Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-8142/2025 11.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X1 iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh 5950 manat məbləğində pulun və ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh bacısı vasitəsi ilə tanımışdır. İddiaçı və cavabdeh arasında tanışlıq yaranmış, cavabdeh isə bu yaranmış tanışlıqdan istifadə etməklə iddiaçıdan borc pul istəmişdir. İddiaçı hissə-hissə olmaqla cavabdehə 3500 ABŞ dolları, yəni 5950 manat məbləğində borc pul vermişdir. Pulun bir hissəsini 2 dəfəyə tanış olduğu sürücülər vasitəsilə taksi ilə göndərmiş, sonuncu dəfə isə özü şəxsən cavabdehə vermişdir. İddiaçının cavabdehə borc pul verməsini həmin taksi sürücüləri də təsdiqləyə bilər. Cavabdeh iddiaçının etibarından və aralarında yaranmış tanışlıqdan suiistifadə etməklə ondan borc almış və aldığı məbləği bu günə qədər qaytarmamışdır. İddiaçının cavabdehə borc pul verməsini təsiqləyən səs yazıları və yazışmalar da mövcuddur. Dəfələrlə cavabdehə aldığı pulu qaytarması barədə xəbərdarlıq olunsa da cavabdeh hər dəfə müxtəlif bəhanələrlə aldığı pulu qaytarmaqdan boyun qaçırmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh borcundan 700 manat ödədiyi üçün iddia tələbinin həcminin 700 manat azaldıldığını bildirərək bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək 5250 manat məbləğində borcu olduğunu və həmin borcu hissə-hissə ödəyə biləcəyini bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı tərəfindən təqdim edilən diskə baxış keçirilmiş və iddiaçının bacısı ilə cavabdeh arasında olan səs yazısından müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının bacısına iddiaçıya borcu olduğunu etiraf edir. İddiaçının bacısı cavabdehə qardaşına olan borcunu gün ərzində qaytarmalı olduğunu bildirdikdə cavabdeh ona güzəşt edilməsini, tez bir zaman ərzində pul taparaq onun borcunu ödəyəcəyini qeyd edir. Həmçinin iddiaçının bacısına iddiaçının ona 2500 ABŞ dolları, daha sonra 1500 manat və 500 manat borc verdiyini, onun isə iddiaçıya sonradan borcundan 500 manat ödədiyini bildirmişdir. Cavabdeh iddiaçının bacısına iddiaçının ona faizə borc pul verdiyini bildirdikdə qarşı tərəf iddiaçının pulu ona faizə vermədiyini bildirmişdir. Sonrakı səs yazılarından məlum olur ki, iddiaçının bacısı cavabdehə borcunu tez bir zamanda qaytarmalı olduğunu bildirdikdə cavabdeh hicama və qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, tez bir zamanda borcunu qaytaracağını bildirir. Lakin dəfələrlə cavabdehə aldığı pulu qaytarması barədə xəbərdarlıq olunsa da cavabdeh hər dəfə müxtəlif bəhanələrlə aldığı pulu qaytarmaqdan boyun qaçırmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh bacısı vasitəsi ilə tanımışdır. İddiaçı və cavabdeh arasında tanışlıq yaranmış, cavabdeh isə bu yaranmış tanışlıqdan istifadə etməklə iddiaçıdan borc pul istəmişdir. İddiaçı hissə-hissə olmaqla cavabdehə 3500 ABŞ dolları, yəni 5950 manat məbləğində borc pul vermişdir. Dəfələrlə cavabdehə aldığı pulu qaytarması barədə xəbərdarlıq olunsa da cavabdeh hər dəfə müxtəlif bəhanələrlə aldığı pulu qaytarmaqdan boyun qaçırmışdır. Daha sonra cavabdeh iddiaçıya olan borcundan 700 manat ödəniş etmiş və nəticədə 5250 manat məbləğində borcu qalmışdır. Odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5250 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 5250 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 72,5 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 7,5 manat iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5250 manat borc və ödənilmiş 72,5 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 7,5 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-8142/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-8142/2025
11.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver