Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-178/2024 08.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı1 MMC-nin Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı1 MMC Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən avtomobilə vurulmuş ziyana görə 2660 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 47 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyət avtomobillərin icarəyə verilməsi ilə məşğuldur. Cavabdehin xx.xx.2023-cü il tarixdə şirkətlə bağladığı 363 saylı müqaviləyə əsasən şirkətin balansında olan ** AE *** dövlət qeydiyyat nişanlı «Chevrolet Cruze» minik markalı avtomobil ona icarəyə verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə avtomobil evakuator ilə Gəncə şəhərində yerləşən servisə gətirilmişdir. Həmin vaxt avtomobil vuruq halda olmuşdur. Eyni zamanda avtomobilin motoru da vurmuşdur. Bu barədə akt tərtib edilmiş və avtomobilə 2660 manat ziyan dəyməsi aşkar edilmişdir. Cavabdeh ilə aralarında olan razılığa görə o şirkətə dəymiş ziyanı ödəməyi öhdəsinə götürmüşdür. Lakin hadisənin üstündən uzun müddət keçsə də, cavabdeh verdiyi vədə əməl etməmişdir. Əvvəllər telefonu açsa da, sonradan telefonunu da söndürmüşdür. Bundan sonra isə avtomobil təmir olunaraq şirkətə təhvil verilmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh isə iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcarəyə verən İddiaçı1 MMC ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 363 saylı icarə müqaviləsindən görünür ki, «Chevrolet Cruze» minik markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobil şirkət tərəfindən icarəyə götürənə müvəqqəti istifadəyə verilmişdir. Gəncə "xxxx" Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, qəzaya uğramış «Chevrolet Cruze» minik markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 2660 manat məbləğində müəyyən edilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərinə görə tərəflər yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir. İlk növbədə məhkəmə göstərir ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlər, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurmaq nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırda da, iddiaçının əmlakın zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyəti yaranmışdır. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı1 MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2023-cü il tarixli, 363 saylı icarə müqaviləsi üzrə «Chevrolet Cruze» minik markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobil Cəmiyyət tərəfindən cavabdehə müvəqqəti istifadəyə verilmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə görə nəqliyyat vasitəsi icarəyə götürənə təhvil verildikdən sonra nəqliyyat vasitəsinin texniki vəziyyəti barədə hər hansı irad qəbul edilmir və bütün məsuliyyəti icarəyə götürən daşıyır. Həmin müqavilənin 4.4.2-ci bəndinə görə isə icarəyə götürən müqavilə müddəti ərzində avtomobilə dəymiş bütün ziyan üzrə cavabdehlik daşıyır. Avtomobil cavabdehin sahibliyində olan zaman qəzaya uğramış və yararsız halda xx.xx.2023-cü il tarixdə servisə gətirilmişdir. Gəncə "xxxx" Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı ilə müəyyən edilmişdir ki, qəzaya uğramış «Chevrolet Cruze» minik markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 2660 manat məbləğindədir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə Gəncə "xxxx" Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktını sübut kimi qəbul edir. Əlavə olaraq qeyd edir ki, cavabdeh məhkəmə iclaslarından yayınmış, habelə, iddia tələbinə hər hansı bir etiraz ünvanlamamışdır. Ona görə də, avtomobilə dəymiş ziyan məbləğinin tələb olunan həddə qəbul edilməsi və cavabdehdən tələb edilməsi qanunamüvafiqdir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 2660 manat məbləğdə pul alınaraq İddiaçı1 MMC-yə verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq dövlət büdcəsinə ödənilmiş 47 manat pulun əvəzinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş ziyana görə 2660 (iki min altı yüz altmış) manat pul alınaraq İddiaçı1 MMC-yə verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 47 (qırx yeddi) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı1 MMC-yə verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(062)-178/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-178/2024
08.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver