Məhkəmə qərarları › İş №e-2(062)-1018/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1018/2025

04.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1018/2025 04.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Maraqlı şəxs "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə İddiaçınun cavabdehlər Tovuz Regional “Asan” Xidmət Mərkəzinin xüsusi notariusu X1, "xxxx" MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 04 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Tovuz Regional “Asan” Xidmət Mərkəzinin xüsusi notariusu X1 və "xxxx" MMC-yə qarşı iddia qaldıraraq icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, o, məhkəməyə elektron sistem üzərindən ərizə göndərərək işə onun iştirakı olmadan baxıb, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onunla "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən olan borcdan qalan 3440 manat və 25 manat dövlət rüsumu üzrə icra qeydi vardır. Bundan başqa, hazırki icra qeydində olan borc və faiz həqiqəti əks etdirmir. Qeyd olunan məbləğ mübahisəlidir və məhkəmədə iddia icraatı qaydasında baxılan zaman müəyyən edilən məsələlərdir. Tovuz regional “ASAN xidmət” mərkəzinin xüsusi notariusu X2 tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli icra qeydi əsassızdır. Belə ki, həmin kredit müqaviləsi üzrə icra qeydindən əvvəl də onun tərəfindən müəyyən ödənişlər edilmişdir. Bundan başqa həmin icra qeydi barədə məlumatı olmamış, yalnız Tovuz rayon icra şöbəsi tərəfindən çağırıldığı vaxtı məlumat almışdır. Odur ki, Tovuz regional “ASAN xidmət” mərkəzinin xüsusi notariusu X2 tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Tovuz Regional “Asan” Xidmət Mərkəzinin xüsusi notariusu X1 məhkəmə iclası barədə məlumat verilmiş, lakin cavabdeh Tovuz Regional “Asan” Xidmət Mərkəzinin xüsusi notariusu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, "xxxx" MMC İddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə borcunu ödəmədiyindən təşkilat bu barədə Notariusa müraciət etmişdir. Borc barədə iddiaçıya dəfələrlə müraciət edilmiş, bildirişlər göndərilmişdir. Həmin bildirişlərin tərəfə çatması barədə xəbərnamələri də mövcuddur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə İddiaçı "xxxx" MMC-yə cəmi 3439,6 manat borcu qalmışdır və ödəniş edilmədiyi təqdirdə borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılması barədə xəbərdarlıq edilmişdir. Həmşinin təqdim edilmiş xəbərnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli bildiriş xx.xx.2024-cü il tarixindən İddiaçı qohumu Ədalət adlı şəxsə təqdim edilmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmışdır. Cavabdeh "xxxx" MMC dəfələrlə İddiaçı bildiriş göndərmiş, öhdəsinə götürdüyü borcu ödəməsi barədə xəbərdarlıq etmiş, əks təqdirdə icra qeydi veriləcəyini bildirmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun icra qeydlərindən bəhs edən XV fəslinin 76-cı maddəsində qeyd olunmuşdur ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Həmin Qanunun 78-ci maddəsində qeyd olunmuşdur ki, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə notarius öz vəzifələrini yerinə yetirərkən: fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır. Həmin Qanunun 27-ci maddəsinə görə notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Məhkəmə hesab edir ki, hazırki iddia üzrə icra qeydinin verilməsi ilə bağlı hər hansı bir prosessual qaydaların pozulması qeydə alınmamışdır. Belə olan halda icra qeydinin ləğv olunması üçün əsaslar mövcud deyil. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür iddiaçı isə iddia ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçınun cavabdehlər Tovuz Regional “Asan” Xidmət Mərkəzinin xüsusi notariusu X1 və "xxxx" MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar