Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6178/2022 28.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər üzrə pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məcburi icra tədbirləri zamanı iddiaçı tərəfindən ödənilmiş 410,55 manat məbləğində icra ödənişi və 293,25 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər olmaqla, cəmi 703,80 manat məbləğində pulun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(105)- 2437/2017 nömrəli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 08 may 2013-cü il tarixli, 112768-1-6515 nömrəli avtomobil krediti müqaviləsi ləğv edilmiş, cavabdehdən 08 iyul 2016-cı il tarixə cəmi 10874,79 ABŞ dollarının və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan “Chevrolet Aveo minik” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi, avtomobilin açıq hərracda satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış, icra vərəqəsi verilmiş və icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 25 oktyabr 2021-ci il tarixli 174/44 №-li sifariş məktubuna əsasən cavabdehə məxsus “Chevrolet Aveo minik” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın da baş tutmaması səbəbindən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC-nin 10 yanvar 2022-ci il tarixli, 579/21 №-li protokoluna əsasən cavabdehə məxsus “Chevrolet Aveo minik” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən əldə edilmişdir. İddiaçı tərəfindən "xxxx" MMC-yə hərracın keçirilməsinə görə xidmət haqqı olaraq 248,52 manat məbləğində pul ödənilmişdir. İddiaçı tərəfindən X1 hesabına 44,73 manat məbləğində 18 % ƏDV ödənilmişdir. İddiaçı tərəfindən dövlət büdcəsinə 410,55 manat məbləğində 7% icra ödənişi köçürülmüşdür. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, icra sənədinin icrası hələ də davam edir. Borclu tərəfindən icra xərcləri ödənilmədiyindən icra məmuru icra xərclərinin ödəniləcəyi təqdirdə icra hərəkətlərinin həyata keçiriləcəyini bildirmişdir. İddiaçı da məcbur olaraq icra xərclərini ödəmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, hal-hazırda işləmir və himayəsində azyaşlı övladı var. Onun maddi imkanı aşağıdır. Bu səbəbdən ödənişləri yerinə yetiə bilmir. O, avtomobii kreditlə almışdır. Lakin borcunu ödəyə bilmədiyi üçün avtomobili etibarnamə ilə başqa şəxsə satmışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1984-cü ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(105)-2437/2017 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2017-ci il tarixli 2(060)-724/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçının cavabdehə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 08 may 2013-cü il tarixli, 112768-1-6515 nömrəli müqavilənin ləğv edilməsi, cavabdehdən 10427,71 ABŞ dolları məbləğində əsas borc, 402,39 ABŞ dolları məbləğində faiz borcu, 44,69 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 10874,79 ABŞ dollarının alınaraq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan “Chevrolet Aveo minik” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi, avtomaşının açıq hərracda satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına cavabdehin borcunun iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. "xxxx" MMC-nin 579/21 saylı, xx.xx.2022-ci il tarixli protokoluna əsasən “Chevrolet Aveo minik” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra vərəqəsinə əsasən keçirilmiş iki hərrac baş tutmadığından iddiaçı tərəfindən 5865 manata əldə edilmişdir. 10 fevral 2022-ci il tarixli, ********* №-li ödəniş tapşırığı ilə müəyyən olunur ki, iddiaçı tərəfindən X1 hesabına 2(105)-2437 saylı icra sənədinə əsasən 410,55 manat məbləğində icra ödənişi köçürülmüşdür. 10 fevral 2022-ci il tarixli, ********* №-li ödəniş tapşırığı ilə müəyyən olunur ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2022-ci il tarixli, 579/21 №-li hesab-fakturaya və EBBQ seriyalı 563034 №-li elektron qaiməyə əsasən cavabdehə məxsus “Chevrolet Aveo minik” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satışına görə xidmət haqqı olaraq 248,52 manat məbləğində pul ödənilmişdir. 10 fevral 2022-ci il tarixli, ********* №-li ödəniş tapşırığı ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, 579/21 №-li hesab-fakturaya və EBBQ seriyalı 563034 №-li elektron qaiməyə əsasən X1 hesabına 44,73 manat məbləğində pul ödənilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi tələb edilmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir (8.2.). İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır (78.1.). İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir (79.1.). İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə: borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına; bu Qanunla müəyyən edilmiş qaydada icra hərəkətlərinin həyata keçirilməsi zamanı dəvət olunmuş tərcüməçilərə, hal şahidlərinə, mütəxəssislərə və digər şəxslərə müvafiq haqqın ödənilməsinə; tutulmuş məbləğin tələbkara poçtla köçürülməsinə (göndərilməsinə); icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər aiddir (79.2.). İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür (81.1.). Göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(105)-2437/2017 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı hazırda həmin xərcləri cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir (431.1.). Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü ºəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin ºəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir (431.3.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Məhkəmə hesab edir ki, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər cavabdeh tərəfindən ödənilməli olduğu halda, iddiaçı tərəfindən ödənilmişdir. Bununla da iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(105)-2437/2017 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı iddiaçı tərəfindən ödənilmiş icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 703 manat (yeddi yüz üç) manat 80 (səksən) qəpik pul, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-6178/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6178/2022
28.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver