Məhkəmə qərarları › İş №e-2(060)-5698/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5698/2025

08.09.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5698/2025 08.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin borclu hüquqi şəxsin icra orqanın rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 8604,16 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - 17 avqust 1979-cu il, doğulduğu yer - Azərbaycan, Sumqayıt, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Siyəzən Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (VÖEN: **********) dövlət büdcəsinə 8604,16 manat məbləğində (o cümlədən, vergilər üzrə 6505,58 manat, faizlər üzrə 2098,58 manat) olmaqla, ümumilikdə 8604,16 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********036600 nömrəli bildiriş, xx.xx.2025-ci il tarxili **********590900 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

Tərəflərin mövqeləri:

3. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək işə Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə müvafiq olaraq iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclaslarında iştirak edən Maraqlı şəxs izahatında bildirdi ki, Siyəzən rayon X1 əvvəlki direktorunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəmə prosesləri olmuşdur. Vergi orqanlarına müraciət etsə də, bu problemin haradan qaynaqlandığı ona məlum olmamış və fərz olunmuşdur ki, borc 2006-cı ildən yaranmışdır. 1 həftədir ki, idarənin direktoru təyin olunmuşdur. Vergi ödənişlərinin mənimsənilməsindən söhbət gedə bilməz. Hesablamalarda səhv olsa da, bu səhvi aşkar emək mümkün olmamışdır.

Tədqiq olunan sübutlar:

5. “Ağac-Bəzək Bitkiləri İdarəsi”nə göndərilmiş xx.xx.2025-ci il tarixli **********036600 nömrəli bildirişdən görünür ki, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən borcların 5 gün müddətində ödənilməsi tələb edilmişdir.

6. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi tərəfindən Maraqlı şəxs göndərilmiş “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıqdan görünür ki, 10687,55 manat borcun 15 gün müddətində ödənilməsi tələb olunmuş, qeyd olunan borc ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.

7. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Siyəzən Rayon Gigiyena və Epidemiologiya Mərkəzi vergi ödəyicisi kimi ********** saylı VÖEN-lə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinin 2 Sayli Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. Hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdır.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

9. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. 24.0.2-1-ci maddəsinə əsasən vergi oranları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.

11. Belə ki, iş materialları ilə müəyyən olunur ki, vergi ödəyicisi Siyəzən Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin dövlət büdcəsinə 13579,49 manat borcu yaranmış, bu borcun 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli **********036600 nömrəli bildiriş göndərilmişdir. Lakin iş materiallarından görünür ki, qeyd edilən borc tam olaraq büdcəyə ödənilməmiş, bununla da İdarənin borclu hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır.

12. Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir və vergi ödəyicisi həmin öhdəlikləri yerinə yetirmədikdə vergi orqanının ödənişlərin ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

13. Qeyd olunan qanunvericiliyin tələblərini, iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq məhkəmə hesab edir ki, vergi ödəyicisi olan Siyəzən Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin hesablanmış vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün borcu yarandığından və həmin borc vaxtında ödənilmədiyindən, borcun ödənilməsinin təmin etmək və belə hərəkətlərin gələcəkdə yol verilməməsinin qarşısını almaq məqsədilə Siyəzən Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin icra orqanının rəhbəri vəzifəsini icra edən Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

14. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilərək borclu hüquqi şəxs Siyəzən Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin icra orqanının rəhbəri, xx.xx.1979cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır Nəticə:

15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: Ərizə təmin edilsin. Borclu hüquqi şəxs Siyəzən Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin dövlət büdcəsinə olan 8604,16 məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin Fin nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar