Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6805/2022 22.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı1 və iddiaçıların nümayəndəsi, Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçı) "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xidmət haqqı olaraq ödənilmiş 1900 manat məbləğində pulun, eləcə də vəkilə xidmıt haqqı olaraq ödənilmiş 500 manat məbləğində pulun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar 2021-ci ilin dekabr ayında dişlərini müalicə etdirmək üçün klinikaya müraciət edərək Yaşar Verdiyev tərəfindən müayinə olunmuşlar. Dişlərdə yaranmış xəstəlikləri aradan qaldırmaq üçün həkim tərəfindən müvafiq müalicələr görülmüş və bunun müqabilində iddiaçılar ümumilikdə 1900 manat pul ödəmişlər. Lakin qeyd olunanlara baxmayaraq narahatçılıqlar aradan qalxmamış, bu səbəbdən də Sumqayıt şəhərində fəaliyyət göstərən “X3 Mərkəzi”nə yaxınlaşmış, orada həkim müayinəsindən keçərək rentgen olunmuşlar. Müayinə və rentgen nəticəsində müəyyən edilmişdir ki, prosedurlar düzgün aparılmamış, alt çənə ilə bağlı bütün əməliyyatlar təkrarlanmalıdır. Daha sonra onlar yenidən Yaşar Verdiyevin yanına gəlmiş və sonuncu təqsirini boynuna alaraq yenidən əməliyyat etməyi təklif etmişdir. İddiaçılar bununla razılaşmamış və ödənilmiş 1900 manat pulu geri tələb etmişlər. Bununla bağlı onlar klinikanın baş həkiminin qəbulunda oluşlar və orda Yaşar Verdiyev təqsirini etiraf etsə də, pulu qaytarmaqdan imtina etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçıların nümayəndəsi, Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh məhkəmə iclaslarında təmsil olunmur və onda olan sübutları məhkəməyə təqdim etmir. İddiaçıları müayinə və müalicə edən həkim Yaşar Verdiyev olub. Lakin, cavabdeh Yaşar Verdiyevin klinikanın rəsmi işçisi olub-olmaması barədə məlumat vermir. İddiaçılar tərəfindən edilən ödənişlər həkim Yaşar Verdiyevə aid kassaya ödənilib. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. İddiaçıların nümayəndəsi ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı1 xx.xx.1957-ci ildə, İddiaçı2 isə xx.xx.1964-cü ildə anadan olmuşdur. "xxxx" MMC-nin baş həkimi məhkəmə sorğusuna cavab olaraq bildirmişdir ki, iddiaçılar qeydiyyat şöbəsinə müraciət etməmiş, kassaya heç bir ödəniş etməmişdir. İş materiallarına “İMPLANT” X1 iddiaçılar barəsində xx.xx.2022-ci il tarixli müayinə sənədləri əlavə edilmişdir. İşdən görünür ki, iddiaçıların nümayəndəsi tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək borcunun ödənilməsi tələb edilmişdir. ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı1 xx.xx.2022-ci il tarixində vəkillik xidmətinin göstərilməsi üçün Vəkil 500 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir (1112). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (1099.1.). Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (1099.2.). İddiaçılar onların üzərində həkim Anar Verdiyev tərəfindən düzgün müayinə və müalicə aparılmadığı üçün həmin həkimin çalışdığı klinikadan ödənilmiş məbləği geri tələb edirlər. Cavabdehə məhkəmə tərəfindən sorğu verilərək iddiaçıların üzərində cavabdeh klinikada hansı müayinə və müalicələrin aparılması, onlar tərəfindən cavabdehə ödəniş edilib-edilməməsi, müayinə və müalicələrin həkim Yaşar Verdiyev tərəfindən aparılıb aparılmaması, Yaşar Verdiyevin həmin klinikada hansı əsaslarla fəaliyyət göstərməsi barədə məlumatların məhkəməyə göndərilməsi xahiş edilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı cavab məktubunda verilmiş sorğuya natamam cavab verilmiş, iddiaçılar tərəfindən cavabdehə heç bir ödəniş edilmədiyi qeyd edilmişdir. Sorğudakı qalan suallar isə cavablandırılmamışdır. MPM-də gösətrilmişdir ki, İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1.). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (106.2.). Cavabdeh məhkəmə iclaslarında təmsil olunmadığı, iddia tələbinə hər hansı münasibət bildirmədiyi, onda olan sübutları məhkəmənin tələbi ilə təqdim etmədiyi üçün məhkəmə iddiaçıların bildirdikləri məlumatları əsas götürərək hesab edir ki, iddia təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, vəkil xidmətinə görə ödənilmiş 500 manat məbləğində pul cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1900 (min doqquz yüz ) manat məbləğində ödənilmiş məbləğ və 500 (beş yüz) manat vəkil xidmətinə görə ödənilmiş pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-6805/2022
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-6805/2022
22.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver