Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-755/2024 15.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı1, Cavabdeh Sumqayıt Dövlət Universitetinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 cavabdehlər Sumqayıt Dövlət Universitetinə qarşı “təhsil haqqı borcunun silinməsi və ödənişlərin geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı1 cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı iddia qaldıraraq, ödədiyi 5650 manat təhsil haqqı, 1050 manat da akademik borca görə, cəmi 6700 manat pulun cavabdeh Sumqayıt Dövlət Universitetindən geri alınaraq İddiaçı1 ödənilməsi, Sumqayıt Dövlət Universiteti tərəfindən ona hesablanmış 5400 manat təhsil haqqı borcunun silinməsi, Sumqayıt Dövlət Universitetinin təhsil haqqı ödənişi ilə bağlı ona yaradılmış bütün maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı1 xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Dövlət Universitetinin kimya-biologiya ixtisası üzrə aldığı təhsil müddətində ödədiyi 5600 manat təhsil haqqının, 1005 manat akademik borca görə ödədiyi kəsir pulunun, cəmi 6605 manat pulun Sumqayıt Dövlət Universitetindən alınıb ona ödənilməsi və qanunsuz hesablanmış 3400 manat təhsil haqqı borcunun silinməsi və diplomunun ona təqdim edilməsi ilə bağlı yaradılmış bütün maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı1 xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Dövlət Universitetinin kimya-biologiya ixtisası üzrə aldığı təhsil müddətində ödədiyi 5600 manat təhsil haqqının, 1825 manat akademik borca görə ödədiyi kəsir pulunun, cəmi 7425 manat pulun Sumqayıt Dövlət Universitetindən alınıb ona ödənilməsi və qanunsuz hesablanmış 3400 manat təhsil haqqı borcunun silinməsi və diplomunun ona təqdim edilməsi ilə bağlı yaradılmış bütün maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
4. İddia onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkündür. Məhkəmə qərarına əsasən məcburi köçkün statusları bərpa edilmiş və Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin AA seriyalı, 469382 nömrəli məcburi köçkün vəsiqəsi ilə təmin edilmişdir. O, 2017-ci il tarixdən Sumqayıt Dövlət Universitetinin kimya-biologiya müəllimliyi ixtisasına ödənişli əsaslarla daxil olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən məcburi köçkünlər təhsil haqqından azad olmalı olduğu halda o, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində hüquqlarından mərhum olmuşdur. Təhsil aldığı müddətdə unveristetdən xaric olunmamaq üçün cavabdehin hüquqdan sui istifadə edərək ona etdiyi təzyiqlərlə bağlı 5650 manat təhsil haqqı, 1050 manat da akademik borca görə, cəmi 6700 manat məcburən ödəniş etmişdir. Hazırda universitet ona 5400 manat borc hesablamışdır. Bu borc da tamamilə qanunsuz borclardır. Ona görə də hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ödəməyə məcbur olduğu 5650 manat təhsil haqqı, 1050 manat akademik borca görə, cəmi 6700 manat pul ona qaytarılmalı, qanunsuz hesablanmış 5400 manat borc silinməli və cavabdeh tərəfindən ona yaradılan bütün maneələr aradan qaldırılmalıdır.
İddia tələbinə qarşı etirazın əsaslandırıldığı hallar:
5. Cavabdeh Sumqayıt Dövlət Universitetinin iddiaya qarşı etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 2017/2018-ci tədris ilində Sumqayıt Dövlət Universitetinin kimya və biologiya fakültəsinin kimya və biologiya ixtisası üzrə əyani şöbəsinin 1-ci kursuna ödənişli əsaslarla qəbul olunmuşdur. Təhsil haqqı 1800 manat təşkil etmişdir. Tələbənin təhsil aldığı müddətdə kredit borcları olduğu üçün 2021/2022-ci tədris ilində o, yekun dövlət attestasiyasına buraxılmamışdır. Sumqayıt Dövlət Universitetinin T-132/5 saylı, xx.xx.2022-ci il tarixli əmrlə tələbə kontingentdə saxlanılmışdır. 2023/2024-cü ilin payız semestrində kredit borclarını ləğv etməsi üçün alt qruplara yazılmışdır. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 iyun 2017-ci iltarixli 257 nömrəli qərarları ilə qəbul edilən dəyişikliklər nəzərə alınmaqla) Qaydaların 3.2.4. bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit, magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Kredit borclarını ləğv etmək üçün tələbə kredit haqqı olaraq 1005 manat ödəmişdir. 1. Azərbaycan dili və nitq mədəniyəti – 1-ci kurs, 2-ci smestr - 5 kredit (imtahana girib qiymət almayıb, iştrak etdiyi qrup - 359, qrupun illik ödəniş haqqı 1500 manat təşkil edir, 1 kredit - 25 manat, 5 kredit - 25x5=125). 2. Qeyri üzvi kimya -2 – 1-ci kurs, 2-ci semestr - 6 kredit ( imtahana girib qiymət almayıb, iştrak etdiyi qrup-353a, qrupun illik ödəniş haqqı 1800 manat təşkil edir, 1 kredit - 30 AZN, 6 kredit- 30x6=180 manat). 3. Fəlsəfə - 2-ci kurs, 3-cü semestr - 4 kredit ( imtahana girib qiymət almayıb, iştrak etdiyi qrup 344, qrupun illik ödəniş haqqı 1500 manat təşkil edir, 1 kredit - 25 manat, 4 kredit-25x4=100 manat). 4. Üzvi kimya-2 – 3-cü kurs, 5-ci semestr - 5 kredit (imtahana gəlmədiyi üçün üzvi kimya-2-yə buraxılmayıb, iştrak etdiyi qrup-343a, qrupun illik təhsil haqqı-1800 manat, 1 kredit-30 manat, 5 kredit-30x5=150 manat). İmtahana gəlmədiyinin səbəbini göstərməmişdir. 5. İnsan anatomiyası – 3-cü kurs, 6-cı semestr - 5 kredit (imtahana gəlmədiyi üçün qiymət almayıb, iştrak etdiyi qrup-353a, qrupun illik təhsil haqqı-1800 manat, 1 kredit-30 manat, 5 kredit-30x5=150 manat). İmtahana gəlmədiyinin səbəbini bildirməmişdir. 6. Mikrobiologiya və virusologiya – 4-cü kurs, 7-ci semestr - 6 kredit (imtahana gəlmədiyi üçün qiymət almayıb, iştrak etdiyi qrup - 344, qrupun illik təhsil haqqı-1500 manat, 1 kredit - 25 manat, 6 kredit - 25x6=150 manat). İmtahana gəlmədiyinin səbəbini bildirməmişdir. 7. Biokimiya və molekulyar biologiya – 5-ci kurs, 9-cu semestr - 5 kredit (davamiyyətə görə buraxılmayıb, iştrak etdiyi qrup - 323 b, qrupun illik təhsil haqqı - 1800 manat, 1 kredit - 30 manat, 5 kredit - 30x5= 150 manat). Qaydaların 3.2.14 bəndində, akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştrak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Belə olan halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bindinin tələblərinə uyğun həyata keçirilir. Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir. Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Hal-hazırda tələbənin yaz semestrində 11 kredit borcu yaranmışdır. Tələbənin universitetdə təhsil aldığı müddətdə təhsil haqqı ödənişləri aşağıda qaydada aparılmışdır: 1. 1800 manat – xx.xx.2017-ci il – 1-ci kurs; 2. 900 manat – xx.xx.2019-cu il – 2-ci kurs; 3. 900 manat – xx.xx.2019-cu il – 2-ci kurs. Tələbənin kontingentdə saxlanılma əmrindən sonra (T-132/5 xx.xx.2022-ci il) tələbənin təhsil haqqı ödənişi aşağıdakı qaydada aparılmışdır: 1. 2000 manat – xx.xx.2023-cü il – ondan 1800 manat – 3-cü kurs, 200 manat – 4-cü kurs üçün. Beləliklə, tələbənin borcu yaranmışdır: 4-cü kursdan 1600 manat, 5-ci kursda – 1800 manat, cəmi borc 3400 manat təşkil edir. Ödənilən məbləğ 5600 manat təşkil edir. İddiaçı1 imtiyazlı tələbələr sırasına daxil olmadığı üçün ödənişli əsaslarla təhsil alır. Ərizəsində tələbə qeyd edir ki, məcburi köçkün olduğu halda Sumqayıt Dövlət Universiteti 5600 manat təhsil haqqı və akademik borca görə 1005 manat ona ödətdirmişdir. Eyni zamanda tələbə 3400 manat məbləğində borcun qalması da bildirilir. Ödənişli təhsil alan tələbələr illik təhsil haqqını ödəməlidirlər. Yalnız imtiyazlı kateqoriyaya daxıl olunan tələbələr təhsil haqqının ödənilməsindən azad olunurlar. İddiaçı1 tərəfindən universitetə onun məcburi köçkün olması barədə heç bir sənəd təqdim ediməmişdir. Məcburi köçkün statusunu təsdiq edən sənəd – vəsiqə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Regional idarəetmə və status sektoru tərəfindən protokolla rəsmiləşdirilir və yalnız tələbə məcburi köçkün vəsiqəsini universitetə təqdim etdiyi gündən təhsil haqqının ödənilməsindən azad edilir, məcburi köçkün vəsiqəsini təqdim etmədiyi halda tələbə ödənişli əsaslarla təhsilini davam etdirir. Dəfələrlə kimya və biologiya fakültəsinin dekanlığının müraciətinə baxmayaraq tələbə məcburi köçkün vəsiqəsini universitetə təqdim etməmiş və ödənişsiz təhsilə keçirilməsinə öz razılığını verməmişdir. Hal-hazırda tələbənin ona verilən normativ təhsil müddəti bitib və o, kontingentdə saxlanılan tələbədir, belə halda tələbə təhsili yalnız ödənişli əsaslarla təhsilini davam etdirə bilər. Qeyd olunanları nəzərə alaraq belə hesab edirik ki, İddiaçı1 (iddia tələbinin dəqiqləşdirilməsi barədə) ərizəsi əsassızdır.
Tərəflərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Kəlbəcər rayonundan məcburi köçkündür. 2017-ci il tarixdən Sumqayıt Dövlət Universitetinin kimya-biologiya müəllimliyi ixtisasına ödənişli əsaslarla daxil olmuşdur. 2 il ərzində təhsil haqqını ödəmişdir. Daha sonra bacısı da universitetə qəbul olmuşdur. Onun təhsil haqqı isə 2500 manat məbləğində idi. Qohumu bildirmişdir ki, məcburi köçkün olduğu üçün təhsil haqqını ödəməmək hüququ vardır. Məcburi köçkün statuslarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmiş və bununla əlaqədar 2-ci kursda ödəniş etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə məcburi köçkün statusları bərpa edilmiş və məcburi köçkün vəsiqəsi ilə təmin edilmişdirlər. Daha sonra apellyasiya şikayəti verilmiş və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin müddətdə 5400 manat borcu yaranmışdır. Məcburi köçkünlərin təhsil xərclərinin dövlət hesabına ödənilməsi 1992-ci ildən hesablanır. Cəmi 18 kəsri vardır. Kəsrlərinə görə də ödənişlər etməlidir. Ötən il 2000 manat məbləğində ödəniş etmişdir. Ödədiyi pulların geri qaytarılmasını istəmişdir. Təhsil aldığı müddətdə universitetdən xaric olunmamaq üçün cavabdehin hüquqdan sui istifadə edərək ona etdiyi təzyiqlərlə bağlı 5650 manat təhsil haqqı, 1050 manat da akademik borc olmaqla, ümumilikdə 6700 manat məbləğində ödəniş etmişdir. Hazırda universitet ona 5400 manat borc hesablamışdır ki, bu borc da tamamilə qanunsuz borclardır. Ona görə də hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ödəməyə məcbur olduğu 5650 manat təhsil haqqı, 1050 akademik borc olmaqla, cəmi 6700 manat pul ona qaytarılmalı, qanunsuz hesablanmış 5400 manat borc silinməli və cavabdeh tərəfindən yaradılan bütün maneələr aradan qaldırılmalıdır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclaslarında iştirak edən cavabdeh Sumqayıt Dövlət Universitetinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı 2017-ci ildə Sumqayıt Dövlət Universitetinin kimya-biologiya müəllimliyi ixtisasına ödənişli əsaslarla daxil olmuşdur. Həmin fakültənin illik təhsil haqqı həmin il üçün 1800 manat olmuşdur. Təhsil aldığı müddət 5 ildir. Əvvəlcə iddiaçı məcburi köçkün statusu olmadığına görə təhsil haqqını ödəmişdir. İddiaçı məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini universitetə təqdim etməmişdir. Qeyd olunan sənəd təqdim olunmadığı halda universitet həmin şəxsin məcburi köçkün statusunun olduğu barədə məlumatı ola bilməz. Daha sonra iddiaçı məhkəməyə müraciət etmiş və məcburi köçkün statusu əldə etmişdir. İddiaçıya məcburi köçkün statusu əldə etdikdən sonrakı illlər üçün təhsil haqqından azad olunması barədə ərizə yazması tövsiyə olunmuş, lakin o, bundan imtina etmişdir. Həmçinin bildirmişdir ki, hər bir fənn üçün müəyyən sayda kredit verilir. İddiaçı həmin kreditin pulunu ödəməlidir ki, kontingentdə qala bilsin. Tələbənin təhsil müddəti bitmişdir. İddia tələbi əsassızdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(181)- 4619/2019 saylı qərarından görünür ki, iddiaçı xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1, xx.xx.2001-ci il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 məcburi köçkün statusunun verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1176/2021 saylı qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(181)- 4619/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1887/2021 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1176/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. AA 469382 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı1 Kəlbəcər rayonundan məcburi köçkündür və həmin vəsiqə Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən verilmişdir.
13. Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin iqtisadi məsələlər üzrə prorektoru t.ü.f.d N.Hazıyev tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1 ona verilən AA№469382 seriya nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqəni (02 mart 2022-ci il) təhsil aldığı kimya və biologiya fakültəsinin dekanlığının dəfələrlə müraciətinə baxmayaraq universitetə təqdim etməmiş, ödəniş təhsilə keçirilməsinə razılığını verməmiş, məcburi köçkün statusunu təsdiq edən vəsiqə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Regional idarəetmə və status şöbəsinin status sektoru tərəfindən protokolla rəsmiləşdirilir, tələbə məcburi köçkün vəsiqəsini universitetə təqdim etdiyi gündən təhsil haqqının ödənilməsindən azad edilir, məcburi köçkün vəsiqəsi təqdim etmədiyi halda tələbə ödənişli əsaslarla təhsilini davam etdirir.
14. Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti tərəfindən 12 yanvar 2024-cü il tarixdə verilmiş İM-03/24 saylı arayışda qeyd olunmuşdur ki, İddiaçı1 Sumqayıt Dövlət Universitetinin kimya və biologiya fakultəsinin bakalavr təhsil pilləsi üzrə kontingentdə saxlanılan tələbəsidir, tələbə xx.xx.2017-ci il tarixli, T-62/4 saylı əmrlə universitetə qəbul olmuş, xx.xx.2022-ci il tarixli, T-132/5 saylı əmrlə kontingentdə saxlanılmış, təhsil haqqı 1800 manat təşkil etmiş, 1-ci kursda xx.xx.2017-ci il tarixdə 1800 manat, 2-ci kursda xx.xx.2019-cu il tarixdə 900 manat, xx.xx.2019-cu il tarixdə 900 manat məbləğlərində ödənişlər etmiş, kontingentdə saxlanılma əmrindən sonra xx.xx.2023-cü il tarixdə 3-cü kurs üçün 1800 manat, 4-cü kurs üçün 200 manat olmaqla, cəmi 2000 manat məbləğində ödəniş etmiş, 4-cü kursdan 1600 manat, 5-ci kursdan 1800 manat borc olmaqla, cəmi 3400 manat borcu yaranmış, xx.xx.2019-cu ildə 98 manat, xx.xx.2020-ci ildə 69 manat, xx.xx.2023-cü ildə 1005 manat olmaqla, cəmi ödənilən kredit məbləği 1172 manat təşkil etmişdir.
Məhkəmə baxışının hədləri:
15. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
16. Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli sərəncamı:
- 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilirlər.
17. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı:
-1-ci bəndinə əsasən 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
18. Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”na 1 nömrəli Əlavə olan “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında nümunəvi çərçivə müqaviləsi”nin:
- 1.1. Bu Müqavilənin predmeti “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 220 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir. -2.1-ci bəndindən isə görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi illik təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına uyğun olaraq, bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan şəxsin seçdiyi ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına ödəməyi öhdəsinə götürür. -3-cü bəndinə əsasən bir təhsilalana müəyyən edilmiş xərclər ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının təqdim etdiyi rəsmi ödəniş sənədləri və hesab-fakturalar (invoyslar) əsasında tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə semestrlər üzrə ödənilir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
19. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməməlidir.
20. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı1 Sumqayıt Dövlət Universitetində kimya və biologiya fakultəsinin bakalavr təhsil pilləsi üzrə ödənişli əsaslarla təhsil alır. İddiaçı məcburi köçkündür. Hesab edir ki, məcburi köçkün olduğundan “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli sərəncamına uyğun olaraq onun da təhsil haqqının ödənilməsindən azad edilməsi ilə bağlı imtiyazı vardır. Bu səbəbdən də hesab edir ki, Univeristetə ödənişli əsaslarla təhsil aldığı üçün ödədiyi təhsil haqqı ona geri qaytarılmalı və eyni zamanda qalan təhsil haqqı borcu silinməli, diplomun ona təqdim edilməsi ilə bağlı yaradılmış maneələrin aradan qaldırılmalıdır.
21. İşin mübahisə edilən halı ondan ibarətdir ki, iddiaçı Sumqayıt Dövlət Universitetində təhsil almağa başlayarkən məcburi köçkün vəsiqəsinə malik olmamış, ona məcburi köçkün vəsiqəsi təhsil aldığı müddətdə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun verilməsinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmiş qərarı əsasında verilmişdir. Bu səbəbdən iddiaçı ödədiyi təhsil haqqının qaytarılmasını və eyni zamanda təhsil haqqı borcunun silinməsini məhkəmədən xahiş edir.
22. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbini cavabdeh qismində Sumqayıt Dövlət Universitetinə qarşı qaldırmaqla iddiaya cavab verməli olmayan şəxsə qarşı iddia irəli sürmüşdür.
23. Belə ki, qətnamənin 19-cu bəndində qeyd edilən “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında nümunəvi çərçivə müqaviləsi”nin 2.1ci bəndindən göründüyü kimi Elm və Təhsil Nazirliyi illik təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına uyğun olaraq, bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan şəxsin seçdiyi ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına ödəməyi öhdəsinə götürmüşdür.
24. Yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbinə görə, ödənişli əsaslarla təhsil alan şəxs məcburi köçkün statusuna malikdirsə, ali təhsil müəssisəsinə təhsil haqqı yenə ödənilir, lakin bu təhsil haqqını ali təhsil müəssisəsinə təhsil alan deyil, dövlət büdcəsinin vəsaiti hesabına müvafiq dövlət orqanı ödəyir.
25. Beləliklə dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan şəxslərdə olduğu kimi, ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusuna malik şəxslərin də təhsil xərcləri qanunvericiliklə müəyyən edilmiş miqdarda ali təhsil müəssisəsi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən ödənilir. Belə olan halda hazırkı iddiada irəli sürülən “ödənilmiş təhsil haqqının geri qaytarılması” tələbi üzrə iddiaçının irəli sürdüyü dəlillər öz təsdiqini tapdığı təqdirdə həmin iddiaya cavab verməli olan şəxs (orqan) kimi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi çıxış edir.
26. Borcun silinməsi və diplomun təqdim edilməsi ilə bağlı yaradılmış maneələrin aradan qaldırılması tələbinə gəldikdə isə həmin borc da təhsil haqqına görə edilməli olan ödənişlər əsasında bunun üçün əsaslar olduğu halda məhz Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən silinə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslı deyildir.
27. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin öz qərarlarında formalaşdırıldığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, Hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismində iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə Mülki Prosessual Məcəllə ilə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir.
28. Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. Mülki Prosessual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir.
30. İstinad olunan prosessual normaların tələblərindən göründüyü kimi, iş üzrə tərəflər yalnız iddiaçı və cavabdehdir. Tələb etmək hüququ olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi olan şəxs isə cavabdehdir.
31. Lakin hazırki işdə iddiaçının cavabdeh qismində iddia qaldırdığı Sumqayıt Dövlət Universiteti təhsil xərclərinin ödənilməsində hər hansı formada iştirak etmədiyindən iddiaya cavab verməli olan şəxs deyildir. Buna baxmarayaq, iddiaçı tələbə cavab verməli olmayan şəxsə qarşı, başqa sözlə əsl olmayan cavabdehə qarşı tələb irəli sürmüşdür.
32. Beləliklə, iddiaçı ödədiyi təhsil haqqının geri qaytarılması ilə bağlı Universitetə - hazırkı iş üzrə cavabdehə deyil, müvafiq ödənişi həyata keçirmək vəzifəsi daşıyan dövlət orqanına - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət edə, imtina olunduqda isə məhkəmə müdafiəsindən istifadə edə bilər.
33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1 Sumqayıt Dövlət Universitetinə qarşı Sumqayıt Dövlət Universitetinin kimya-biologiya ixtisası üzrə aldığı təhsil müddətində ödədiyi 5600 manat təhsil haqqının, 1825 manat akademik borca görə ödədiyi kəsir pulunun, cəmi 7425 manat pulun Sumqayıt Dövlət Universitetindən alınıb ona ödənilməsi və qanunsuz hesablanmış 3400 manat təhsil haqqı borcunun silinməsi və diplomunun ona təqdim edilməsi ilə bağlı yaradılmış bütün maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vəfa Şirəliyeva