Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5848/2022 22.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilin alınması üçün cavabdehə verdiyi 30000 manatın və dövlət rüsumu olaraq məhkəməyə ödədiyi 181 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş qaynanasıdır. Belə ki, o, cavabdehin övladı X3 ilə xx.xx.2012-ci ildə rəsmi nikaha girmiş, bu izdivacdan xx.xx.2013cü il, xx.xx.2014 cü il və xx.xx.2020-ci il təvəllüdlü Aliyə, Aylin və Kənan adlı övladları anadan olmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmaqla atadan aliment tutulmuşdur. Cavabdeh ona qarşı “mənzildən çıxarılmaya dair” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən onun azyaşlı uşaqları ilə birlikdə cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildən çıxarılmalarına dair qətnamə qət edilməsini xahiş etmişdir. xx.xx.2013-cü il tarixli çıxarışa əsasən ünvan 2-də yerləşən ümumi sahəsi 55.6 m2 olan 46 saylı mənzil mülkiyyət hüququ əsasında cavabdehə məxsusdur. Cavabdehin iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etdiyi tarixədək həmin mənzilin dəqiq olaraq hansı qiymətə alındığından və kimin adına qeydiyyata alınmasdan heç bir xəbəri və məlumatı olmamışdır və bu gün də həmin mənzilin dəqiq olaraq hansı qiymətə alındığını bilmir, çünki cavabdeh nə həmin mənzilə dair alqı-satqı müqaviləsini, nə də iddia ərizəsinə əlavə etdiyi çıxarışı ona göstərməmiş və bu barədə heç bir məlumat verməmişdir. İlk dəfə bu barədə cavabdehdən soruşduqda cavabdeh onu döyərək uşaqları ilə birlikdə evdən qovmuş, yalnız cavabdehdən üzr istədikdən və onun tələbinə əsasən bir daha bu barədə cavabdehdən söz soruşmayacağına dair söz verdikdən sonra onu uşaqları ilə birlikdə evə buraxmışdır. Buna görə də ailənin dağılmaması üçün bir daha cavabdehdən bu barədə söz soruşmamışdır. ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilin satın alınmasına sərf olunmuş ümumi pulun 30000 manat məbləğindəki hissəsi onun valideynlərinin ona gəlin olaraq köçəcəyi zaman hədiyyə alıb vermək istədikləri cehiz və qızıl əşyalarının pulu olmuşdur. Cavabdeh toydan əvvəl onun valideynlərinə təklif etmişdir ki, qızınıza almaq istədiyiniz bütün cehiz və qızıl əşyalarını almayın, çünki həmin vaxt cavabdehin öz əri və üç oğlu ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 2B, 37 saylı, 5 otaqlı mənzil (gəlin köçəcəyi mənzil) əşyalarla dolu olduğu üçün bütün cehiz əşyalarını həmin mənzilə yerləşdirmək mümkün olmayacaq. Cavabdeh onun valideynlərinə bildirmişdir ki, oğlu Bəxtiyar ilə o, yəni gəlini həmin mənzildə bir otaqda yaşaya və öz əşyalarını yerləşdirə bilərlər və ona görə də bir yataq otağı üçün cehiz əşya gətirə bilərlər, əsas lazım olan mənzildir, gələcəkdə imkan olan kimi cehiz əşyalarının əvəzinə hər iki tərəf pul qoyub uşaqlar üçün ayrıca 1-2 otaqlı mənzil alar, sonra hər iki tərəf köməkləşib həmin mənzili lazımi əşyalarla təmin edərlər. Valideynləri və o bu təkliflə razılaşmış və ona cehiz olaraq yalnız bir yataq otağı üçün lazım olan əşyaları almış və alınmış əşyalar həmin mənzildəki onlar üçün nəzərdə tutulan bir otağa yerləşdirilmişdir. Nikaha daxil olduqları tarixdən təxminən 1 ildən çox müddət keçdikdən sonra, 2013-cü ilin sentyabr ayında cavabdeh onunla birlikdə valideynlərinin yaşadığı mənzilə gələrək valideynlərinə bildirmişdir ki, satışda olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda 5 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 2 otaqlı mənzili 53000 manata tapmış, 30000 manat məbləğindəki pulu valideynləri versin, yerdə qalan 23000 manat məbləğindəki pulu da cavabdeh əlavə edib həmin mənzili uşaqlar (Bəxtiyar və onun) üçün alsınlar. Onun valideynləri cavabdehə bildirmişdirlər ki, qızıl-zinət və cehiz əşyaları almaq üçün toydan əvvəl toplayıb saxladıqları 30000 manat məbləğində pul İddiaçıdır, istəyərsən qızıl-zinət və cehiz əşyaları alarsan, isəyərsənsə də mənzilin alınması üçün verərsən. O da həmin pulun ona və əri Bəxtiyara mənzilin alınması üçün cavabdehə verilməsinə razılıq vermiş və 30000 manat məbləğində pulu valideynlərindən alıb cavabdehə vermişdir. Həmin pulun cavabdehə verilməsinə valideynlərilə birlikdə, qardaşı X8 və onun arvadı X9 şahid olmuşlar. Cavabdehə həmin pul verildikdən sonra atası onu və cavabdehi öz avtomobili ilə gəlin göçdüyü evə aparmışdır. Cavabdehin nümayəndəsi məhkəməyə Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı ərizəsini təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia əsassızdır. Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 38 saylı evin 46 saylı mənzili 2013-cü ildə almağını keçmiş gəlini onun iddia ərizəsindən öyrənmişdir. İddiaçının və valideynlərinin həmin mənzilin alınmasından heç xəbərləri yoxdur. Belə ki, övladı X3 ilə İddiaçı Firuddin qızı xx.xx.2012-ci il tarixdə nikah qeydiyyatdan keçməklə ailə həyatı qurmuş və iddiaçı onun yaşadığı mənzilə gəlin köçmüşdür. Az müddət yaşadıqdan sonra iddiaçının dözülməz xarakterindən onları kirayəyə çıxartmışdır. 2013-cü ildə isə hal-hazırki mübahisəli mənzili almış və elə həmin ildən də oğlunun dostuna kirayə vermişdir. 2013-cü ildən 2015-ci ilə qədər oğlunun dostu həmin mənzildə kirayədə yaşamışdır. 2015-ci ildə mənzil boşaldıqda oğlu Bəxtiyar ondan xahiş etmişdir ki, kirayədə yaşamaq çətindir, icazə ver müvəqqəti olaraq biz sənin mənzilində yaşayaq. O da oğlunun ailə vəziyyətini nəzərə alaraq icazə vermişdir. Lakin, bir neçə il keçdikdən sonra yenə də gəlininin xarakteri, davranışları xoşuma gəlmədiyi üçün tələb etmişdir ki, onun mənzilini tərk etsinlər. Hətta bir dəfə onları mənzildən çıxartmışdır. Məhkəmə iclasında iddiaçı izahatında göstərdi ki, iddianı müdafiə edir, valideynləri onun üçün nikahdan əvvəl cehiz alınmasına görə pul yığmışdırlar. O, 2013-cü ilin sentyabr ayında cavabdeh olan qaynanası ilə valideynlərinin yaşadığı mənzilə gəlmişdir. Həmin vaxt cavabdeh onun valideynlərinə bildirmişdir ki, cehiz üçün yığılan pulu yeni ailə quran cütlüyə ev alınmasına sərf etsinlər. Bundan sonra onun atası 30000 manat məbləğində vəsaiti cavabdehə vermişdir. Evin alınması üçün 23000 manatı qaynanası, 30000 manatı isə valideynləri vermişdir. Həmin 30000 manat onun cehizi üçün yığılan puldur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi onun göstərdiklərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında onun ərizəsi ilə eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, o, iddiaçının atasıdır. Övladını gəlin köçürməmişdən əvvəl cavabdeh ona demişdir ki, ev balaca olduğuna görə 1 otaqlıq cehiz alsın. Sonra cavabdeh ona bildirmişdir ki, 55-60 min civarında ev satılır, onu köməkləşib alaq, cehizi sonra verərsiz. Bu məqsədlə 2013-cü ilin sentyabr ayında qızı Kəmalə cavabdeh olan qaynanası ilə onların evinə gəlmişdir. O, 30000 manat pulu Kəmaləyə, Kəmalə də cavabdehə vermişdir. Evin dəyərindən qalan 23000 manatı da Mahirə qoymuşdur. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, o, iddiaçının anasıdır. Qızı gəlin köçəndə 1 otaqlıq mebel cehiz vermişdir. Pul yığmışdırlar. Cavabdeh demişdir ki, 18-ci mkr-da ev var pul qoyaq onu alaq. 2013-cü ilin sentyabr ayı idi qızı Kəmalə cavabdeh olan qaynanası ilə onların evinə gəlmişdir. Əri 30.000 manat pulu Kəmaləyə, Kəmalə də cavabdehə vermişdir. Həmin məbləğ toyda yığılan, həm də ailələrinə məxsus maşının satışından əldə olunan vəsait hesabına düzəldilmişdir. Oğlu da 1500 manat maaş alırdı. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, o, iddiaçının qardaşıdır. 2013cü ilin sentyabr ayında bacısı Kəmalə cavabdeh olan qaynanası ilə onların evinə gəlmişdir. 30000 manat pulu valideynləri Kəmaləyə, Kəmalə də cavabdehə vermişdir. Sonra atası onları avtomobillə evlərinə aparmışdır. Pulu verəndə otaqda olmuşdur. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərdi ki, iddiaçı onun baldızıdır. 2013-cü ilin sentyabr ayında Kəmalə cavabdeh olan qaynanası ilə onların evinə gəlmişdir. 30000 manat pulu qaynatası X11, Kəmalə də cavabdehə vermişdir. Pulun sayılıb-sayılmadığını görməmiş, amma pul veriləndə görmüşdür. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - ******* №-li, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Teymurov Çingiz Mürsəl oğlu Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 38 saylı evin 46 saylı mənzilini Cavabdeh 40.700 manata satmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 38 saylı evin 46 saylı mənzilinin mülkiyyətçisi Cavabdehdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4370/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Firuddin qızının azyaşlı uşaqları (xx.xx.2013cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il tarixli X5) ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. - Gədəbəy Rayon Məhkəməsinin 2(042)-344/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmaqla atadan aliment tutulmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçının keçmiş qaynanasıdır. O, cavabdehin oğlu Bəxtiyar Quliyevlə xx.xx.2012-ci ildə rəsmi nikaha girmiş, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə həmin izdivac pozulmuşdur. xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mübahisəli mənzili Teymurov Çingiz Mürsəl oğlundan 40.700 manata almış və həmin mənzilə dair cavabdehin mülkiyyət hüquqları xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı cavabdehə 30000 manat məbləğindəki vəsaitin verilməsini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır. Belə ki, iddiaçı cavabdehə 30000 manat pulun onunla keçmiş ərinin yaşaması üçün ev alınması məqsədilə verilməsi, həmçinin bu məbləğin Cavabdeh tərəfindən mübahisəli mənzilin alınmasına sərf olunmasına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etmədi. Məhkəmı, iş üzrə dindirilmiş şahidlərin ifadələrinə yənqidi yanaşaraq, onların iddiaçının yaxın qohumları (ailə üzvləri) olduqlarından bu ifadələri işin nəticəsində maraqlı şxslərin mövqeyi kimi qiymətləndirilməklə yanaşı, göstərdiklərinin digər mötəbər sübutlarla təsdiqlərini tapmadıqlarından həqiqətə uyğun hesab etmir. Belə ki, 30000 manat pulun iddiaçının valideynlərinin onun nikahından bir il üç aydan sonra cehiz pulu şəklində mənzil alınmasına kömək məqsədilə cavabdehə verilməsi, həmin mənzilin iki il ərzində başqa şəxsə kirayə verilərək iddiaçının ailəsi ilə orada yaşamaması, həmin dövrdə özlərinin kirayədə yaşamaları alqı-satqı müqaviləsinin tərəfi, eləcə də əmlakın mülkiyyətçisinin cavabdehin olması şahid ifadələrini şübhə altına almağa əsas verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliklərinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilin alınması üçün cavabdehə verdiyi 30000 manatın və dövlət rüsumu olaraq məhkəməyə ödədiyi 181 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-5848/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5848/2022
22.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver