Məhkəmə qərarları › İş №e-2(060)-5850/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5850/2025

23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5850/2025 23.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 5320 manat pul vəsaitinin, eləcə də 73,20 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh dələduzluq edərək onun 4300 manat pulunu mənimsəmişdir. Onun bu əməlindən şikayət vermiş və barəsində Azərbaycan Respublikası CM-nin 178.1.maddəsi ilə cinayət işi qaldıraraq işi məhkəməyə göndərdilər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2028-ci il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası CM-nin 178.1.maddəsi ilə təqsirli bilinərək 2 il islah işləri cəzasına məhkum edildi. Hökmdən apellyasiya şikayəti vermişdir. İş Apellyasiya Məhkəməsində baxılarkən cavabdeh məhkəmədən yayındı, barəsində axtarış elan edildi. O, yalnız 2025-ci ildə tapılaraq məhkəməyə verildi. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən onun barəsində amnistiya aktı tətbiq edildi və o, cinayət məsuliyyətindən azad edildi. Hazırda o, azadlıqdadır. Lakin hələ də cinayət qaydasında ona vurduğu ziyanı ödəmir. İstintaq zamanı cavabdeh 500 manat ödəmişdir və ona cinayət qaydasında vurduğu ziyanın məbləği 3800 manatdır. Cavabdeh könüllü olaraq vurduğu ziyanı ödəmədiyi üçün mülki qaydada məhkəməyə müraciət edir. Cavabdeh 3800 manatını 8 ildir ki, özündə saxlayır. Bu isə ona bu illər ərzində pulun inflyasiyası ilə də ziyan vurmuşdur. Zərərçəkmiş kimi bu illər ərzində inflyasiya nəzərə alınmaqla pulunu tələb etmək hüququ var. Bu illər ərzində 3800 manata hər il 5 fazidən hesablamaqla, cavabdehin ona vurduğu ziyanın miqdarı 5320 manat təşkil edir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(060)-224/2018 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək tutulduğu 1 ay 1 gün müddət Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti islah işlərinin bir gününə dörd gün hesablanmaqla, üzərində qəti olaraq aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il 8 ay 27 gün müddətinə islah işləri cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirin ləğv edilməsi və məhkəmə iclas zalından həbsdən azad edilməsi hökm edilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-224/2018 nömrəli, 18 iyul 2018-ci il tarixli hökmünün ləğv edilməsi, Cavabdeh barəsində «8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.8 və 9.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır.

Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

10. Belə ki, mülki iş materialları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı, sonuncunu "xxxx" MMC-də ticarət nümayəndəsi vəzifəsinin bərpasına köməklik edəcəyini bidirərək xx.xx.2017-ci il tarixdə 1500 manat, xx.xx.2017-ci il tarixdə 1500 manat, xx.xx.2017-ci il tarixdə 1300 manat, ümumilikdə 4300 manat pul almışdır.

11. Məhz qeyd edilən əməl də nəzərə alınmaqla Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(060)-224/2018 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək tutulduğu 1 ay 1 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti islah işlərinin bir gününə dörd gün hesablanmaqla, üzərində qəti olaraq aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il 8 ay 27 gün müddətinə islah işləri cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin onun qazancından tutulmaların aparıldığı tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirin ləğv edilməsi və məhkəmə iclas zalından həbsdən azad edilməsi hökm edilmişdir.

12. Beləliklə, cavabdehin qeyd olunan işin müqabilində iddiaçıdan 4300 manat məbləğində pul vəsaiti alması qanuni qüvvəsini almış məhkəmə hökmü əsasında öz təsdiqini tapır. Məhkəmə iclasında iddiaçı cinayət işinin istintaqı zamanı cavabdeh tərəfindən 500 manat məbləğində ödəniş edildiyini bildirmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona 3800 manat məbləğində pul vəsaitinin və həmin vəsaitin gecikdirilməsinə görə illik 5 faiz məbləğində pul vəsaitinin ona ödənilməsini tələb edir.

13. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

14. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

15. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

16. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

18. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

19. Məhkəmə qeyd edir ki, cavabdehin hərəkətləri (işə düzəlməsində köməklik edilməsi) qanuni əsaslara söykənməmişdir. Beləliklə cavabdeh iddiaçının etibarından sui istifadə edərək, aldadaraq onun pul vəsaiti ələ keçirilmişdir. Cavabdehin hərəkətlərinin qanununsuz olması Məhkəmənin qanuni qüvvəsini almış hökmü ilə də öz təsdiqini tapmışdır.

20. Azərbaycan Respublikası Mülki Prosessual 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni cinayət əməlinin olub-olmaması və bu əməlin kim tərəfindən törədilməsi ilə bağlı cinayət işinə baxmış məhkəmənin hökmdə gəldiyi nəticələr mülki işə baxan məhkəmə üçün məcburidir.

33. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı). Beləliklə işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki cavabdehin təqsirli, hüquqazidd hərəkəti nəticəsində iddiaçıya 4300 manat məbləğində maddi ziyan vurulmuşdur. İddiaçı cavabdeh tərəfindən həmin pul vəsaitinin 500 (beş yüz) manat hissəsinin geri qaytarıldığını bildirmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, qalan vəsaiti, yəni 3800 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

29. Məhkəmə qeyd edir ki, cavabdehin təqsirli hüquqazidd hərəkəti nəticəsində iddiaçıya 3800 manat məbləğində zərər vurulması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

30. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan həmin hissədə təmin edilməlidir.

21. Məhkəmə iddianın 5 faiz borcun hesablanması hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, cavabdehin iddiaçıya məxsus pul vəsaitlərini əsassız əldə etməsi yuxarıda adı qeyd edilən məhkəmə hökmü ilə öz təsdiqini tapsa da, həmin işdə iddiaçı maddi ziyanın qaytarılması ilə bağlı tələb irəli sürməmiş və hökmlə mülki iddia, yəni maddi ziyanın qaytarılması məsələsi həll edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Normanın məzmunundan göründüyü kimi gecikdirilmiş məbləğə illik 5 faizin ödənilməsi pul vəsaitinin ödənilməsinin gecikdirilməsi halında mümkündür. Hazırki halda isə pul vəsaitinin geri qaytarılmalı olması məsələsi hazırki mülki mübahisənin nəticəsi olaraq araşdırılmış, müəyyən edilmiş və cavabdehin öhdəliyindən irəli gəlməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 3800 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 58 (əlli səkkiz) manat hissəsi tutulmalıdır.

Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 58 (əlli səkkiz) manat hissəsi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar