Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5993/2024 24.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 24 oktyabr 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9950 (doqquz min doqquz yüz əlli) manat məbləğində borcun, ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun və vəkilə ödənilmiş 300 (üç yüz) manatın tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2020-ci il tarixdə xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə notarial qaydada 10000 (on min) manat borc pul verib. Lakin cavabdeh kimi geri qaytaracağını öz öhdəsinə götürsə də, müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina etmişdir. Bu günə qədər həmin borcdan yalnız bir dəfə 50 manatını geri qaytarmışdır. Borcunu qaytarmadığına görə dəfələrlə ondan müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi və borc məbləğinin qaytarılması tələb olunsa da, cavabdeh öhdəliyin icrasından yayınmışdır. Hər dəfə borcunu ödəməsini tələb etdikdə onu dilə tutaraq ortaq tanışlarının vasitəsi ilə başqa vaxt ödəyəcəyinə onu razı salmışdır. Başa düşmüşdür ki, onun bu pulları qaytarmaq fikri yoxdur və onu aldatmaq niyyətindədir. Hazırda maddi cəhətdən vəziyyəti ağırlaşmışdır. Halbuki cavabdehə verdiyi pulu vaxtında alsaydı, bu vəziyyətə düşməzdi. O pulu daha faydalı işlərə xərcləmiş olardı. Cavabdeh onun pulunu özündə əsassız olaraq saxlamaqla ona maddi cəhətdən ziyan da vurmuşdur. Buna görə də hesab edir ki, həmin pullar məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməlidir. Lakin rüsum ödəməyə imkanı olmadığına görə əlavə pulları tələb edə bilmir. Ona görə də, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, onun iddiaçıya 4470 manat borcu qalıb. Onunla iddiaçı arasında belə bir razılaşma var ki, o, qeyd etdiyi məbləği ödəsə, iddiaçı iddiasını icra mərhələsində də olsa, geri götürəcək. Hazırda iddiaçının tələb etdiyi məbləğdə pulun tutulmasına dair qərar çıxarılmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin onun etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş 10 minlik borc müqaviləsi vardır. Müqavilə üzrə cəmi 50 manat ödəniş edilmişdir. Pul ev tikilməsiylə bağlı alınmışdır. Ev tikilib qurtardıqdan sonra borc qaytarılmalı idi. Lakin, qarşı tərəf borcu heç hissəli olaraq da qaytarmamışdır. Cavabdehin həmçinin bir neçə şəxslərə qarşı da oxşar əməlləri olmuşdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 10000 (on min) manat məbləğində borc pul vermişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi imzalanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 9950 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 119.20 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərclərə dair məhkəməyə hər hansı sənəd (ödəniş qəbzi və s.) təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9950 (doqquz min doqquz yüz əlli) manat məbləğində pul və ödənilmiş 119,20 (bir yüz on doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-5993/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5993/2024
24.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver