Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-904/2022 11.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 06 may 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “KAMAZ 5320” markalı 50BD164 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 23 iyun 2020-ci il tarixdə Cəlilabad rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 ölmüşdür. Lənkəran Ağır Cinayətləri Məhkəməsinin hökmü ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Bundan başqa o, hadisə yerindən qaçmışdır. Zərərçəkin ölümü ilə əlaqədar onun varisinə 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh2 və Cavabdeh1 Hüseyn oğlundan müştərək qaydada 5000 (beş min) manat məbləğində verilmiş sığorta ödənişinin və 70,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək bütün məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 04.05.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, «KAMAZ 5320 YÜK» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC-də 04.05.2020-ci il tarixindən 06.05.2021-ci il tarixə kimi sığortalanmışdır. İş materiallarında olan 23.09.2021-ci il tarixli PGU213090 saylı sığorta aktından görünür ki, 23.06.2020-ci il tarixdə Cəlilabad rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 ölmüş, 5000 manat məbləğində sığorta ödənişi hesablanmışdır. İş materiallarında olan 01.10.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, X1 ölümü il nəticələnən yol-nəqliyyat hadisəsi nəticəsində hesablanmış 5000 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən X4 plastik karta ödənilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 24.06.2020-ci il tarixdə Cəliabad rayonunda baş beynin ocaqlı travması səbəbindən ölmüşdür. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-46/2021 saylı, 05.03.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh2 cinayətlərin məcmusu üzrə qəti olaraq 5 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan AZEMİS-dən çıxarışdan görünür ki, Cavabdeh1 Hüseyn oğlu 25.05.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-904/2022 saylı, 11.03.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 Hüseyn oğlu vəfat etdiyi üçün ona münasibətdə mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci bəndindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi sahibinin, yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. Həmin Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən, üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsinin sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. Onlardan biri zərəri tam ödədikdə üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinin tələbinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh2 tərəfindən törədilmiş, təqsirli və hüquqazidd əməl nəticəsində X3 24.06.2020-ci il tarixdə ölmüş, bu səbəbdən sığorta ödənişi qismində 5000 manat məbləğində pul hesablanmış, "xxxx" ASC tərəfindən Cavabdeh2 törətdiyi əməl üzrə X4 01.10.2021-ci il tarixdə 5000 manat məbləğində sığorta ödənişi edilmiş və həmin ödəniş üzrə tələb hüququ subroqasiya qaydasında "xxxx" ASC-nə keçmişdir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-904/2022 saylı, 11.03.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 Hüseyn oğlu vəfat etdiyi üçün ona münasibətdə mülki iş üzrə icraata xitam verilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh2 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 5000 manat sığorta ödənişi və 70,40 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 5000 (beş min) manat vurulmuş ziyanın əvəzi və 70,40 (yetmiş manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-904/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-904/2022
11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver