Məhkəmə qərarları › İş №e-2(062)-2552/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2552/2023

31.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2552/2023 31.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh İnqliab oğluna qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı MMC-nin nümayəndəsi Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 13244,79 manat maddi ziyanın, 60 manat mediasiya xərcinin və 80 manat dövlət rüsumunun tutularaq iddiaçı Cəmiyyətə ödənilməsi barədə qətnamə, habelə cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-də satış nümayəndəsi (ekspeditor) vəzifəsində xx.xx.2020-xx.xx.2022-ci il tarixlərdə əmək və tam maddi məsuliyyət müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Lakin əmək fəaliyyəti zamanı cavabdeh tərəfindən qəsdən yol verilən təqsirli hərəkətlər nəticəsində, cavabdehin məsuliyyətinə təhkim edilmiş 49 satış nöqtəsi (obyekt) üzrə 13244.79 manat dəyərində çatışmazlıq (itki) aşkar olunaraq müəssisəyə maddi ziyan vurulmuşdur. Belə ki, müəssisəyə maddi ziyan vurulması faktları ətraflı araşdırılaraq toplanmış materiallar və mövcud sübutlar əsasında həmçinin bilavasitə müştərilərin xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə imzalanmış təhvil-təslim aktları və X2 auditoru Elnur İbrahimovun xx.xx.2022-ci il tarixli X4 (Rəyi) üzrə cavabdehin öhdəsində olan pul vəsaitlərində kənarlaşma məbləğinin 13244.79 manat təşkil etməsi müəyyən edilmişdir. Həmin ziyanın 10702 manat məbləğində hissəsi Cavabdeh xx.xx.2021-ci il tarixli izahatı ilə etiraf olunmuşdur. İzahatda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixinə 1000 manat, qalan məbləği isə 6 ay ərzində tam ödəyəcəkdir. Auditorun Hesabatına əsasən Cavabdeh məsuliyyətinə təhkim olunmuş ərazilər üzrə müştərilər ilə olan üzləşmələr müvafiq cədvəllər əsasında əks olunmuşdur. Cədvəllər 7 sütundan ibarətdir, onlardan 1-ci sıra nömrəsi, 2-ci sütun “Satış nöqtəsinin- Obyektin kodu”, 3-cü sütun “Satış nöqtəsinin-Obyektin adı”, 4-cü sütun Balans hesabatı (faktura) üzrə borc (manat), 5-ci sütun “Faktiki borc qalığı”, 6-cı sütun “Öhdəlikdə qalan (kəm gələn) borc məbləği (manat)”, və sonuncu 7-ci sütun “Qeydlər”. Borcun səbəbi-digər qeydlər (manat) göstərilmişdir. Audit zamanı yalnız cəmiyyətin xəzinəsinə mədaxil edilməmiş və kənarlaşma olan rəqəmlər qeyd olunmuşdur. Qeyd olunmalıdır ki, təqdim olunmuş üzləşmələrdə hər bir alıcı öz adı qabağında imzası ilə, muvafiq olaraq həm balans hesabatı üzrə borcunu həmçinin faktiki qalıq borcunu təsdiq edir və bunların arasında əgər fərq vardırsa və bu fərq satışdan və ya malların qaytarılmasından yaranmamışdırsa o zaman bu fərqin həcmi kəm gələn məbləğ kimi qeyd olunur və bu məbləğ üçün bilavasitə balansına təhkim olunmuş satış nöqtələri üzrə satış əməliyyatları aparan və bu əməliyyatlar üçün maddi-məsuliyyət daşıyan satış numayəndəsi yəni cavabdeh məsuliyyət daşıyır. Cavabdehin iddiaçıya məxsus əmlakı iddiaçının etibarından süi-istifadə etməklə əldə etməsi və sonradan iddiaçıya qaytarılmaması və həmin əmlakı oz şəxsi maraqları uçün mənimsəməsi cinayət xarakterli təqsirli hərəkətlər olduğundan və iddiaçıya nəticədə xeyli miqdarda maddi ziyanın vurulduğu səbəbindən cavabdehin hərəkətlərində AR CM-nin 308-ci və 179-cu, habelə digər müvafiq maddələrilə cinayətin əlamətlərinin olub-olmamasının araşdırılması barədə MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə tərəfindən xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi zəruridir. Borcun ödənilməsi ilə bağlı danışıqların aparılmasına dəfələrlə cəhd edilməsinə baxmayaraq, borcun qaytarılmasında heç bir irəliləyiş olmamışdır və borc məbləği qərəzli şəkildə ödənilməmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişin»dən görünür ki, Cavabdeh İnqliab oğlu xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-də əsas iş yeri üzrə məşğulluq təsnifatı üzrə satış nümayəndəsi, evdə: əmək müqaviləsi üzrə: satış nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin»dən görünür ki, Cavabdeh İnqliab oğluilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanmış tam maddi məsuliyyət haqqında xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, işçi maddi məsul şəxs olaraq ona etibar edilən əmlakın (nəqliyyat vasitəsi, istehlak məhsulları və s.) və habelə həmin əmlakın saxlanması, satışı, daşınması, və başqa əməliyyatların aparılması zamanı görülən işlərə vicdanlı münasibət göstərmək, məhsulların qorunmasını, nəqliyyat vasitəsinin saz vəziyyətdə saxlanılmasını təmin etmək, ona etibar edilən əmlakın (nəqliyyat vasitəsi, istehlak məhsulları və s.) və habelə həmin əmlakın saxlanması, satışı, daşınması, və başqa əməliyyatların aparılması zamanı baş verən problemlər və çatışmamazlıqlar zamanı dərhal MMC-nin direktoruna məlumat vermək, habelə ona etibar edilən əmlakın (nəqliyyat vasitəsi, istehlak məhsulları və s.) və habelə həmin əmlakın saxlanması, satışı, daşınması, və başqa əməliyyatların aparılması zamanı MMC-yə ziyan vurmaqda təqsirkar olduğu müəyyən edildikdə həmin ziyanı könüllü surətdə tam ödəmək kimi üzərinə öhdəliklər götürmüşdür. Müstəqil Auditorun xx.xx.2022-ci il tarixli hesabatından görünür ki, Nağıyev Vaqif X1 öhdəsində olan pul vəsaitlərində kənarlaşma məbləği 13244,79 manat təşkil edir. Cavabdeh tərəfindən İddiaçı MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, işlədiyi ərazidə mart ayında audit tərəfindən sayım həyata keçirilmiş və nəticədə müştərilərdə 10702 manat əskiklər aşkar edilmişdir. Həmin məbləğin 7496 manat hissəsi onun özü tərəfindən təhvil alınmış və şirkətin xəzinəsinə təhvil verilməmişdir. İşlədiyi müddət ərzində bəzi marketlər bağlandığı üçün isə həmin marketlərdə 3206 manat vəsait qalmışdır. Pulun 7496 manat hissəsini şirkətin kassasına 6 ay müddətinə təhvil verəcəkdir. Marketlərdə qalan 3206 manat vəsaiti isə müştəriləri tapıb onlardan alaraq ödəniş edəcəkdir. Aprelin 15-i 1000 manat ödəniş edəcəkdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış mübahisə işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış mübahisədir. Ona görə də tərəflərin arasında yaranmış mübahisə Əmək Məcəlləsinin 32-ci fəslinin müddəaları və əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Əmək Məcəlləsinin 191-ci maddəsində deyilir ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır (Əmək Məcəlləsinin 192-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar). Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Əmək Məcəlləsinin 198-ci maddəsinə görə, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa bütün digər hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinə görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Həmin Məcəllənin 200.1-ci maddəsinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Qeyd olunmalıdır ki, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan normalar əsasında iddia tələbi təmin oluna bilər. Bu zaman isə iddiaçı tərəfindən iddiasının əsası kimi istinad olunan hallar sübuta yetirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması göstərilmişdir. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır). İş materialları ilə müəyyən edilir ki, iddiaçı vurulmuş ziyanın məbləğinin 13244,79 manat olması barədə müstəqil auditorun xx.xx.2022-ci il tarixli hesabatına əsaslanır. Həmin hesabat məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Çünki hesabat tərtib edilən zaman işçinin yəni cavabdehin özünün iştirakı təmin edilməmiş, müqayisəli təhlil üzrə araşdırma aparılmamışdır. Doğrudur ki, hesabatda Cavabdeh izahat verməsi üçün dəvət olunmasına baxmayaraq bundan imtina etməsi qeyd olunmuşdur. Lakin bunun təsdiqi kimi işdə sənədlər mövcud deyildir ki, həqiqətən də işçinin məlumatlandırılması nəticəsinə gəlinsin. Digər tərəfdən işçi özünün xx.xx.2021-ci il tarixli izahatında vurduğu ziyanın ümumi olaraq 10702 manat olmasını etiraf etsə də, auditor öz hesabatında həmin izahata ümumiyyətlə qiymət verməmiş və ya işəgötürən tərəfindən həmin izahat auditora təqdim edilməmişdir ki, rəyində izahata qiymət verilsin. Bütün bunlar auditor rəyinin mötəbərliyini sübut kimi hesab edilməsini istisna edir. Nəzərə almaq lazımdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Auditor rəyi də mülki prosessual qanuvericiliyin tələblərinə əsasən təhlil olunduqda görünür ki, həmin sübut əsaslı şübhədən kənar sübut deyildir. Əsaslı şübhədən kənar sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə bilər. Odur ki, məhkəmə dəymiş maddi ziyan məbləğinin elə cavabdehin izahatı üzrə 10702 manat olması qənaətinə gəlir. Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə görə, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Əmək Məcəlləsinin 202.1-ci maddəsinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İddia tələbinin xüsusi qərardad çıxarılmasına dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin əməllərində hər hansı cinayət əməlinin olması aşkar edilməmişdir. Ona görə də bu hissə təmin edilə bilməz. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10702 manat pul alınaraq İddiaçı MMC-yə verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, mediasiya xərci olaraq ödənilmiş 60 manat və dövlət rüsumu kimi ödənilmiş 80 manat pulun əvəzinin də Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10702 (on min yeddi yüz iki) manat pul alınaraq İddiaçı MMC-yə verilsin. Mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 80 (səksən) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar