Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1344/2024 23.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh qarşı 7600 manat pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7600 (yeddi min altı yüz) manat məbləğində pulun və 96 (doxsan altı) manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında ərizə təqdim edərək növbəti məhkəmə iclaslarında iştiarak edə bilməsə, işə mahiyyəti üzrə baxılıb, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə onun ərizəsini nəzərə alaraq işə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2021-ci ilin noyabr ayından başlayaraq xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək müddətdə hissə-hissə cavabdehə ümumilkdə 7600 manat pul vermişdir. Belə ki, cavabdeh onun oğlunu işə düzəldəcəyini bildirməklə ondan bu pulları almışdır. Sonradan artıq aldadıldığını başa düşərək cavabdehdən verdiyi pulları geri tələb etdikdə o, pulları qaytarmayacağını bildirmişdir. Nəticədə edilmiş şikayətlər əsasında cavabdeh barəsində cinayət işi başlanmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 1(100)-234/2022 saylı hökmü ilə cavabdeh məhkum edilmişdir. Beləliklə cavabdehin ona vurduğu zərər məhkəmə hökmü ilə sübuta yetirilmişdir. Məhz bu səbəbdən o, vurulmuş zərəri aradan qaldırmaq məqsədi ilə mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən cinayət nəticəsində ona vurulmuş zərəri tələb etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərdiklərinə əsasən Cavabdeh 7600 (yeddi min altı yüz) manat məbləğində pulun və 96 (doxsan altı) manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Belə ki, müəyyən edilmişdir ki, Cavabdeh hazırda 9 saylı cəza çəkmə müəssisəsində cəza çəkir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasasən baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 9 saylı cəza çəkmə müəssisəsinə edilmiş sorğuya 29 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş cavab məktubundan görünür ki, Cavabdeh iddia ərizəsi təqdim edilmişdir. Cavabdeh ərizəsində hökm üzrə zərərçəkən şəxsdən 7600 manat aldığını, lakin həmin şəxsin İddiaçı olmadığını, zərərçəkmiş şəxsə olan zərərin dostu tərəfindən tam olaraq ödənildiyini, eyni zamanda işin baxılması üçün onun hazırda qeydiyyatda olduğu və cəza çəkdiyi yer üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 1(100)-234/2022 saylı hökmünün surətindən aydın olur ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib, ona Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.3-cü maddələri ilə CM-in 46.2-ci maddəsinə əsasən 01 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolum ilə qəti olaraq Cavabdeh 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə iddia ərizəsini, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2021-ci ilin oktyabr ayında İddiaçı oğlu X1 polis alayında işə düzəldəcəyi adı ilə noyabr ayından başlayaraq, ümumilikdə 7600 manat pulunu almışdır. Lakin İddiaçı cavabdehin onun oğlu Cavanşiri işə düzəltmədiyini görüb, aldanıldığını və bu səbəbdən pulunu geri tələb etmişdir. Buna baxmayaraq cavabdah onun pulunu verməmişdir. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 1(100)-234/2022 saylı hökmünün surətindən aydın olur ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə məhkum olunmuş və ona müvafiq cəza təyin edilmişdir. Həmin hökmdəki epizodlardan biri də məhz zərərçəkmiş şəxs İddiaçıla bağlı olmuş və həmin epizodda Cavabdeh İddiaçı oğlu Cavanşirin işə düzəltmək adı ilə ondan 7600 manat pul alması öz təsdiqini tapmışdır. İddiaçı vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən qaytarılmamışdır. Buna səbəb onun istintaq zamanı mülki iddiaçı kimi tanınmaması olmuşdur. Odur ki, İddiaçı sözügedən iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərdiklərinə əsasən Cavabdeh 7600 (yeddi min altı yüz) manat məbləğində pulun və 96 (doxsan altı) manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia tələbi ilə bağlı ərizəsində zərərçəkmiş şəxsə olan zərərin dostu tərəfindən tam olaraq ödənildiyini, eyni zamanda işin baxılması üçün onun hazırda qeydiyyatda olduğu və cəza çəkdiyi yer üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lakin cavabdeh zərərçəkən şəxsə olan 7600 manat pulun dostu tərəfindən ödənildiyini göstərsə də, həmin dostunun adını verməmiş, eləcə də dostunun pulu nə vaxt, hansı şəraitdə zərərçəkənə verməsini göstərməmiş, həmin dostunun məhkəmə iclasında şahid kimi dindirilməsi barədə vəsatət verməmişdir. Bunlarla yanaşı cavabdeh hazırda Tərtər rayon Balakəngərli kəndində qeydiyyatda olduğu üçün iddiaçının ona qarşı qaldırdığı pul tələbi ilə bağlı iddiasına aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə cavabdehin ərizəsində göstərdiyi həmin xüsusatları sübut növü kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etməmiş, həmin xüsusatların cavabdehin özünümüdafiə etməsi kimi qiymətləndirmişdir. İddiaçı dəfələrlə pulunu cavabdehdən tələb etmiş, lakin cavabdeh hər dəfə yalan vədlər verərək sözünə əməl etməmişdir. Bununla da cavabdehın hazırkı vəziyyətdə iddiaçıya olan borcu 7600 manat təşkil edir. Məhkəmə iclasında elan olunmuş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 1(100)-234/2022 saylı hökmü ilə iddia tələbinə münasibətdə bu fakt öz təsdiqini tapır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdeh tərəf iddia tələbini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Cavabdehin iddiaçıya həmin məbləğdə pul borclu olmasını və pulu qaytarmadığını təsdiq edən yuxarıda qeyd olunan sənədləri həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, cavabdeh hazırkı vəziyyətdə iddiaçıya vurduğu 7600 manat maddi ziyanı qaytarmamışdır. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində göstərdiyi xüsusatlarla bağlı sübutlar təqdim etməmiş, eləcə də iddianın təkzib edilməsi üçün hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ona görə də ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya borclu olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddia əriəzəsini, cavabdehin ərizəsini müqayisəli təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı cavabdehə oğlunu işə düzəltməsi ilə bağlı 7600 manat pul verməsini iddia etsə də, bu barədə tərəflərin fikirləri ziddiyyətli olmuşdur. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan, cavabdehdən dəymiş maddi zərərə görə 7600 məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarma müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanışı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 96 (doxsan altı) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətanmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddia ərizəsini, cavabdehin ərizəsini, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 1(100)-234/2022 saylı hökmünü nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 7600 (yeddi min altı yüz) manat məbləğində pul və 96 (doxsan altı) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7600 (yeddi min altı yüz) manat məbləğində pul və 96 (doxsan altı) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-1344/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1344/2024
23.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver