Məhkəmə qərarları › İş №e-2(060)-7232/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-7232/2024

31.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7232/2024 31.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «qəyyum təyin edilmə tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «qəyyum təyin edilmə tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1955-ci il təvəllüdlü X1 demensiya xəstəsi olması səbəbindən üzərində qəyyum təyin edilməyi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi icraata qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, başqa orqanda (yaxud məhkəmədən öncə başqa orqanda) baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. İddia ərizəsinin ilkin araşdırması zamanı müəyyən olundu ki, göstərilən tələbə məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Eyni Məcəllənin 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Qeyd olunan Məcəllənin 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, yalnız məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs üzərində qəyyum təyin edilə bilər. Qəyyum təyin edilməsi isə qanunla müvafiq icra hakimiyyəti orqanın səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «qəyyum təyin edilmə tələbi»nə dair iddia ərizəsinin qəbul edilməsindən iddia ərizəsində qoyulmuş məsələnin həlli məhkəmənin səlahiyyətlərinə aid olmadığından, imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «qəyyum təyin edilmə tələbi»nə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun, iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada təqdim olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar