlamışdır.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixində rəsmiləşdirilmişdir.
Tətbiq edilən hüquq:
14. Mülki Prosessual Məcəllənin:
- 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.0.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
18. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 2 xüsusi mülkiyyət kimi İddiaçı məxsus olmuşdur. 28 fevral 2024-cü ildə iddiaçı daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəniz küçəsi, 79 saylı evi cavabdehə bağışlamışdır.
19. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, mübahisəli mənzilə dair bağlanılmış 28 fevral 2024-cü il tarixli bağışlama müqaviləsinin ləğvinin əsası kimi cavabdehin onun qayğısına qalmadığını, onunla maraqlanmadığını göstərmişdir.
20. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Lakin bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Digər tərəfdən, bağışlamanın heç bir cavab xidməti ilə şərtləndirilməsinə yol verilmədiyi nəzərdə tutulmuşsa da, Mülki Məcəllənin 670ci maddəsinə əsasən bağışlama müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Belə bir müqavilə şərti tərəflərin razılaşmaları nəticəsində qəbul edilir. Buna görə də əgər bağışlama hansısa bir öhdəliklə şərtləndirilməyibsə bağışlama üzrə hədiyyənin hədiyyə alan tərəfindən qəbul edildiyi ehtimal olunur.
21. Hazırki halda tərəflər arasında bağlanmış mübahisələndirilən bağışlama müqaviləsindən görünür ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verib-verməyəcəyi məlum olmayan hər hansı haldan asılı edilməmiş, bir sözlə bağışlama müqaviləsində cavabdeh iddiaçıya qarşı daim qayğısına qalacağına dair üzərinə öhdəlik götürməmişdir. Beləliklə, sözügedən müqavilədə konkret olaraq bağışlanılan əmlak barəsində cavabdehin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı hər hansı məhdudiyyətin olması müəyyən edilmir.
22. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən bağışlama müqaviləsinin ləğv edilməsi və ya imtina edilməsi üçün qanunvercilikdə nəzərdə tutulan əsasların mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
23. Müqavilənin mühüm şərti sayılan öhdəlik qanunla müəyyən edilmiş formada tərtib olunan əqdin məzmununda əks olunmadığı təqdirdə, məhkəmə tərəfin izahatına əsasən belə şərtlə müqavilə bağlanması nəticəsinə gələ bilməz. Ona görə də müqavilənin ləğv edilməsi əsası kimi hüquqi baxımdan mövcud olmayan bir şərtin pozulmasına istinad olunması yolverilməzdir.
24. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinanın 3 əsasını müəyyən edir: 1. hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi, 2. hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya 3. bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması.
25. Göründüyü kimi bağışlama müqaviləsində xüsusi olaraq göstərilməsə belə, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması hədiyyə verənin bağışlamaqdan imtina etməsi əsaslarından biridir. Bu hədiyyə alanın müqavilədən deyil, qanundan irəli gələn öhdəliyidir. İddiaçı da məhz bu öhdəliyin cavabdeh tərəfindən kobudcasına pozulmasına istinad edərək bağışlama müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş edir. Bu halları sübut etmək yükü bağışlamadan imtina edən tərəfin üzərinə düşür. Lakin iddiaçı bu hallarla bağlı da məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
26. Məhkəmə eyni zamanda qeyd edir ki, bu qaydanın formal mülahizələrlə tətbiq edilməsi qanuni əsaslarla hədiyyə almış şəxsin mülki hüquqlarının əsassız şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər.
27. Konstitusiya Məhkəməsi Plenumunun bağışlamadan imtina ilə bağlı hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir (Azərbaycan Respublikası Konstitusiyasının 17ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli Qərar).
28. Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Maddənin məzmunundan göründüyü kimi uşaqların valideynləri saxlamaq vəzifəsinin mövcud olması üçün bir sıra zəruri şərtlər nəzərdə tutulmuşdur. Buna 1) valideynlərin əmək qabiliyyətli olmaması, 2) onların maddi yardıma ehtiyacı olması daxildir. Hazırki halda isə elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumat əsasında İddiaçı yaşa görə 486,94 manat məbləğində yaşa görə pensiya aldığı müəyyən edilir. Beləliklə, hazırki iş üzrə isə cavabdehin valideyninə qarşı ailə qanunvericiliyi ilə üzərinə qoyulmuş vəzifələrin kobudcasına pozulması halı müəyyən edilmir.
29. Şahid ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, şahidlər ifadələrində cavabdehin atasının qayğısına qaldığını inkar etməmişdirlər.
30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
31. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri də iddiaçılara aid edilməlidir.
Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə İddiaçı arasında 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 28 fevral 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva