Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-136/2025 24.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6400 manat pulun və 84 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında **-NN-*** dövlət qeydiyyat nişanlı “BMW 318” minik markalı avtomobilə dair icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə Cavabdeh 12 ay müddətinə hər ay 662 manat olmaqla, cəmi 7944 manat məbləğində pulu ona ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyini müqavilə bağlanan gündən bu günə kimi qismən icra etmış və cəmi 1544 manat ödəniş etmişdir. Hazırda onun 6400 manat borcu var, lakin o, borcunu ödəmir. Ona görə də, o, pretenziya qaydasında ona müraciət edərək 10 gün müddətində aralarında olan müqavilənin şərtlərinin icra edilməsini, əks halda pul tələbinə dair iddia ilə məhkəməyə muraciət edəcəyini bildirmişdir. Lakin o, buna məhəl qoymamışdır. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə göndərərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh, iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “BMW 318” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5 olmaqla etibarnamə ilə 18 aprel 2022-ci ildə X6 verilmiş, avtomobil 18 mart 2022-ci ildə qeydiyyatdan çıxarılaraq X1 adına qeydə alınmış və X2 adına etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 580 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, icarə verən İddiaçı “BMW 318” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili icarə alan Cavabdeh 12 ay müddətinə aylıq 662 manat olmaqla, cəmi 7944 manat məbləğində avtomobili icarəyə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 “BMW 318” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili X3 7500 manata satmışdır. İş materiallarında olan AD 916798 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 318” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 adınadır. İş materiallarında olan Nəqliyyat vasitəsinin sərəncam verilməsi haqqında ƏN-Vİİİ 238410 nömrəli etibarnamənin surətindən görünür ki, X5 “BMW 318” minik markalı **- NN-*** dövlət qeydiyyat nişanlı avtomobili X6 etibarnamə əsasında vermişdir. İşdəki sənədlərdən görünür ki, hazırki iş üzrə İddiaçı avtomobilin mülkiyyətçisi olmayaraq, həmin avtomobilə dair hansı əsaslarla hüququnun olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 1.2-ci madəsinə əsasən bu Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq; mülki dövriyyəni təmin etmək; sahibkarlıq fəaliyyətini dəstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq. Qeyd edilən Məcəllənin 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Göründüyü kimi iddiaçı icarə müqaviləsinə istinad edərək ona dəymiş ziyanı tələb edir. Halbuki, iddiaçının mübahisəli avtomobilə dair hər hansı sərəncam vermək və sair hüquqları olmadığı halda o cavabdehlə iracə müqaviləsi bağlamaqla, əqdin subyekt tərkibinə dair şərtlərə riayət etməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, o icarə müqaviləsinə istinad edərək ona dəymiz ziyanı tələb etməkdə müvafiq subyektiv hüquqa malik deyildir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia təmin edilmədiyi üçün ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-136/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-136/2025
24.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver