Məhkəmə qərarları › İş №e-2(060)-6521/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6521/2023

06.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6521/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2018-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixli 509-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba – mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 1718 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 732 manat güzəşt edilmişdir. Qalıq borc 986 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı, Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Göstərilənlərə əsasən İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 986 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı marketdən oğurluq etdiyini iddia edərək ondan dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Qeyd edir ki, sözügedən oğurluğu o deyil, müştərilər etmişlər. O, İddiaçıdə müdir vəzifəsində işləyirdi. Həmin müddətdə depoya danışması üçün gətirilən məhsullar müştərilən tərəfindən oğurlanırdı. Hətta bunu sübut edəcək video-görüntülər də mövcud idi. İşlədiyi market Gəncə şəhərində yerləşirdi. Həmin müddətdə marketdə səlahiyyətli şəxs o idi. Həmçinin qeyd edir ki, marketin nəzarətçisi var idi və həftədə 2-3 dəfə marketə yaxınlaşırdı. Bu zaman videogörüntüləri nəzarətçiyə göstərsə də, qarşısının alınması üçün heç bir addım atılmamışdır. Eyni məsələ ilə bağlı əvvəl də məhkəmə prosesi keçirilmişdir və iş baxılmamış saxlanılmışdır.

5. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan «X7» MMC ilə Cavabdeh arasında bağlanılmış 11 yanvar 2018-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən Cavabdeh 3 ay sınaq müddəti ilə «X7» MMC-yə X2- OBA marketlər şəbəkəsi/Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir.

9. İş materiallarında olan «X7» MMC tərəfindən verilmiş “vəzifə dəyişikliyi haqqında” xx.xx.2018-ci il tarixli 170-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin X2nə 04 may 2018-ci il tarixindən Administrator vəzifəsinə keçirilməsi, əmək haqqı ştat cədvəlinə əsasən 175 manat olmaqla ödənilməsi əmr edilmişdir.

10. İş materiallarında olan «X7» MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli “X5 haqqında” müqaviləyə əsasən administrator Cavabdeh ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalması, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübarizə aparması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparması öz üzərinə götürmüşdür.

11. İş materiallarında olan «X7» MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 1718 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 1718 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 732 manat Cəmiyyət tərəfindən güzəşt edilməklə 986 (1718-732) manat borcu qalmışdır.

12. İş materiallarında olan «X7» MMC-nin əməkdaşları (H.H.Hüseynov, V.V,Quliyev, M.İ.Cəfərov, E.D.Qardaşov, N.V.Rüstəmova, P.C.Əliyev, O.T.Yəhyayav) tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli imtina aktından görünür ki, «X7» MMC-nin ünvan 1 ünvanında yerləşən “Gəncə 01” (419) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2019-cu il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyasının aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin -3130,26 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir.

13. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, "X6 1 filialında Adminstrator vəzifəsində işlədiyi dövrdə fəaliyyətiniz xx.xx.2019 cu il tarixində yoxlanılmış və 1718 manat əskik gəlmə aşkarlanmışdır. Vəzifə təlimatına, eləcə də, "X7" MMC ilə bağlamış maddi məsuliyyət müqaviləsinə əsasən (administrator ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır) administrator olaraq sizə etibar edilmiş əmlakdan 1718 manat əskikgəlmə aşkar edilməklə, Cəmiyyətə həmin məbləğdə maddi ziyan vurduğunuz müəyyən edilmişdir. Keçən dövr ərzində 732 manat güzəşt edilmiş faktiki qalıq borcunuz 986 manat təşkil edir. 3 gün müddətində qeyd olunan borcun ödənilməsini təmin edilməsini xahiş etmişlər. Əks təqdirdə Cavabdeh barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəkdir.

14. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiya dair xərci tam ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «X7» MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən sonuncu cəmiyyətdə administrator vəzifəsinə işə qəbul olunmuş və əmək funksiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı üzərinə X5 götürmüşdür. Cavabdeh administrator vəzifəsində işləyərkən «X5 daşıması barədə müqavilə»nin tələblərini pozaraq işlədiyi dövrdə fəaliyyətində əskik gəlmə aşkarlanmışdır. Cavabdeh bunun səbəbini müştərilər tərəfindən oğurluq edilməsi ilə bağlı olduğunu bildirmişdir. Hazırda iddiaçı vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

21. Eyni Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

22. Göstərilən Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır.

24. Həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

25. Eyni Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinin “a” və “ç” bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; işçi qanuna zidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işə götürənə digər üsulla qəsdən ziyan vurduqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

26. Həmin Məcəllənin 203 və 205-ci maddələrinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən X5 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

27. Qanunun yuxarıda şərh olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır, cavabdeh iddiaçıya vurduğu zərərə görə mülki məsuliyyət daşıyır.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - X5 götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X5 daşıması barədə yazılı müqavilə bağlaya bilər.

29. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 986 (doqquz yüz səksən altı) manat məbləğində pul, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

32. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.

Nəticə hissəsi:

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 986 (doqquz yüz səksən altı) manat məbləğində pul, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar