Məhkəmə qərarları › İş №e-2(060)-915/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-915/2023

18.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-915/2023 18.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt şəhərində 18 avqust 2023cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2160 (iki min bir yüz altmış) manat borcun və 42 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və 2-ci qrup Qarabağ əlili olan qardaşı X1 birlikdə Sumqayıt şəhəri, Qurd dərəsi, Bağlar massivində yerləşən ünvanlarında heyvandarlıq təsərrüfatı ilə məşğul olurlar. Cavabdehi ət satışı ilə məşğul olan şəxs kimi tanıyır. Cavabdeh xx.xx.2022-ci il tarixdə ondan toyda kəsilmək üçün iribuynuzlu malı nisyə satın almışdır. Aralarındakı şifahi razılaşmaya əsasən o, xx.xx.2022-ci il tarixdə ona 3000 (üç min) manat pul verməli idi. Lakin cavabdeh şifahi razılaşmanının şərtlərini pozaraq bu günə kimi ona cəmi 840 manat pul vermişdir. Dəfələrlə borcunu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. Cavabdehin hərəkətləri ilə bağlı Sumqayıt şəhər prokurorluğuna müraciət etmiş, oradan şikayəti baxılması üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərilmişdir. 3-cü Polis bölməsi şikayətinin mülki məsələ ilə bağlı olduğunu və bunun üçün məhkəməyə müraciət etməli olduğumu bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, cavabdeh ilə aralarındakı qeydə aldığı telefon danışıqlarında cavabdeh ona borclu olduğunu etiraf edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, məsələ ilə bağlı polisə müraciət etmiş, cavabdeh bölməyə dəfələrlə dəvət edilmiş, lakin cavabdeh Bölməyə getməkdən imtina etmişdir. Bildirir ki, cavabdeh 1 ay əvvəl ona borcundan daha 100 manat pul qaytarmışdır. Hazırda cavabdehin 2060 manat borcu qalmışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) cavabdeh məhkəmə iclasına gəlməmiş, və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Polis İdarəsi 3-cü polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı hazırkı məsələ ilə əlaqədar iddia ərizəsi ilə məhkəıməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. (“S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarı) Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 1 ədəd elektron daşıyıcıda olan səs yazısında cavabdeh iddiaçıya 2160 manat borclu olduğunu etiraf etmişdir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı tərəfindən təqdim edilmiş elektron daşıyıcıda olan səsin Cavabdeh məxsus olub-olmadığını müəyyən etmək və mülki işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərardadı ilə məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir. İş üzrə fonoskopik ekspertizanın həyata keçirilməsi üçün Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin 02 iyun 2023-cü il tarixli vəsatətinə əsasən cavabdehə Məhkəmə Ekspertiza Mərkəzinə getməsi barədə bildirilsə də, o, Mərkəzə getməmiş, nəticədə iş üzrə məhkəmə-fonoskopik ekspertizasının həyata keçirlməməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərindən irəli gələrək hesab edir ki, cavabdeh ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etdiyindən və onun iştirakı olmadan ekspertizanı keçirmək mümkün olmadığından iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 1 ədəd elektron daşıyıca olan səs yazıları Cavabdeh məxsusdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehin ona olan borcundan daha 100 manat ödədəyini, hazırda cavabdehin ona 2060 manat borcu qaldığını bildirmişdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bu səbəbdən iddia qismən təmin edilməli, Cavabdeh 2060 (iki min altmış manat) manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 42 (qırx iki) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2060 (iki min altmış manat) manat məbləğində pul və 42 (qırx iki) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar