Məhkəmə qərarları › İş №e-2(060)-6095/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6095/2022

26.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6095/2022 26.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 AS-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması tələbinə dair iddiası üzrə mülki işə 26 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 AS-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanındakı bağ evinin alqı-satqısı ilə bağlı ünvan 2ariusu X27 tərəfindən təsdiq olunmuş (Reyestr nömrəsi 4Ə-792) xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında Cavabdeh1 Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın ləğv olunması, mübahisələndirilən bağ sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçının sahibliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanındakı bağ evinin alqı-satqısı ilə bağlı ünvan 2ariusu X27 tərəfindən təsdiq olunmuş (Reyestr nömrəsi 4Ə-792) alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bağ evi 35000,0 (otuz beş min) manata Cavabdeh1 satılmışdır. Alqı-satqı müqaviləsinin nəticəsində Cavabdeh1 Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış” verilmişdir. Həmin müqavilə etibarsız hesab olunmalı və “Çıxarış” ləğv olunmalıdır. Belə ki, mərhum həyat yoldaşı X9 adına qeydiyyata alınmış birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, Novxanı bag massivi, ərazisində yerləşən 1601b saylı bağ evi təxminən 2007-ci il tarixdə “Çinar” X5 (VÖEN:**********) götürməli olduğu kredit vəsaiti ilə əlaqədar Cavabdeh2 ASC-də ipoteka ilə yüklü edilmişdir. Mərhum həyat yoldaşı həmin bağ evini ipoteka ilə yüklü edərək götürdüyü kredit vəsaitini özünə məxsus “Çinar” STB-də həyata keçirdiyi biznesində istifadə etmiş və sonradan müflis olmuşdur. Sonrakı proseslərdən onun heç bir məlumatı olmamışdır. Çünki, mərhum həyat yoldaşının səhhətində olan problemlərlə əlaqadar, əmək qabiliyyətini itirmiş və demək olar ki, heç bir işlə məşğul ola bilməmişdir. Həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə mərhum həyat yoldaşı X9 qanuni vərəsəsi olmağı ilə bağlı ona “Şəhadətnamə” verilmişdir. Qeyd etdiyi bağ sahəsində 1993-cü ildən etibarən mərhum həyat yoldaşı ilə onun birgə razılığı əsasında həyat yoldaşının qardaşı X3 rayonundan məcburi köçkün olduqları üçün öz ailəsi ilə məskunlaşmışdırlar. Uzun illər ərzində də yenə də onların razılıqları əsasında orada yaşamışlar. Mərhum həyat yoldaşı vəfat etdikdən sonra da onların orada yaşamaqlarına mane olmamışdır. Təxminən 2022-ci ilin may ayının ortalarında onlara məxsus olduğunu ehtimal etdiyi bağ evində yaşayan mərhum həyat yoldaşının qohumları onunla əlaqə saxlayaraq, bağ evinin kredit borcu ilə əlaqədar bank tərəfindən onlara təzyiqlər göstərildiyini, banka olan borc ödənilmədiyi təqdirdə bankın bağ evini satışa çıxardacağını bildirdilər. Bundan sonra o, həmin qohumlarından bankla danışıqlar aparmaqlarını və hansı məbləğdə borcun qaldığını öyrənərək, ona bildirmələrini, yəni onun adından bankla müvafiq danışıqlar aparmaqlarını xahiş etmişdir. Bundan sonra həmin qohumları ona “Qaçqın və X39 üzrə Dövlət Komitəsi”ndən məcburi köçkün olmaqları ilə bağlı müvafiq arayış alaraq banka təqdim etdiklərini və buna görə də bankın artıq onları narahat etməyəcəklərini bildirdilər. Onun ümumiyyətlə bankın bağ evini öz adına rəsmiləşdirməsindən və ya satışa çıxartmaq niyyətinin olmasından məlumatı olmamışdır. Həmin ərəfələr mərhum həyat yoldaşının il dönümü ərəfəsi olduğu üçün, həmçinin səhhətində olan problemlərlə əlaqədar bağ evi ilə bağlı bankla maraqlana bilməmişdir. Bir müddət keçdikdən sonra, təxminən 2022-ci ilin avqust ayının ortalarında bağ evinin banka olan borcunu ödəyərək, haqqı olan əmlakı geri qaytarmaq məqsədilə bankla əlaqə saxlayaraq danışıqlar aparmaq qərarına gəlmiş və bağ evinin bank tərəfindən satıldığını öyrənmişdir. Araşdırdıqdan sonra ona məlum olmuşdur ki, mərhum həyat yoldaşının qeyd olunan bağda yaşayan qardaşı X11 oğlu X33 və Cavabdeh1 ona yalnış məlumat verməklə bankla gizli əlaqəyə girərək, özlərini mərhum həyat yoldaşının qanuni varisləri kimi təqdim edərək, həmin bağ evini 2022-ci ilin iyun ayının əvvəllərində 35000,0 (otuz beş min) manata satın almışlar. Bundan sonra o, cavabdehlərlə əlaqə saxlayaraq, onun etibarından sui-istifadə etdiklərini, onu aldatdıqlarını, bağ evini ona geri qaytarmaqlarını bildirsə də, həmin bağ evini ona 105000,0 (bir yüz beş min) manata geri qaytaracaqlarını bildirdilər. Bildirmək istəyir ki, 30 ilə yaxındır heç bir ödəniş tələb etmədən öz mülklərində saxladıqları şəxslərin onun etibarından sui-istifadə etməklə onu aldadaraq əmlakını qəsdən ələ keçirməkləri heç bir çərçivəyə sığmır. Mərhum həyat yoldaşının qardaşının övladları onun haqqı olan əmlakı ələ keçirmək məqsədilə onun cavabdehlərə olan inam və etibarından sui istifadə etmişlər. Çünki, onlar həmin bağda yaşadıqları üçün bankla bağlı gələn müraciətləri ona təqdim etməli idilər. Bankın bağ evini satmaq niyyəti barədə ona məlumat verməli idilər. Onların həmin bağda yaşamaqları bankın rəsmi müraciətlərinin ona gəlib çatmasına mane olmuşdur. Öz çirkin niyyətlərini həyata keçirmək, bağ evini ucuz qiymətə alaraq daha sonra baha qiymətə satmaqla külli miqdarda gəlir əldə etmək məqsədilə ona qarşı dələduzluq etmişlər. O, cavabdehlərə güvənərək, etibar etmiş və düşünməmişdir ki, cavabdehlər ona yalan məlumatlar verərlər. Bankın səlahiyyətli nümayəndəsi də ona cavabdehlərin özlərini mərhum həyat yoldaşının varisləri kimi təqdim etdiklərini bildikləri üçün bağı onlara satmağı daha uyğun hesab etdiklərini və onun əslində qanuni varis olduğunu bilmədiklərini bildirdilər. Bankla danışıqlar zamanı həmin şəxslərin bağ evinin mülkiyyətçisinin varisləri olduqlarını ehtimal etdiklərini bildirmişlər. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında xx.xx.2004-cü il tarixli 298 saylı Sərəncamın 2-ci bəndində Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməməsi tapşırılmışdır. Bu baxımdan da, həmin bağ evindən onların çıxarılmasına heç vaxt təşəbbüs göstərməmişdirlər və orada yaşadıqları 30 il ərzində heç bir ödəniş tələb etməmişdirlər. Həmin bağ evində ona və ailəsinə, övladlarına məxsus şəxşi əşyalar, ev və məişət əşyaları hələ də qalmaqdadır. Lakin, buna baxmayaraq cavabdehlərin onlara güvənmələrindən sui-istifadə edərək, həm də dövlətlərinin onlara göstərdiyi qayğı və hümanizmdən sui-istifadə edərək, onun haqqı olan əmlakını hüquqlardan sui-istifadə edərək, ələ keçirmişlər. Əgər onlar ona bankın bağ evini satışa çıxarmaq fikrinin olduğunu bildirsəydilər, o, həmin bağ evini özü alardı. Bu həm də onun birgə nikah dövründə əldə etmiş olduğu üçün, eyni zamanda mərhum həyat yoldaşının qanuni varisi olduğu üçün haqqı idi. Onun cavabdehlərə olan etibarından sui-istifadə etməklə, ona yalan məlumatlar verərək onu yubadaraq, özləri həmin əmlakı ələ keçirmişlər. Qeyd olunan bağ evinə verilmiş “Çıxarışda” faktiki tikili ərazi və torpaq sahəsi öz əksini tapmır. Həmin bağ evi 12 sot topaq sahəsinin içərisində 900 kv.metr tikili sahədən ibarətdir. Yəni həmin bağ evini onlar aldıqdan sonra orada uzun müddət tikinti işləri həyata keçirmişdirlər və sonradan məcburi köçkünləri orada yerləşdirdiklərinə görə həm təmiri, həm də faktiki sahə üzrə sənədləşmə işlərini həyata keçirə bilməmişdirlər. Hazırda bağ evini ələ keçirən şəxslərin də elə bu diqqətini çəkmişdir. Real dəyərindən dəfələrlə ucuz qiymətə bank tərəfindən təklif olunan bağ evini ona yalan məlumat verməklə əldə edərək, gələcəkdə dəfələrlə baha qiymətə satışa çıxarmaqla külli miqdarda gəlir əldə etmək məqsədləri olduğundan, bu əməllərini ondan gizli həyata keçirmişlər. Bundan başqa, o, hesab edir ki, bank özü də bağ evini hazırda əldə edən şəxslərə 35000,0 (otuz beş min) manata satmaqla əsl haqqı olan sahibinə satdığını düşünmüşdür. Çünki, əks təqdirdə bank dəfələrlə baha qiymətə sata biləcəyi bir əmlakı hazırda əldə edən şəxslərə 35000,0 (otuz beş min) manata niyə satsın ki. Sonradan bildiyi qədər bankın həmin bağ evinə 250000,0 (iki yüz əlli min) manata real müştərisi də olmuşdur. Həm məcburi köçkünlərin bağ evindən çıxarılmasının müəyyən çətinliklər yaratmasını, həm də müraciət edən şəxslərin guya varis olduqlarını düşünərək, bank bağ evini real dəyərindən dəfələrlə ucuz qiymətə yalançı şəxsə satmışdır. Yəni, əgər mərhum həyat yoldaşının qardaşı və uşaqları həmin bağ evində yaşamasaydılar, həmin bağ evi onun istifadəsində olsa idi və ya bağ evinin satışa çıxarılması barədə ona məlumatın verilməsinə mane olmasalar idi, onlar heç bir zaman həmin bağ evini belə dəyərindən dəfələrlə ucuz qiymətə əldə edə bilməzdilər. Onların həmin bağ evini əldə etməklərinə şərait yaradan səbəb məcburi köçkün olduqları üçün bağ evində uzun müddət yaşamalarına icazə verməkləri olmuşdur. Göründüyü kimi, birgə mülkiyyətlərində olan əmlakın əvəzsiz istifadəyə verildiyi mərhum həyat yoldaşının qohumlarının bağ evində məcburi köçkün olduqları üçün dövlətin tələbi ilə onlardan asılı olmayan səbəblərdən uzun müddət yaşamaqları, onun tapşırığı əsasında onun xeyrinə bankla danışıqlar aparmalı olduqları halda bunu etməmələri, qanuni varis və birgə nikah dövründə əldə olunmuş əmlakın əvvəlki sahibi olaraq ona məxsus olan üstünlük hüququnu hüquqdan sui-istifadə nəticəsində əldə etmələri, bu yolla əslində ona məxsus olan hüquqları ələ keçirməklə bağ evini mənimsəmələrinə yol verilməməsinin qanuni əsasları qanunvericilikdə istər birbaşa, istərsə də analogiya üzrə öz əksini tapmışdır. Bağ evini əldə edən şəxslər həmin bağ evində yaşamasaydı ona məxsus üstünlük hüququnu heç bir halda məlumatlı olub əldə edə bilməzdi. Onların həmin bağ evində yaşamaqları da qeyd etdiyi kimi onun iradəsindən asılı olmamışdır. Ona görə də bağ evinin alqı-satqısı ilə bağlı müqavilə etibarsız hesab olunmaqla, Cavabdeh1 verilmiş xx.xx.2022-ci il tarixli “Çıxarış” ləğv olunmalıdır. İddia ərizəsində qeyd etdiyi xüsusatların hər birisi tam əsaslıdır və obyektivdir. Həmin xüsusatları mərhum həyat yoldaşının qardaşı X24, bacıları X15, X28, X4, onların həyat yoldaşları X10, X16, X17 və X6 da təsdiq edə bilərlər. Yuxarıda qeyd etdiklərinə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən bağ evini o, xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri 14 sayılı notariat ofisində alqı-satqı müqaviləsi əsasında əldə etmişdir (Reyestr nömrəsi 4Ə-792). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəli mülkiyyət hüququnu təsdiq edən sənəd - Çıxarış əldə etmişdir. Hal hazırda da həmin daşınmaz əmlak onun mülkiyyətində və istifadəsindədir. O, ailəsi ilə birlikdə həmin evdə yaşamışlar. Yuxarıda göstərilən əmlakı o, bankdan kredit götürərək və qohumlarından borc alaraq əldə etmişdir. Hesab edir ki, İddiaçı iddiası tamamilə əsassızdır və rədd edilməlidir. Onların 2007-ci il tarixində Cavabdeh2 ASC-dəki ipotekaya dair mübahisələrinin onunla heç bir əlaqəsi yoxdur. Belə ki, keçən müddət ərzində Cavabdeh2 qanuni olaraq həmin fərdi yaşayış evini balansına keçirtmiş və bankın mülkiyyətində olan daşınmaz əmlaka dair istənilən sərəncamı vermək hüququna sahib olmuşdur. Nəticədə, onlar alqı-satqı yolu ilə, tam qanuni olaraq, vicdanlı vətəndaş kimi həmin əmlakı əldə etmişdirlər. Onlar həmin əmlakı əldə etməsəydilər belə, başqa şəxslər də həmin əmlakı alqı-satqı yolu ilə əldə edə biləcəkdilər və belə bir vəziyyətdə onların da əmlak hüququna qarşı iddia tələbi nə dərəcədə doğrudur? Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı əsassız iddiasının rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehin valideyni iddiaçının mərhum yoldaşının qardaşıdır. İddiaçı və onun məhrhum əri tərəfindən qardaş kimi cavabdehə və onun ailəsinə bağ sahəsində yaşamağa icazə verilmişdir. İddiaçının əri bankda olan məsələ üzrə bütün işlərlə özü məşğul olurdu. Ailə üzvləri mərhumun vəfatından sonra bankdakı qohumlarının vasitəsi ilə işlə maraqlanmış, əvvəlcə bank, daha sonra isə cavabdeh tərəfindən bağ sahəsinin alındığı məlum olmuşdur. Belə ki, cavabdeh Banka yaxınlaşaraq varis olduğunu bildirmiş, o, Bankda işləyən və qardaşının arvadı – Çinarə xanımın bankla olan əməkdaşlıq münasibətlərindən istifadə edərək güzəşt edilməsini xahiş etmiş və nəticədə bağı ala bilmişdir. İddiaçı bağı geri almaq istədikdə cavabdeh ondan 105000 manat pul istəmişdir. Hazırkı müqavilə iddiaçı tərəf kimi onların maraqlarına toxunduğu üçün mübahisələndirilir. Vüsalın məsələ ilə bağlı bankla söhbət etməsi və daha sonra Talehin banka getməsi, sonuncuda belə bir fikir yaradıb ki, tərəflər bağa dair razılığa gəliblər. Bu yanılmadır. Bank əməkdaşının təkidi nəticəsində yanılma baş verib. Belə ki, Talehin qardaşı arvadı Çinarə bank üçün belə bir zəmin yaradıb. Bankın işçisi öz üstünlük hüququndan istifadə edərək, buna nail olub. Hüquqdan sui istifadə edən Cavabdeh1 digər cavabdehi – bankı yanıladaraq belə bir əqd bağlayıb. Cavabdeh 35000 manat pul ödəyərək 150000 min manat dəyərində əmlaka sahib olur. Nəticədə banka heç bir maddi ziyan dəymir. Bağ bazar dəyərindən dəfələrlə aşağı satılmışdır. Bağ sahəsinin dəyəri təxminən 180-200 min manatdır. Bununla bağlı məhkəməyə sənəd də təqdim edilmişdir. Bundan başqa məhkəmənin özü tərəfindən də qiymətləndirilmə keçirilə bilər. Hesab edirlər ki, bank cavabdehi bağın real sahibi zənn etdiyi üçün ona güzəşt edibdir. Bu səbəbdən müqavilə etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etiraz ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia tələbini qəbul etmir. İlk növbədə onu qeyd edir ki, valideynləri 1992-ci ildə mübahisəli bağda məskunlaşıb, özü idə 1996-cı ildə orada doğulmuşdur. O və ailə üzvləri heç bir qeyri-qanuni iş görməmişdirlər. Belə ki, bağ Bankın mülkiyyətində olmuşdur. Bankın nümayəndələri onları çıxartmaq üçün tez-tez bağa gəlmiş, o bununla bağlı hər dəfə Vüsala məlumat vermişdir. Hətta sonuncu dəfə bağı boşaltmaq üçün bank tərəfindən onlara iki həftə vaxt da verilmişdir. Daha sonra onlara Bankla razılığa gəlməli olduqlarını bildirmişlər, onlar Bankla danışıb bağı almışdırlar. Qeyd edir ki, bununla bağlı sənədlərə imza atılanda orada Vüsalın adı olmamışdır. Onu da bildirir ki, Vüsalın qohumları ona zəng edərək məsələ ilə bağlı onu təhdid edirlər. Aralarında heç bir barışıq yoxdur, barışmaq fikri də yoxdur, belə ki, o, evi satmaq istəmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X20 iddia tələbinə dair izahat verərək bildirdi ki, bank mübahisəli mənzili həmin mənzildə yaşayan şəxslərə satmışdır. Bu zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məlumatı var ki, ilk olaraq bağ mərhumun oğluna təklif olunmuşdur. Lakin sonradan həmin şəxs bağın alınması üçün müraciət etməmişdir. Bank bağı satarkən alıcının X9 vərəsəsi olmadığını bilmişdir. İddia ərizəsi banka daxil olduqda tərəflər qohum olduğu halda hazırki mübahisənin yaranma səbəbi onlara məlum olmamışdır. Bank mübahisəli mənzili həmin evdə yaşayan şəxsə satmışdır. Göstərilənlərə əsasən hesab edir ki, mübahisələndirilən alqısatqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 bildirmişdir ki, Zümrüd onun anasıdır. Onların hüquqlarından qarşı tərəf sui istifadə edib. Aprel ayında bibisi oğlu onunla əlaqə saxlayıb dedi ki, bank evi satmaq istəyir. Cavabdehin qardaşının yoldaşı Çinarə bankda işləyir və tanışlıq verib bankla bu məsələnin həll edilməsinin mümkün olduğu bildirilmişdir. O, müəyyən vəsait toplayıb, bankla əlaqə saxladıqda, bank ona evin sahiblərinə satıldığını bildirmişdir. Atası hər zaman əmisinə maddi dəstək olub, onu hətta atası işə düzəldib. Məsələ ilə əlaqədar Turalla danışmışdır. Belə ki, evi Talehin adına keçirilməsi məsələsəni Tural həll etmişdir. Tural 44000 manat pulun müqabilində Talehin torpağı qaytaracağını bildirmişdir. Bununla əlaqədar o, notariusa getmiş, ancaq Taleh notariusa gəlməmiş, Tural ona Talehin 100000 manat pul istədiyin bildirmişdir. Buna görə də aralarında mübahisə yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, hər iki tərəf onun qohumudur. Cəbrayıl onun qaynıdır. Torpaqlar azad olunandan sonra qaynı Mikayıl və qaynının uşaqları evə dair alqı-satqı edib. Cəbrayıl mübahisəli evlə bağlı tapşırığının olduğunu eşitməmişdir. Əgər belə bir söhbət olsaydı, onun da, yoldaşının da xəbəri olardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 bildirmişdir ki, hər iki tərəfi tanıyır. 1993-cü ildə məcburi köçkün olmuşdular və onların hamısının ümid yeri Cəbrayıl İbadov olmuşdur. Cəbrayıl İbadov bağı banka girov qoyaraq kredit götürmüşdür. Günlərin birində Mikayıl bank əməkdaşlarının onları narahat etdiklərini bildirmişdir. Bibisi nəvəsi Çinarə bankda işlədiyindən onunla əlaqə saxlayaraq işi həll etməyə çalışmışdırlar. Onlar məsələnin tam həlli üçün vəsait toplayırdılar. Həmin vaxt Vüsal onlarla əlaqə saxlayaraq Talehin bağ evini öz adına keçirdiklərini bildirmişdir. Əlavə olaraq bildirdi ki, Vüsal evin qaytarılması üçün bütün xərcləri ödəməyə də hazır idi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 9-cu mkr, ev 29/26, mənzil 20 və X1 nizamnamə kapitalının məbləği 20 manat nizamnamə kapitalındakı faizi 100% olan paydan ibarətdir. İşdə olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağı küçəsində yerləşən 1601 B nömrəli yaşayış evi X9 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 qızı Sumqayıt şəhəri, Novxanı bağı küçəsində yerləşən 1601 B nömrəli yaşayış evini 35000 manata Rabitə Bank ASC-dən almışdır. İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağı küçəsində yerləşən 1601 B nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İşdə olan AZ-İİ JQ 326660 saylı nikah haqqında şəhadətnamənin görünür ki, X22 ilə X12 xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 330 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada İbadova soyadı verilmişdir. İşdə olan 187 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, 1601 bağ evinin (Çıxarış üzrə ümumi sahəsi 368,80 kv metr torpaq sahəsi 0.0384 ha Faktiki sahəsi 900,0 kv metr , torpaq sahəsi 0.12 ha) hazırki satış qiyməti 187000,0 (bir yüz səksən yeddi min) manat təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş Hərrac təşkilatının Hərracın yekunları barədə 77/01 saylı protokolundan görünür ki, 24 oktyabr 2012-ci il tarixdə saat 15:00-da X13 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən , 1601 bağ evinə dair hərrac keçirilmiş, hərraca çıxarılan bağ evinin satış qiyməti 25500 manat müəyyən olunmuşdur. X44 ASC qalib gəlmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Rabitə Bank ASC X13 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən , 1601 bağ evini 25500 manat ödəməklə hərracdan almışdır. İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağı küçəsində yerləşən 1601 B nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Rabitə Bank ASC-nin adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1601b saylı evə dair Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı həmin müqavilənin etibarsız hesab edilməsi və mübahisəli mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bununla bağlı qeyd edilməlidir ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir (Mülki Məcəllənin 146.1 və 146.2-ci maddələri). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 oğu ilə Cavabdeh2 ASC arasında Sumqayıt şəhəri, Novxanı bağı küçəsində yerləşən 1601 B nömrəli yaşayış evinə dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi müqavilə azadlığı prinsipinə uyğun qaydada bağlanmaqla həmin müqavilənin bağlanması zamanı daşınmaz əmlakın alqı-satqısına dair qaydalara riayət edilmişdir. Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). İddia ərizəsinin məzmunundan və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan görünür ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 347-ci maddəsi təşkil edir. Belə ki, iddiaçı cavabdeh bankın mübahisələndirilən müqaviləni bağlayarkən yanıldığını, Cavabdeh1 özünü banka X9 qanuni varisi kimi təqdim edərək müqavilə bağlanmasına nail olduğunu bildirmişdir. Mülki Məcəllənin 347-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər (347.1). Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir (347.2). Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur (347.4). Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur (347.7) Göründüyü kimi qanunericiliyin tələblərinə görə yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, müqavilənin yanılma nəticəsində bağlanması yalnız müqavilənin tərəfi olan şəxslərdən hər hansı biri tərəfindən irəli sürülə bilər. Yəni müqavilə tərəfi olmayan üçüncü bir şəxs müqavilə tərəfinin müqavilə bağlayarkən yanıldığını iddia edə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, cavabdeh bankın nümayəndəsi məhkəmə iclasında alqı-satqı müqaviləsinin hər hansı yanılma nəticəsində deyil, qanunvericiliyinin tələblərinə uyğun olmaqla, müqavilə bağlanarkən əmlakın C.İbadovun vərəsəsi olmayan İbadov Taleh Bəxtiyar oğluna satıldığını bilərək bağlanmışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh1 Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması edilməsi hissəsində iddia tələbi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız edilməsi ilə əlaqədar olduğundan və həmin hissədə iddia tələbi təmin edilmədiyindən çıxarışın ləğvi hissəsində də iddianın təmin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edlmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 AS-yə qarşı qlqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar