Məhkəmə qərarları › İş №e-2(060)-985/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-985/2025

23.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-985/2025 23.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Kontoruna qarşı “imtina əqdinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Kontoruna qarşı iddia qaldıraraq 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində vəfat etmiş həyat yoldaşı X3 miras qalmış mirasın ona çatacaq hissəsindən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli imtina əqdinin (iradə ifadəsinin) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1977-ci il tairxdə X8 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.1983-cü il təvəllüdlü X9 anadan olmuşdur. X8 18 fevral 2024-cü il tarixdə rəhmətə getmişdir. Həyat yoldaşının vəfatından sonra bu barədə heç bir məlumatları olmadığına görə mirası necə qəbul edəcəkləri və bu prosesə necə başlayacaqları barədə məlumatları yox idi. Mirasdan oğlunun xeyrinə imtina etmək istədiyinə qərar vermişdir. Bu səbəblə də xx.xx.2024-cü il tarixdə 1 saylı Sumqayıt “ASAN Xidmət” mərkəzindəki notariat ofisində ərizə vermişdir. Lakin imzaladığı ərizənin nə məna ifadə etdiyini bilməmişdir. Mirasın ona düşən hissəsindən oğlu Quliyev Fəridin xeyrinə imtina etdiyini zənn etdiyi halda, əslində miras əmlakından ümumiyyətlə imtina etmişdir. Beləliklə, miras əmlakından vacib əhəmiyyətli yanılma nəticəsində yalnış ifadə iradə ifadəsi ilə imtina etmişdir. Nəticədə qüsurlu iradə ifadəsi ilə yanlış olaraq istədiyi əqdi deyil, bağlamaq istəmədiyi mirasdan imtina əqdini imzalamışdır. Bu hal ona sonradan məlum olmuşdur. İmtina etmək barədə ərizəsinin ləğv olunmasını istəsə də, notariat orqanı ancaq məhkəmə yolu ilə bu ərizənin ləğv edilməsinin mümkün olduğu onlara izah olunmuşdur.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ötən ilin mart ayında “ASAN xidmət” mərkəzinə yaxınlaşmış və orada oğlunun xeyrinə pay hüququndan imtina etmişdir. Notariusda ərizənin məzmununu oxudular. Lakin orada evdən imtina etdiyini deyil, oğlunun xeyrinə pay hüququmdan imtina etdiyini bildirmişdir. Belə ki, ötən ilin mart ayında “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. Yalnışlıq olmasının ona nə zaman məlum olduğunu xatırlamır, lakin bu barədə tezliklə məlumatları olmuşdur. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında bildirdi ki, atasının vəfatının 40-cı günündən sonra onlara bu məsələ ilə maraqlanmaqlarını bildirmişdirlər. Anası ilə birlikdə “ASAN xidmət” Mərkəzinə getmişdirlər. Anasına onun pay hüququnu istəmədiyini bildirsə də, anası pay hüququnu ona vermək istədiyini bildirmişdir. Orada anasına sual verdikdə, anası onun xeyrinə pay hüququndan imtina etdiyini bildirmişdir. 6 ay sonra öz payını və anasının onun üçün imtina etdiyi payı almaq üçün təkrar yaxınlaşmış, lakin ona anasının paydan imtina etdiyini bildirdilər. Daha sonra notariusa müraciət etməli olduğunu qeyd etdilər. Notariusda isə məhkəməyə müraciət etməklərini bildirdilər. Hesab edir ki, məsələ vacib əhəmiyyətli yanılmadan irəli gəlmişdir. Anası həmin vaxt orada idi. Belə ki, anası onun xeyrinə pay hüququndan imtina etmişdir. Notariusda məsələni həll edəcəkdirlər. Lakin işçilərin məsuliyyətsizliyindən belə olmuşdur. Əgər anası pay hüququndan imtina edirdisə, həmin vaxt kimin xeyrinə paydan imtina etməli olduğunu soruşmalı idilər.

5. Cavabdeh Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinin notariusu Rəşad Haqverdiyev ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahişı etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. İ-ЖГ 458275 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı arasında 04 oktyabr 1977-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 830 nömrəsi ilə qeydiyyat aparılmışdır.

8. AZ-İİ 404339 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 224 nömrə ilə qeyd edilmişdir.

9. İX-ЖГ 291307 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1983-cü ildə anadan olmuşdurlar. X2, anası isə İddiaçıdır.

10. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, H.Əliyev küçəsi, ev 15 tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixində qeydiyyata alınmışdır.

11. X9 tərəfindən Notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 8V-173/11 nömrəli ərizədən görünür ki, X1 rayonu, Masazır kəndi, H.Əliyev küçəsi, ev 15-də yaşamış, xx.xx.2024-cü ildə vəfat etmiş X3 miras qalmış miras əmlakı qəbul etdiyini bildirmiş, göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

12. İddiaçı tərəfindən Notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 8V- 173/11 nömrəli ərizədən görünür ki, İddiaçı xx.xx.2024-cü ildə ölmüş X3 irs qalmış mirasın ona çatası hissəsindən imtina etdiyini və ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256, 1268 və 1269-cu maddələrinin tələblərinin ona izah edildiyini bildirmişdir.

13. İddiaçı tərəfindən Notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 8V- 173/11 nömrəli ərizədən görünür ki, İddiaçı xx.xx.2024-cü ildə ölmüş X3 irs qalmış, vəfatından sonra qalmış əmlakın ½ hissəsinə mülkiyyət hüququndan imtina etdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizəsini geri götürə və ya ləğv edə bilməyəcəyi, mirasın bir hissəsindən imtina etməklə o, nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq bütün mirasdan əmlakdan imtina etməli olduğu barədə notarius tərəfindən ona izah olunduğunu bildirmişdir.

Məhkəmə baxışının hədləri:

14. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. -337-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. - 347.2-ci maddəsinə görə vacib əhəmiyyətli yanılmaya şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi, tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması aiddir. - 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. - 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə -1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. -1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarı

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.

17. Belə ki, iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı X4 arvadıdır. X8 18 fevral 2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı vəfat etmiş əri X3 qalmış miras əmlakın qəbulundan imtina ilə əlaqədar ərizə ilə 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş, o, xx.xx.2024-cü ildə ölmüş X3 irs qalmış, vəfatından sonra qalmış əmlakın ½ hissəsinə mülkiyyət hüququndan imtina etdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizəsini geri götürə və ya ləğv edə bilməyəcəyi, mirasın bir hissəsindən imtina etməklə o, nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq bütün miras əmlakdan imtina etməli olduğu barədə notarius tərəfindən ona izah olunduğunu bildirmişdir.

18. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

19. Hazırda iddiaçı vəfat etmiş həyat yoldaşı X3 miras qalmış mirasın ona çatacaq hissəsindən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli imtina əqdinin (iradə ifadəsinin) etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. İddia tərəfinin istinad etdiyi hal iddiaçının mirasdan imtina barədə ərizəsi deyil, oğlunun xeyrinə mirasdan imtina barədə ərizə vermək istəyinin olmasıdır. İddiaçı başqa şəxsin xeyrinə imtina etməsi kimi imkanı olduğu halda, təqdim etdiyi ərizədə hər hansı şəxsin xeyrinə deyil, mirası ümumilikdə qəbul etməkdən imtina etmişdir.

20. Belə ki, iddiaçının iddia tələbi birtərəfli iradə ifadəsi olan mirasdan imtina ərizəsinin etibarsız hesab edilməsi barədə olmaqla, tələbin hüquqi əsası ərizənin etibarsız sayılması ilə bağlıdır.

21. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

22. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə vacib əhəmiyyətli yanılmanın təsiri altında əqdin bağlanmasıdır.

23. Hazırki işdə iddiaçının etibarsız hesab edilməsini istədiyi əqdlə bağlı göstərdiyi dəlillər də mübahisələndirilən əqdlər üçün xarakterik olan hallara (vacib əhəmiyyətli yanılma) uyğun gəlir.

24. Mülki Məcəllənin 347-ci maddəsinə görə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.

25. Qeyd edilən normanın dispozitiv şərtlərinin mövcud olması üçün iradə ifadəsi zədələnmiş (yanılmış) şəxs müqavilə bağlanan ana qədər və ya bağlanan anda həmin yanılmanın təsiri altında hərəkət etməlidir.

26. İddiaçı mirasdan imtina etməsi ilə bağlı ərizəni vacib əhəmiyyətli yanılmanın təsiri altında verdiyinə istinad edib imtinanın etibarsız hesab edilməsini istəsə də, vacib əhəmiyyətli yanılma halının mövcud olduğunu sübuta yetirəcək dəlilləri məhkəməyə təqdim edə bilməmiş, iddiasının əsasını sübuta yetirə bilməmişdir.

27. Bundan başqa Mülki Məcəllənin tələblərinə əsasən mirasdakı paydan imtina ilə bağlı verilmiş ərizənin geri götürülməsi nəzərdə tutulmamışdır.

28. Beləliklə məhkəmənin qənaətinə görə iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmır.

29. Bundan başqa məhkəmə qeyd edir ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin vacib əhəmiyyətli yanılma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.

30. Məhkəmə işin müəyyən olunan hallarını əsas götürərək hesab edir ki, iddiaçının birtərəfli iradə ifadəsi olan müvafiq ərizənin onun yanılması nəticəsində verildiyi qənaətinə gəlmək mümkün deyildir.

31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Kontoruna qarşı “imtina əqdinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir

Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Kontoruna qarşı “imtina əqdinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar