Məhkəmə qərarları › İş №e-2(060)-80/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-80/2024

15.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-80/2024 15.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “BMW 535” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixində idarə edərkən Sumqayıt şəhəri, Babək küçəsi ərazisində "xxxx" ASC tərəfindən MV-C 00158-20 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Hyundai Azera” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Hyundai Azera” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 5400 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol- nəqliyyat hadisəsi üzrə Sumqayıt Şəhər DYPŞ-nin “inzibati tənbeh vermə haqqında” qərarına əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbi ilə bağlı 5000 manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 400 manat məbləğ isə Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0527/23 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələb təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Göstərilənlərə əsasən subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 400 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, onun avtomobilinə dəyən zərər iddiaçının avtomobilinə dəyən zərərdən daha artıqdır. Sözügedən avtomobilə iddiaçının nümayəndəsinin qeyd etdiyi məbləğdə maddi zərərin dəyməsi mümkünsüzdür. Cavabdeh tərəfindən dəymiş maddi zərərlə bağlı qiymətləndirmə aktı tərtib edilmişdir və zərərin məbləği orada qeyd olunmuşdur. İddiaçının tələb etdiyi məbləğ şişirdilmiş məbləğdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan MVC0208/21 saylı, xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Hyundai Azera” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 5500 manat, ödənilmiş sığorta ödənişinin məbləği 5400 manat təşkil edir.

9. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 1856/20 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Hyundai Azera” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5500 manat məbləğində ziyan dəymişdir.

10. İşin materiallarında olan OD2 saylı, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Qala Sığorta” ASC tərəfindən X5 hesabına 5400 manat pul köçürülmüşdür.

11. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC "xxxx" ASC-nin hesabına 5000 manat pul köçürülmüşdür.

12. İş materiallarında olan AP seriyalı № ******* saylı Sumayıt şəhər DYPŞ-nin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 07:13-də “BMW 535” markalı **-PT-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən İbrahimzadə X3, “Green House” Şadlıq Sarayının bərabərliyində özündən qarşıda sol zolaqda dayanan “Hyundai Azera” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı maşınla lazımi ara məsafəsi saxlamamış, nəticədə arxadan toqquşmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6650 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “Hyundai Azera” markalı, **-OX-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4641 manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh “BMW 535” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, "xxxx" ASC tərəfindən kasko sığorta növü üzrə sığortalanmış “Hyundai Azera” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sığortalı avtomobilin sahibinə maddi ziyan vurulmuşdur. Sığorta aktına əsasən sığorta şirkəti tərəfindən 5400 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bundan sonra sığortalıya ödənilmiş 5400 manat məbləğində sığorta ödənişinin 5000 manat təşkil edən hissəsi «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə "xxxx" ASC-dən tələb olunmuş və adı çəkilən sığorta şirkəti tərəfindən 5000 manat məbləğ "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Hazırda "xxxx" ASC subroqasiya qaydasında qalan 400 manat məbləğində pulu cavabdehdən məhkəmə qaydasında tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

16. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 17.Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

18. Məhkəmə iclasında işə baxılarkən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/6650 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə sığortalı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4641 manat miqdarında müəyyən edilmişdir.

19. Məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı avtomobilə real olaraq 4641 manat məbləğində ziyanın vurulması və "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 5000 manat məbləğində sığorta ödənişinin verilməsi nəzərə alınaraq iddia tələbi təmin edilməməlidir.

20. "xxxx" ASC tərəfindən sığortalıya artıq məbləğin ödənilməsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı artıq ödənilmiş məbləğlə əlaqədar məbləğin ödənildiyi şəxsə qarşı iddia tələbini irəli sürmək hüququna malikdir.

21. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddiası rədd edilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı "xxxx" ASC-dən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Nəticə hissəsi:

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı "xxxx" ASCdən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar