Məhkəmə qərarları › İş №e-2(060)-5957/2023

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-5957/2023

31.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5957/2023 31.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 20210517 nömrəli müqavilənin ləğv edilərək ödədiyi 13000 manat məbləği və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, 12689.60 manatın və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, xx.xx.2021-ci il tarixli müqavilə əsasında cavabdeh 310.40 manat məbləğində tikinti materialları almış, onun həyətinə gətirib qoymuş və hal-hazırda həmin tikinti materialları onun tərəfindən istifadə olunmuşdur. İddia onunla əsaslandırılmışdır ki, onunla fiziki şəxs kimi Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, 20210517 nömrəli müqavilə imzalanmışdır. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ona məxsus olan torpaq sahəsində ümumi sahəsi 105 kv metr olan, 1 mərtəbəli fərdi yaşayış evinin tikinti (tikinti, damın vurulması, daxili və xarici divarların suvanması, plastik pəncərələrin alınıb qoyulması, hasarın yola olan hissəsinin hörülməsi, 10 kub metr çirkab su anbarının qazılıb tikilməsi işləri) işlərinin görülməsini öz üzərinə götürmüşdür. O öz üzərinə düşən öhdəliyi icra edərək göstəriləcək xidmətin ümumi dəyəri olan 26000 manatın 50%-i – 13000 manat məbləğində pul vəsaitini cavabdehin tələbi ilə işə başlaması üçün xx.xx.2021-ci ildə 481213 nömrəli kassa mədaxil orderinin qəbzi ilə cavabdehə ödəmişdir. Lakin, cavabdeh öz üzərinə düşən öhdəlikləri icra etməmiş, ona məxsus torpaq sahəsində heç bir tikinti işi görməmişdir. Dəfələrlə şifahi müraciət etməyinə baxmayaraq cavabdeh tikinti işini aparmadığı üçün onun yaşayış yeri olmadığına görə o özü həmin torpaq sahəsində özü üçün yaşayış evi inşaat etmişdir. Hazırda ona məxsus olan 13000 manat pul vəsaiti cavabdehin qanunsuz sahibliyindədir və cavabdeh həmin məbləği geri qaytarmaqdan imtina edir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, tələbin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, AR MPM-nin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tikinti işlərinin aparılması üçün ümumilikdə 13000 manat pul ödənilmişdir. - xx.xx.2021-ci il tarixli, 20210517 saylı müqavilədən görünür ki, Cavabdeh MMC İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ümumi sahəsi 105 m2 olan, 1 mərtəbəli fərdi yaşayış evinin tikinti (tikinti, damın vurulması, daxili və xarici divarların suvanması, plastik pəncərələrin alınıb qoyulması, hasarın yola olan hissəsinin hörülməsi, 10 m3 çirkab su anbarının qazılıb tikilməsi işləri) işlərini öz üzərinə götürmüş, texniki çertyojlarla irəli gələn şərtlərlə tamamilə razılaşmışdır. - xx.xx.2021-ci il tarixli, 20210517 saylı xidmət müqaviləsinə 01 №-li Əlavə qiymət razılaşma protokolundan görünür ki, göstəriləcək xidmətin ümumi dəyəri 26000 manat təşkil edir. - Pretenziya məktubundan görünür ki, cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər aralarında bağlanmış müqavilələrə əsasən cavabdeh iddiaçıdan aldığı 13000 manat pulun müqabilində üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, iddiaçıya məxsus torpaq sahəsində heç bir tikinti işi görməmişdir. Cavabdeh 310.40 manat məbləğində tikinti materialları almış, iddiaçının həyətinə gətirib qoymuş və hal-hazırda həmin tikinti materialları iddiaçı tərəfindən istifadə olunmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Qeyd olunan Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında razılaşma olmuş, cavabdeh iddiaçıya ondan aldığı pul müqabilində xidmətlər göstərmək barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən 12689.60 manat dəyərində xidmətin göstərilməməsi iş materialları ilə təsdiq olunur. Ona görə də iddia bu hissədə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşdən göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən iddia bu hissədə də təmin olunmalı, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 20210517 nömrəli müqavilə ləğv edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, iddia bu hissədə də təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış .05.2021-ci il tarixli, 20210517 nömrəli müqavilə ləğv edilsin. Cavabdeh MMC-dən 12689.60 manat məbləğində ziyan və ödənilmiş 100 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar