Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6763/2025 20.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs olmaqla ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs olmaqla, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) tələb
1. ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2136.15 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 27937.81 manat, işsizlikdən sığorta fonduna olan 1072.5 manat, İcbari Tibbi Sığorta Fonduna olan 3247.08 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxxxxx 1958-ci il, doğulduğu yer - Azərbaycan, Daşkəsən, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Daşkəsən Rayonu Daşkəsən bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 27937.81 manat, dövlət büdcəsinə 2136.15 manat məbləğində (o cümlədən, vergilər üzrə 1134 manat, faizlər üzrə 422.15 manat, maliyyə sanksiyası üzrə 580 manat) , İcbari Tibbi Sığorta Fonduna 3247.08 manat, işsizlikdən sığorta fonduna 1072.5 manat olmaqla, ümumilikdə 34393.54 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********556400, xx.xx.2024-cü il tarixli **********525700, xx.xx.2025ci il tarixli **********166100, xx.xx.2025-ci il tarixli **********343200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
b) tələbə qarşı etiraz
3. Maraqlı şəxs tərəfindən tələbə etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə dair izahat verərək bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə Daşkəsən bələdiyyəsinin sədri vəzifəsinə təyin edilib. Hazırda ödənilməsi tələb edilən borclar ona qədər yaranmış borcdur. Əvvəllər ayrılıqda fəaliyyət göstərən 5 bələdiyyə şəhər bələdiyyəsinə birləşmişdir. Həmin bələdiyyələrin borcu da şəhər bələdiyyəsinə ötürülmüşdür. Hazırda tələb edilən borc 34393 manatdır. Qeyd edilən borcu birdəfəyə ödəmək iqtidarında deyildir. Lakin hissə-hissə ödənişlər edilir. Hətta sentyabr ayında müəyyən ödəniş edilmişdir. Borcunu tamamilə ödəyib qurtarmaq fikrindədir. Qeyd edir ki, ona vergi borcunun ödənilməsi ilə xəbərdarlıq məktubları gəlməmişdir, ola bilsin elektron vergi portalına yerləşdirilmişdir. O, zəruri hallarda ölkədən kənar çıxır. Odur ki, qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və ona məhdudiyyət tətbiq edilməməsini xahiş edir.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizəyə əlavə edilmiş müraciətdə məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə ərizəçinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. Daşkəsən bələdiyyəsinin 17 fevral 2025-ci il tarixli əmrindən çıxarışdan və 1 nömrəli icla protokolundan görünür ki, Maraqlı şəxs 17 fevral 2025-ci il tarixdən Daşkəsən bələdiyyəsinin sədri vəzifəsinin icrasına başlamışdır.
7. Maraqlı şəxs barədə məlumatdan görünür ki, Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.
8. Daşkəsən bələdiyyəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli **********525700, xx.xx.2025-ci il tarixli **********556400, xx.xx.2025-ci il tarixli **********166100 və xx.xx.2025-ci il tarixli **********343200 nömrəli bildirişlərdən görünür ki, vergi ödəyicisinin xx.xx.2025-ci il tarixə olan ümumilikdə 34393.54 manat borcunun 5 gün müddətində ödənilməsi tələb edilmişdir.
9. “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, yaranmış borcun 15 gün müddətində ödənilməsi tələb edilmişdir.
b) mülki iş üzrə tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur.
11. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: Maddə 9.3.6-1. Vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarınıödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 305.1.12. Məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
c) məhkəmənin mövqeyi
13. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.
14. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx.xx.1958-ci il təvəllüdlü Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs Daşkəsən bələdiyyəsinin (VÖEN: **********) ərizə verilən tarixə 34393.54 manat məbləğində borcu vardır və ona həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilmişdir.
15. Məhkəmə maraqlı şəxsin izahatında qeyd etdiyi hallarla razılaşmır və qeyd edir ki, hazırda icra orqanının (VÖEN: **********) rəhbəri Maraqlı şəxsdur. Odur ki, vergi borclarının əvvəlki sədrin dövründən yığılması və ya vergi borcu yığılmış bir neçə bələdiyyənin birləşməsi cari icra orqanının rəhbərini məsuliyyətdən azad etmir.
16. Beləliklə, məhkəmə hesab edir ki hazırkı iş üzrə vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi, yəni hesablanmış vergilər üzrə borclarını ödəməməsi məhkəmə iclasında sübuta yetirildiyindən, onun həmin öhdəliklərinin icrasını təmin etmək üçün hazırkı iş üzrə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi əsaslıdır və təmin edilməlidir.
Nəticə hissəsi:
17. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Ərizə təmin edilsin. 27937.81 manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna, 2136.15 manat məbləğində borc (o cümlədən, vergilər üzrə 1134 manat, faizlər üzrə 422.15 manat, maliyyə sanksiyası üzrə 580 manat) dövlət büdcəsinə, 3247.08 manat məbləğində borc İcbari Tibbi Sığorta Fonduna, 1072.5 manat məbləğində borc İşsizlikdən sığorta fonduna ödənilənədək vergi ödəyicisi olan Daşkəsən bələdiyyəsinin sədri Maraqlı şəxs (doğulduğu tarix - xx xxxxxx 1958-ci il, doğulduğu yer - Azərbaycan Respublikası, Daşkəsən rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva