Məhkəmə qərarları › İş №e-2(060)-689/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-689/2025

04.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-689/2025 04.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndələri X1 və (eyni zamanda vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının tutulması və qeyri-yaşayış sahəsindən çıxarılma tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "icarə haqqının tutulması və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 62,6 kvadrat metrlik qeyri-yaşayış sahəsini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 icarəyə vermişdir. Aylıq icarə haqqını 1400 manat məbləğində razılaşmışlar. Lakin cavabdehlər tərəfindən bir neçə aydır icarə haqqı ödənilmir. Buna görə də onların həmin qeyri-yaşayış sahəsindən könüllü şəkildə çıxmalarını tələb etmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Bu səbəbdən Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin heç bir nəticə əldə edilməmişdir. Bundan əlavə, cavabdehlər iddiaçıya 7000 manat məbləğində icarə haqqını ödəməmişlər. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 7000 manat icarə haqqının tutulub iddiaçıya ödənilməsi, həmçinin cavabdehlərin iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 12/29-da yerləşən 2 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 7000 manat məbləğində icarə haqqının tutulub iddiaçıya ödənilməsi, cavabdehlə aralarında bağlanmış 02 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 62,6 kv.metr qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, bildirmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 62,6 kvadrat metrlik qeyriyaşayış sahəsini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 icarəyə vermişdir. 02 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı ilə Cavabdeh1 arasında həmin qeyriyaşayış sahəsinin 800 manata icarəyə verilməsi barədə yazılı razılaşma vardır. Daha sonra icarə haqqı artmış 1000 manat, daha sonra 1400 manat olmuşdur. Lakin cavabdehlər tərəfindən bir neçə aydır icarə haqqı ödənilmir. Buna görə də onların həmin qeyri-yaşayış sahəsindən könüllü şəkildə çıxmalarını tələb etmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Bu səbəbdən Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin heç bir nəticə əldə edilməmişdir. Bundan əlavə cavabdehlər iddiaçıya 7000 manat məbləğində icarə haqqını ödəməmişdirlər. Bu səbəbdən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri,1-ci mikrorayon, ev 12/29-da yerləşən 2 saylı mənzildən çıxarılması və cavabdehlərdən 7000 manat məbləğində icarə haqqının alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməlidir. Müqavilə Cavabdeh1 ilə bağlansa da, qeyri-yaşayış sahəsini cavabdehlər birlikdə istifadə edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir və iddia ərizəsində yazılanların izahatı kimi qəbul edilməsini xahiş edir. Artıq 6 aydır ki, cavabdehlər icarə haqqı ödəmir. Sonuncu dəfə ödəniş kart vasitəsi ilə edilmişdir.

6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəməyə etiraz təqdim edilərək, bildirilmişdir ki, iddiaçı ilə 02 oktyabr 2018-ci il tarixdə icarə müqaviləsi bağlamışlar. Həmin icarə müqaviləsinin şərtlərinə əsasən iddiaçı 126 kv.m-dən ibarət obyektini icarəyə vermişdir. İcarə haqqı hər ay üçün 100 manat müəyyən olunmuşdur. Həmin ildən bu günə qədər o, həmin obyekdə işləmişdir. Aylıq icarə haqqın bir dəfə yüksək məbləğdə artırırdı. Cavabdeh məcbur olub qalırdı. Lakin, bu son ayda cavabdehə bildirmişdir ki, 2000 manat icarə haqqı ödənilməlidir, cavabdeh isə ona bildirmişdir ki, o, 25000 manat məbləğində satış üçün mal gətirmişdir. Dükanın təmirinə 10000 manat pul vəsaiti xərcləmişdir. Onun xərclədiyi vəsaiti geri qaytardığı halda obyetkdən çıxacağını bildirmişdir. İddiaçı kömək olaraq ona iki ay müddət verdi ki, yeni gətirdiyi pal-paltarı satış etsin. Lakin, sonra məlum oldu ki, iddiaçı məhkəməyə müraciət edib. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir.

7. Sonuncu məhkəmə iclasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə iddiaçının nümayəndələrinin (eyni zamanda vəkilinin) izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi onun oğluna məxsusdur. Qeyri-yaşayış sahəsini cavabdehlərə verdikləri zaman orada gürcüstanlı şəxs işləyirdi. O, ona mağazanı təhvil vermiş, icarəyə götürmək istəyən olduğunu bildirmişdir. Cavabdehləri tanımırdı. İlk dəfə mağazanı 800 manata icarəyə vermişdir. Daha sonra icarə haqqı artmış 1000 manat, daha sonra 1400 manat olmuşdur. O, icarə haqqını verə bilməyəcəyi halda cavabdehlərin qeyri-yaşayış sahəsini təhvil vermələrini bildirmişdir. Lakin cavabdehlər qeyri-yaşayış sahəsindən çıxmamış, eyni zamanda icarə haqqı ödəməmişdirlər. Sonuncu dəfə 2024-cü ilin sentyabr ayında ödəniş etmişdirlər. Sonuncu ödəniş iddiaçıya məxsus kart hesabına göndərilmişdir. İcarə haqqını həmişə o almışdır. Xəstə olduğu üçün sonuncu ödənişi iddiaçıya göndərmişdir.

11. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2017-ci il tarixdə 152 saylı reyestr kitabının 28 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır.

12. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci ildə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı (icarəyə verən) ünvan 1-də yerləşən yaşayış obyektini 62,6 kv.m olan sahəsini Cavabdeh1 (icarəçi) icarəyə verməyi, icarəçi də eyni zamanda göstərilən müddət ərzində həmin əmlakdan istifadə etməklə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.

13. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu icarə müqaviləsi 1 il müddətinə bağlanılır və imzalandığı andan qüvvəyə minir. Müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında vaxtından əvvəl xitam verilə bilər. Müqavilənin qüvvədə olma müddəti qurtardıqdan sonra, əgər tərəflər onun şərtlərini yerinə yetirməkdə davam edərlərsə, müqavilə qeyri-müəyyən müddətə uzadılmış hesab olunur.

14. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə haqqı hər ay üçün 100 manat müəyyən edilir.

15. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********4 saylı arayışın surətindən görünür ki, Cavabdeh1 (VÖEN **********) AZ5000, ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmışdır.

16. İş materiallarında olan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehlər icarə müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuş və onlara müqavilənin ləğv edilməsi təklif edilmişdir.

17. İş materiallarında olan X3 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 196 saylı arayışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 62,6 kvadrat metrlik qeyri-yaşayış sahəsi 2023-2024-cü illərdə aylıq icarə haqqı məbləği 1500-1600 manat olmaqla kirayə verilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 qeyri-yaşayış sahəsi icarəyə verilmiş, cavabdeh qeyri-yaşayış sahəsindən istifadə etmiş, lakin müqavilə üzrə öhdəliyini icra etməyərək iddiaçıya icarə haqlarını tam şəkildə ödəməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

20. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

21. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

22. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Qeyd olunan Məcəllənin 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

24. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Göstərilən Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

27. «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir.

28. Həmin Qanunun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsasən sənəd icarə müqaviləsidir.

29. Həmin Qanunun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir.

30. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi Cavabdeh1 icarəyə verilmiş, cavabdeh isə müqavilə üzrə onun üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, icarə haqqını iddiaçıya ödəməmişdir.

31. Məhkəmə iddia tələbinin “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 7000 manat məbləğində icarə haqqının tutulub iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

32. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, icarə müqaviləsinin tərəfləri İddiaçı və Cavabdeh1dır.

33. Həmçinin, icarə müqaviləsinin müddəti 02 oktyabr 2019-cu il tarixə qədər müəyyən edilsə də, tərəflərin həmin müqavilənin ləğvi ilə bağlı təşəbbüsü olmamışdır. Tərəflər isə müqavilədə müəyyənləşdirmişlər ki, icarə haqqı 100 manat olmaqla, müqavilənin qüvvədə olma müddəti qurtardıqdan sonra, əgər tərəflər onun şərtlərini yerinə yetirməkdə davam edərlərsə, müqavilə qeyri-müəyyən müddətə uzadılmış hesab olunur.

34. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin izahatından aydın oldu ki, cavabdeh tərəfindən 5 aydır ki, ödəniş edilmir.

35. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh1 500 (beş yüz) manat məbləğində icarə haqqı alınaraq İddiaçı ödənilməli, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi ləğv edilməlidir.

36. Məhkəmə qeyd edir ki, Cavabdeh2 icarə müqaviləsinin tərəfi olmadığına görə iddia tələbi bu hissədə ona münasibətdə təmin edilməməlidir.

37. Belə ki, iddiaçı cavabdehlərdən müştərək qaydada pul tələb etməsinə baxmayaraq, Cavabdeh2 həmin pulun ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz».

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, Cavabdeh2 İddiaçı iddiasına (icarə haqqı) cavab verməli olan şəxs olmamışdır.

41. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı icarə haqqının hər ay 1400 manat olmaqla, cəmi 7000 manat olmasını bildirsə də, tələbinin bu hissəsinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

42. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

43. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

44. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

45. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

46. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

47. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

48. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

49. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

50. Həmçinin, məhkəmə şahidin ifadəsini nəzərdən keçirib hesab edir ki, iş üzrə dindirilmiş şahidin ifadəsi mötəbər sübut kimi qiymətləndirilə bilməz, çünki iş üzrə müəyyən olunmuş faktiki hallarla öz təsdiqini tapmamışdır.

51. Məhkəmə iddianın cavabdehlərin ünvan 2 ünvanında yerləşən 62,6 kv.metr qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində qeyd edir ki, iddia tələbi icarə müqaviləsinin ləğv edilməsi hissəsində təmin edildiyindən iddia tələbi prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan iddia bu hissədə də təmin edilməlidir.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

53. Həmin Məcəllənin 157.2-ci madədsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

54. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

56. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 500 (beş yüz) manat məbləğində icarə haqqı alınaraq İddiaçı ödənilməli, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1-də yerləşən qeyri-yaşayış sahəsində çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

57. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

59. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

60. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

62. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 500 (beş yüz) manat məbləğində icarə haqqı alınaraq İddiaçı ödənilsin. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1-də yerləşən qeyri-yaşayış sahəsində çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar