Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6294/2025 02.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə xüsusi icraat qaydasında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək ərizədə qeyd olunan hüquqi şəxslər tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 33631,27 manat, İşsizlikdən sığorta fonduna olan 177,16 manat, İcbari Tibbi Sığorta Fonduna olan 22,42 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxxxx 1976-cı il, Doğulduğu yer - AZƏRBAYCAN, SUMQAYİT, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Sumqayıt Şəhər Sağlamlıq X2 Üçün xüsusi məktəbin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 3,87 manat, Dövlət Sosial Müdafiə Fonduna 328,63 manat, İcbari Tibbi Sığorta Fonduna 22,42 manat, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sumqayit Şəhər Təhsil Şöbəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 33302,64 manat, İşsizlikdən sığorta fonduna 173,29 manat olmaqla, ümumilikdə 33830,85 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********726800, **********737400, **********752300, xx.xx.2024-cü il tarixli **********963400, **********474000 nömrəli bildirişlər, xx.xx.2025-ci il tarixli **********234800 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Maraqlı şəxs məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli əmri ilə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Sumqayıt şəhər Təhsil şöbəsi ləğv edildiyi üçün onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Abşeron-Xızı Regional Təhsil İdarəsində sektor müdiri vəzifəsində çalışmışdır. xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək Sumqayıt şəhər inteqrasiya təlimli internat tipli gmnaziyanın direktoru vəzifəsində çalışmışdır.Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, № KQ-15 saylı qərarına əsasən təsdiq edilmiş 3 nömrəli əlavə ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısı yeni redaksiyada təsdiq edilmişdir.Həmin qərarın 3.48-ci bəndinə əsasən Sumqayıt şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın təşkilati-hüquqi forması və statusu dəyişdirilərək, ümumi təhsil müəssisələrinə, yəni xüsusi ümumitəhsil məktəbinə çevrilmiş, müəsssənin adı Sumqayıt şəhəri xüsusi ümumtəhsil məktəbi adlandırılmış, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyinə verilmişdir.xx.xx.2023-cü il tarixdən Sumqayıt şəhəri xüsusi ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışır. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq bildirişi üzrə şikayət təqdim edərək bildirmişdir ki, bildirişdə həm AR Təhsil Nazirliyinin Sumqayıt şəhər Təhsil Şöbəsi, həmdə Sumqayıt şəhər Sağlamlıq X2 üçün Xüsusi Məktəb üzrə Məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı üzrə borc məbləğinin hansı illər və hansı dövrlər üzrə yarandığı bildirişdə qeyd edilməmişdir.Sumqayıt şəhər Təhsil şöbəsində 2019-2022-ci illərdə müdir vəzifəsində çalışmışdır. Həmin dövrdə belə bir borcun olması barədə ona heç bir şikayət təqdim edilməmişdir.Eyni zamanda Sumqayıt şəhər Təhsil şöbəsi ləğv edilmiş,onun bazasında Abşeron-Xızı regional Təhsil İdarəsi yaradılmış,Sumqayıt şəhər Təhsil şöbəsinin VÖENİ də ləğv edilmişdir. VÖENİN ləğvi zamanı da belə bir borcun olması bildirilməmişdir. Hazırda Sumqayıt şəhər Sağlamlıq X2 üçün Xüsusi məktəb üzrə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı üzrə ödəmələri Abşeron-Xızı regional Təhsil İdarəsi həyata keçirir. Ərizəçinin nümayəndəsi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən baxış iclasında ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 izahatında bildirdi ki, etirazla tanışdırlar. Vergi məcəlləsinin 34.3-cü maddəsinə əsasən 40 gün müddətində məlumat verməli idi. Eyni zamanda hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanuna əsasən 9.1-ci maddəsinə əsasən hüquqi şəxslər hüquqi şəxslərin hər bir sənədində edilən dəyişiklik qeydiyyata alınmalı və 40 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Lakin xeyli müddət keçməsinə baxmayaraq onlar müraciət etdikdən sonra ərizə ilə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişinə dəyişiklikdən görünür ki, Maraqlı şəxs öz arzusu ilə müddətsiz əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Maraqlı şəxs tərəflərdən birinin təşəbbüsü ilə müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Maraqlı şəxs tərəflərdən birinin təşəbbüsü ilə müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyi və X3 arasında xx.xx.23023-cü il tarixində əmək müqaviləsi bağlanmışdır. Abşeron-Xızı regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri/ ümumi təhsil müəssisələri/ Sumqayıt şəhər sağlamlıq X2 üçün xüsusi məktəbdə əsas direktor vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan ********** nömrəli ödəniş tapşırığından görünür ki, Abşeron-Xızı RTİ tərəfindən ARNK İcbari Sığorta DA-nın hesabına 25.96 manat ödəniş edilmişdir. İş materiallarında olan ********** nömrəli ödəniş tapşırığından görünür ki, Abşeron-Xızı RTİ tərəfindən Dövlət Məşğulluq Xidmətinin hesabına 3.87 manat ödəniş edilmişdir. İş materiallarında olan ********** nömrəli ödəniş tapşırığından görünür ki, Abşeron-Xızı RTİ tərəfindən ƏƏSMN DSMF Mərkəzi Sosial Sığortasının hesabına 328.63 manat ödəniş edilmişdir. Məhkəmə ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, tərəflər arasında yaranmış ölkədən getmək hüququnun məhdudlaşdırılması üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qüvvədə olan Vergi Məcəlləsinin müddəaları əsasında hüquqi qiymət verilməli, habelə əlaqəli hüquq normaları üzrə təhlil aparılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsində qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda-məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsində deyilir ki, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Verilmiş ərizənin düzgün həlli üçün nəzərə alınmalı hallardan biri də odur ki, Azərbaycan Respublikası Konstitusiyasının azadlıq hüququnu təsbit edən 28-ci maddəsinin İİİ hissəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Göründüyü kimi ölkədən getmək hüququ, Konstitusiyada nəzərdə tutulmuş fundamental hüquq olan azadlıq hüququnun tərkib hissəsidir. Həmin maddənin İİ hissəsində göstərilir ki, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 4 saylı protokolunun 2-ci maddəsində də hərəkət etmək azadlığı tanınaraq göstərilir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin ikinci hissəsinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu baxımdan borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması onun konstitusiya əhəmiyyətli hüquqlarına müdaxilə elementini özündə ehtiva edir. Bu cür müdaxilə isə qanunilik və ədalətli tarazlıq prinsiplərinə cavab verməlidir. Qanunilik prinsipi o deməkdir ki, məhdudlaşdırmanın qanuni əsasları olmalı, qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmalıdır. «Ədalətli balans» prinsipi özlüyündə müdaxilə edilən hüquqa nisbətdə ona bərabər marağın mövcudluğunu nəzərdə tutur. Ölkədən getmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, bu tədbir tətbiq edilərkən, tətbiq edilən vasitə ilə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Hazırda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə xahiş, bu prinsiplərə cavab verir. Çünki ərizə verginin ödənilməsi kimi ictimai maraqdan irəli gələn zərurətlə əsaslandırılmışdır. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir. (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin iş üzrə Maraqlı şəxs oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi əsaslı olduğundan təmin olunmalı və borc ödənilənədək həmin şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Mülki Prosessual Məcəllənin 355-7.1-ci maddəsində qeyd olunmuşdur ki, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-7.4-cü maddəsində qeyd olunmuşdur ki, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Sumqayıt Şəhər Sağlamlıq X2 üçün Xüsusi Məktəbin (VÖEN: **********) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sumqayit Şəhər Təhsil Şöbəsinin (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 33830,85 manat vergi və sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri Maraqlı şəxs oğlunun (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******, xx xxxxxxxx 1976-cı il təvəllüdlü) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-6294/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6294/2025
02.10.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver