Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-1560/2025 08.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5209,12 manat pulun və ödənilmiş 62,10 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı uzaq qohumları olan Cavabdeh 2024-cü ilin iyul ayında onunla telefon əlaqəsi saxlayaraq bildirdi ki, satış məqsədi ilə tütün məmulatları (siqaret) lazımdır. O da, öz növbəsində ona satış məqsədi ilə mal verə biləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh zəng edərək hansı malların lazım olduğunu bildirdi. O da, həmin siyahını toplayaraq malları elə həmin gün Tovuz şəhəri, M.H.Şəhriyar 60 ünvanında yerləşən ona məxsus sahibkarlıq obyektində 9214.12 manat dəyərində olan malı cavabdehə təhvil vermişdir. Həmin gündən Cavabdeh ondan aldığı malların pulunu ödəməmişdir. Hansı ki, həmin malların dəyərini 1-2 günə ödəməli idi. Müxtəlif vaxtlarda telefon danışıqları və üzbəüz görüşləri olmuş, hətta evlərinə belə getmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək tezliklə ödəyəcəyini bildirsə də, bügunə qədər borcunu ödəməmişdir. Cavabdeh xx.xx.2024-cü ildə 2500 manat, xx.xx.2024-cü ildə 780 manat, xx.xx.2024-cü ildə 725 manat, xx.xx.2025-ci il tarixdə 1000 manat ödəniş etmişdir. Cavabdehin ona ödədiyi məbləğ cəmi 5005 manat təşkil edir. Bügunə olan son borc məbləği isə 4209.12 manat təşkil edir. Sonuncu 1000 manat ödənən pulu isə Tovuz rayon Polis idarəsinə ərizə ilə müraciətindən çəkinərək ödəmişdir. xx.xx.2025-ci il tarixdə Tovuz RPŞ-də onun barəsində şikayət ərizəsi yazmışdır. Materiallar Tovuz RPŞ-dən alına bilər. Artıq 10 aydır ki, cavabdeh ondan aldığı pulu qaytarmır. Halbuki həmin puldan əlavə olaraq 1000 manat da gəlir əldə edə bilərdi. Hesab edir ki, cavabdeh həmin məbləği də ona əlavə olaraq vurduğu ziyanın mənfəəti kimi ödəməlidir. İş üzrə ərizə xx.xx.2025-ci il tarixli qərardad ilə məhkəmənin icraatına qəbul edilmiş və iş məhkəmə hazırlıq iclasına təyin edilməklə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, mağazası var, telefon, aksessuar və tütün məmulatlarının satışı ilə məşğuldur. Cavabdeh onun uzaq qohumudur. Tütün məhsulu almaq üçün ona müraciət etmiş və pulunu gətirəcəyini bildirmişdir. O da, tanışı olduğu üçün etibar etmiş və ona tütün məmulatları satmışdır. Lakin təxminən bir ildən çox vaxt keçəməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edirki, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli Qərarı). Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Məhkəməyə müraciət emək hüququ həmçinin «Vətəndaş və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsinin məzmunundan irəli gəlir. BMT-nin İnsan Hüquqları Komitəsinin həmin maddəyə dair 2007-ci ildə qəbul etdiyi 32 saylı X1 göstərilmişdir ki, məhkəməyə müraciət etmək hüququnun iştirakçı dövlət tərəfindən məhdudlaşdırılması qanunvericiliklə əsaslandırılmazsa, ədalət mühakiməsinin həyata keçirilməsi kimi legitim məqsədləri güdməzsə və ya şəxsin müraciət etmək imkanları bu hüququn mahiyyətinə ciddi xələl yetirəcək həddə məhdudlaşdırılarsa, 14-cü maddənin pozulmasına səbəb olar. Məhkəməyə müraciət etmək hüququ mütləq olmamaqla qanun daxilində müəyyən məhdudiyyətlər çərçivəsində həyata keçirilməlidir. Bunlardan biri də iddianın düzgün məhkəməyə verilməsidir. Məhkəmə qeyd edir ki, əks yanaşma, yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Qeyd olunmalıdır ki, hazırki iddia tələbinə Tovuz Rayon Məhkəməsində baxılması məhkəmə aidiyyəti qaydalarının pozulması ilə nəticələnər. Belə ki, iddia tələbinin dəlillərindən, həmçinin işə əlavə edilmiş Tovuz Rayon Polis Şöbəsində verilmiş izahatlardan görünür ki, cavabdeh alver ilə məşğuldur və satmaq məqsədi ilə iddiaçıdan tütün məmulatları almışdır. Məhz mübahisə də sahibkarlıq məqsədi ilə alınmış tütün məmulatlarının dəyərinin cavabdeh tərəfindən iddiaçıya tam şəkildə qaytarılmaması üzrə yaranmışdır. Eyni zamanda “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, tərəflər fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Belə ki, vergi uçotuna alınmış İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və fəaliyyət istiqaməti – dini əşyaların pərakəndə satışı fəaliyyətidir (VÖEN: **********). Həmçinin vergi uçotuna alınmış Cavabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə və ərzaq mallarının market şəbəkələrində pərakəndə satışı ilə məşğul olur (VÖEN: **********). Fəaliyyətini müvəqqəti dayandırmışdır. Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPMin 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsi). «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndində göstərilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin Qərarın 28-ci bəndinə görə məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Göründüyü kimi, tərəflərin hər ikisi vergi ödəyicisi olmaqla qeydiyyatdan keçmiş, habelə yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üzrə yaranmışdır. İşin qeyd olunan halı iş materialları ilə təsdiqini tapır. Həmçinin qeyd olunur ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış cavabdehin öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Məhkəmə hesab edir ki, tərəflərin arasında münasibətlər sahibkarlıq fəaliyyətindən yarandığından, hər ikisi vergi ödəyicisi olaraq qeydə alındığından mübahisə kommersiya xarakterlidir. Bu yanaşmaya yuxarıda adıçəkilən Qərar əsas verir. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsində göstərilmişdir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsində qeyd olunmuşdur ki, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır (Mülki Prosessual Məcəllənin 32.4-cü maddəsi). Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində Mülki Prosessual Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir (Mülki Prosessual Məcəllənin 32.5 və 32.6-cı maddələri). Mülki Prosessual Məcəllənin 403-1.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən çəhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 44.2.2, 45.2, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(062)-1560/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-1560/2025
08.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver