Məhkəmə qərarları › İş №e-2(060)-832/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-832/2023

02.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-832/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 29529 ABŞ dolları məbləğində təşkil edən qızıl zinət əşyalarını və brilliant qaşlarının pul və ya mal (natura) formasında qaytarılması və iddia ərizəsinin dövlət rüsumunu təşkil edən 241 manat pul məbləğinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 15 ildir ki, tanışdırlar. Belə ki, o neçə illərdir ki, “MOSKVA UNİVERMAĞİNDA” zərgər işi ilə məşğuldur. Cavabdehlər neçə illərdir ki, iddiaçıdan qızıl zinnət əşyaları ilə brilliant qaşlar götürərək satmışlar və onun tərəfindən onlara həmin əşyaların nisyə satdığı məbləğini ödəmişlər. Bu səbəbdən cavabdehlər inam qazanaraq, artıq onun tərəfindən onlarla 15 il idi ki, işləmişdir. 2015-2016-ci illərdə cavabdehlər iddiaçının yanına gələrkən, küllü miqdarda satmaq üçün qızıl zinnət əşyaları və brilliant qaşlarını iştəmişdirlər. Əlində olan malları yığaraq, cavabdehlərə vermişdir. Həmin mallar 29529 (iyirmi doqquz min beş yüz iyirmi doqquz) ABŞ dolları məbləğində təşkil etmişdir. Həmin məbləğdə mallar cavabdehlərə hissə-hissə verilmişdir. Bir müddət keçdikdən sonra, müşahidə olunmuşdur ki, cavabdehlər tərəfindən onlara verilən malların pul məbləğləri qaytarılmır. Dəfələrlə əlaqə saxlayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir xəbər çıxmamış, telefonunun zənglərinə heç bir cavab verilməmişdir. 2017-ci ildən başlayaraq, cavabdehlər Cavabdeh2 Əkbər oğlu və Cavabdeh1 tərəflərindən dəfələrlə əlaqə saxlanılmış, görüşlər keçirilərək, hər dəfə vədd edilmişdir ki, narahat olmasın, borcu qaytaracaqlar. Bu kimi hal neçə illər idi ki, davam etmişdir. Nəhayət cavabdehlərin yalanlarından bezərək, Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinə şikayətlə müraciət olunmuşdur. Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis-polkovnik – leytenantı Müslüm Quliyev tərəfindən neçə aylar ərzində həmin iş üzrə araşdırma aparılırmışdır. İşin neçə aylar ərzində uzanmasının səbəbi ondan ibarət idi ki, cavabdehlər izahat verilməsi üçün müstəntiqin çağırışına gəlməmiş və gəlməkdən yayınmışdırlar. Hətta buna əsasən baş müstəntiq Müslüm Quliyev tərəfindən cavabdehlərə məcburi gətirilmə verilmişdir. Həmin vaxtı Cavabdeh1 telefona zəng edərək, onunla görüşməyə və razılığa gəlməyə bildirmişdirlər. Cavabdehə cavab olaraq deyilmişdir ki, yaxınlaşsın Səbail Rayon Poılis İdarəsinə və hər bir məsələni orada aydınlaşdırsınlar. Lakin cavabdeh tərəfindən razılıq verilsədə, həmişəki kimi icra olunmamışdır. Bundan başqa cavabdehlər hətta yaşadıqları evlərindən gizli qalırdılar ki, polis tərəfindən tutulmasınlar. Belə bir halda sual yaranır ki, cavabdehlərin borcları yox idisə, nəyə görə polis əməkdaşlarından qaçıb gizlənirdilər? Bu kimi hal faktlardan biridir ki, cavabdehlər borcun olmasını boyunlarına alırdılar və bu səbəbdən izahat verməyə qorxurdular. Bir müddət keçdikdən sonra əməliyyatçılar tərəfindən Cavabdeh1 tutularaq, Səbail rayon polis İdarəsinə gətirilmiş və izahat vermişdir. Cavabdeh1 izahatında borcun olması boynuna almışdır. Hətta izahatında onu göstərmişdir ki, borclu olduğu zaman, Türkiyə Respublikasına getmiş, oradan geriyə qayıdarkən zəng etmiş, razılığa gəlmək istəmiş, lakin iddiaçı razılığa gəlməmişdir. Bu kimi faktlar hətta baş müstəntiq Müslüm Quliyevin 01 noyabr 2021-ci il tarixli qərarında da qeyd olunaraq, bunu sübuta yetirir ki, cavabdehlər həqiqətəndə pul vəsaiti borcludurlar. Bundan başqa Səbail rayon polis İdarəsinin, İstintaq Şöbəsinin Baş müstəntiqi Müslüm Quliyev tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli qərarında göstərilir ki, cavabdehlər tərəfindən 26000 (iyirmi altı min) ABŞ dolları məbləğində pul borcu etiraf edilir. Həmin iş üzrə cinayət tərkibi olmadığı üçün, Səbail rayon polis İdarəsinin İstintaq Şöbəsinin Baş Müstəntiqi Müslüm Quliyev tərəfindən yuxarıda qeyd etdiyi kimi, 01 noyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar verilmişdir. Bu iddia ərizəsində qeyd etdiklərinin hamısı 01 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda öz sübutunu təsdiqləyir. Həmin qərarda Cavabdeh1 verilmiş izahat əsasında, digər Cavabdeh2 ilə birlikdə 26000 (iyirmi altı min) ABŞ dolları məbləğində pul vəsaitinin borc olmaqlarının etiraf edilməsi barəsində də qeyd olunmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, məhkəmədən Cavabdeh1 22400 ABŞ dolları məbləğində pul vəsaitini, Cavabdeh2 7129 ABŞ dolları məbləğində pul vəsaitlərinin onun xeyrinə ödənilməsini, həmin pul vəsaitlərinin icra olunan günü üçün Azərbaycan Respublikasında ABŞ dollarının manata olan məzənnə ilə ödənilməsi və məhkəməyə verilməsi üçün ödənilmiş 241 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, ürəyində əməliyyatdan sonra ciddi problemlər yarandığını, məhkəmə iclasında səhhəti ilə bağlı olaraq iştirak etməyinin qeyri mümkün olduğunu, bu səbəbdən də məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və qərarın çıxarılmasını xahiş etmişdir. 06 fevral 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdehlərlə bir müddət bir yerdə işləmişlər. Etibarını qazanmışlar. Ondan qızıl almış və satmışlar. Bir müddətdən sonra cavabdehlər yoxa çıxmışlar, xəbərləri Türkiyə Respublikasından gəlmişdir. O da xeyli müddət gözləmiş, pulunu isə qaytarmamışlar. O da məcbur olmuş və Polis orqanlarına müraciət etmişdir. 10 min manatlıq mal verirmiş, 3000 manat vermiş, 7000 manat qalmışdır. 5 min manatlıq mal vermiş, 2 min manat vermiş, 3000 manat qalmışdır. Bu qayda ilə işləyirmişlər. Kitabçası var, orda qeydiyyatı aparmışdır. Cavabdehlərin də kitabçaları var. 22.440 ABŞ dollar birindədir, 7000 ABŞ dolları da digərindədir. Heç bir faiz söhbəti olmamışdır. Sahib sonuncu dəfə 10.000 dollar qaytarmış, 7.000 dollar qalmışdır. Dəftərdə qeydiyyat aparmışlar, lakin imzaları olmamışdır. Onda kitabça vardır, onların özündə də vardır. Həmin kitabçanı məhkəməyə təqdim edə bilər. Əgər borcu yox idisə niyə polis çağıranda Sahib getməmiş, axtarışa verilmişdir? 22 fevral 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, kitabçalarda bütün qeydlər aparılmışdır. Əkbərə 22.000 dollarlıq mal vermiş, 2 min dollarını qaytarmış, qalanı qalmışdır. Sahibə də 17.000 dollarlıq mal vermiş, 7 min dollarını qaytarmış, qalanı qalmışdır. Cavabdehlərdən borcunu ayrı-ayrı tələb edir. Qızılların şəkli yoxdur, o ancaq malı vermiş pulunu almışdır. Kamera yoxdur ki, çəksin. Onda elə bir sistem yoxdur ki, çəkiliş olsun. O, 5 ildir ki, cavabdehləri axtarır, böyük qardaşlarına xəbər etmiş, univermağın işçilərinə, ortaq tanışlara demişdir. Vüsalə adlı satıcısına hər gün zəng etmiş, demişdir ki, yoxdur, Sahibin böyük qardaşı ilə yoldaşının iş yerinə getmiş, yoldaşına demişdir. Əgər onda borcu yox idisə, niyə bir dəfə maraqlanmamışdır ki, onu niyə axtarır? Əkbər qızılı lomlamış, evini banka girov qoymuş, 22.000 dollar borcundan 2.000 pul vermiş, qalan 20.000 dolları cibinə qoymuş, Türkiyə Respublikasına qaçmışdır. Borc 30.000 dollardan artıq olmuş, xırda-xırda qaytarmışdır. Hazırda 22.400 dollar Əkbərin, 7.100 dollar Sahibin borcu vardır. 2010-2012-ci ildən qalan borclardır. Borcları ayı-ayrı tələb edir. Əgər biri onu axtararsa, gedib soruşar ki, onu niyə axtarır, lakin onlar qəsdən gizlənmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddiaçı ilə brilyant alqı-satqısı ilə məşğul olmuşlar, lakin aralarında qızıl alqı-satqısı olmamışdır. Borcu da bağlamışdır. Borcu nə zaman bağladığı yadında deyildir. Borcu bağlamağı əlbəəl olmuşdur. Həmin pul verilən zaman orada yalnız tərəflər olmuş, başqa şəxslər olmamışdır. Başqa şəxslər olmadığı üçün də bunu sübut etmək mümkün deyildir. İddiaçı ona təxminən 7000 (yeddi min) ABŞ dolları borcu qaldığını demişdir. İddiaçının dediyinə görə, borc həmin məbləğdən çox olmuş, ödənilmiş və təxminən 7000 (yeddi min) ABŞ dolları borc qalmışdır. Lakin borcu ödəmişdir. Alqı-satqı işləri daimi getdiyi üçün hansı məbləğdə borc götürdüyü dəqiq yadında deyildir. İddiaçı deyir ki, 10000 (on min) ABŞ dolları məbləğində borc ödənilmiş, lakin 7000 (yeddi min) ABŞ dolları məbləğində borc qalmışdır. Dollar ilə qaytarmış, lakin borcu devalvasiyadan öncə qaytarmışdır. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh1 izahatında bildirdi ki, qaytarılan borclar çeklər ilə olmamış, əlbəəl olmuşdur. Kitabçaları isə xatırlamır. İddiaçıya sonuncu dəfə 26000 (iyirmi altı) min manat pul vermişdir. Pulu vermiş, iddiaçı toya getmiş, səhərsi gün zəng etmiş və bildirmişdir ki, dollar yüksəlmişdir. O isə demişdir ki, həmin məsələnin onlara aidiyyatı yoxdur. Pulun qaytarılması barədə sübutları yoxdur. Bildirir ki, ortada notarius müqaviləsi yoxdur ki, borcda olsun. Türkiyə Respublikasından mal aparıbgətirdikləri zaman belə ortada heç bir sənəd əməliyyatı olmamışdır. Elsevər adlı şəxsi tanımır. Məhkəmə iş üzrə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh2 və onun qardaşı Cavabdeh1 əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığına görə həmin maddə ilə barələrində cinayət təqibinin başlanması rədd edilmiş, qərar barədə tərəflərə məlumat verilmiş və İddiaçı qəbul edilmiş qərardan məhkəməyə və ibtiradi araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Səbail Rayon Prokurorluğuna şikayət etmək hüququnun olması izah edilmiş, material saxlanılmasından ötrü Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin dəftərxanasına təhvil verilmiş, qərarın surəti ibtidai aradırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Səbaril Rayon Prokuroruna göndərilmişdir. Həmin qərarın məzmunundan görünür ki, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 5, mənzil 39-da yaşayan İddiaçı 25 yanvar 2021-ci il tarixdə Səbail RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, təxminən 15 il əvvəl Cavabdeh2 və onun qardaşı Cavabdeh1 ilə o “Moskva” univermağından tanımış və onlarla uzun müddət brilyant alqı-satqısı ilə məşğul olmuşlar. Belə ki, onlar ondan nəğd və nisyə brilyant almışlar və onlar mütəmadi olaraq isə pulunu vaxtında ödəməklə onun etibarını qazanmışdılar. Sonuncu dəfə isə 2016-cı ilin iyul ayının ortalarında onlar ona müraciət edərək 30.000 ABŞ dolları dəyərində brilyant qaşlar istəmiş və onun etibarını qazandıqları üçün o onlara inanaraq onlarla MUM-ın qarşısında görüşərək vermişdir. Onlar brilyant qaşları ondan götürərkən bir həftə ərzində pulu ödəməyi vəd versələr də pulu ona ödəməyərək yayınmağa başlamışlar. O, “Moskva” unvermağına gedərək onların satış nöqtələrindən onlar barəsində maraqlandıqda isə ona məlum olmuşdur ki, Əkbər və Sahib öz satış nöqtələrini bağlayaraq univermaqdan çıxmışlar. Daha sonra isə istifadələrində olan nömrələri bağlayıb ümumiyyətlə yoxa çıxdıqda o başa düşmüşdür ki, onlar onun etibarını qazandıqdan sonra əvvəlcədən pulunu ona ödəmək niyyətləri olmadan brilyant qaşları götürərək dələduzluq etmişlər. İddiaçı ərizəsi 25 yanvar 2021-ci il tarixdə Səbail RPİ-də “cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında” 27 nömrə ilə qeydə alınmış və material üzrə araşdırmanın aparılması ona həvalə edildiyinə görə materiallar icraatına qəbul edilmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında ərizəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Material üzrə izahat vermiş Cavabdeh1 izahatında göstərmişdir ki, İddiaçı təxminən 15 il olar ki, tanıyır. Belə ki, o onun işlədiyi “Moskva” unvermağının yaxınlığında ofisdə işləmiş və brilyant qaşların alqı-satqısı ilə məşğul olmuşdur. O və qardaşı Ağayarov X1 Bağırova uzun müddət brilyant alqı-satqısı ilə məşğul olmuşlar, onlar ondan nəğd və nisyə brilyant almış və mütəmadi olaraq isə pulunu vaxtında ödəmişdilər. Sonuncu dəfə 2015-ci ilin sonlarına yaxın o və qardaşı Sahib Xoşqədəmdən yenə də brilyant qaşlar götürmüş və onların ona 26.000 ABŞ dolları pul borcu yaranmışdır. 2016-cı ildə isə manatın birinci devolvasiyasından sonra 1 ABŞ dolları 1,05 manat olarkən o Xoşqədəmlə görüşüb ona olan borcunu tam şəkildə yəni 26.000 ABŞ dolları ödəmişdir. Səhəri gün isə onlara məlum olmuşdur ki, manat ikinci dəfə devolvasiyaya uğrayıb və 1 ABŞ dolları artıq 1 manat 70 qəpik olmuşdur. Bundan sonra Xoşqədəm onunla əlaqə saxlayıb bildirmişdir ki, o brilyant qaşları ona verərkən ABŞ dollarının kursu aşağı olmuşdur və hazırda dolların kursu artdığına görə o ona əlavə olaraq pul ödəməlidir. Lakin o Xoşqədəmə demişdir ki, onun ona ödəniləcək pulu yoxdur. Həmin vaxtdan sonra isə o işləmək üçün Türkiyə Respublikasına getmiş və təxminən bir il bir ay orada qaldıqdan sonra Azərbaycan Respublikasına qayıtmışdır. Qayıtdıqdan sonra isə bir dəfə Xoşqədəmə zəng edərək onunla görüşüb söhbət etmək istədiyini bildirmiş və Xoşqədəm özü ona zəng edəcəyini dediyi üçün daha onu narahat etməmişdir. Həmin vaxtdan sonra onunla danışmamış və görüşməmişdir. Verilən suallara cavab olaraq Cavabdeh1 bildirmişdir ki, onun İddiaçı o qədər borcu yoxdur. Onun ona 26.000 ABŞ dolları borcu olmuş və həmin borcu ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə 1 manat 5 qəpik olarkən ödəmişdir, əgər borcu qalıbsa onda mülki qaydada məhkəməyə müraciət edə bilər. İzahatına əlavə olaraq həmçinin qeyd etmişdir ki, o İddiaçıla aralarında olan alış-verişi təsdiq edən və ya onun ona olan borcunu qaytarmağını təsdiq edən hər hansı bir yazılı sənəd təqdim edə bilmir və hazırda qardaşı Cavabdeh2la münasibətləri pisləşdiyi üçün o, onun hazırda harada olmasını bilmir. Material üzrə Cavabdeh2 yerinin müəyyən edilməklə izahatının alınması üçün Səbail RPİ-nin İŞ-nə dəvət edilməsi məqsədi ilə əməliyyat tapşırığı verilsə də araşdırma müddətində tapşırığına müvafiq cavab verilməmişdir. Toplanmış materialdan görünür ki, Cavabdeh2 və onun qardaşı Cavabdeh1 tərəfindən İddiaçı məxsus olan əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, araşdırma dövründə Cavabdeh2 yeri müəyyən etmək olmasa da Cavabdeh1 izahatında həqiqətən də İddiaçı 26.000 ABŞ dolları dəyərində brilyant götürdüyünü təsdiq etmişdir. X5 izahatında İddiaçı ondan borcunu istəməsi və onun özünün Türkiyə Respublikasından qayıtdıqdan sonra İddiaçıla telefon əlaqəsi yaradaraq onu axtarması qeyd edilən pul vəsaitinin İddiaçı qaytarmadığına dəlalət edir. Elsevər Əliosmanov tərəfindən Səbail Rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədova ünvanlanmış izahatdan görünür ki, Elsevər Əliosmanov bildirmişdir ki, Əkbər və X3 Bağırovdan bir dəfə deyil, dəfələrlə briliant qaşlar almış, müəyyən məbləğlərdə pul ödəmişlər. Əkbər və Cavabdeh2lar İddiaçı borclu olmalarına şahidlik etmişdir. İş materiallarında olak kitabçalardan görünür ki, cavabdehlərə müxtəlif vaxtlarda pul məbləğləri verilmişdir. Məhkəmə iclasında cavabdehlərin verdiyi izahatlar və iş materiallarında olan sübutlar əsasında müəyyən edildi ki, sonuncu dəfə 2015-ci ilin sonlarına yaxın Cavabdeh1 və qardaşı Cavabdeh2 İddiaçı brilyant qaşlar götürmüş və onların ona 26.000 ABŞ dolları pul borcu yaranmışdır. Toplanmış materialdan görünür ki, araşdırma dövründə Cavabdeh2 yeri müəyyən etmək olmasa da Cavabdeh1 izahatında həqiqətən də İddiaçı 26.000 ABŞ dolları dəyərində brilyant götürdüyünü təsdiq etmişdir. X5 izahatında İddiaçı ondan borcunu istəməsi və onun özünün Türkiyə Respublikasından qayıtdıqdan sonra İddiaçıla telefon əlaqəsi yaradaraq onu axtarması qeyd edilən pul vəsaitinin İddiaçı qaytarmadığına dəlalət edir. Bundan əlavə məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəmə mübahisəsinin predmeti olmamışdır. Yəni cavabdehlər iddia tələbini qəbul etməmələrinə baxmayaraq etirazlarının əsasını təşkil təşkil edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri) Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumuniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərar). Məhkəmə hesab edir ki, tərəflər arasında aldığı pul müqabilində öhdəlik münasibətləri olmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə öhdəlik götürmüş, bir-birini uzun müddət tanımış və işin mübahisə edilməyən halı, yəni cavabdehlərin də etiraf etdiyi kimi, qızıl-zinət əşyaları götürərək pul məbləğləri qaytarmışlar. Lakin nəzərdə tutulan öhdəlik cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yerinə yetirilməmişdir. Ona görə də iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən cavabdehlərin polis orqanında verdikləri ifadələrə əsasən 26000 ABŞ dolları məbləğinə etirafını əsas götürmüşdür. Belə ki, həmin məbləğin qaytarılması cavabdehlər tərəfindən təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 90% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 241 manat dövlət rusumunun 222.6 manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, 18.4 manatı isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, Cavabdeh2 7000 (yeddi min) ABŞ dolları, Cavabdeh1 19000 (on doqquz min) ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 7000 (yeddi min) ABŞ dolları, Cavabdeh1 19000 (on doqquz min) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə tutularaq İddiaçı ödənilsin. 222.6 (iki yüz iyirmi iki manat altmış qəpik) manat dövlət rüsumu məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin İddia tələbi qalan hissədə təmin edilməsin.. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar